525.Az

Ağrı dağın ağrıları


 

Ağrı dağın ağrıları<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Yazıçı Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə bu günlərdə yenidən nəşr olunmuş “Közərən sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə məlum olan və olmayan, bir sıra maraqlı məqamları öz əksini tapıb. Aktuallığını düşünərək, kitabdan bəzi hissələri oxuculara təqdim edirik. 

NEMƏT KƏRİMOV ƏYLƏŞDİYİ STULU MƏNƏ TƏRƏF YAXINLAŞDIRdı:

– Məsələnin kökündən hali olan bir nəfər general dostum bu barədə mənə ətraflı danışıb. Onun deməsinə görə, Nikita Xruşşovun böyük oğlu Leonid, Stalinin oğlu Vasili, Frunzenin oğlu Timur müharibədən əvvəl hərbi təyyarəçilik məktəbində oxuyurmuş. Yüksək vəzifəli valideynlərin uşaqları özlərini pis aparırmış. Bunu bilən Stalin bir dəfə oğlunu Kremlə çağırır və Vasilinin pis hərəkətlərinə görə əməlli-başlı dərsini verir və hətta qayışla döyür. Atanın bu cür rəftarı Vasilini xoşagəlməz hərəkətlərindən çəkindirir. Xruşşov isə Mirzə Ələkbər Sabir demişkən – dəymə, ufaqdır uşağım – təfəkkürü ilə Leonidi başına buraxır. Leonid avara həyat sürməkdə davam edir. Stalinin, Frunzenin oğlanları təyyarəçilik məktəbini bitirəndə leytenant rütbəsi alırlar.
Xruşşovun Leonidi isə baş leytenant rütbəsi “qoparır”. Böyük Vətən müharibəsi başlananda gecə hücumlarının birində Frunzenin oğlu Timur faşistlərin dörd təyyarəsini vurduqdan sonra özü də həlak olur.

Vasili Stalin də alman təyyarələri üzərində bir neçə qələbə qazanır. Leonid Xruşşov isə 1941-ci ilin bir payız günündə möhkəmcə vurub, hədsiz dərəcədə sərxoş olur. Və bir nəfər əsgəri tovluyub onun başına qoyduğu stəkana tapançadan atəş açır. Leonid Xruşşov stəkan əvəzinə zavallı gəncin düz alnından vurur. Nikita Sergeyeviç Xruşşov bu əhvalatı eşidən kimi bərk əl-ayağa düşür və kömək üçün Stalinin yanına qaçır:

– İosif Vissarionoviç, sizin yanınıza dövlət rəhbəri kimi yox, ata atanın yanına gələn kimi təşrif gətirmişəm, – deyir və məsələni ona açır.

Stalin cavab verir ki, sizin Leonid heç də yaxşı iş görməyib. Ancaq gəl bu barədə müdrik qərar qəbul edək. Siz bilirsinizmi ki, oğlunuzun öldürdüyü gənc kimdir?

– Xeyr, maraqlanmamışam – Xruşşov cavab verir.

– Bu daha pis. Leonidin öldürdüyü əsgərin atası Fin müharibəsində həlak olub. Təkcə anası qalıb. Nə edəcəyimizi gəl ondan soruşaq. Leonid sənin üçün əziz olan kimi, ona da öz oğlu əzizdir. Ana desə ki, oğlumun qatilini bağışlayıram, onda bir çıxış yolu fikirləşərik.

Əlbəttə, ana yeganə oğlunun qatilini heç vəchlə bağışlamazdı... Beləliklə, Leonid tribunala verilir, sıravi əsgər rütbəsinə endirilir və cərimə batalyonuna göndərilir.

