525.Az

Xarakterlər dramaturgiyası


 

Xarakterlər dramaturgiyası<b style="color:red"></b>

Tanınmış ictimai-siyasi xadim, görkəmli alim və elm təşkilatçısı, texnika elmləri doktoru, professor, ən əsası çağdaş ədəbiyyatımızı təkcə respublikamızda deyil, ölkə hüdudlarından kənarda da ləyaqətlə təmsil edən Hüseynbala Mirələmov gözəl nasir və səriştəli publisist olmaqla yanaşı, həm də əsərləri səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulan, tamaşaçı rəğbəti qazanan dramaturqdur. Hekayə, povest, roman və publisistik əsərlərində olduğu kimi, dram əsərlərində də H.Mirələmovu düşündürən bir nömrəli problem Azərbaycan xalqının varlığı, birliyi, müstəqilliyi və özgürlüyü məsələsidir. İstər tarixi, istərsə də müasir mövzularda yazdığı dram əsərlərində biz yazıçını daima xalqın, millətin istək və arzularının, adət-ənənələrinin, duyğu və düşüncələrinin tərcümanı kimi görürük.

lll

On üç şəkildən ibarət olan iki hissəlik “Gəncə qapıları” tarixi dramında hadisələr XIX əsrin əvvəllərində, Azərbaycanın Rusiyanın tərkibinə ilhaq edilməsi ərəfəsində Gəncə və Tiflisdə cərəyan edir. Ekspozisiya, bədii müqəddimə rolunu oynayan birinci şəkildə müəllif bizi Cavad xanın qısa tərcümeyi-halı ilə tanış edir və Cavad xanın yuxusunu verməklə hadisələrin əsər boyu gələcəkdə necə inkişaf edəcəyinə bəri başdan güzgü tutur. Cavad xan 1139-cu ildə qəsb edilmiş, bir tayı Helati monastrının dam örtüyünə istifadə olunmuş, digər tayı gürcü çarı Georginin dördüncü babası Davudun qəbrini qorumaq üçün monastrın Cənub hasarına bərkidilmiş (kursiv bizimdir – İ.Q.) Gəncə qapılarını yenidən Gəncəyə qaytarmağı qarşısına məqsəd qoyduğundan, bu fikir yuxusunda da onu rahat buraxmır. O, bu məsələyə şərəf və qeyrət məsələsi kimi baxdığından qarşılaşacağı heç bir maneə onu yolundan sapdıra bilmir. Nə Azərbaycan xanlarının ikibaşlı oyunları (Cavad xana söz verib əməldə onunla əlbir olmamaları – İ.Q.), nə ermənilərin məkrli planları, nə gürcü çarı Georginin şərtləri, nə də Qafqaza yeni ordu komandanı təyin olunmuş, qələbə qazananda “rus generalı”, məğlub olanda “fərasətsiz gürcü” adlandırılan Sisyanovun – Sisiaşvilinin hədələri onu haqq bildiyi iş uğrunda mübarizədən çəkindirmir.

H.Mirələmovun təqdimatında Cavad xan ağıllı dövlət başçısı, uzaqgörən siyasətçi olmaqla bərabər, həm də mərd, qorxmaz, şərəflə yaşamağı bütün minnətli imtiyazlardan üstün tutan şəxsiyyətdir. Təkcə ətrafı deyil, onu uzaqdan tanıyanlar, hətta düşmənləri belə ona dəyər verir, rəğbətini gizlətmirlər. Əsərin on birinci şəklində Sərdarın gətirdiyi xəbərə, yəni rus qoşunlarının Gəncəni işğal etməsi və Cavad xanın öldürülməsi xəbərinə Cavad xanla düşmən olan Hacı Məlikin reaksiyası dediklərimizi əyani şəkildə təsdiq edir: “Cavad xan mənim şəxsi düşmənim idi, ay bala. O bilərdi, mən bilərdim.... Adam var evdən gedir, adam var eldən... Cavad xan eldən getdi... Hamımızı yetim qoydu... Rədd ol gözümün qabağından, qaraxəbər... Gəncə xaraba qaldı... Axırımız necə olacaq, İlahi?!”.

