525.Az

Müasir Azərbaycan nəsrində postmodern təhkiyə strategiyası


 

Anarın "Göz muncuğu " povesti əsasında

Müasir Azərbaycan nəsrində postmodern təhkiyə strategiyası<b style="color:red"></b>

Xalq yazıçısı Anarın postmodernizmə münasibəti birmənalı deyil. Onun Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəri, Orxan Pamukun yaradıcılığı haqqında qələmə aldığı yazılar belə bir qənaətə gəlməyə əsas verir.

Məsələn, Kamal Abdullanın  "Yarımçıq əlyazma" romanının (2005) müzakirəsində  Dədə Qorquda fərqli yanaşma ilə bağlı tənqidi münasibətini bildirmişdi. Daha sonra  Orxan Pamukla bağlı yazısında (2012)  postmodernizmin istilasını qəbul etməsə də (o, O. Pamukun, U. Ekonun özlərini postmodernist  hesab etmədiklərini yazırdı), həqiqətən də dünyada "heç bir şeyin yeni olmadığını" qeyd edərək bu postmodern konsepsiya ilə razılaşdığını bildirirdi. Bundan başqa, Anarın O.Pamuku, U.Ekonu, P.Züskindi "yeni nəsil" yazıçıları olaraq qiymətləndirməsi, onların yaradıcılıqlarını  xarakterizə edərkən məcaziliyə meyllilik, iti süjet və s. kimi postmodern estetikanın xüsusiyyətlərindən bəhs etməsi onun birmənalı olmayan münasibəti haqda müəyyən qənaətlər əldə etməyimizə imkan verir.

Bu səbəbdən də xalq yazıçısının postmodern estetikası əsasında yazdığı son povest maraq doğurur.

Detektiv təhkiyə üzərində qurulan povest yüksək mərtəbədən itələnərək öldürülən insanın qəbirdə dirilməsi ilə - yəni teatral farsla  başlayır. Daha sonra ətrafı və ən yaxın adamları tərəfindən incidilən (atasının kəmərinin izləri hələ də sızıldayır, sinif yoldaşı Nəsibin zarafatları hələ də yadından çıxmır və s.) Əhliman adlı gəncin hekayəti verilir. Əsərin əsas çözümü səkkizinci hissədə Diri baba ilə açılır və bu hadisə gəncin bütün həyatını dəyişir. Yazıçının əvvəlki əsərlərində də aktual olan mistik yanaşma, ilğım məhəbbət kimi obrazlar bu povestində də əhəmiyyətli yer tutur.

İlk olaraq diri ikən basdırılmış insanın qəbirdə keçirdiyi hisslərin, düşüncələrin, fraqmentlərin nizamsız ardıcıllığı, bir hadisədən digərinə ani keçid -  eklektika diqqəti çəkir.  Bu insan düşdüyü dəhşətli vəziyyətdən çıxmaq üçün öz xəyali dünyasına fraqmentar səyahətlərə baş vurur. Əsərdə təhkiyə bölünür, parçalanır. Bu proses çox təbii, dəqiq assosiasiyalar üzrə baş verir və müəllif oxucunu təhkiyəyə cəlb edərək düzgün istiqamətə yönəldə bilir.

 Əsərdə əbədi olan Xeyir-Şər probleminə yanaşmada Derridanın dekonstruksiya prinsipi reallaşır, ənənəvi binar opozisiyalar aradan qalxır. Əsəri oxuduqca sanki  çaşdığını, kələfin ucunu itirdiyini zənn edirsən. Çünki Əhlimanın Əshabi-Kəfi ziyarətdən sonra özünü kənardan görməsi, bir insanın iki varlıq olaraq qarşılaşdırılması kimi ədəbi üsul oxucuda çaşqınlıq yaradır. Əsasən də birinci oxunuşda detektiv süjetə aludə olub, bu məqamların fərqinə vara bilmirsən. Məhz ikinci dəfə oxuduqda isə üst deyil, gizli qata vararaq, əsərin fəlsəfi-ontoloji məzmununu dərk etmək mümkün olur. Yəni mətndə ikili kodlaşma reallaşa bilir.

Burada ikiləşən insan öz varlığı ilə ikili həyatı, Xeyiri və Şəri xarakterizə edir. O insanlardan biri üçün məhəbbət sadəcə şəhvət hissindən ibarətdirsə, digəri üçün ay işığında otağına gələn qıza olan platonik münasibət ifadə edir.