Döyüşlərin birində Leonid əsir düşür. Leonid əsir düşən kimi ona imtiyazlı şərait yaradılması şərti ilə alman hərbçilərinə istədikləri kimi xidmət edəcəyinə söz verir. Dərhal Leonidə komfortabelni şərait yaradılır. Leonid Xruşşov da alman zabitlərinin xəcalətindən çıxmaq üçün əlindən gələni əsirgəmir... Alman zabitlərinin buyruğu ilə xüsusi səsgücləndirici avtomaşında əyləşib cəbhə xətti boyunca qışqırır ki, mən hərbi sovetin, siyasi büronun üzvü Nikita Sergeyeviç Xruşşovun oğluyam. Hər şeyi dəqiq bilirəm. Müharibəni artıq uduzmuşuq. Həmvətənlərim olan bütün rusiyalı döyüşçülərə məsləhət görürəm ki, təcili təslim olsunlar. İnad edib qırğına getməyin mənası yoxdur. Nə qədər gec deyil, mənim kimi hərəkət edin. Almanların tərəfinə keçmək lazımdır...

Polkovnikin baxışları ciddiləşdi:

– Əlbəttə, – dedi, müharibənin başlanğıcında bu əks-təbliğat əsgərlərimizin əhval-ruhiyyəsini pozur və döyüşçülərimizə baha başa gəlirdi...

ƏRKÖYÜN BÖYÜMÜŞ Leonidin bu satqın hərəkəti barədə Stalinə dərhal məlumat verilir. O vaxt Belorusiyada partizan dəstələri geniş fəaliyyət göstərirdi. Meşələrlə əhatə olunmuş elə rayonlar vardı ki, ora faşist ayağı dəyməmişdi və partizanlar tərəfindən etibarla qorunurdu. Həmin rayonlarda Sovet hökumətinin qayda-qanunları olduğu kimi də qalırdı. Partizan dəstələrinin birinə rəhbərlik edən Dmitri Matveyeviç Korkin Stalindən göstəriş alır ki, Leonid Xruşşov nə vasitə ilə olur-olsun, faşistlərdən oğurlanmalı və onun ziyanımıza olan bağırtısı susdurulmalıdır...

Partizanlar həmişə yağ yeyib yaxada gəzən və belə bir məqamda satqınlıq yoluna düşən Leonidi böyük çətinliklə oğurlaya bilirlər. Və Stalinə məlumat verilir ki, tapşırıq yerinə yetirilib. Radioqramma Stalinə çatdırılanda Siyasi Büronun iclası gedirmiş. Stalin mətnə baxıb, onu bürodakılara oxuyur. Siyasi Büronun üzvləri yekdilliklə qərara gəlirlər ki, Leonidin məsələsinə hərbi səhra məhkəməsində baxılsın. Və qanunun tələb etdiyi kimi cəzalandırılsın. Partizan dəstəsinin komandiri Korkin aldığı göstərişin yerinə yetirilməsini təşkil edir. Məhkəmə Leonid Xruşşovu Vətən xaini kimi ölüm cəzasına məhkum edir. Leonid özü də təqsirini inkar etmir. Beləliklə, Leonid Xruşşov elə oradaca güllələnir.

Nemət Kərimov sözünü tamamlayıb:

– Bax, Xruşşovun Stalini nüfuzdan salmaq, ona tarixin ləkəli səhifələrindən kəfən biçib, bihörmət etmək üçün yağdırdığı iftiraların mənbəyi buradan başlanır, – dedi. – Yaxınlıq etdiyim həmin general dostum təkzibolunmaz dəlil-sübutlarla məni inandırdı ki, həmin hadisədən sonra Xruşşovun özü bir sıra cəbhə əməliyyatlarında xəyanətlərə əl atıb. Hərbi şuranın üzvü olması səlahiyyətindən istifadə edərək Vatyutinin Xarkovun müdafiəsi ilə əlaqədar planını pozub. Xarkovun təslimi də məhz Xruşşovun əllaməliyinin nəticəsidir. (Mən polkovnikin dediyi eyni sözlərə “Raboçaya Tribuna” qəzetinin 20 sentyabr 1995-ci il tarixli, 166 (1293) nömrəsində, professor Roman Novoseletskinin məktubunda rast gəldim).