Gəncə xanlığının süqutu, Cavad xanın Ramazan bayramı ərəfəsində səngərdə, döyüş başında öldürülməsi, müəllifə görə, Cavad xanın yox, aralarında milli birlik, barışıq olmayan, necə olursa-olsun özlərini qorumağa çalışan, bir amal, əqidə, lider ətrafında birləşməyi bacarmayan Təbrizdən tutmuş Naxçıvana qədər bütün Azərbaycan xanlıqları və xanlarının faciəsidir.

Cavad xan əsrinin övladı, zəmanəsinin yetişdirməsi olan şəxsiyyətdir. Müəllif onu birtərəfli deyil, bir neçə planda tamaşaçıya və oxucuya təqdim edir. Maraqlı məqamlardan üçünü qeyd edəcəyik. Birincisi, ermənilərin xəyanətkar və ikiüzlü olduqlarını bilə-bilə onların qohumluq əlaqələrini nəzərə alıb Gəncə xanlığı ərazisində iğtişaş salmayacaqlarını düşünüb Astagüllə – erməni qızı Astağınla bir növ siyasət xatirinə evlənməyə qarar verən Cavad xan, Lorisin dili ilə desək, onun bacısından bir uşaq əmələ gətirmir ki, gələcəkdə ermənilər Gəncə sarayında vəzifə, var-dövlət, miras iştahına düşməsinlər.

İkincisi, onun mərdliyi, vətənpərvərliyi, ölümün üzünə kişi kimi baxa bilməsidir. Sisyanovun erməni Lorisin rəhbərliyi ilə göndərdiyi nümayəndə heyətini qapısından qovandan sonra söylədiyi monoloqdan bir parçanı sitat gətirməklə tezisimizin şərhinə ehtiyac görmürük: “Ruzigar pis əsdi. Mənim iki yolum var. Ya təslim olmalıyam, ya döyüşməliyəm. Təslim olsam, ola bilər ki, arvad-uşağıma dəyməsinlər, özümə də sür-sümükdən versinlər, şərəf, namus, qeyrət getsin işinə, camaat yanında hörmətdən düşüm, xəcil olum. Döyüşsəm, əsir düşsəm, yaralansam, ya ölsəm, arvad-uşağıma aman verməzlər, nəvələrimi qılıncdan keçirəcəklər. Yox, mən döyüşməliyəm. Çünki birinci yolun əzabı ikinci yolun əzabından çoxdur. Yox, mən döyüşməliyəm! Qürurum, azadlığım üçün döyüşməliyəm! Vətənim, xalqım üçün döyüşməliyəm!”.

Üçüncüsü, Cavad xan qorxmaz bir dövlət xadimi, sərkərdə olmaqla yanaşı, həm də zəka və fəhm sahibi olan uzaqgörən siyasətçidir. Onun Sisyanova ünvanladığı “Sizi Qafqaza əcəl gətirib!” bir cümləlik məktubu və Sisyanovun aqibətinin məhz bu cür olması dediklərimizə sübutdur.            Sisyanov əmrləri yerinə yetirən icraçıdır. Onun üçün millət sevgisi yox, vəzifə sevgisi önəmlidir. Onu Gürcüstanın taleyi deyil, verilmiş əmrlərin necə yerinə yetirilməyi daha çox düşündürür. İllər boyu döyüş meydanlarında gördükləri onun ürəyində mərhəmət hissini öldürüb. Poprtnyakin, Georgi, Loris və Nona ilə danışıqlarından, tez-tez üşüməsini dilə gətirməsindən bəlli olur ki, taleyindən o qədər də razı deyil və deyəsən, Cavad xanın məktubundakı “Sizi Qafqaza əcəl gətirib” sözləri onu bərk əndişələndirib. On üçüncü şəkildə Sisyanovun Cavad xan barədə “Mən onu cismən, o isə məni ruhən öldürüb” etirafı da əsərdəki düşündürücü məqamlardandır.

Dramdakı qadın obrazları işərisində ikisi xüsusi qeyd olunmalıdir. Cavad xanın arvadı Şükufə xanım və gürcü çarı Georginin qızı Nona. Birincisi ərinə sədaqəti və qüruru, ikincisi isə Sisyanova alçalsa belə, ondan, onun hakimiyyətindən istifadə etməklə vətəni Gürcüstana yararlı olması ilə seçilir.

Dramın finalı ruhların – Cavad xanla Sisyanovun ruhlarının mükaliməsi ilə tamamlanır. Bakıda – Qala divarlarının önündə Hüseynqulu xan tərəfindən qətlə yetirilmiş Sisyanovun başsız bədəni ilə Cavad xanın ruhunun dialoqu, əslində, xeyrin şər üzərində təntənəsi, Helati monastrından Gəncə qapılarını doğma vətəninə aparmağı qarşısına məqsəd qoyan Cavad xanın qələbəsidir.

