525.Az

Azərbaycanda turizm: ilin yekunları


 

Azərbaycanda turizm: <b style="color:red">ilin yekunları</b>

"Gələrsən, görərsən" telelayihəsi böyük maraq doğurub

2014-cü ilin iyul ayından etibarən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan və "İctimai" televiziyanın dəstəyi ilə bu kanalda yayımlanan "Gələrsən, görərsən" adlı layihəsi tamaşaçıların böyük marağına səbəb olub. Bu müddət ərzində hər ay 2 veriliş olaraq yayımlanan televiziya layihəsində Azərbaycanın bir-birindən gözəl bölgələri, geniş turizm potensialına malik regionları olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı, İsmayıllı, Gəncə və Naxçıvan turizm imkanlarından bəhs edilir.

"Gələrsən Görərsən" adlı telelayihənin yayımlanmasında məqsəd Azərbaycan regionlarının turizm infrastrukturunun, xidmət sahələrinin, tarix və mədəniyyət abidələrinin, mətbəx və əl sənətkarlığı nümunələrinin və s. imkanların paytaxt əhalisinə və ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə tanıtmaq və daxili turizmin kütləvi təbliğatının aparılmasına nail olmaqdır.

Qeyd etmək yerinə düşər ki, sadalanan regionları əhatə edən bu layihənin iyul ayından dekabr ayınadək 9 bölümü "İTV"də yayımlanıb, həmçinin, müxtəlif sosial şəbəkələrdə yerləşdirilib. Televiziya kanalının məlumatına əsasən ən çox baxılan bölümlər 20.10.2014 tarixində efirə gedən Lənkəran şəhəri və 08.12.2014 tarixində yayımlanan Naxçıvan Muxtar Respublikası olub.

Layihənin aparıcıları İTV-dən tanıdığımız Könül Arifqızı və müğənni Azad Şabanov, ssenari müəllifi Aynur Talıbova, operatorları Samir Həsənov, Kamal Məmmədov, montajçısı Ramiz Hüseynov, bəstəkarı Aytən İsmixanova və rejissoru Ülviyyə Könüldür.

2015-ci ilin ilk ayında "Gələrsən, görərsən" adlı televiziya layihəsinin Qusar rayonu və "Şahdağ" turizm kompleksinə həsr olunacaq növbəti bölümünün yayımı planlaşdırılır. Bununla yanaşı, növbəti il ərzində daha bir neçə regionun təbliğatının aparılması məqsədilə adıçəkilən layihə davam etdiriləcək.

Yuxarıda qeyd olunan layihənin bütün verilişləri ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

Qəbələ

https://www.youtube.com/watch?v=W2RtHrKZmRY

Quba

https://www.youtube.com/watch?v=EqGgERDFya8

Xaçmaz

https://www.youtube.com/watch?v=FNhpY6aI9Pw

Şəki

https://www.youtube.com/watch?v=tBjt3-NgX9k

Lənkəran

https://www.youtube.com/watch?v=ADrcbXCiyrE

Masallı

https://www.youtube.com/watch?v=ULCvoeu-8i4

Azərbaycan Konqreslər Bürosu bu il önəmli işlər görüb

2013-cü ildən etibarən fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizə biznes tədbirlərinin cəlb edilməsi vasitəsilə Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsidir. Xatırladırıq ki, Konqreslər Bürosu dövlət və özəl sektorların əməkdaşlıq modeli üzrə yaradılıb. Sözügedən qurum Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsünün nəticəsi olaraq meydana gəlib. Konqreslər Bürosunun hal-hazırda 14 üzvü vardır (brend mehmanxanaları, turizm şirkətləri və s.).

Cari il ərzində Azərbaycan Konqreslər Bürosu rəsmi veb səhifəsini (www.azcb.com) və loqosunu yaradıb, işgüzar turizm sahəsi üzrə ixtisaslaşmış İMEX və EİBTM sərgilərində iştirak edərək bir neçə tədbirin Azərbaycana cəlb edilməsinə nail olub.

