525.Az

Xalq yazıçısı Anar oxucularının görüşünə “Göz muncuğu” ilə gəldi - Fotoreportaj


 

Xalq yazıçısı Anar oxucularının görüşünə “Göz muncuğu” ilə gəldi - <b style="color:red">Fotoreportaj</b>

Dekabrın 17-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq yazıçısı Anarın “AYBkitab“ seriyasından  işıq üzü görən “Göz muncuğu” kitabının təqdimatı və imza günü keçirilib.

AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq Yazıçılar Birliyində imza günlərinin keçirilməsinin ənənə halını aldığını bildirib:
 
“Çalışacağıq ki, bu ənənə davamlı olsun. Anar müəllimin “Göz muncuğu” kitabı bu layihə çərçivəsində çap olunan növbəti kitabdır. Əsər ilk dəfə “Azərbaycan” jurnalının 11-ci sayında işıq üzü görüb və oxucular tərəfindən kifayət qədər maraqla qarşılanıb”.

AYB-nin mətbuat katibi Xəyal Rza “Göz muncuğu” kitabının “AYBkitab” layihəsinin təbliğinə böyük töhfə olacağını vurğulayıb:

“Bu layihəni genişləndirmək fikrimiz var. Sayt vasitəsilə layihəni reklam edir, onlayn kitab satışı həyata keçiririk. Kitabın çapını “AYBkitab” layihəsinə etibar etdiyinə görə Anar müəllimə təşəkkür edirəm.

Düşünürəm ki, bu kitabın çapı layihəmizin inkişafına böyük təkan olacaq. 2015-ci il üçün layihənin proqramı artıq hazırdır. Hansı kitabların çap olunacağını müəyyən etmişik. 20-dən artıq kitabın çapı nəzərdə tutulub”.

Rəşad Məcid “Göz muncuğu” əsərində bir neçə problemə toxunulduğunu diqqətə çatdırıb:
 
“Kitabın ön sözünün müəllifi gənc və tanınmış yazıçı, tənqidçi Pərvin xanımdır. Əsəri iki dəfə oxumuşam, ən üstün cəhəti kimi onu qeyd edə bilərəm ki, dili çox axıcıdır, əsər su kimi oxunur. Əsər həm də çoxlu suallara meydan verir. Bu barədə tənqidçi Cavanşir Yusifli də öz müsahibəsində fikirlərini deyib. Bir neçə il əvvəl mənim “10 sentyabr” hekayəm barəsində yazan Anar müəllim vurğulamışdı ki, yazın bu qədər müzakirələrə səbəb olursa, deməli, maraqlı əsər  yazmısan.  İndi eyni sözü bu povest haqqında da demək olar.

Povestdən ortaya çıxan sualların çoxluğu və dərinliyi məni hətta yaxşı mənada təşvişə saldı. Anar müəllimin “Əlaqə”, “Qırmızı limuzin” və sair kimi fantastik əsərləri var. Bu əsərlərdə toxunulan problemlər üst-üstə qoyulsa, məncə, “Göz muncuğu”ndakı  suallardan, çözümü axtarılan məsələlərdən daha az olar”.

Kitabın ön sözünün müəllifi, gənc yazıçı, Xalq yazıçısı Anarın tədqiqatçısı Pərvin əsərin çapını ədəbiyyatsevərlərin bayramı adlandırıb:
 
“Hesab edirəm ki, bu, Anar yaradıcılığının növbəti hadisəsi olmaqla yanaşı, həm də ədəbiyyata, əsl sözə, sənətə dəyər verənlərin bayramıdır. Nəzərə alsaq ki, hər bir əsərin, hər bir kitabın da öz taleyi olur, deyə bilərik ki,  yarandığı, ərsəyə gəldiyi gündən “Göz muncuğu”nun taleyi uğurlu başlayıb. Çünki çap olunan əsərlərə oxucu marağı, tənqidçi münasibəti əsasdır. Anar müəllimin povesti “Azərbaycan” jurnalında çap olunandan oxucular, ədəbi tənqidçilər dərhal reaksiya verdilər, əsəri maraqla oxudular. Tələbələrimə deyəndə ki, Anarın yeni əsəri “Azərbaycan” jurnalında işıq üzü görüb, onlar dərhal reaksiya verdilər, xahiş etdilər ki, jurnalı  əldə etməkdə onlara yardımçı olum. Fürsətdən istifadə edib jurnalın baş redaktoru İntiqam Qasımzadəyə göstərdiyi həssaslığa, jurnalların tələbələrimizə operativ şəkildə verilməsində göstərdiyi köməyə görə təşəkkürümü bildirirəm.