İkipərdəli “Pənah xan Cavanşir” dramındakı əhvalatlar İran və Azərbaycan tarixinin çox keşməkeşli və ziddiyyətli bir dövründən bəhs edir. Dramın birinci pərdəsindəki əhvalatlar, əsasən İran ərazisində, Nadir şah Əfşarın hakimiyyəti illərində baş verir. İlk səhnələrdən görünür ki, “Mirzə, qanunları yaradan da mənəm, pozan da mənəm”,- deyən Nadir şah doğma qardaşı Fəzləli bəyi qətlə yetirsə də, özünə qarşı düşmənçilik hissləri görməyən, Hindistan və Əfqanıstan döyüşlərində qəhrəmanlıqlar göstərən qarabağlı Pənahəli bəyə sücaət və igidliyinə görə rəğbət bəsləyir və onu saray əyanları sırasında görmək istəyir. Lakin dolayısı ilə olsa da, onun bu istəyinə qarşı durub narazılığını bildirən tapılır. Vəzir Mirzə Mehdi: “Şahım, mərd kişi çox şeyi unuda bilər, şəxsi hisslərini unudub vətəni üçün qılınc da çalar, amma Pənahəli bəyin vətəni İran deyil, Azərbaycandı, Qarabağdı”, – sözləri ilə sanki onu duyuq salmaq istəyir. Mirzə Mehdiyə özünün də türk olduğunu xatırladan Nadir şah şəxsən Pənahəli bəylə görüşmək istədiyini dilə gətirir və əgər onun şahın xidmətindən qaçmaq niyyəti olarsa, haqqında ciddi tədbir görəcəyini bəyan edir. Hiss olunur ki, saray əyanlarının, xüsusilə Məhəmməd xan, Rza xan, Cəfər xanın Pənahəli bəyə, zorla vətənindən ayrı düşmüş bu məğrur şəxsə o qədr də inamları yoxdur.

Nadir şahla Pənahəli bəyin ilk toqquşması “yaxşı xidmətinə görə sultan rütbəsi verdiyi” Qarabağ ermənisi Allahqulunun şahın hüzuruna gəlməsi və Pənahəli bəyin də ora çağırılmasından sonra başlanır.

Nadir şahın onu bağışlamayacağı qənaətinə gələn Pənahəli bəy, əslində onun bütün hərəkətlərinə göz qoyub sarayı məlumatlandırmaq üçün ona təhkim olunmuş, lakin Pənahəli bəydəki kişilik, boy-buxun və alicənablığı görəndən sonra ona vurulan Süsənbərin yardımı ilə bacısı oğlu Lütfəli bəy və digər bəylərlə birgə qaçıb canını qurtara bilir. Dramın ikinci pərdəsindəki olaylar Qarabağda baş verir. Ermənilər hakimiyyətdədirlər, necə deyərlər: “Dərə xəlvət, tülkü bəy”. Yeqan, Hüsü, Usub Nadir şahın canına dua edə-edə məlik , Allahqulu isə sultan rütbəsinə yüksəliblər. İçərilərində Şahnəzər adlı birisi də var ki, onlardan fərqli düşüncəyə malikdir. O, Nadirin iltifatına sığınmaqdansa, Qarabağda müsəlman əhalisi ilə yola getməyin tərəfdarıdır.

Pənahəli bəyin Qarabağa gəlişi onların keyfinə soğan doğrayır. Dünənə qədər “mən, mən” deyənlər indi tülkü donuna girib artıq xan kimi tanınmağa başlayan Pənahəli xanın rəğbətini qazanmağa çalışırlar.

Dramın bu hissəsində Pənahəli xanın ailə-məişət məsələlərinə müəyyən yer ayrılsa da, əsas diqqət xanlığın qurulması və siyasi məsələlərə verilmişdir. Kərim xan Zəndlə müqavilə və birgə fəaliyyət, Fətəli xan Əfşarın acı məğlubiyyəti, Pənahəli xanın Şiraza aparılması və oğlu İbrahimxəlil xanın onun yerinə Qarabağ xanlığını idarə etməsi dramda tarixi faktlara mümkün qədər sadiq qalmaqla bədii əksini tapmışdır.

