525.Az

Məlik Dadaşovun 90 illiyi qeyd edilib


 

Məlik Dadaşovun 90 illiyi qeyd edilib<b style="color:red"></b>

Dövlət Akademik Milli Dram Teatrında teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşovun anadan olmasının 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib.

Xatirə gecəsini açan Xalq artisti Hacı İsmayılov Məlik Dadaşovun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıb: "Məlik Dadaşov təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb. O, həm də gözəl pedaqoq olub. Məlik Dadaşov ampula anlayışını darmadağın edən aktyorlardandır. Onun üçün janr məhdudiyyəti olmayıb. Sənətkarı maraqlandıran insan idi. Aktyorun hünəri odur ki, insanın daxili aləmini aça bilsin. Məlik Dadaşov bu işin öhdəsindən gəlməyi bacardı. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar".

Sonra M.Dadaşovun yaradıcılığını əks etdirən slaydlar nümayiş olunub. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Xalq artistləri Azərpaşa Nemətov, Lyudmila Duxovnaya və başqaları M.Dadaşovun yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan M.Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, həmçinin kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. Onun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. M.Dadaşov klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçib. Vurğulanıb ki, "Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynayıb.

Qeyd olunub ki, "Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Sənətkar "Dəli Kür" bədii filmində böyük ustalıqla molla Sadıqın daxili aləmini açıb.

Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.

Görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.

Məlik Dadaşov "Özbəkfilm"in istehsal etdiyi "Təyyarələr enmədi" filmində Yəhya, "Moldovafilm"in çəkdiyi "Dmitri Kantemir" ekran əsərində Vəzir, "Belarusfilm"də istehsal olunmuş "Müsahibə götürən adam" filmində Niyazxan rollarında çəkilib.

Xatirə gecəsində M.Dadaşovun rol aldığı film və tamaşalardan fraqmentlər göstərilib.

S.ABDULLAYEVA

 





23.12.2014    çap et  çap et