525.Az

"Şəffaflığı təmin etmək olduqca vacibdir"


 

"Şəffaflığı təmin etmək olduqca vacibdir"<b style="color:red"></b>

“Bu gün hiss olunur ki, təhsil proqramları müasir tələblərə tam cavab vermir”.

Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bildirib. Onun sözlərinə görə, tələbələrin biliyini intensiv artırmaq üçün yeni texnologiyaların tədrisinə böyük ehtiyac yaranıb. “Bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər.

Hesab edirik ki, tədris proqramlarında başlıca dəyişikliklər etmək üçün, ilkin olaraq, müzakirələr təşkil edilməli, təkliflər irəli sürülməlidir. Müzakirələr potensial tələbələrin yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, innovasiyanın imkanlarını təhsildə tətbiq etmək və dərs proqramlarını qismən müasirləşdirmək məqsədi ilə aparılmalıdır”.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin dəstəyi ilə Akademiyada magistratura təhsilinin təşkilinə artıq start verilib.

“Hesab edirəm ki, bu, ölkəmizdə elmlə təhsilin inteqrasiyası və konvergensiyası baxımından əhəmiyyətli addım olacaq. Üzərində dayanmaq istədiyim mühüm məqamlardan biri də elmin koordinasiyası məsələsidir. Azərbaycanda elmi fəaliyyət, əsasən, Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Açıq etiraf edək ki, bu istiqamətdə vəziyyət o qədər də qənaətbəxş deyil. Qurultayda iştirak edən alimlərimizin əksəriyyəti müəyyən elm sahələrinə məsul olan şəxslərdir. Hamınıza yaxşı məlumdur ki, elmi araşdırmalardakı müəyyən təkrarçılıq, mövzuların qeyri-aktuallığı, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu elmi fəaliyyətdə rast gəlinən reallıqlardır”.

O bildirib ki, respublikada elmi əlaqələndirmənin öz mürəkkəbliyi və çətinliyi də vardır. Belə ki, Milli Elmlər Akademiyasının bu problemin həlli üçün uyğun təsir mexanizmi yoxdur.

“Elə buna görə də biz Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması məsələsinə baxılması təklifi ilə çıxış etmək istərdik. Bu Şuranın qərarı Respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır. Bizə belə gəlir ki, Şuranın tərkibində akademik institutların, təhsil universitetlərinin, biznesin, patent idarəsinin və əlbəttə ki, gənc alimlərin nümayəndələri olmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyası qarşısında duran mühüm vəzifələrdən biri də AMEA bölmələrinə və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolu və məsuliyyətinin artırılmasıdır. Düşünürəm ki, artıq ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzinin AMEA bölmələrinə keçirilməsinin vaxtı çatmışdır. Akademik müəssisələrarası elmi əlaqələndirmə şuralarının müxtəlif yönlərdə işini fəallaşdırmaq və dünya səviyyəsi ilə müqayisədə Azərbaycan elmindəki işlərin vəziyyətinin təhlili ilə elmi şura və bölmələrin Rəyasət Heyətində hesabat verməsini həyata keçirmək vəzifəsi də qarşıda dayanır.
 
Düşünürəm ki, bu məsul işdə şəffaflığı təmin etmək olduqca vacibdir. AMEA Rəyasət Heyətinin nazirliklərin kollegiyaları ilə birgə iclaslar keçirməyi və bu iclaslar çərçivəsində elmi məruzələrə müvafiq nazirlik və idarələrin rəhbərlərini dəvət etməyi də praktikaya tətbiq etmək zəruridir”.

 





19.12.2014    çap et  çap et