525.Az

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər


 

2014-cü İLİN 9 AYI ƏRZİNDƏ BİNƏQƏDİ RAYONUNDA 4713 YENİ İŞ YERİ AÇILIB

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər<b style="color:red"></b>

Ölkədə aparılan abadlıq və qurucluq işlərindən Bakının Binəqədi rayonu da kənarda qalmayıb. Paytaxtın ən qədim yaşayış məkanlarından olan və tarixən neft yataqları ilə zəngin olan Binəqədi rayonu həm də mühüm iqtisadi-sənaye mərkəzi kimi diqqət mərkəzindədir.

Bakının dörd mikrorayonunu, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May qəsəbələrini, geniş yaşayış məntəqələrini özündə birləşdirən Binəqədi həmçinin sürətli işlərin getdiyi, böyük sənaye potensialının toplaşdığı bir rayondur. Hazırda bu rayonda Bünyad Sərdarov adına Maşınqayırma Zavodu, "Bakı Poladtökmə" ATSC, "Binəqədi Oil Company", "Bot" MMC, "FAB Boya", "Bilfa Boya", "Koka-Kola Botler", "Pepsi Kola", "Lider Kola" kimi iri sənaye müəssisələri və şirkətlər fəaliyyət göstərirlər və onların hər birinin Azərbaycanın istehsalatında mühüm əhəmiyyəti var. Üstəlik, bu şirkətlərdə, həmçinin digər müəssisə və təşkilatlarda xeyli şəxsin çalışması Binəqədi rayonunda məşğulluq səviyyəsinin artırılmasında, işsizlik probleminin həllində və yoxsulluğun səviyyəsinin aşağı düşməsində mühüm rol oynayıb.

İnsan kapitalına yönəldilən dövlət proqramları

Dövlət başçısı İlham Əliyevin 17 yanvar  2014-cü il tarixli sərəncamına əsasən təsdiq olunan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq sözügedən rayonda sosialyönümlü layihələr həyata keçirilir. Ümumilikdə, Binəqədi rayonu üzrə 40 tədbir nəzərdə tutulub. Proqram çərçivəsində təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması da diqqətdən kənarda qalmayıb. 2014-cü ilin 2-ci rübündə əsaslı təmirə başlanan 157 və 298 saylı orta məktəblər ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində müəllim-şagird heyətinin istifadəsinə verilib. Bu cür şərait heç şübhəsiz ki, müəllimlərin daha keyfiyyətli dərs keçməsinə, şagirdlərin isə mövzuları daha dərindən qavramalarına yardım edəcək.

İdman və digər sosialyönümlü sahələrdə də əhəmiyyətli tədbirlərin həyata keçirilməsi məqsədi ilə Yeni Dövlət proqramı çərçivəsində Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün veloparkın tikintisi işləri də uğurla davam etdirilir. Bundan əlavə, 2011-2013-cü illəri əhatə edən proqramında təhlükəsizlik sahəsi çərçivəsində Novxanı bağlar massivində yanğından mühafizə bölməsinin tikintisi 2014-cü ilin iyun ayında yekunlaşıb. O cümlədən, 2014-cü il ərzində 40 və 193 saylı məktəbəqədər təlim-tərbiyə müəssisələri də əsaslı şəkildə təmir olunub. 2014-cü ilin 3-cü rübündə isə dövlət başçısı İlham Əliyev Binəqədi rayonundakı 115 və 182 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub və Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində - "Xutor dairəsi" adlanan ərazidə inşa olunan yol qovşağının açılışında iştirak edib.

Qafqazın ən böyük məscidinə gedən yol...

Binəqədi rayonunun  9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən və tikintisi yekunlaşan Qafqazın ən böyük məscid kompleksinin ətrafında abadlıq-quruculuq işləri də artıq yekunlaşmaq üzrədir. Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən aprel ayından etibarən yeni yol salınıb və hazırda son tamamlanma işləri aparılır. 6-cı mikrorayonu 9-cu mikrorayonla ən qısa məsafədən birləşdirən yol 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi 207 ünvanından başlayır. İki istiqamətli, dörd zolaqlı olan yolda 21 ədəd işıq dirəyi quraşdırılıb, müasir standartlara cavab verən asfalt örtüyü vurulub. Svetlana  Məmmədova  205A ünvanında  yerləşən köhnə parkda abadlıq işləri aparılıb. Oktyabr ayından etibarən inşasına başlanılan yeni parkda ilkin mərhələdə 1500 kvadrat metrədək ərazidə yaşıl çəmən örtüyü salınıb, gül kolları və ağaclarla bəzədilib. 246 saylı məktəbin önündə isə 16 ədəd leylandra növlü şam ağacları əkilib. Sözügedən ərazinin abadlaşdırılması işləri çərçivəsində "Məscid döngəsi" kimi tanınan hissədə 125 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb. Bundan əlavə, yolu əhatə edən hasar örtükləri də xüsusi dizaynla yığılıb, şəbəkə işləri ilə bəzədilib. Bu işlərin davamı kimi, məscidin ətrafındakı zeytunluq adlanan ərazinin önündə 1600 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, müxtəlif  gül kolları əkilib.