Beləliklə, ikiləşən təhkiyədə hər oxucu öz xəttini seçir, bir-birindən fərqli olan cığırlarla irəliləyir. Əslində, hər kəs bu oyunda bir iştirakçıdır. Və bu səbəbdən də oxucu yalnız oyunun qaydalarına əməl edərək mütiliklə müəllifin arxasınca irəliləməli olmur. O müstəqil şəkildə öz konsepsiyasını seçə, hadisələrə sərbəst və fərqli çözüm verə bilir. Bu da öz növbəsində müəllif və oxucu münasibətlərinin yeni məzmun kəsb etməsi ilə şərtlənir. "İmplisit" (V. İzer) oxucu artıq özü mətn yaradır, müəllif isə bacardıqca qıraqda qalmağa çalışır. Bu zaman oxucu özünü romandakı personajlarla eyniləşdirməməlidir. Halbuki əvvəlki dövrlərdə oxucu əsərlərin və obrazların seçimində məhz bu məqamları göz önünə alırdı. O, kənddən gələn yeniyetmə və onun şəhəri fəth etməsi kimi mövzularda öz həyatı ilə paralellər axtarırdı. İndi isə əsərin iştirakçısına çevrilən zaman öz müstəqilliyini saxlayır, dəyişmir, sadəcə fərqli bir məkana, mühitə daxil olur. 

Müasir nəsrdə detektiv təhkiyədən istifadənin əsası U.Ekonun "Qızılgülün adı" əsərində qoyulub. Bu, oxucunu mətnə cəlb etmək üçün bir vasitədir. Oxu prosesində oxucu personajlarla birgə baş verənləri çözməyə çalışır. Bununla da özü də hiss etmədən müəllif tərəfindən təqdim edilən oyuna qoşulmuş olur. Oyun isə məlum olduğu kimi, postmodernin əsas xüsusiyyətlərindən biridir. Bundan əlavə, günahkarı tapmağa çalışarkən o, istər-istəməz Derridanın "Dünya mətn kimi" tezisinə tabe olur. Çünki şüur mətn çərçivələrini aşaraq baş verənləri reallıq kimi qəbul edir. Bu da öz növbəsində "ikili kodlaşmaya" imkan yaratmış olur.

Müəllif özü də oxucunu çaşdırmağa çalışır. Vacib olanın "diri-diri yer altına gömülmüş insanın oyandığı zaman keçirtdiyi halların təhlili və möcüzəvi şəkildə sağ qalıb, "xortlayıb", qəbirdən çıxan "ölünün" özünün kim tərəfindən qətlə yetirildiyini bilmək üçün axtarışlar aparması" olduğunu yazır. Oxucu isə bu məqamda üzdə olan hadisələrə deyil, gizli oyuna yol tapmalıdır.

Adətən, detektivlərdə hadisələrin müəyyən ardıcıllıqla inkişaf etdiyi məlumdur: cinayət, günahkarın axtarılması və ifşası. Postmodern əsərlərdə  desentrasiya, mətnin semantik əsasının parçalanması və mətnin rizomaya çevrilməsi baş verir. "Postmodernizm ilə elə bir epoxa başlanır ki, sənətlə məna arasında əlaqə itir. İndi onları yalnız oyun birləşdirir. Oyun gerçəkliklə təxəyyülü eyniləşdirərək, əsərin sonsuz sayda məzmun kəsb etməsinə imkan verir" (İ.İlyin).

Əsərin hər hissənin sonunda personaj baş verənlərin reallıq, yoxsa yuxu olduğunu dərk edə bilmir, baş verənlərə şübhə ilə yanaşır. Beləliklə də gündəlik Reallıqla Vaxtın fövqündə duran Əbədiyyət qarşılaşdırılır.

Erkən yaşlarından qoluzorlunun qabağında gücsüzlüyünü anlayaraq, təklənən, şər allahı Əhliman olaraq qəbul edilən, şərə sürüklənən gənc, Diri baba ilə görüşdən sonra ikiləşir, müxtəlif qütbləri özündə birləşdirir: Bəsirət gözü bağlanmış, həyatını böyük məqsədlərin girovuna çevirən, yalnız yaman gözlə hərəkət edən, bakirlikdən həyatın çirkabına sürüklənən, sevgi əvəzinə şəhvət, etibar əvəzinə xəyanət və ağrı ilə üzləşən, ətrafına ölüm saçan Əhliman və ona mane olmağa çalışan Hörmüzd.  Bu məqam təhkiyədə də parçalanmaya səbəb olur. Əhliman bütün acılarının əvəzini çıxmaq istiqamətində, Hörmüzd isə ilğım məhəbbət xəttində yer alır. Onların üzə-üzə gəldikləri səhnədə əsərin əsas fəlsəfi qatı, konteksti əks olunur. " Əhliman hər zaman səni öz tərəfinə çəkməyə çalışacaq. Ta uşaqlıqdan ömrün boyu rastlaşdığın ədalətsizlikləri, təhqirləri, inciklikləri bir-bir yadına salacaq, bunların qisasını almağa təhrik edəcək səni. Amma bilməlisən ki, Şərə qarşı Şər üsullarıyla savaşmaq Şəri artırmaqdır... Qələbə nifrət yaradır. Məğlub öc almaq ehtirasıyla yaşayır. O da intiqam alıb qalib gələcəksə, bu zənciri heç vədə qırmaq mümkün olmayacaq. Hüzura qovuşmaq qələbədən də, məğlubiyyətdən də imtina etməkdi. Birisi döyüşdə min adama qalib gəlibsə, başqa birisi yalnız öz üzərində zəfər çalıbsa, məhz odur ən böyük qalib".