“Pənah xan Cavanşir” dramı Qarabağ xanlığının tarixi, təşəkkülü barədə yazılmış ilk sistemli dram əsəri olmaqla yanaşı, həm də psixoloji ovqatda olan xarakterlər dramıdır.

lll

Hüseynbala Mirələmovun “Xəcalət” adlı iki hissəli dramı “Xəcalət” povestinin motivləri əsasında yazılmış, yazıçının şərti olaraq “Qarabağnamə” adlandırılan silsiləsinə daxil olan əsərlərindəndir. Cəmi altı obrazın iştirak etdiyi dramdakı hadisələr Qarabağ müharibəsindən sonrakı hadisələrdən bəhs edir.

Pyesin birinci hissəsindəki hadisələr Bakıda, qaçqınların yaşadıqları yataqxanalardan birində cərəyan edir. Ailənin qızı, dərs əlaçısı olan Gülyaz istəmir ki, yoldaşları onların hansı vəziyyətdə və hansı şəraitdə yaşamaqlarının şahidi olsunlar. Anası Fərqanənin öyüd-nəsihəti ona təsir etmir və o əsəbi şəkildə anasına deyir: “Bura adam gələr, ana? Bilirsən onların necə evləri var?”

Bu bir neçə cümlə bu məğrur qızın ailəsinin durumunu büsbütün aydınlaşdırır.

Müəllifin çılpaq şəkildə obrazların dili ilə canlandırdığı bir çox məqamlar az sonra şəxsi müstəvidən ictimai müstəviyə keçirilir və bir ailənin faciəsi milli faciə kimi təqdim olunur. H.Mirələmov qaçqın taleyi yaşamağa məcbur olmuşları da, çox haqlı olaraq, iki yerə bölür: qaçqın statusundan istifadə etməklə qaz vurub qazan dolduranlar və Vətənə qayıtmaqdan başqa arzusu olmayan, aza qane olan, “Təki torpaqlarımız azad olsun”,- ideyası ilə yaşayanlar.

İkinci pərdədəki hadisələr yenə də eyni məkanda baş verir. Muradın çağırdığı həkim Vətənin qızını müainə edib dərman yazır və yenə də keçmişlər xatırlanır. Kərim həkimin kəlməbaşı Muradı tərifləməsi və Muradın da bundan açıq şəkildə zövq alması Vətənin nəzərindən qaçmır. Öz uşağını müalicə etdirə bilməyən və bu işdə başqasının yardımını qəbul etməyə məcbur olan valideynlərin vəziyyətini ümumi bəla kimi qiymətləndirən müəllif Muradın dostanə hərəkətlərinə haqq qazandırsa da, onun yekəxanalığını da göstərməyi unutmur.

H.Mirələmovun 2003-cü ildə qələmə aldığı bu dram bir çox mətləbləri özündə ehtiva edən əsərdir. Burada “Əsl insan və vətəndaş kimdir?” sulaından başlayaraq müxtəlif problemlərlə bağlı sorğulara cavab verilmiş, Azərbaycanın sinəsində hələ ki, sağalmaz yara olan Qarabağ problemi, məcburi köçkünlərin taleyi, qaçqınlara göstərilən münasibət və onların həyat uğrunda apardıqları mübarizənin çox parlaq və real mənzərələri yaradılmışdır.

lll

İki hissəli “Vicdanın hökmü” dramındakı hadisələr 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Qarabağ konfliktinin başlanması ərəfəsində və Qarabağ müharibəsinin ilk illərində Rusiya şəhərlərinin birində və Azərbaycan ərazisinin döyüş bölgələrində cərəyan edir.

Pyesdəki obrazlar XX əsrin 90-cı illərində yaşamış Azərbaycan və erməni vətəndaşlarıdır. Dramdakı hadisələrin əsasında bir tikə çörəkdən, rahat dolanışıqdan ötrü vətəndən avara olmağa məcbur olan Rəhim və onun kimilərinin məşəqqətli taleyi, keçirdikləri mənəvi sarsıntılar və nəhayət Vətən – Azərbaycan darda olanda onların Vətən uğrunda şəhidlik məqamına yüksəlməsi durur.

Dramın baş qəhrəmanı Rəhim olsada, buradakı obrazların hər birinin özünəxas xüsusiyyətləri var və bu xüsusiyyətləri açmaqla müəllif, əslində gözlərimiz qarşısında bizdən çox da uzaq olmayan səksəkəli illəri – XX əsrin 90-cı illərini canlandırmağa müvəffəq olur.