Tələbələr əsəri oxuduqdan sonra onlardakı marağın necə artmasının şahidi oldum. Dərsin gedişatında əsəri müzakirə edirdik və onların yazıçıya çoxlu suallarının olduğunu görürdüm. Onda söz verdim ki, imza günü Anar müəllimdən xahiş edərik bizim suallarımızı cavablandırar.

Bu günlərdə Anar müəllim haqqında yazanda özlüyümdə aşkar etdim ki, Anar müəllim həm də pedaqoqdur. Onun heç bir əsərində didaktikaya, metr intonasiyasına, tonuna rast gəlmək olmaz. Amma o, bəlkə özü də fərqinə varmadan bütün əsərlərində müəllimdir, insana xas bütün gözəl duyğuları, cəhətləri öyrədir, böyüyə hörmət, kiçiyə mərhəmət bəsləməyi öyrədir.

Bütün bunlarla yanaşı, Anar bizə milli kimliyimizi, türklüyümüzü xatırladır – Dədə Qorqud dastanı haqda yazıları, filmi ilə. O, eyni zamanda Füzuli haqqında “Şairin dərdi” essesi, Nazim Hikmət haqqında “Kərəm kimi” romanıyla, Rəsul Rza barəsində “Mübarizə bu gün də var” kitabıyla bizə əsl poeziyanı dəyərləndirməyi, Mirzə Cəlili, Mirzə Fətəli Axundzadəni, Üzeyir bəy Hacıbəylini anlamağı öyrədir – filmləri ilə, Azərbaycanın digər görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat simalarını tanıdır – “LİK Azerbaydjana” üçcildliyi ilə. “Göz muncuğu” povesti də Anarın müəllim fəaliyyətinin davamıdır.
 
Düşünürəm ki, bu mənada siz tələbələrin bəxtiniz bizdən daha çox gətirib. Biz Gənc Ədiblər Məktəbində üzv olanda dəfələrlə xahiş edirdik ki, Anar müəllimlə görüş keçirilsin. Amma təəssüf ki belə görüş olmadı. Və biz Anar müəllimi görmək, onu dinləmək üçün görüşlərdən sonra Birliyin binasında ləngiyirdik, az qala bütün tədbirlərdə iştirak edirdik. Ona görə də siz gənclərdən, tələbələrdən bu gündən, bu fürsətdən yararlanmağınızı istəyirəm və Anar müəllimə bizə zaman ayırdığına görə təşəkkür edirəm”.

Çıxış edən yazıçı, millət vəkili Hüseynbala Mirələmov Anarın əsərini oxuduqda heyrətini gizlədə bilmədiyini etiraf edib:

“Povesti “Azərbaycan” jurnalından birnəfəsə oxudum. Anar müəllimin hər əsərini oxuyanda adamı dərin heyrət bürüyür. İnsan hisslərini bütün çalarlarıyla ifadə etmək asan məsələ deyil. “Göz muncuğu” məni sadəcə, sarsıtdı.  Müəllif  bütövlükdə insanlığın, dünyanın problemlərini, dərdlərini, bütün bunların kökündə dayanan əsas məsələni oxucuya çatdırır. Anar müəllimin bir məharəti də odur ki, o, gündəlik rast gəldiyimiz hadisələri yazıçı müşahidəsi və ustalığıyla elə ifadə edir ki, insan təəccüblənməyə bilmir. İnsanın hər iki üzünü açıb göstərir. Həm xeyirin, həm şərin timsalı olan obraz məncə, ədəbi tapıntı kimi çox orijinaldır.

Ümumiyyətlə, əsərdəki xeyir və şəri simvolizə edən Əhlimanı yaradan səbəblər cəmiyyətin özündədir.

İnsanın həyatında baş verən hadisələr, rast gəldiyi pis və ya yaxşı adamlar onun həyat yolunu cızır.

Əhliman obrazının başına gələnlər buna bir sübutdur.