"Sakinlərin Müraciət Xidməti - 1646"

Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun 2013-cü il, 13 fevral tarixli Sərəncamı ilə "Sakinlərin Müraciət Xidməti- 1646" istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. Sakinlərin Müraciət Xidmətinin yaradılması dövlət orqanı ilə əhalinin əlaqələrini möhkəmləndirir, bu orqanlara müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edir. 2014-cü ilin noyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 4943, birbaşa cavablandırılan zənglərin sayı 3899,  yaradılan əks əlaqələrin sayı 1159, günlük  orta zəng sayı 156, tərtib edilən şikayət vərəqələrinin sayı 1044 olub. İcraçılıq səviyyəsi 92 faiz, xidmət səviyyəsi 87 faiz olub.

Şikayət xarakterli müraciətin 960-ı və ya 92 faiz-nin icrası təmin edilib, o cümlədən 790-ı və ya  82,3 faizi tam həll olunub, 20-si və ya 2,1 faizi qismən həll edilib, 150-si və ya 15,6 faizi müvafiq izahat verilərək həll edilib, 84-ü və ya 8 faizin həlli icraatdadır. Noyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 383-ü və ya 36,8 faizi istilik təchizatı, 260-ı və ya 24,9 faizi qaz təchizatı, 235-i və ya 22 faizi  su-kanalizasiya,  58-i və ya 5,7 faizi lift problemləri, 49-u və ya 4,8 faizi sakinləri narahat edən digər məsələlər, 20-i və ya 1,9 faizi yolların yararsız olması ilə əlaqədar, 16-ı və ya 1,6 faizi küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 13-ü və ya 1,3 faizi elektrik təchizatı ilə bağlı, 10-u  və ya 1 faizi zibil və tullantılar ilə əlaqədar olub. Xidmətə ay ərzində  65 təşəkkür müraciəti daxil olub.

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Dövlət Proqramı əsasında həyata keçirilən uğurlu layihələr xüsusilə işsizliyinin səviyyəsinin kəskin surətdə azalmasına vəsilə olub ki, bu da vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Bu baxımdan qeyd etmək olar  ki, 2014-cü ilin ilk 9 ayında Binəqədi rayonunda 4713 yeni iş yeri açılıb. Bunun da hamısı daimi iş yerləridir. Bundan əlavə, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Gənc Mühasiblər" İctimai Birliyinin təşkilatçılığı ilə "Bakı ətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsinin növbəti mərhələsi Binəqədi rayonunun qəsəbələrində yaşayan gənc sahibkarların iştirakı ilə keçirilib. Layihə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Sahibkarlar Birliyinin təşkilati dəstəyi ilə baş tutub. Gənc sahibkarlara "Sahibkarlıq fəaliyyəti və məqsədlər", "Sahibkarlıqda marketinq və satış strategiyası", "Bazar çevrəsi və bazar fürsətləri", "Vergilər", "Mühasibat uçotu" adlı təlimlər uğurla nəticələnib.

Layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.4 bəndinə  - Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramında qeyd olunan bəndlərə uyğun olaraq həyata keçirilib.

Nəticələr göz qabağındadır 

Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2014-cü ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra uğurlu nəticələr əldə olunduğunu demək olar. İlin ilk 9 ayı ərzində sənaye sahəsində 188 milyon 617 min manatlıq və ya keçən ilin müvafiq dövründən 12,9 faiz çox məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu müddət ərzində sənaye müəssisələrində 6790 nəfər işlə təmin olunub ki, bu da keçən ilin müvafiq dövründən 17,7  faiz çoxdur. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 39 milyon 251 min manat əsas fondlar istifadəyə verilib.  2014-cü əvvəlindən sentyabr ayınadək  Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 175 milyon 245 min manat məbləğində investisiya yönəldilib ki, onlardan 149 milyon 136 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 281 milyon 370 min  manat olub və  əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,4 faiz artıb. Tikintidə işçilərin orta siyahı sayı 5995 nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 382 nəfər artıb. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 464,2  manat təşkil edib. Nəqliyyat sektorunda isə fəaliyyət göstərən müəssisələr tərəfindən 29 milyon 746 min  manat həcmində xidmət göstərilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,9 faiz artım müşahidə olunub. Ötən dövrdə nəqliyyat sektorunda 5975 nəfər işçi çalışıb və onların orta aylıq əmək haqları 362,2 manat təşkil edib. Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 9 milyon 776 min manatlıq xidmətlər göstərilib və rabitə müəssisələrində 774 nəfər işçi çalışıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 nəfər çoxdur.

Orta aylıq əmək haqqı 7,2 faiz artaraq, 399 manat təşkil edib. Son illərdə istehlak bazarında da müsbət irəliləyişlər əldə edilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 590062,4 min manatlıq istehlak malları satılıb. Binəqədi rayon icra hakiminin müvafiq sərəncamı ilə  2014-cü ilin iyulun 1-dən etibarən rayon ərazisində mərhələli şəkildə "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə də başlanılıb. Təkcə iyul ayı ərzində rayon ərazisindən ümumilikdə 10 min 390 ton tullantı yığılıb. Bu inkişaf edən rayonun həm də öz təmizliyini qoruyaraq sakinlərin sağlam və rahat həyatlarına davam etməsi üçün düşünülmüş təqdirəlayiq qərardır. Ümumilikdə, Binəqədidə  görülən işlər və qarşıya qoyulan inkişaf strategiyaları bu rayonun daha da inkişaf etməsinə, sosial-iqtisadi problemlərinin aradan qalxmasına və həyat səviyyəsinin xeyli yüksəlməsinə imkan verəcək. Nəticədə, rayon öz simasını dəyişəcək, təmizliyi və gözəlliyi ilə paytaxtın digər rayonlarına da müsbət nümunə olacaq.

Ceyhun ABASOV
Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.

 





16.12.2014    çap et  çap et