Kərimov sözünü yekunlaşdıraraq:

– Ona görə də Xruşşovun və onun ləbbeyk deyənlərinin fitvasıynan Stalin barədə fikir yürütmək mənim üçün çətindir, – dedi. – Bu gün deyilməsi mümkün olmayan elə faktlar var ki, o tez-gec tarixin hökmü ilə üzə çıxacaq. Ona görə də bu gün kiminsə, nəyinsə xatirinə emosional hisslərin əsirinə çevrilib çərənləyənlər başa düşməlidirlər ki, sabah onların özləri və ya övladları ağır tənqid və tənələrə məruz qala bilərlər. Bir də ki, – o, əlavə etdi – həyatda mütləq yaxşı və pis adam yoxdur. Biz özümüz də yarı zülmət qaranlıq, yarı parlaq gündüzlü təbiətin varlığından xəlq olmuşuq. Hər bir insanda naqislik də var, nəciblik də. Onun yalnız yaxşı cəhətlərini seçib göylərə qaldırmaq və ya buraxdığı bəzi səhvlərini şişirdib hörmətdən salmaq olar. Lakin bu cür birtərəfli, subyektiv mövqe tutanların özləri tez-gec rüsvayçılıq çirkabına yuvarlanmalıdırlar. Məncə, hər kəsin dürüst qiymətini vermək üçün onun yaxşı və pis əməllərini tərəzinin gözünə qoymaq lazımdır. Onda hansının ağır gəldiyi düzgün bəyan olar, yoxsa... Mən Stalinin özündən asılı olaraq və olmayaraq, bilərəkdən və bilməyərəkdən hansısa səhvlərə yol verdiyini istisna etmirəm. Lakin gəldiyim qənaət budur ki, Stalinin səhvləri onun xidmətləri ilə müqayisədə dəryada damlaya bənzəyir. Və deyərdim ki, Rusiyanın tarixində, Rusiyanı, bəli, məhz Rusiyanı – polkovnik təkrar etdi, – Stalin qədər formalaşdırıb dünyanın super dövlətləri zirvəsinə qaldıran olmayıb. Bunu danmaq və ya dərk etməmək axmaqlıqdır. Vaxt gələcək bunun acısını ən çox rusların özləri dadacaqlar.

lll

BURADA BİR ƏHVALAT YADIMA DÜŞDÜ, yeri gəlmişkən qoy deyim, – polkovnik söhbətinə davam etdi. – Mark Kras Spartakla görüşlərinin birində bu əfsanəvi qəhrəmana heyranlıqla nəzər salır və deyir: “Necə də məğrur sərkərdəsiniz. Amma təəssüf ki, Frakiyalısınız! Kaş ananız sizi italyan kimi doğaydı”. – Kərimov gülümsündü. – Stalin neynəsin ki, anası onu gürcü kimi doğub. Ona görə də bu gün o qafqazlı balasının ruhundan da əl çəkmirlər...

İstefada olan polkovnikin hara vurduğunu başa düşürdüm. Beləliklə, o, Stalinin əleyhinə məqalə yazmaqdan boyun qaçırdı. Artıq onunla mübahisə açmaq əbəs idi. Söhbətimiz bununla da bitdi.

lll

Ömrün Naxçıvanda keçən keşmə-keşli günlərindən neçə onilliklər keçmişdi. İndi o yerlərə müsafir kimi güzarım düşmüşdü. Bu qədim diyarı tərk edəcəyin son gecə seyr etdiyim saysız-hesabsız ulduz karvanları səmanın ənginliklərində sayrışdıqca Əshabi-Kəhf ziyarətgahlı qədim torpaqda qoyub getdiyim xatirələr bir-bir közərirdi. Hərdən qeybdən qulağıma doğma sədalar gəlirdi. Bu səs Əcəmi yurdunda dünyaya göz açan övladlarımın mənim üçün xoşbəxtlik simfoniyası olan ilk qığıltıları idi. Bu körpə hənirtiləri məni xatirələr aləmindən ayırıb şirin röyalara qərq etdi. Lakin xatirələrim çimir eləməyə aman vermir və tez-tez səksənib gözlərimi açırdım. Artıq bayaqdan bəri təmasda olduğum ulduzlar getdikcə seyrəlir, bədirlənmiş ayın bənizi avazıyırdı. Bu el-obaya həyan olan İlan dağının zirvəsindəki bir parça ağ, seyrək bulud gecənin qaranlığına qoşulub hiss olunmadan çözələnib harasa çəkilib gedirdi. Uzun bir yol qət edəcəyimizi nəzərə alıb, yumşaq, rahat yorğan-döşəyimdən qalxıb qıs-qıvraq geyindim. Səhər çayını gözləmədiyim üçün bərəyi-ehtiyat yolumuza çörək, yağ-yavanlıq, mer-meyvə qoydular.

