525.Az

İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədri seçildi (Yenilənib)


 

İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədri seçildi <b style="color:red">(Yenilənib)</b>

Bakıda Yeni Azərbaycan Partiyasının da üzv olduğu 21 partiyanın birləşdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirilir.

“525” xəbər verir ki, İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalararası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir. Cari ilin iyun ayında Bakı şəhərində Baş Assambleyaya hazırlıq məqsədilə keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasında isə qurumun VII Baş Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb.VII Baş Assambleyada “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq” mövzusunda müzakirələr aparılır.

“Müstəqilliyinin cəmi 21 ilini yaşayan Azərbaycan dövləti bu illər ərzində sürətli və dinamik inkişaf nümayiş etdirə bilib. Azərbaycan bu illər ərzində böyük dəyişikliklərə nail olmağı bacarıb”. Bu fikirləri  toplantıda çıxışı zamanı Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov dilə gətirib. Onun bildirdiyinə görə, ümummilli lider Heydər Əliyevin və onun kursunun davamçısı olan İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, son 7-8 ildə ölkədə yoxsulluq həddi 5-6 faizə enib, yüz minlərlə yeni iş yeri açılıb: “Bu gün 7-ci Baş Assambleyasının toplantısına yığışdığımız İCAPP gözlərimizin önündə sürətlə və dinamika ilə inkişaf edərək müasir dünyamızın çox möhtəşəm ictimai-siyasi təşkilatlarından birinə çevrilib. Bu təşkilat təkcə Asiya regionunun siyasi problemlərinin deyil, beynəlxalq aləmin problemlərinin, aktual məsələlərinin həlli ilə məşğul olur.

O Asiya regionunun, bütövlükdə isə dünyanın siyasi problemlərinin həllinə öz müsbət və əhəmiyyətli töhfəsini verməkdədir. Bu gün dünyanın ən böyük qitəsi olan Asiya qitəsi və orada yerləşən dövlətlər dinamik inkişaf yolundadırlar və bu inkişaf dünyanın əlamətdar hadisələrindən biri sayıla bilər. Hətta Asiya ölkələrinin bəzilərinin inkişaf modeli dünya ölkələrinin inkişaf modelinə çevrilməkdədir”.

Ə.Əhmədov eyni zamanda qeyd edib ki, Asiya regionunun ən böyük təşkilatı olan İCAPP-ın bugünkü toplantısında həmin regionun 30-dan artıq dövlətinin 211 nümayəndəsi iştirak edir:
“Hakim Yeni Azərbaycan Partiyası da artıq bir neçə ildir ki, Asiya regionunun ən böyük siyasi təşkilatı olan İCAPP-la əməkdaşlıq edir və bu əməkdaşlığın nəticəsidir ki, belə bir nüfuzlu qurumun 7-ci Baş Assambleyası Azərbaycanda keçirilir. Bu təşkilatla əməkdaşlığımızın əlamətdar və əhəmiyyətli nəticələrindən biri odur ki, bu təşkilat Azərbaycanın 24 ilə yaxın müddət ərzində məruz qaldığı erməni təcavüzünə və Ermənistanın işğalına birmənalı münasibətini ifadə edib. Bu qurum Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.

Ə.Əhmədovun çıxışından sonra ölkə prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxunub. Həmin məktubun mətnini tədbir iştirakçılarına Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çatdırıb.

Ölkə prezidenti öz məktubunda tədbirə fəaliyyətində uğurlar arzulayıb və bu tədbirin, ümumiyyətlə İCAPP-ın dünyada baş verən ictimai-siyasi proseslərə öz müsbət töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Sonra, BMT baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciəti çatdırılıb.

“Azərbaycan yetişkin demokratiya qurub”. Bunu Flippin parlamentinə 5 dəfə sədr seçilmiş, konfransın təsisçilərindən olan Joze  de Venecia söyləyib. Joze  de Venecia deyib ki, Avropa və Asiya arasında yerləşən Bakının strateji əhəmiyyəti var: “Azərbaycandan bu qədər çox partiyanın iştirak etməsi göstərir ki, Azərbaycanda çoxpartiyalı demokratiya qurulub. Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir, işsizlik 7 faizə enib. Bu, böyük uğurdur. Azərbaycanda neft-qaz resursları uğurla istifadə olunur”. O qeyd edib ki, Azərbaycan bu gün Qafqazı dünyaya başqa cür təqdim edir:
“Bu, Azərbaycanın, Qafqaz dağlarının təsiridir”.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Du Çinlin çıxışında qeyd edib ki, müxtəlif ölkələrin partiyaları diskussiyaları gücləndirərək regional və qlobal problemlərin həlli yollarını tapmalıdır. O, deyib ki, hər bir xalq başqa-başqa xalqların suveren, ərazi bütövlüyünə, dəyərlərinə hörmət etməklə bölgədə sülhü və təhlükəsizliyi təmin edə bilər: “Ona görə də siyasi partiyalar arasında dialoq gücləndirilməlidir”.

Banqladeşin keçmiş prezidenti, həmin ölkənin siyasi partiyalarından birinin rəhbəri olan Hüseyn Məhəmməd Ərşad isə dahi Azərbaycan şairi Nizami Gəncəvidən danışıb: “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində sülh və təhlükəsizlik məsələləri çox mühüm yerlərdən birini tutur. Biz onun əsərlərini oxuduqca çox təsirlənirik və sülh-təhlükəsizlik məsələlərinin həllində ondan ruhlanırıq, istifadə edirik”. Onun dediyinə görə, regionda və bütövlükdə dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə ciddi diqqət yetirilməlidir. O bildirib ki, bu məsələdə dünyanın ən böyük qitəsi olan Asiyanın nüfuzlu siyasi təşkilatlarından biri kim İCAPP öz töhfəsini və dəstəyini əsirgəməməlidir: “Nə qədər çox danışılsa və qeyd edilsə də, hələ də dünyada tam olaraq sülh və təhlükəsizlik təmin olunmayıb. Bu günlərdə Fələstində növbəti insanlıq dramı yaşanmaqdadır. Orada insanlar İsrail ordusu tərəfindən qətlə yetirilir, biz bu məsələylə bağlı İCAPP adından bəyanatla çıxış etməli, İsrailin hərəkətini pisləməliyik. Eyni zamanda buradan İsraildə fəaliyyət göstərən siyasi təşkilatlara müraciət etməliyik ki, onlar da bölgədə sülhün yaranmasına, fələstinlilərə qarşı qətliamlara son qoyulmasına öz etirazlarını bildirsinlər və konkret addımlar atsınlar”.

Onu da qeyd edək ki, İCAPP daimi komitəsinin iclasında təşkilatda sədrliyin Azərbaycana keçməsi qərara alınıb. Bununla bağlı İlham Əliyev YAP sədri olaraq, təşkilatın rəhbəri seçilib.

Kamil Həmzəoğlu

 





22.11.2012    çap et  çap et