525.Az

“Suvar” rəqs ansamblı Bakıda konsert verəcək


 

“Suvar” rəqs ansamblı Bakıda konsert verəcək<b style="color:red"></b> Dekabrın 21-də saat 18.00-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblının konserti keçiriləcək.

Lent.az-ın məlumatına görə, “Anaya ithaf” devizi altında keçiriləcək konsertin məqsədi insanların diqqətini ana məhəbbəti, yurd sevgisi, vətən təəssübkeşliyi kimi bəşəri dəyərlərə yönəltməkdir.
 
Yeni il ərəfəsində “Suvar” öz tamaşaçılarına dünyadakı müharibələrə, haqsızlıqlara, məişət zorakılıqlarına anaların gözü ilə baxmağı tövsiyə edir, ana məhəbbətinin hər cür qəddarlıqlara qalib gələ biləcəyi fikrini ictimailəşdirməyə çalışır. Bu müqəddəs varlıqların ailədəki və cəmiyyətdəki rolundan gələcək nəslin və ümumən dünyamızın taleyinin asılı olduğunu diqqətə çatdırır.
 
Ləzgi xalqının qədim və zəngin musiqi mədəniyyətinin təbliğini qarşısına məqsəd qoymuş “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblının şöhrəti respublikamızdan uzaqlarda da yayılıb.
 
18 il fasiləsiz fəaliyyət göstərən “Suvar” ansamblına 2011-ci ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamı ilə “Xalq kollektivi” fəxri adı verilib, ansambl 2012-ci ildə Türkiyənin Ankara şəhərində keçirilmiş Anadolu festivalında Azərbaycanı layiqincə təmsil edib. Konsertləri həmişə anşlaqla keçən, tamaşaçıların böyük məhəbbətini qazanmış “Suvar” ansamblının 70 nəfərdən ibarət truppasının Azərbaycan, ləzgi, türk, rus, serb, italyan dillərində mahnılardan, şux Qafqaz rəqslərindən ibarət möhtəşəm proqramı bu dəfə də pərəstişkarlarını sevindirəcək.
 





16.12.2014    çap et  çap et