Əsərdə bir çox fəlsəfi və bəşəri suallara cavab aranır: "İnanırsan, amma Allaha çoxlu sualların da var. Necə olur ki, müsəlmanların da, isəvilərin də, musəvilərin də qadir Allahı dünyada bu qədər ədalətsizliyə, haqsızlığa, zülmə yol verir, yəni şeytanın öhdəsindən gələ bilmir heç cür? Doğrudur, ərənlər deyib ki, gərək qəlbində Allaha o qədər məhəbbətin olsun ki, orda İblisə yer qalmasın. Amma Şeytan, İblis kimdir ki, Allahın yaratdığı dünyada belə at oynatsın? Bu sualına bilirmisənmi kim səlis cavab verib?"

Və bu cür suallara cavab aranarkən Həyat, Ölüm, yaşam fəlsəfəsi ilə bağlı fikirlərə, fəlsəfi əsərlərə, Buddanın, Braxmanın təlimlərinə istinadlar, gözlə bağlı tarixi traktatlardan parçalar,  əbədi Xeyir və Şər qarşıdurması haqda rəvayətlər də mətnə daxil edilir, çoxlu sayda epiqraflardan istifadə olunur. Bunlar arasında Dostoyevskinin fikirləri, xüsusilə də "Karamazov qardaşları"ndan gətirilmiş sitatlar üstünlük təşkil edir. Hörmüzdlə Əhlimanın qarşılaşdığı səhnədə yer alan   ".. heç bir günahı olmayan körpə nədən şikəst doğulur, niyə kar, kor, ağıldan mayıf gəlir dünyaya, nədi onun təqsiri? " kimi fikirlər İvan Karamazovun düşüncələri ilə üst-üstə düşür.

Diri baba ilə bağlı hissələrdə müqəddəsliyə ironik yanaşma da diqqəti cəlb edir. Diri babanın onun şəklini istəməsi, yaxını olan qocanın əvvəllər yük maşını sürücüsü olması, içəriyə daxil olarkən  gün eynəyi taxması kimi məqamlar məhz bu məqsədə xidmət edir.

Beləliklə, teatral fars, danışan adlar, intertekstual əlaqələr, ənənəvi mövzuların dekonstruksiyasının yer aldığı əsər yeni başlanğıcı ehtiva edən son-başlanğıcla tamamlanır. "MÜƏLLİFDƏN. Tizfəhm oxucu, yəqin, anladın ki, əsərin Əhliman (Əhliman və Hörmüzd) adlandırılan iki personajı, əslində, eyni adamdı. Belə olan surətdə sual oluna bilər: müəllifin demək istədiyi nədi - Xeyir timsalı Hörmüzd Şər timsalı Əhlimanı itələyib məhv edir? Amma onda - ikisi eyni şəxsdirsə - ikisi də məhv olur axı...

Elədir. Amma əsərin əvvəlinə qayıdın. Demə, diri-diri torpağa gömülən ölməyibmiş. Bir təsadüf, ya bəlkə, zərurət nəticəsində dirilib məzardan çıxır, dünyaya qayıdır, yaşamağa başlayır. Bəs onda hansıdır qayıdan - Hörmüzdmü, Əhlimanmı; Xeyirmi, Şərmi? Ya hər ikisimi?

Bu sualın cavabını - yəni bu qərarı verməyi - oxucunun ixtiyarına buraxıram".

Povestdə dünya və milli ədəbiyyatımızın bir çox nümunələri xatırlanır. L.Tolstoyun "Canlı meyit"i, Mirzə Cəlilin Şeyx Nəsrullahı, Üzeyir bəyin Məşədi İbadı, Lenin, Çernışevski... Həmcinin  danışan adlar - Əhliman, "Hamlet" dəki məzarçıları xatırladan qəbirqazan Nəsrullah, Banuçiçəyi xatırladan Aydan...