Yuxudan kal qalxan sürücü gözlərini ovuşdura-ovuşdura “Volqa” maşınının sükanı arxasına keçdi...

Puşkin küçəsindən dolaylanıb, çəhrayı rəngli tuf daşından tikilmiş doxsan iki nömrəli binanın qənşərində bir anlığa dayandıq. Gəncliyimin on ilini yaşadığım üçmərtəbəli binanın... O balaca balkondan, o geniş işıqlı pəncərədən neçə-neçə dostla, tanışla baxışlarımız rastlaşıb, təbəssümlərimiz salamlaşıb. Bəziləri ilə də oğrun-oğrun... Məktəbə gedən əliçantalı övladlarıma əl etmişəm o pəncərədən. Neçə-neçə oçerkə, felyetona, irili-xırdalı yazılara imza qoymuşam o üçmərtəbəli evin pəncərələri İlan dağına baxan otağımda. Əlvida, qarşısında on il qəddimi əyib, dizimi büküb, gözümü qıydığım yazı masam qoyulan xudmani otaq! Hərdən gecənin xəlvətində sehrli qanadlarını gərib, neçə-neçə dağları, dərələri aşıb şirin yuxularıma qovuşan unudulmaz komam!

EY KOMAM, səni gördüm Naxçıvanlı günlərimdə üzləşdiyim əhvalatlar yenə də qəlbimin isti kürəsində közərib alovlanmağa başladı...

... Qarşımdakı yazını birtəhər tamamlamışdım. Artıq qələmim də yorulub yoxuşa dirənmişdi. Saata baxdım. İş vaxtı çoxdan qurtarmışdı. Yaşadığım bu binanın üçüncü mərtəbəsindəki mənzilimin balkonuna çıxdım. Qonşu otaqdan süzülüb gələn musiqinin həzin sədası məni sehrinə aldı. Bülbülün səsiydi. Bəstəkar dostum Süleyman Ələsgərovun “Vətənimdir” romansını oxuyurdu. Yalnız özünü düşünən, özü üçün çalışan adam görkəmli alim, filosof, mütəfəkkir, bəstəkar ola bilər, lakin əsl, kamil insan ola bilməz. Süleyman bərk ayaqda dostun, yoldaşın karına gələn, qohum-əqrəbasına kölgə salan adamdı. Onun “Vətənimdir” romansı musiqisi məni qanadına alıb uzaqlara, lap uzaqlara aparmışdı. Naxçıvan düzlərinin qurtaracağında Əbrəqunisin, Bənənyarın alçaqlı-qəlbili təpələri güclə görünürdü, bir də ki, zirvəsi buludlara dirənən İlan dağının əzəməti. Yorğun nəzərlərim bu ulu diyarı dolaşdıqca özümdə bir rahatlıq, dinclik duyurdum.

Birdən yazı masamın üstünə yapıxmış ağ, yastı telefonumun cingiltisini eşitdim. Ah! Yaxınlardan-uzaqlardan bu otağa xoş müjdələr, bəd xəbərlər gətirən telefonum! Xoş ovqat yaradan, dilxor edən telefonum!

Ağrı dağın ağır dərdlərini aləmə car çəkən qələmimlə həmdərd, həmsöhbət olan telefonum...

 





22.12.2014    çap et  çap et