Albert Kamyunun bir fikri var: “Azadlıq əldə olunanda xeyirlə bərabər, şər də azad olur”. Bunu hazırda dünyada gedən proseslərdə, baş verən hadisələrdə aydın görmək olar. Anar bu məsələni də povestdə ustalıqla təsvir edib. O, “Göz muncuğu” əsərində insanı sınağa çəkir, öz içindəki şərlə mübarizəsini işıqlandırır. Bu, müəllifin, ümumilikdə Azərbaycan nəsrinin qələbəsidir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının müdiri, professor Himalay Qasımov çıxışında “Göz muncuğu”nu ədəbi düşüncədə yeni istiqamət adlandırıb:

“Bu əsər daşıdığı məna yükü, qoyduğu problemlər baxımından sadəcə, povest yox, roman sayıla biləcək gücdə, dərinlikdə, həcmdədir. Əsərin süjeti elə düzənlənib, müəllif əsər daxilində elə aura yaradıb, elə struktur qurub ki, bu, Azərbaycan ədəbiyyatında, bədii təfəkkürdə tamamilə yeni istiqamətdir.  Povest müxtəlif fəsillərdən ibarət olsa da, bu fəsillər arasında sıx bağlılıq mövcuddur.

Müəllif fəsildən fəsilə elə ədəbi priyomlarla keçir ki, oxucu növbəti fəsli daha da səbrsizliklə gözləyir.

Ədəbiyyatın bir tərəfi həmişə sufizmə, təsəvvüfə dayanır. Bu baxımdan Anar müəllimin povestdə ifadə etdiyi fikirlər, fəlsəfi düşüncə əvəzsizdir. Elə düşüncələr var ki, həm ilahi eşqə, həm sufizmə aparır. Digər bir tərəfdən müəllif oxucuya çatdırmaq istəyir ki, insan xisləti dəyişmir. Sadəcə, şərait və mühitə uyğun tərəflərini üzə çıxarır. Əsərin qəhrəmanı Əhliman ölür və yenidən dirilir, amma öz xislətini dəyişmir. Bütün əsər boyu xeyir və şərin mübarizəsi, Hörmüzlə və Əhlimanın qarşıdurması canlandırılır. Əbədi, əzəli mübarizəyə ön baxış diqqəti çəkir. Anar müəllim bu iki məfhumu bir insanda cəmləyir, demək istəyir ki, xeyir şərdən, şər xeyirdən ayrı ola bilməz. Bəzən elə dərin mətləblərə baş vurur ki, insanın idrakı bu suallar qarşısında acizdir. Bu baxımdan əsərə bir çox yorum vermək olar. Struktur elə qurulub ki, əsər sanki elmi tədqiqat qeydləridir. Povesti insanın hissləri, düşüncələri, daxilində gedən çarpazlaşma, ikiləşmə, özüylə apardığı mübarizələr barədə tədqiqat əsəri adlandırsaq, məncə, yanılmarıq.

Hər fəslin əvvəlində yazılan epiqraflar da əsrin ruhu, ideyası ilə uzlaşır, oxucuya bir növ bələdçilik edir.

Bütün bu prosesi çox da böyük olmayan povestə sığışdırmaq asan deyil. Bu, böyük yazıçılıq istedadı tələb edir. Düşünürəm ki, müəllif qarşısına qoyduğu məqsədə nail olub. Eyni zamanda Pərvin xanımın da ön sözü əsərlə paralel, əsərlə vəhdətdə qavranılır, gənc tənqidçi də əsərin əsas məğzini, mənasını tutub və oxuculara çatdırıb”.

Daha sonra yazıçı Pərvin bildirib ki, Pedaqoji Universitetin tələbələri imtahandan birbaşa təqdimata gəliblər:
“Universitetdə imtahanlar test üsulu ilə həyata keçirilir. Tələbələr də simvolik olaraq “Anar yaradıcılığı” adlı bir fənn təsis ediblər. Yazıçı Anarın özünü bir neçə dəqiqəlik Pedaqoji Universitetin tələbəsi hesab etməsi üçün onu öz yaradıcılığından imtahana çəkmək istəyirlər. Sonda kafedra müdiri Himalay Qasımov cavabları onballıq sistemlə qiymətləndirib yazıçıya imtahan qiyməti yazacaq”.

Verilən sualları cavablandıran Xalq yazıçısı doğrudan da əsl tələbə kimi imtahan məsuliyyətini hiss etdiyini bildirib. Amma Anar müəllimin şux zarafatları, xəfif yumoru da “imtahan” prosesini tədbir iştirakçıları üçün xeyli maraqlı edib.  Sualların hamısını doğru cavablandıran yazıçıya  Pedaqoji Universitetin rəmzi qiymət cədvəli və ən yüksək qiymət, 10 bal verilib.