Əsərdə təkrarlanan şeir misraları da öz məna qatı ilə müəyyən informasiyanı təkrarlayaraq əhəmiyyətli funksiya daşıyır:

Ümidsizlik anında
Gəldi bu qəfil sevinc...
Taleyin hədiyyəsi...
Gözlənilməz nəticə...
Məni bədbəxt eyləyən,
Xoşbəxt eyləyən gecə.

Bu misralardakı ümidsizlik, gözlənilməzlik, xoşbəxtliklə bədbəxtliyin, ardıcıl deyil, birgə mövcudluğu fikrini ehtiva edir. Hadisələr oxucunu haçansa yazılmış əsərlərə yönəldir, bununla da baş verənləri nə vaxtsa baş vermişlərlə bir kontekstdə - əbədiyyət meridianında qovuşdurmağa çalışır ("Yazıçı ədəbi mirzədir. Yalnız özündən əvvəl yazılmışları təqlid edə bilər (R. Bart).  "Aydanın rəqsi anımlar oyadırdı, Süfilərin cəzvi, fırlanan dərvişlərin hərəkətləri gəlirdi ağlıma ". Beləliklə də adi bir situasiya daha mürəkkəb seqmentasiyanın yaranmasına, məzmunun dolğunlaşmasına yönəlir.

Və yaxud "Qürub çağı dənizə tərəf sürdüyüm üstü açıq maşın. Buludlar badımcan rəngindədir... Qərib Abşeron axşamının kövrək qüssəsi... Külək yanımda oturan gözü qəm dolu qızın qumral saçlarını üzümə çırpır, saçlar yanaqlarımı döyəcləyir, ağzımın içinə dolur... Ən böyük istəyim... kaş bu yol heç vaxt bitməsin, kaş dəniz uzaqlaşdıqca uzaqlaşsın, kaş gecə düşməyincə düşməsin..." parçası və ay işığında ilğım kimi gəlib sonradan yox olan qızla bağlı təkrarlanan bu hissə müəllifin "Beş mərtəbəli evin altıncı mərtəbəsi" əsərindəki Zaurla Təhminə münasibətini xatırladır.

Qərb nəsrində postmodern əsərlərdə gələcək perspektiv gözlənilir. Məsələn, Faulzun "Kolleksioner"ində Federik Kleqq gələcək üçün planlar qurur. Azərbaycan nümunələrində isə hadisələr keçmiş xatirələr əsasında dolğunlaşan  indiki zaman kəsiyini  əhatə edir.

Lakin Diri babanın xəbərdarlığına baxmayaraq itirilmiş əlyazmalar, kitabxanalar (U.Eko) kimi xalı da məhv olur. Hörmüzd "naxışlarında kainatın bütün sirləri, dünyanın əvvəli və axırı barədə bilgilər" olan  xalını qoruya bilmir.  Demək ən vacib olan nəsnələri itirmişik.

Əsərdə qoyulan ideyalar  Zərdüştdən başlayaraq İvan Karamazov, Bayronun Kainində,  Faustda, Lev Tolstoyun, Nitşenin əsərlərində də ifadə edilmişdi. Lakin  müəllif bu fəlsəfi konteksti genişləndirmir (halbuki yazıçının potensialının buna yetərincə imkan verir), povest çərçivəsi ilə kifayətlənir. Halbuki əsərdə ifadə edilən ideyalar daha geniş hüdudları ehtiva edir. Beləliklə də, gözlənilənin əksinə olaraq, ilk hissədəki ideyaların dialektikası ikinci hissədə zəifləyərək  getdikcə itir. Bu səbəbdən də povest sanki iri bir əsərin bir hissəsi təəssüratı oyadır.

Beləliklə, aparılan təhlillər əsərin postmodern estetikası əsasında yazılmış əsər olduğunu göstərir  və bu istiqamətdə təhlil edilməsinin labüdlüyünü meydana çıxarır.  Postmodernizmdə naşılıq yolverilməzdir. İntellektual yazıçı üçün isə postmodernizm fərqli (həm də daha yüksək - çünki özündən əvvəlki ənənəni ümumiləşdirərək ortaya yeni əks-yanaşma qoyulmalıdır) bir yaradıcılıq mərhələsinə keçiddir. Bu  əsərində yazıçı bütün yaradıcılığını "əridərək" bəşəri problemə milli düşüncə bucağından nəzər salır. Postmodernizmin  hər hansı formal xüsusiyyətlər yığınını deyil, postmodern dünyagörüşünün mahiyyətini əks etdirən povest  müxtəlif şərhləri və yozumları özündə ehtiva edir.

Lalə HƏSƏNOVA

 





19.12.2014    çap et  çap et