525.Az

“Azərbaycanlıların bütün problemləri ilə tanışam”


 

“Azərbaycanlıların bütün problemləri ilə tanışam”<b style="color:red"></b> "Mən Kvemo Kartli bölgəsinin bütün problemlərini bilirəm. İki il bundan əvvəl deputatlığa namizəd kimi seçkilərdə iştirak edirdim və azərbaycanlıların yaşadığı Yırğançay kəndindən başlayaraq Kvemo Kartlidə yaşayan bütün insanların problemlərini araşdırdım, onların nə ilə nəfəs aldığını, nə istədiklərini öyrəndim. O vaxt mənim imkanım yox idi ki, onların problem və çatışmayan məsələlərini həll edim. İndi mənə imkan verilib”.
 
Bu sözləri APA-nın Gürcüstan bürosuna eksklüziv açıqlamasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinə yeni təyin olunan qubernatoru Paata Xizanişvili deyib. O bildirib ki, bölgənin inkişafı üçün hər gün, hər saat çalışacaq və bütün problemlərin həllinə cəhd edəcək:
 
“Bölgədə yaşayan azərbaycanlılar Gürcüstanın tamhüquqlu vətəndaşıdır, bu ölkə onların da vətənidir. Biz gürcü və azərbaycanlıları birləşdirən istiqamətə doğru hərəkət edəcəyik. Bizim həyata keçirəcəyimiz layihələr bir il müddətinə yox, uzunmüddətli olacaq və biz hərəkət planı hazırlayacağıq. Bir il sonra sizi yenə də məndən müsahibə almağa dəvət edəcəyəm, onda əldə etdiyimiz nəticələri öz gözlərinizlə görəcəksiniz”.
 
P. Xizanişvili Azərbaycan dilində danışa bildiyini və fikrini izah etməyi bacardığını söyləyib:
 
“Bizim gürcü və Azərbaycan ədəbiyyatının tərcüməsinə aid bir çox layihələrimiz olacaq. Bakılı dostlarım mənə Azərbaycanın hansı istedadlı yazıçı və şairlərinin əsərlərini tərcümə etmək lazım olduğunu deyəcəklər, həmçinin biz gürcü yazıçılarının da əsərlərini Azərbaycan dilinə tərcümə edəcək və kitablar nəşr olunduqdan sonra kitab almaq imkanı olmayan azərbaycanlı və gürcü əhalisinə paylayacağıq. Biz mədəniyyət, idman və digər sahələr üzrə birgə treninqlər də təşkil etməyi planlaşdırırıq”
 
Kvemo Kartli qubernatoru son bir neçə il torpaq məsələsinin çox ağrılı bir problem olaraq azərbaycanlı əhalisini narahat etdiyini vurğulayıb:

“Mən azərbaycanlıların bütün problemləri ilə tanışam. İqtisadiyyat, Ədliyyə nazirliklərində dostlarım var. Bu insanlar iki ildir torpaqla bağlı qanunvericilik bazası yaratmaq üzərində işləyirlər. Bu məsələ doğrudan da ağrılı məsələdir və mən bunu yaxşı bilirəm. Torpaqla bağlı dəfələrlə konfliktlər, problemlər olub. Bu məsələyə qanun çərçivəsində baxmaq lazımdır ki, insanların özləri mövcud vəziyyətlə tanış olsunlar. Dmanisinin Qomareti kəndindən olmağıma baxmayaraq, mənim bir qarış belə torpağım yoxdur. Torpağı torpaqda çalışanlara vermək lazımdır. Üç gündən sonra Ədliyyə Nazirliyində bu sahədə qanunvericilik bazasının yaradılması ilə bağlı iclas olacaq və biz bir çox vacib məsələlərə aydınlıq gətirəcəyik”.
 
P. Xizanişvili azərbaycanlı kadrların dövlət strukturlarında və bir çox sahələrdə yerləşdirilməsi probleminə də toxunub:
 
“Bilirsiniz, kadr məsələsi də ciddi məsələlərdən biridir. Bu, nəinki bizdə, həmçinin çox ölkələrdə mövcuddur.

Kadrları öyrənmək və onları vəzifələr üzrə yerləşdirmək sahəsində mütəxəssislər çalışmalıdır. Bizdə belə mütəxəssislər yoxdur, buna görə də hərdən bu istiqamətdə nöqsan və çatışmazlıqlar əmələ gəlir və ləyaqətli kadrlar kənarda qalırlar. Onları heç kim nəzərə almır. Biz belə kadrları axtaracaq, onlarla iş aparacaq, maksimum şəkildə onları dəstəkləyəcək və nəinki onlara dil öyrədəcək, eyni zamanda ixtisas üzrə treninqlər təşkil edəcəyik. Bundan sonra insanlar özləri istədiklərinə nail olacaqlar. İndi bazar iqtisadiyyatı zamanı gəlib. Onlar buna və hər şeyə hazır olmalıdır”.
 
 





19.12.2014    çap et  çap et