İmtahanın nəticəsini  dəyərləndirən professor Himalay Qasımov qiymətin tam obyektiv olduğunu vurğulayıb. 

Müəllif tələbələrin suallarını cavablandırdıqdan sonra söz alan türkoloq, tənqidçi Tofiq Məlikli “Göz muncuğu” povestini Anar yaradıcılığında yeni dövr adlandırıb:
 
“Anar müəllim povestdə çox gözəl ikili dilemma qoyub: xeyir və şər dilemması. Niyə həmişə xeyir qalib gəlmir, nə üçün şər də var? Xüsusilə mənəvi həyatımız çox tənəzzülə uğrayıb. Bu əsər bir növ insanlar üçün mayak rolunu oynaya biləcək əsərdir. Hətta hesab edirəm ki, son dövrlərdə yazılmış ən ciddi əsər adlandırsam, yanılmaram. İkinci bir məsələ kimi qeyd etməliyəm ki, bu povest Anar yaradıcılığında yeni bir dövr, yaxud bu dövrə hazırlıq kimi qiymətləndirilməlidir. Müəllifin əsərin forma və üslubunda müasir ədəbiyyatın bütün üslublarından bəhrələndiyi açıqdır. Əlbəttə, bu özü də peşəkarlıq və istedad tələb edir.

Ümid edirəm ki, əsər diqqətlə oxunacaq, öyrəniləcək. Bütövlükdə cəmiyyətimizdəki naqisliyin, şərin qarşısında sədd rolunu oynayacaq”.

Çıxış edən Xalq yazıçısı Mövlud Süleymanlı “Göz muncuğu”nu Anarın məhz bu yaşının əsəri adlandırıb:

“Bu povestlə Anar öz yaşının  əsərini yazıb. Əsərdə hansısa boşluq, xırdalığa getmək cəhdləri görmək olmaz. Elə ilk cümlədən hiss olunur ki, əsər kifayət qədər bişmiş, peşəkar bir ağlın bəhrəsidir. Povesti oxuduqca bir qənaətə də gəldim ki, Anar öz yaradıcılığında vaxtdan məharətlə istifadə edir, vaxt onun əsərlərində böyük rol oynayır. Sanki bütün obrazlar, bütün süjet vaxta bükülüb, oxuduqca o vaxt kələfi oxucunun gözü qarşısında açılır. Həyatın hər bir anı göz qabağına gəlir. Üslub baxımından əsər çox çevikdir, dil daim hərəkətdədir, sözlər oynayır.

Eyni zamanda bu oynaqlığın altında yük, məna ağırlığı var, hər sözdə, hər cümlədə hansısa məna çaları gizlənir. Əsəri oxuduqca hiss edirsən ki, heç nə boşuna deyil, ən kiçik nüans da küllün bir hissəsidir. Hər şey bir-biriylə sıx təmasdadır. Povestdə qeyb var, sirr var, sehr var, əsər başdan-başa müəmmalarla, suallarla doludur. Hər şey necə qeybdən başlamışdısa, eləcə də başa çatır”.

Mövlud Süleymanlı son zamanlarda bu səviyyədə tədbirlərin az-az keçirilməsini nəzərə çatdırıb: “Mən təşkilatçılara təşəkkürümü bildirirəm. Pedaqoji Universitetə, Himalay müəllimə, Pərvin xanıma minnətdaram ki, belə gənclər yetişdiriblər. Onlarda ədəbiyyata bu marağı görmək məni riqqətləndirdi. Sadəcə, bir şeyə təəssüflənirəm ki, media bu mətləbləri kifayət qədər işıqlandırmır. Bu cür tədbirlərin geniş ictimaiyyətə çatdırılması mühiti şəffaflaşdırmaq, oxucuyla yazıçını yaxınlaşdırmaq, aralarındakı məsafəni qısaltmaq, diz-dizə oturtmaq üçün lazımdır”.

Tənqidçi Əsəd Cahangir povesti beşmərtəbəli evin adı olub özü olmayan altıncı mərtəbəsi adlandırıb:

“Mənə qədərki çıxışlara qulaq asdıqca bir daha əmin oldum, Anar müəllim çox dərin əsər yazıb.