Pyesdə şöhrətpərəstliyinin qurbanı olan, lakin hələ də insanlığa mərhəmət hissini itirməyən, həyatın özündən gələn Güllü adlı bir obraz da var. Güllü – bir qız anası olan bu qadın Firudinin arvadıdır. Vaxtilə Rəhimin kasıblığı ucbatından nişanlısı ola-ola onu atıb varlı bir adamla ailə quran bu meşşan təbiətli qadın etdiyi xəyanətin cəzasını çəkməkdədir. Firudin onunla bir ömür-gün yoldaşı kimi yox, alçaldılmış, küncə atılmış əşya kimi davranır. Gözünün qabağında min hoqqadan çıxır, hətta ad günündə onu məcbur edir ki, Aşotla rəqs eləsin. Təbii ki, Aşot üçün ar-namusun qiyməti bir qara qəpik olmadığı kimi, “maddax” deyə qarşısında quyruq buladığı Fedya üçün də arvad-uşaq, namus dəyərsiz bir şeydir.

Dramın ikinci hissəsindəki hadisələr Qarabağda, hərbi hospitalda və döyüş yerlərində cərəyan edir. Hərbi hospitalın həyətində Kamranla Sabirin söhbətindən aydın olur ki, Rəhim Qarabağda, döyüşən əsgərlərin içərisindədir.

Lirik-psixoloji üslubda yazılmış və yazıçının Qarabağ mövzusunda yazdığı əsərlər silsiləsinə daxil olan bu dramı, heç şübhəsiz ki, müəllifin dramaturgiya sahəsindəki uğurlarından biri kimi qiymətləndirmək olar.

lll

Faşist Almaniyası üzərində qələbənin 60 illiyinə həsr olunmuş iki pərdəli “Ləyaqət” pyesi H.Mirələmov dramaturgiyasının ən dəyərli nümunələrindən biridir. Hadisələr XX əsrin ortalarında, 1941-1948-ci illərdə baş verir. Müharibə və insan taleyinin baş mövzu kimi seçildiyi əsərin birinci pərdəsində müəllif bizi Nahidə, Mirkərim ağa, Səlbi arvad, Fatma, Ziyad obrazları vasitəsi ilə əsasən arxa cəbhənin problemləri, müharibə meydanlarından uzaqlarda yaşayanların da, əslində müharibənin içində olmaları, Ümidin nə üçün bronu ola-ola könüllü olaraq cəbhəyə, döyüşən ordu sıralarına can atmasının səbəbləri ilə tanış edir.

Əsərin baş qəhrəmanı Ümid körpə vaxtlarnda ata-anasını itirmiş, nənəsi Fatma arvadın himayəsi ilə böyüyüb ali təhsil almış gənc həkimdir. Əsərin əsas ideya daşıyıcılarından biri kimi düşünülmüş müdrik Mirkərim ağanın tərbiyəsi ilə böyüyən yetim qız Nahidə ilə ailə quran, xoşbəxtliyin ləzzətini təzə-təzə dadmağa başlayan Ümid iki hissin arasında seçim etmək məcburiyyəti qarşısındadır. Həkim olduğu üçün ona qanuni möhlət – bron verilib. O, müharibəyə getməyə, qalıb arxa cəbhədə xalqa xidmət edə bilər, lakin ölkənin darda olması onu qətiyyən rahat buraxmır, ərizə verib cəbhəyə yollanmaq qərarına gəlir.

Müharibə təkcə ölüm-itim səhnəsi deyil, həm də sınaq meydanıdır. Bu meydanda Ziyad kimi buqələmunların da ortaya çıxıb meydan sulaması, murdar nəfsinə görə hər cür alçaqlığı özünə rəva görməsi təbii haldır. Ümidin cəbhəyə gedişini arzusuna – vaxtilə sevdiyi, ancaq rədd cavab aldığı Nahidəyə qovuşmaq üçün bir vəsilə hesab edən Ziyad kimilər dünən də var idi, bu gün də var və sabah da olacaq. Bu təbiətin qanunudur. Pis olmayan yerdə yaxşının qədri bilinməz.

