525.Az

Alimlərin maaşı artacaq


 

Alimlərin maaşı artacaq<b style="color:red"></b>

“Hamını düşündürən ən ciddi məqamlardan biri də alimlərin sosial müdafiəsi ilə bağlı məsələlərdir. Həqiqətən, ağır və şərəfli bir zəhmət olan elmi əməyin stimullaşdırılması olduqca zəruri məsələdir”.
 
Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bildirib. O vurğulayıb ki, son illər alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

“Əminəm ki, bu sahədə tədbirlər bundan sonra da davam edəcəkdir. Lakin bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, sosial müdafiə məsələlərinin həlli üçün yalnız büdcədən artırmalara ümid etmək doğru deyil. İlk növbədə elmi fəaliyyət sahəsində baza maliyyələşməsindən məqsədli elmi proqramların ünvanlı maliyyələşməsinə keçidlə bağlı ciddi addımlar atmaq lazımdır”.

A. Əlizadə bildirib ki, alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir. “Bununla əlaqədar AMEA-nın elmi müəssisələrin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadəsi istiqamətində son illər xeyli tədbirlər həyata keçirilir.

Bizim əsas məqsədlərimizdən biri respublika rəhbərliyinin dəstəyi ilə həmin torpaq sahələrində Azərbaycan alimləri üçün «Alimlər şəhərciyi» – “Science City” yaşayış kompleksi yaratmaqdır. Ümid bəsləyirik ki, bir neçə ildən sonra mənzil problemlərinin həlli üçün lazımi tədbirlərin görülməsi nəticəsində alimlərimizi sevindirə biləcəyik”.

Onun sözlərinə görə, alimlərin I qurultayında edilən bu məruzə AMEA-da çalışan alimlərlə yanaşı, universitetlərdə və sahə institutlarında elmi fəaliyyətlə məşğul olan alimlər üçün də korporativ maraqları dəf edən yaradıcı inteqrasiyaya çağırış kimi qəbul olunacaq.
 

 





19.12.2014    çap et  çap et