Tənqidçiliyimdən istifadə edərək bildirməliyəm ki, biz bu müzakirələrlə əsərin heç sərhəddinə də yaxınlaşmamışıq hələ. Çox gözəl əsər olmasıyla yanaşı, hesab edirəm, Anar müəllimin indiyə qədərki yaradıcılığının yekunu, bundan sonrakı yaradıcılığının isə başlanğıcıdır. Əfsanəyə görə, iki üzlü qədim Roma tanrısı Yanusun bir üzü keçmişə, digər üzü isə gələcəyə baxır. Mistikanı da nəzərə alsaq, bu əsər mənə Yanusu xatırladır. Bu əsərlə Anar müəllim “Dədə Qorqud”  ssenarisində “yaddan çıxardığı” bir boyu yazıb.

Hansı ki, Təpəgözlə bağlı idi. Aydın məsələdir, Sovet hökuməti bu hissənin yazılmasının əleyhinə idi.

Qənaətimcə “Göz muncuğu” beşmərtəbəli evin adı olub özü olmayan altıncı mərtəbəsidir. Əsərdə Anar müəllimin Mirzə Cəlil ənənələrinin  davamçısı kimi bu ənənələrə yeni münasibətini gördüm. Çünki əsərin qayəsində dirilmə məfhumu dayanır. Dirilmə mümkündürmü? İnsanı qorxudan, ən çox narahat edən əsas məsələ ölümdür. İnsan yeganə varlıqdır ki, ona ölüm duyğusu hakimdir. Bitkilərə, heyvanlara bu hiss hakim deyil. Amma biz ağlımız kəsən gündən həm də ölüm haqda düşünürük. Çünki çoxlu sayda ölümlər görürük.

Nə qədər özümüzün öləcəyimizə inanmasaq da, hər halda bilirik ki, biz də nə vaxtsa öləcəyik. Bəlkə də bütün dinlər bu hissdən yaranıb. Ölümə qalib gəlmək hissindən. Bütün dinlər insana ölməzlik, cənnət vəd edir. Müəyyən fəlsəfi fikir, bədii əsər hansısa zaman kəsiyində insanların düşüncəsini məşğul edir, amma sonra dəbdən düşür. Dinlərsə yaranandan bu günə qədər, bayağı səslənsə də, deməliyəm ki, dəbdən düşmür. Çünki onlar insanın ən çox qorxduğu məsələnin həlliylə bağlı ümid verirlər. Mənə elə gəlir ki, ədəbiyyat insandan çox şeyi ala bilər, amma ümidini əlindən almamalıdır. Anar müəllimin bu əsərində ümid gördüm, ən azından xeyirlə şərin yanaşı yaşaya biləcəyi ilə bağlı ümid. Maraqlı bir cəhət də var ki, əsər boyu hərəkətdə olan bir göz var. O göz hadisələri yuxarıdan seyr edir, hətta dili yenidən yaradır, fikirləri, cümlələri xüsusi vurğu altına salır. Göz muncuğu məsələsi həm də əsərin dilində var. Anar müəllimin yaradıcılığı üçün dillə bu cür oyun, söz oyunu yenilikdir. Əlbəttə ki, əsərin ən vacib məqamlarından biri də Anarın indiyə qədərki əsərlərində mövcud olan mistik layların sistem halında üzə çıxaraq bütöv bir mərtəbə təşkil etməsidir. Ümumiyyətlə, bu gün dünyada mistikaya meyl çox güclüdür. Bu mənada Anar müəllim zamanın ruhunu, mentallığını mətnə gətirə bilib. İnsanlıq iki min il ərzində intellektə, məntiqə doğru gedib “mənim məntiqimdən başqa hər şey yanlışdır” dedilər. Bu sonda pozitiv fəlsəfəyə, Kant fəlsəfəsinə, nitsşeçiliyə, o da öz növbəsində faşizmə gətirib çıxardı. On milyonlarla adam öldü. Belə olduğu halda insan özünü, öz məntiqini sorğulamağa başladı:
 
“Bəlkə mən səhv edirəm”, “bəlkə irrasional bir məntiq, qüvvə də mövcuddur?” Bu iki minilliyin yekunu mənə elə gəlir ki, bu sadə həqiqəti dərk edilməsi oldu. İnsan həqiqəti görünməyən sahələrdə, bəsirət gözünün görəcəyi yerlərdə axtarmağa başladı. Anar müəllimin povesti Azərbaycan ədəbiyyatında həqiqəti görünməyən, daxildəki bəsirət gözüylə görülə biləcək yerlərdə axtarmağa çağırış cəhdinin ilk və ciddi ifadələrindən biridir. Anar müəllim öz əsərində xeyir və şəri paralel, bərabər səviyyədə aparır. O, necə ki, təxminən 40 il əvvəl “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəriylə Azərbaycan cəmiyyətinin, ədəbiyyatının konturlarını cızmışdı, bu povestlə də bundan sonrakı yarım əsrin görüntüsünü realizə edir”.

Tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusifli “Göz muncuğu” povestini Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” əsəriylə müqayisə edib: “Mən həmişə  magik realizmə misal kimi “Aldanmış kəvakib” əsərinin adını çəkirəm. Bizdə bu qədər gözəl əsər olduğu halda dünya ədəbiyyatına müraciət nəyə lazımdır? Axundov bu əsərdə mifik məsələlərlə realizmi elə gözəl şəkildə bir-birinə bağlayıb ki, heyran olmamaq mümkün deyil. Çox sistemli şəkildə mistik hadisələri gündəlik qayğılarla paralelləşdirərək gözəl əsər ortaya qoyub. Bu baxımdan Anar müəllimin povestini “Aldanmış kəvakib”lə müqayisə etmək olar. Çünki mistik hadisələri gündəlik qayğılara bağlamaq baxımından, hər iki məfhumu paralel inkişaf etdirmək cəhətdən uğurlu müqayisə hesab etmək olar. Başqa məsələ də var ki, bəzən yazıçılar elə ağır mövzuların altına girirlər ki, bu mövzu onların sonuna çıxır, ağır yükü qaldıra bilmirlər. Psixoloji olaraq salamat çıxmırlar. Anar müəllim də bu əsərlə çox ağır yükün altına girib, amma onun istedadı, yazıçı peşəkarlığı bu yükü daşımağa yetib. Bəzi məqamlarda biz görürük, müəllif elə ağır problemləri qabardır ki, oxucuya məlum olur ki, bu problemin çözümü yoxdur, əbədi sual işarəsi olaraq qalacaq. Amma povestdə hətta belə problemlərlə bağlı da bir işartı duyulur.

Düşünürəm ki, bədii ədəbiyyatın vəzifəsi insanda dünya, kainat barədə düşüncələrin sərhədlərini genişləndirməkdir. Anar müəllim “Göz muncuğu”yla bu vəzifənin öhdəsindən layiqincə gələ bilib”.

Sonra tələbələrə də söz verilib, onlara  əsərlə bağlı fikirlərini bildirmək, yazıçıya suallarını ünvanlamaq üçün şərait yaradılıb.

Sonra Xalq yazıçısı Anar çıxış edərək hər kəsə təşəkkürünü bildirib:

“Mən 27 ildir Yazıçılar Birliyində işləyirəm, bura hələ ondan da əvvəl gəlib-gedirdim. Amma bu müddət ərzində təqdimat günü belə coşğu görməmişəm. Həqiqətən çox qəribə və sevindirici bir hiss yaşadım.

Povestin “Azərbaycan” jurnalında çapına görə İntiqam Qasımzadəyə, tədbirin təşkilinə və maraqlı ssenariyə görə, ön sözün müəllifi Pərvinə təşəkkür edirəm.
 
Dünən bir məktəbdə tədbirdə olduq. O tədbirdən çox bədbin ayrıldım. Çünki şagirdlərin söhbətlərindən hiss olunurdu ki, danışdıqları canlı dil deyil, sadəcə, əzbərlədikləri mətni təkrarlayırlar. Mən də çıxışımda buna etiraz etdim. Bildirdim ki, yaponlarda inkişaf ona görə çoxdur ki, onlar birinci növbədə təhsilə diqqət yetirirlər. Təhsildə təkcə dəqiq elmlərə yox, insanları düşünməyə vadar edən, bəsirət gözünü açan məsələlərə diqqət yetirməyə sövq ediblər. Bu gün məni ən çox sevindirən o oldu ki, düşünən insanlara rast gəldim. Bayaq sual verildi ki, tələbə olsaydız necə olardı? Mən tələbə olsaydım, istərdim ki, belə müəllimlərim olsun. Sizə ədəbiyyatı sevdirən, ədəbiyyatın nə olduğunu anladan müəllimlər kimi.  Yazıçı da ən çox onu istəyir ki, oxucunu düşündürsün. Oxucuda öz fikrini formalaşdırma istedadı yaratsın. Bir bunu deyə bilərəm ki, hər halda bu əsər nahaq yazılmayıb”.

Sonra Xalq yazıçısı öz kitablarını Pedaqoji Universitetin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasına hədiyyə edib, oxucuları üçün kitab imzalayıb, xatirə fotoları çəkdirib.

 





19.12.2014    çap et  çap et