“Ləyaqət” pyesini insan ləyaqəti, humanizm, məhəbbətin əbədiliyi və ölməzliyi haqqında dastan da adlandırmaq olar. Bu əsərdəki hər obrazın – Ümiddən tutmuş Səlbi arvada qədər öz aləmi var və bunlar küll halında əsərin monumentallığını təşkil edir.

lll

Fəlsəfi-psixoloji ovqatda yazılmış “Cəza quyusu” dramı H.Mirələmovun müasir mövzularda qələmə aldığı pyesləri ilə yaxından səsləşir. Əsərin qəhrəmanları müasirlərimiz olan və az qala hər birinin prototipini tanıdığımız insanlardır.

Əsəri oxuyarkən XX əsrin 80-90-cı illəri, meydan hərəkatı, öz torpaqlarını işğal edən (Sovet ordusunun Bakını işğal etməsinə bundan artıq ad vermək olmaz – İ.Q.) bir ordunun Bakıda və respublikamızın digər bölgələrində törətdiyi qanlı cinayətlər, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 20 Yanvar hadisələri, kütləvi narazılıqlar dalğası üzərində hakimiyyətə gəlmiş adamların aqibəti, Qarabağ uğrunda döyüşlər və s. bu kimi hadisələr birər-birər gözümüzün önündə canlanır.

Hadisələrin təqdimi üçün maraqlı ədəbi-bədii priyomlar seçən, hər bir obrazı öz dilində danışdırmağı bacarıb onların daxili aləmini, iç dünyasını məharətlə açan müəllif fikrini bütün əsər boyu dörd əsas tezisin– “Haqq incəlsə də üzülməz”, “Bağışlamaq böyüklərə, qisas almaq cılızlara xasdır”, “Tövbə qapıları həmişə açıqdır” və “Vətəni sevmək imandandır” – üzərində cəmləyib mövzunun və janrın verdiyi imkanlar çərçivəsində duyğu və düşüncələri ilə bizləri tanış edir.

Əsərdə nə təsadüfi obraz, nə də təsadüfi hadisə yoxdur. Respublikamızın son 30-35 illik tarixinin bu və ya digər problemlərinin bədii inikası olan dramdakı başlıca hadisələr daha çox Nurlan və Yavuz bəy obrazlarının təqdimi ilə oxucu və tamaşaçıya çatdırılır.

“Cəza quyusu” dramında Qarabağ uğrunda savaşlarda itirdiklərimiz, buna bais olan başlıca səbəblər barədə yazıçının gəldiyi qənaətlərlə yanaşı, həm də dövləti necə yaşatmalı və millətə necə xidmət etmək haqqında düşüncələri ilə də tanış oluruq.

Nəhayət, bu dramdan çıxarılan nəticəni bir cümlə ilə belə ümumiləşdirə bilərik: “Uca Tanrı heç bir yaxşılığı mükafatsız, heç bir pisliyi də cəzasız qoymur” və məcazi məna daşıyan “Cəza quyusu” adı da məhz bu anlamda başa düşülməlidir.

lll

H.Mirələmovun “Miras” adlı iki hissəlik dramatik komediyasındakı hadisələr XX əsrin 90-cı illərində Bakıda baş verir. Həmin hadisələrdən bizi ayıran zaman məsafəsi o qədər də uzaq olmadığından və biz həmin illəri yaşamış insanlar olduğumuzdan, qəhrəmanların əksəriyyəti bizə tanış gəlir və bu obrazların yaşam tərzi, dünyagörüşü, duyğu və düşüncələri bizə o qədər də yad deyil.

H.Mirələmovun dramını məhz dövrün bədii salnaməsi olmaq baxımından qiymətləndirir, düşünürük ki, həmin illərin ictimai-siyasi durumu, insanlar arasında olan münasibətlər, həyatın burulğanlarında çabalayan insanların psixoloji sarsıntılarını əks etdirmək baxımından, bu əsər dramaturgiyamızda tamamilə yeni bir hadisədir.

Bizcə, əsərə verilən “Miras” adı iki mənada düşünülə bilər. Birincisi, həqiqi mənada. Belə ki, atadan qalmış ev qanuni yolla oğula çatmalıdır və hələ ata həyatda ola-ola gəlin onun malına-mülkünə sahib durmağa çalışır. Məqsəd aydındır: qocanı qocalar evinə göndərsələr belə, təki oğul – yəni Azik arzusuna, Nərgiz isə Amerikada yaşamaq istəyinə çatsın.

