525.Az

Azərbaycan ordusu 2014-cü ildə: hərbi əməkdaşlıq daha da genişləndi


 

Azərbaycan ordusu 2014-cü ildə: <b style="color:red">hərbi əməkdaşlıq daha da genişləndi</b>

Müasir dövrdə güclü ordunun inkişafının əsas xüsusiyyətlərindən biri də beynəxalq əməkdaşlıq və qazanılmış təcrübədən qarşılıqlı istifadədir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının yüksək saxlanılması, müasir hərbi texnika və silahlarla təchizi məsələsində region və digər dövlətlərlə münasibətlər mühüm əhəmiyyət kəsb edir.
 
Bir müddət əvvəl Azərbaycan Respublikasının müdafiə naziri, General Polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində ordumuzun beynəlxalq səviyyədə geniş əməkdaşlıq proqramı tətbiq etdiyini bildirib: "Aparıcı dövlətlərin Silahlı Qüvvələrinin, xüsusilə NATO ölkələrinin bu sahədə təcrübəsindən istifadə olunaraq Silahlı Qüvvələrdə yeni tələblər və standartlar müəyyənləşib, qoşunların döyüş tapşırıqları dəqiqləşdirilib və korrektə ediliib". Məlumdur ki, Azərbaycan hərbi sahədə çox tərəfli əməkdaşlıq siyasəti həyata keçirir. Respublikamız həm NATO ölkələri ilə, həm də Rusiya ilə sıx hərbi əməkdaşlıq xəttinə malikdir. Hazırda qeyri-rəsmi formada NATO standartları adlandırılan yüksək dünya standartlarının ordumuzda tətbiq edilməsi, eyni zamanda hərbçilərimizin beynəlxalq tədbirlərdə və təlimlərdə iştirakı vacib məsələlərdəndir. NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnika və silahla təchizatı baxımından Rusiya ilə əməkdaşlığın inkişaf dövründədir. Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Respublikamızın əsas tərəfdaşı olan Türkiyə beynəlxalq arenada daim Azərbaycanın müdafiəçisi və tərəfdaşı kimi çıxış edir. İkitərəfli əlaqələr hərbi sahəyə də öz təsirini göstərib. Türkiyə Azərbaycan ordusu üçün kadrların hazırlanması, hərbi texnika və silah təchizatçısı,  eyni zamanda birgə müxtəlif hərbi təyinatlı proseslərin iştirakçısı kimi mühüm funksiyaları həyata keçirir. Təsadüfi deyil ki, əvvəllər olduğu kimi 2014-cü ildə də Azərbaycan müdafiə sahəsində daha çox Türkiyə ilə əməkdaşlıq edib.

Bu il yanvar ayında müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini qəbul etdi. Fevral ayında isə qardaş respublikanın ölkəmizdəki səfiri İsmail Alper Coşqun, mart ayında Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar,  apreldə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özellə görüş keçirildi. Sentyabrda Zakir Həsənov Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz, noyabrın 8-də Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallın, noyabrın 14-də Türkiyə Respublikasının Jandarma Baş Komandanı ordu generalı Abdullah Atayla müzakirə apardı. Bütün görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi. Aprel ayında Türkiyəyə səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çanaqqala döyüşünün 99-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak etdi. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı çərçivəsində sentyabrda keçirilən birgə təlimlər bölgədə siyasi rezonansa səbəb oldu. Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ölkəmizə gələrək təlimlərdə iştirak etdi. Təlim zamanı müxtəlif döyüş tapşırıqlarını Azərbaycan Hərbi Hava Qüvvələri ilə birgə icra edən türk hərbi pilotları general-polkovnik Zakir Həsənov da qəbul etdi. Müdafiə naziri birgə təlimlərinin böyük əhəmiyyət daşıdığını qəbul zamanı belə ifadə etdi: "Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır".

2014-cü ilin avqustunda regional əməkdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü mühüm əhəmiyyət kəsb edirdi. Məlumdur ki, hər 3 ölkə çox sıx əməkdaşlıq edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti və.s iri beynəlxalq əhəmiyyətli layihələr, həmçinin xarici siyasətdə uyğunluqlar bu ölkələrin daha yaxından əməkdaşlıq etməsini şərtləndirir. Müdafiə nazirlərinin Naxçıvan görüşü isə artıq hərbi sahədə genişmiqyaslı əməkdaşlıqdan xəbər verirdi. Təsadüfi deyil ki, bir çox ekspert artıq regionda Azərbaycan-Türkiyə-Gürcüstan blokunun yarandığını deyir. Gürcüstan müdafiə naziri İrakli Alasaniya, Türkiyənin Milli müdafiə naziri İsmət Yılmazla bir çox məsələləri müzakirə edən general-polkovnik Zakir Həsənov üçtərəfli əməkdaşlığı yüksək qiymətləndirir: "3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunub". Görüşün digər mühüm qərarı bu formatda görüşlərin hər altı aydan bir keçirilməsi idi.

Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və dəfələrlə açıq şəkildə bəyan edib ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa hər cür kömək edəcəkdir. Fevralda İslamabadda Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşündə iştirak etmək üçün bu ölkəyə səfər edən Müdafiə Nazirliyinin nümayəndələri pakistanlı həmkarları ilə bir sıra məsələləri müzakirə etdilər və görüşün nəticəsi olaraq "Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüşünün Protokolu" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı" imzalandı. Mart ayında Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktoru cənab Zubair İqbal Malikini, apreldə isə bu ölkənin Hərbi Hava Qüvvələri Komandanı aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Noyabrda Zakir Həsənov Pakistan İslam Respublikasında rəsmi səfərdə oldi. Səfər zamanı Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud, müdafiə naziri Xavaca Məhəmməd Asif və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Husseyn ilə görüşərik iki ölkə arasında münasibətləri, təhlükəsizlik, hərbi əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Azərbaycanın müdafiə sahəsində geniş miqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiyanın xüsusi yeri var. Azərbaycan ordusunun hərbi texnika və silah-sursatla təchizində bu ölkənin hərbi-sənaye müəssisələri yaxından iştirak edir. Həmçinin MDB çərçivəsində də müxtəlif səviyyəli əməkdaşlıq mövcuddur. İl ərzində iki ölkənin hərbi strukturlarının qarşılıqlı səfərləri münasibətlərin inkişafına töhfə verib. Aprel ayında Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün ölkəmizə səfəri zamanı Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov tərəfindən qəbul edildi. MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edirdilər. May ayında Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə konfransda iştirak edən Zakir Həsənov Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşərək iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə etdilər.  İyulda isə Zakir Həsənovda Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının Astanada keçirilən iclasında iştirak etdi. Oktyabrda Rusiya Federasiyasını müdafiə naziri ordu generalı Sergey Şoyqunun ölkəmizə səfəri  zamanı  iki ölkə arasında hərbi sahədə əməkdaşlıq müzakirə edildi.  Rusiyalı həmkarı ilə görüşən general-polkovnik Zakir Həsənov mətbuata açıqlamasında bildirdi ki, Rusiyanın və Azərbaycanın Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub və Xəzərdə birgə komanda-qərargah təlimlərinin və taktiki təlimlərin, hərbi dəniz qüvvələri arasında əməkdaşlıqla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin danışıqlar zamanı hərbi-texniki, hərbi kadrların hazırlanması, Rusiyadan müasir silah və hərbi texnikanın alınması məsələləri də müzakirə edildi.

Azərbaycan-NATO əlaqələrinin inkişafı baxımından 2014-cü ili müsbət qiymətləndirmək olar. İl Ərzində Silahlı Qüvvələrimizin nümayəndələri çox sayda NATO təlim və kurslarında iştirak etdilər. Həmçinin Azərbaycan Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrinin əməliyyatlarında iştirak etdiyindən ISAF-la bağlı tədbirlərdə fəal iştirak edir. Zakir Həsənov fevralda Brüsseldə Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirlərinin toplantısında iştirakı zamanı bir sıra görüşləri keçirdi. 

İl ərzində NATO ilə müxtəlif proqramlar çərçivəsində birgə həyata keçirilən fəaliyyətlər tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildi. May ayının 5-də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başladı. Təlimi izləyənlər arasında olan NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messencer Zakir Həsənov tərəfindən qəbul edilən zaman təlimdə iştirak edən Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığını və hazırlığını yüksək qiymətləndirmişdi.

NATO ilə əməkdaşlıq proqramı çərçivəsində Bakı şəhərində may ayının 14-dən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələlərinin müzakirəsi ilə bağlı Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirildi. Həmçinin may ayında Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov  Brüsseldə NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçirilən iclaslarında iştirak etdi. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvətilə Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində iclasında iştirak etdi.  Səfər zamanı müdafiə naziri NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahına da baş çəkdi. Azərbaycan NATO ilə yanaşı bu təşkilata üzv olan ölkələrlə də ayrılıqda hərbi  sahədə əməkdaşlıq edir. Bu əməkdaşlıq ordumuzun müasir hərbi standartları mənimsəməsinə, modern yenilikləri tətbiq etməsinə şərait yaradır. 

 





23.12.2014    çap et  çap et