525.Az

Professor Nizaməddin Şəmsizadə Bakı Qızlar Universitetinin qonağı olub


 

Professor Nizaməddin Şəmsizadə Bakı Qızlar Universitetinin qonağı olub<b style="color:red"></b>

Dünən Bakı Qızlar Universitetində görkəmli azərbaycanşünas alim , filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyi ilə əlaqədar tələbələrlə görüşü keçirilib.

Tədbirdə universitetin rektoru Ağarəhim Rəhimov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Nizami Tağısoy, universitetin elmi işlər üzrə prorektoru Təyyar Salamoğlu, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Rektor A.Rəhimov yubilyarın ömür və fəaliyyət yolu haqqında tələbələrə məlumat verərək bildirib ki, professor  N. Şəmsizadə 1954-cü ildə Quba rayonunda anadan olub. İlk təhsilini yaşadığı rayonda alıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Tələbəlik illərindən şeirə, bədii ədəbiyyata həvəslə yanaşıb. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb, elmi sahədə böyük uğurlar qazanıb, Dövlət mükafatına layiq görülüb. "Ədəbi mübahisələr", "Azərbaycan ədəbiyyatşünaslığı", "Hıçqıran gülüşlər", "Əli Nazim", "Tənqidin ədəbi prosesdə rolu", "Böyük nəslin davamçısı", "Azərbaycançılıq" və başqa monoqrafiyaların, "Bürkü", "Tüstü" hekayələr və şeir kitablarının, 200-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və publisistik məqalənin müəllifidir. Onun yaradıcılığı haqqında elmi məqalələr yazılıb.

Nizami Tağısoy bildirib ki, N.Şəmsizadə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində mühüm rol oynayıb, bu sahədə öz fərqli dəsti-xətti ilə uğurlu yol  keçib. Son illərdə nəşr olunan üçcildlik kitabında Azərbaycan xalqının tarixi, folkloru, fəlsəfəsi, psixologiyası məsələlərinə diqqətlə yanaşıb. Üçcildlik "Seçilmiş əsərləri" onun elmi irsinin əsas qismini əhatə edir.

Sonda professor Nizaməddin Şəmsizadə çıxış edərək, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Vəfa MƏMMƏDLİ

 





16.12.2014    çap et  çap et