Miras həm də məcazi mənada düçünülə bilər. Nemətulla və onun ətrafına yığışan köhnə partokratlar özlərini devrilmiş Sovet hökumətinin varisi hesab edir, bu dövlətdən qalan bütün atributları miras kimi qorumağa çalışırlar. Biz bu mənada qocaların istəklərini Nərgizin istəklərindən daha insani hesab edirik.

“Miras” çoxplanlı əsərdir. Burada ailə-məişət məsələlərindən tutmuş bir çox ictimai-iqtisadi və sosial problemlərə toxunulmuş, XX əsr Azərbaycan insanının xaraktercə biri digərindən fərqlənən real obrazları yaradılmışdır.

lll

Müəllifin dramatik-komediya adlandırdığı, bizimsə tərəddüd etmədən faciəli komediya – taragi komediya kimi səciyyələndirə biləcəyimiz “Axirətdən gələn zəng” əsərində bədii həllini tapan məsələlər bir qədər gülüş, həm də düşündürücü ironiya doğursa da, əslində faciə, həm də təkcə milli faciə yox, bəşəri faciədir.

Dövran – yeni zamanın bədbəxt milyonçusu sağlığında ətrafındakı bir qrup adam üçün büt, arvadı Pöya və əmisi nəvəsi Samir üçün oyuncaq, qazanc mənbəyidir. Əri Fərhadın qəfildən “qeyb” olmasından sonra Dövranla ailə quran Röya H.Cavidin “Maral” faciəsindəki Maralın xələfidir. Turxan bəyin gənc arvadı Maral Turxan bəyin qohumu Arslanla eşqbazlıq edirdisə, Röya – bu maddi cəhətdən hər cür təmin olunmuş orta yaşlı ərli qadın Samirin məşuqəsidir. Samir – bu mənəviyyatsız qohum ona tapşırılmış, etibar edilmiş əmanəti – əmizadəsinin namusunu tapdalamaqdan çəkinmir, qadının altmış yaşlı ərinə olan sayğısızlığından istifadə edərək ondan həm cismani, həm də maddi cəhətdən istifadə edir.

Əsərdə Dövranın qohumları və dostları kimi təqdim olunan obrazlardan ikisi – qardaşı Bayramın arvadı Zöhrə və Dövranın yaxın dostu Elman qibtəediləsi obrazlardır. Zöhrə mümkün qədər iman və inancı, Elman isə dostluğa sədaqəti ilə seçilir.

Müəllif Dövranın yaxın ətrafının d

axili aləmini çox böyük məharət və ustalıqla şərti olaraq “Vəsiyyətnamə” adlandırdığımız  səhnədə açır. Özünün ad günündə qohumlarına vəsiyyətnamə yazdığını, vəsiyyətnaməsinin bir nüsxəsinin seyfində, digər nüsxəsinin natariusda olduğunu bildirən Dövran onların hər birinə sərvətindən müəyyən pay ayırdığını söyləyir. Qohumları maraq bürüyür, hamısı, xüsusilə bacısı Ceyran ayrılmış məbləğin miqdarını öyrənməyə cəhd edir. Təkcə Zöhrə və Elman, demək olar ki, məbləğlə, bəlkə vəsiyyətnamə ilə belə maraqlanana oxşamır. Həmin axşam Dövranın təsadüfi elektrik vurmasından dünyasını dəyişməsindən sonra vəsiyyətnamənin oxunuşu ilə məsələyə aydınlıq gəlir. Yüz altımış milyon manatlıq bir sərvətin vəsiyyətnamə əsasında bölgüsü qohumlar arasında böyük mübahisəyə səbəb olur. Qohumlar ölülərinə ağlamaqdansa, mirasın bölünməsi uğrunda didişirlər.

