525.Az

Bu gün bələdiyyə seçkiləri keçirilir


 

SƏSVERMƏ 5015 SEÇKİ MƏNTƏQƏSİNDƏ APARILIR

Bu gün bələdiyyə seçkiləri keçirilir<b style="color:red"></b>

Bu gün müstəqil dövlətçiliyimiz tarixində sayca 4-cü bələdiyyə seçkiləri keçirilir. Bu seçkilərdə əvvəlkindən 7 min nəfərdən artıq - 37 077-yə qədər namizəd qeydə alınıb.
 
"Trend"in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dünən keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 8 siyasi partiya rəsmi olaraq namizədlərini irəli sürüb. Bu partiyalara Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik İslahatlar Partiyası, Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası daxildir.

M.Pənahov qeyd edib ki, səsvermə 5015 məntəqədə həyata keçirilməsi nəzərdə tutulub. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir. O, bildirib ki, seçkiqabağı təşviqat kampaniyası başa çatdığına görə, namizədlərin təbliğat xarakterli materialları, şəhərin müxtəlif yerlərində asılan plakatlar artıq yığışdırılıb.

M.Pənahov qeyd edib ki, MSK xeyli sayda maarifləndirici tədbirlər həyata keçirib. Onun sözlərinə görə, 8 ölkə miqyaslı müşavirələr, seminar və təlimlər də baş tutub.

MSK sədri deyib ki, yerlərdə çox ciddi şəkildə tədbirlər həyata keçirilir və hesab edir ki, bu il də polislə bağlı problemlər olmayacaq. O, deyib ki, 2000-ci ildən bəri Azərbaycan polisinin seçkilər zamanı davranışı ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında iradlara rast gəlinməyib: "Bu da onun nəticəsidir ki, Daxili İşlər Nazirliyi və MSK əməkdaşlıq edib və polislər üçün lazımi təlimlər keçirilib. Bu il də kifayət qədər işlər görülüb, Mərkəzi Seçki Komissiyası da öz tövsiyələrini verib. Hesab edirəm ki, bu il polislə bağlı heç bir problem olmayacaq".

Bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin cəlb olunması məsələsinə gəlincə isə M.Pənahov deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurasına dəvət göndərilmişdi: "Biz bu il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi nümayəndələrini dəvət etmişik, amma onlar bizə gəlmək imkanları olmadıqlarını dedilər. Biz çox təkid etdik, lakin gəlmədilər. Mən belə başa düşdüm ki, Qərbdə yeni illə bağlı bayramlar olur və görünür, onlar bu səbəbdən qrup yığmaqda çətinlik çəkiblər. Amma biz bir ay əvvəlcədən müraciət etmişdik".

M.Pənahov hesab edir ki, seçki siyahısı ilə bağlı problem qaldırmaq mənasızdır: "Azərbaycanda kiminsə adının seçici siyahısına salınmamasında nə maraq ola bilər? Əgər Azərbaycanda 1 məntəqədə 15 nəfərə səs verməyə imkan yaradılmadığını kimsə üzə çıxarsa, həmin şəxsə MSK xüsusi mükafat verəcək: "Bəzi təşkilatların 1,5 milyon insanın səs verməsinə imkan yaradılmaması barədə iddiaları absurddur. Mən belə bir absurd iddia olduğunu Böyük Britaniyanın səfirinə də dedim, təəccübləndi. Azərbaycanda vətəndaş şəxsiyyət vəsiqəsini gətirib məntəqədə seçici siyahısına düşə bilər. Biz vətəndaşların seçkidə iştirak üçün hər cür şərait yaratmışıq, dünyanın heç yerində belə hal yoxdur".

MSK sədrinin sözlərinə görə, seçkilər yeganə vasitədir ki, ölkənin daxili işlərinə bu və ya digər dərəcədə müdaxilə etmək imkanı verir. O deyib ki, bu gün dünyada qoşun çəkib ölkənin sərhədlərini pozmaq tendensiyası yoxdur: "Yeganə vasitə seçkilərdir. Bu da onunla bağlıdır ki, demokratiyaya əsasən seçki heç bir ölkənin daxili işi deyil. Ona görə də məsuliyyətli olmalıyıq ki, ölkəmiz kənardan baxanda pis görünməsin. Ölkəmizin müstəqil yaşaması üçün imkanlarımızdan istifadə etməliyik. Buna savadımız, dünyagörüşümüz çatır".

Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq.

Ceyhun ABASOV

 





23.12.2014    çap et  çap et