Bununla yanaşı, Büro öz üzvləri üçün işgüzar (MİCE) turizmin xüsusiyyətlərinə həsr olunmuş müvafiq treninqlər təşkil edib, Nazirliyin xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə Azərbaycanda həmin ölkənin MİCE şirkətlərinin nümayəndələri üçün infoturlar keçirilib. İnfoturlar zamanı təşkil olunmuş seminarlar çərçivəsində xarici qonaqlar və Büronun üzvləri arasında təkbətək görüşlər keçirilmiş və müvafiq biznes əlaqələri qurulub.

2014-cü ildə Azərbaycan Konqreslər Bürosu tərəfindən 5 MİCE tədbiri ölkəmizə cəlb olunub. Bununla yanaşı, irimiqyaslı MİCE tədbirlərinin ölkəmizə cəlb edilməsi məqsədilə müvafiq beynəlxalq tender müsabiqələrində iştirak nəzərdə tutulub.

2015-ci ildə 2 mehmanxana və 5 müxtəlif şirkətin Azərbaycan Konqreslər Bürosuna qoşulma niyyətlərinin olması Büronun müvəffəqiyyətli fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ölkəmizin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətmək və növbəti beş il ərzində ölkənin ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini hədəfləyib.

Mehmanxana və mehmanxana tipli obyektlərin 2014-cü il üçün əsas göstəriciləri

Son illər ölkəmizə gələn xarici turistlərin sayının artması, turizm sahəsinə yerli və xarici sahibkarlar tərəfindən qoyulan investisiyalar və digər infrastruktur obyektlərin istismarı turizm bazarının inkişafına səbəb olur.

Mehmanxana və mehmanxana tipli obyektlərturizm bazarının formalaşmasında və inkişafında böyük rol oynayır. Dünyanın bir çox brend ("FourSeasons", "Fairmont", "Kempinski", "Marriott", "Hilton", "Sheraton", "Jumeirah", "Excelsior", "Hyatt" və "Rixos") mehmanxana şəbəkələri artıq Azərbaycanda öz fəaliyyətlərini davam etdirirlər.

Bununla yanaşı, ölkəmizdə mehmanxana təsərrüfatının inkişafı, yerli sahibkarların bu sahəyə diqqəti və marağı nəticəsində yerli mehmanxana şəbəkələrinin formalaşmasına səbəb olur. Misal olaraq, Bakı şəhəri və respublikamızın regionlarında "Qafqaz" yerli brend adı ilə fəaliyyət göstərən mehmanxanaları göstərmək olar.

Hazırda ölkə ərazisində təqribən 40-a yaxın mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi davam etdirilir.

Vətəndaşların məmnunluğunun və rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılıb. Bu portal vasitəsilə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.

2014-cü il ərzində 79 mehmanxana və mehmanxana tipli obyektə xüsusi razılıq (lisenziya) verilib. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindənmehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin sayı 304-dür. Bunlardan 134-ü Bakı şəhərində, 170-i isə respublikamızın regionlarında fəaliyyət göstərir.

2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən otaqların sayı 16.876 (keçən ilin analoji dövrü ilə müqayisədə 7,1 faiz artıq), birdəfəlik tutum isə 34.731 (keçən ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz artıq) olub.

Mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan işçilərin sayı 8.118 nəfər olub ki, bu keçən ilin analoji dövrü ilə müqayisədə (7.668 nəfər) 5,9 faiz çoxdur.2014-cü ilin I yarımili ərzindəgöstərilən mehmanxana xidmətinin satışından əldə olunan gəlirisə təqribən 80 milyon AZN təşkil edib.

Eyni zamanda, qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırırıq ki, məhz yanğın təhlükəsizlik qaydalara riayət edən və sanitar-epidemioloji baxımından yoxlanılaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilən və lisenziya müddəti qüvvədə olan obyektlərin xidmətindən istifadə etsinlər.

 





23.12.2014    çap et  çap et