Hər kəs közü öz qabağına çəkməyə çalışır. Təbii ki, hər bir fərd qohumluq əlaqələrini və qazanılmış milyonların iştiradında rolunu nəzərə alaraq iddiasını dilə gətirir və Dövranın bölgüsü bəzilərini çıxmaqla, onların ürəyincə deyil. Ceyran inciyir ki, qardaşı doğma bacısını qoyub gəlinlərinə, qeyri qohum və dostlarına daha çox pay ayırıb. Samir ona ayrılan paydan narazı olsa da, Röyaya ayrılmış 50 milyon manata və mülkə görə özünü sakit aparır. Düşünür ki, Röya ilə evlənəcək və bu qədər varidata, əslində o, sahib olacaq. Əsl mərəkə Dövranın qardaşa Bayrama əlavə olaraq ayırdığı və ünvanı ona, Bayrama, bir də evində qulluqçu kimi saxladığı filippinli qadın Delisaya məlum olan beş milyonla əlaqəli olaraq meydana çıxır. Bayram bu məbləğin ona əlavə olaraq nə üçün ayrıldığının səbəbini qətiyyətlə inkar etsə də, bunun qardaşı ilə arasında bir sirr olduğunu bildirsə də, qohumlar ondan əl çəkmir. Nəhayət, Delisay meydana çıxıb bildirir ki, bu pul Bayrama yox, ona, onun Dövrandan olan altı yaşlı oğlu, hazırda Filippində Delisayın anasının yanında yaşayan oğlu Dodiyə ayrılıb. Bu gözlənilməz və Bayramın da təsdiq etdiyi xəbər qohumlar arasında çaşqınlıq yaratdığı bir məqamda gizli nömrədən edilən telefon zəngi onların əhvalını daha da qarışdırır.

Zəng edən Dövrandır və heç kəs buna inanmaq istəmir. Ölünün dirilib Röyaya, Bayrama, Elmana zəng çalması, Ceyran və Samirlə danışması onlara bir qarabasma, yaxud bir başqasının onlara sataşması kimi görünür. Elman Dövranın qızıl korpuslu telefonunun təsadüfən Dövranın qəbrinə düşüb orada qaldığını bildirəndə vəziyyət bir qədər də mürəkkəbləşir. Elman inanır ki, Dövran elektrik vurmasından ayılıb və torpağın altından – qəbirdən zəng edib onu xilas etmələrini xahiş edir. Elman ona ayrılan on milyon manatdan imtina edib dostunu xilas etməyə tələsir. Qohumlar isə buna imkan vermir. C.Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsurullahın ölüləri diriltmək istəməsi zamanı qəbiristanda yaranan səhnəyə bənzər bir səhnə burada da yaranır. Qohumlar, hər nə qədər “ölü dirilməz, xortlamış ölüyə nə deyərlər”, – deyib Elmanın qəbiristana getməsini əngəlləsələr də, əslində məqsəd Dövranın dirilməsinə mane olmaqdır. Çünki Dövran dirilib gəlsə, onlara vəsiyyət edilmiş milyonlar əllərindən çıxa bilər.

Bu qohumlar üçün sərvətin insandan irəli olduğu qənaətinə gələn müəllif kəfənə bürünmüş halda səhnəyə gətirdiyi Dövranın əli ilə yazdığı vəsiyyətnaməni onun öz əli ilə parça-parça etdirməklə bir daha cəmiyyətə, insanlığa belə bir mesaj göndərmiş olur: Düzlük, həqiqət, əxlaqi dəyər və milli ənənələrə sadiqlik, insanlıq və humanistlik bəşəriyyəti və cəmiyyəti xilas edəcək ən doğru yoldur. Yalan, tamah, xəyanət, insanlığa yaraşmayan qaydalarla yaşamaq bəşəriyyət üçün dəhşətli müharibələrdən də qorxuludur. Cəmiyyətin mənəvi cəhətdən saflaşması, insanlar arasında normal ünsiyyət maddiyyatla deyil, mədəniyyətlə mümkündür. Ürəyində Allah xofu və insan məhəbbət olmayan Adəm övladı insan deyil, sadəcə varlıqdır. Elə varlıq ki, o varlığın əməllərindən bəşəriyyət yalnız və yalnız pislik meyvələri dərəcəkdir.

lll

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun dramlarını nəzərdən keçirib sərf-nəzər etdikdən sonra bu qənaətə gəldik ki, o, dramlarında da nəsrində və publisistikasında olduğu kimi “qələmin başlıca vəzifəsi xalqa, millətə və bəşəriyyətə xidmətdir” idealına sadiq qalıb, milli dəyərlərimizin təcəssümü olan ümumbəşəri məsələlərə dramaturgiyasında daha çox yer ayırmaqla, təkcə Azərbaycanın deyil, eyni zamanda dünyanın problemləri ilə yaşayan bir yazıçı olduğunu bir daha sübut edib.

İslam QƏRİBLİ
Filologiya üzrə elmlər doktoru, professor

 





22.12.2014    çap et  çap et