525.Az

Geosiyasi mühitdə ABŞ-ın Azərbaycan maraqları


 

MİLLƏT VƏKİLİ ZAHİD ORUC: "BU SİTUASİYADA İTİRƏN AZƏRBAYCAN OLMAYACAQ"

Geosiyasi mühitdə ABŞ-ın Azərbaycan maraqları<b style="color:red"></b>

ABŞ Azərbaycana təzyiqlərini davam etdirməklə yanaşı, iqtisadi sahədə, daha doğrusu enerji sektorunda birgə əməkdaşlıqdan qazandığı uğurları - mənfəətləri də yaddan çıxarmaq niyyətində deyil. Yeni dünyalılar ikili standartların cəngində sxematik siyasət apararaq bir növ balansı qorumağa çalışsa da, bu heç bir halda onların haqsız və yersiz narazılıqlarına haqq qazandırmır. Yəni, Azərbaycanla ikili və çoxtərəfli iqtisadi, energetik əməkdaşlıqlar fonunda Birləşmiş Ştatlar ölkənin nə qədər əhəmiyyəti olduğunu bildirsə də, insan haqqları kontekstində bir o qədər ləkələməklə məşğuldur. Hətta bu barədə İrəvanda keçirilən  mətbuat konfransında ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Xeffern ağız dolusu danışıb. Onun sözlərinə görə, ABŞ Azərbaycanla bir sıra sahələr üzrə sıx əməkdaşlıq edirik: "Bu ölkə energetika sektorunda əməkdaşlıq nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Azərbaycan, həmçinin İranla münasibətlərin tənzimlənməsində də vacib tərəfdaşdır". Ancaq Vaşinqtonun bu qətiyyətini Azərbaycanla Ermənistan arasında ikinci tərəfin başlatdığı Dağlıq Qarabağ münaqişəsinin həllində görə bilirikmi? Əksinə, rəsmi Bakını insan hüquqlarını qorumağa çağırmaqla, Dağlıq Qarabağ məsələsində də bu amildən istifadə etmək istəyirlər. Son olaraq, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovski  Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair səsləndirdiyi sərsəm bəyanatlarla yadda qalıb. Bu o deməkdir ki, hüquqları pozulan kütlənin sığınmaq üçün Ermənistana tərəf üz tutduğunu bəhanə gətirməklə, hadisələrin bu səbəbdən baş verdiyini, onun mahiyyətində insan hüquq və azadlıqlarının dayandığını əsas kimi gətirmək istəyirlər. Lakin əsl həqiqətlər tarixi fakt və sənədlər, video yazı və fotoşəkillərlə dünya ictimaiyyətinin gözü önünə gətirilib. İslamafob və ermənipərəsət qüvvələr nə qədər çalışsalar da, qara tarixin üzərindən xətt çəkə bilməyəcəklər.

Millət vəkili Zahid Oruc "SİA"ya bildirib ki, Azərbaycan qəti şəkildə ABŞ-la münasibətlərini korlamaq, özünün siyasətinə yenidən baxmaq, tamamilə, üzünü fərqli məkanlara çevirmək niyyəti güdmür. Onun sözlərinə görə, özünü indiyə qədər ABŞ-dan maliyyələşən medianın təmsilçiləri, tam toxunulmaz kastanın üzvləri kimi aparan adamlara münasibətdə real hüquqi müstəvidə addımlar atılıb:  "Bu ABŞ-la əlaqələri dayandırmaq cəhdidir ki? Ona görə də, hazırkı dövrdə fərdi olaraq, bir neçə insanın haqqını millətdən, xalqdan, dövlətdən yüksəyə qaldırmağın özü münasibətlərə mənfi təsir göstərir. Bunun günahını Azərbaycan  ayağına qəti şəkildə yazmaq olmaz".

Bu tip açıqlamaların ABŞ-ın ümumi rəhbərliyinə, onun bölgədəki maraqlarına zərbə vurduğunu deyən millət vəkili hesab edir ki, bu situasiyada itirən heç bir halda Azərbaycan olmayacaq: "Yəni, bununla onu demək istəmirik ki, Qərb bundan daha çox itirəcək. Ancaq hər halda hazırkı dövrdə şəraitin belə bir vəziyyətə gəlib çatmasında ABŞ səfirliyi real addımlar atmalıdır. O cümlədən, Con Kerrinin timsalında Azərbaycana, bölgəyə səfərləri olsa, bir sıra həqiqətlər daha üst səviyyədə müzakirə oluna bilər və bir daha dövlətimizin mövqeyi məramı, yeritdiyi real kurs, ifadə olunacaq".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov hesab edir ki, ABŞ-ın insan haqları kontekstində Azərbaycana qarşı qərəzli bəyanatlarının arxasında ikili standartlar dayanır. Onun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, xaricdən ölkəyə insan hüquqları ilə bağlı müdaxilələrə yol verilməyəcək: "Demokratik islahatlar ölkədə uğurla davam etdirilir. İnsan hüquq və azadlıqları ilə bağlı elə də ciddi problemlərlə üz-üzə deyilik. Bütün dünyada olduğu kimi Azərbaycanda da insan həbsləri ilə bağlı narazılıqlar ola, kimsə məhkəmənin yekun qərarına qədər hansısa fikirlərlə çıxış edə bilər. Bu o demək deyil ki, ölkədə insan haqları pozulur, demokratiya yoxdur kimi fikirlər formalaşmalıdır".

Politoloq qeyd edib ki, hal-hazırda Azərbaycan iqtisadi sahədə inkişaf edən dövlətlər sırasındadır. O bildirib ki, məhz bu baxımdan Amerika Birləşmiş Ştatları enerji resurslarına görə Azərbaycanla müttəfiqlik edir: "İki ölkə arasında bir çox sahələrdə qarşılıqlı tərəfdaşlıq sazişləri imzalanıb. Əməkdaşlığımız bu gün var, gələcəkdə də davam edəcək. Ancaq çox təəssüflər olsun ki, bu ikili standartlar hansısa bir kalonun Azərbaycanda formalaşdırdığı fikirlər vasitəsilə ortaya çıxır. Birləşmiş Ştatlar və digər Qərb dövlətlərinin dövlətimizə qarşı ikili standartlarla çıxışını dayandırması üçün bu məsələlərin tam aydınlaşdırılmasının vaxtı çatıb. Söhbət insan hüquqlarının, demokratik dəyərlərin pozulmasından gedirsə, bu birinci növbədə Ermənistana aiddir. Azərbaycanda insan hüquqları pozulsaydı çoxpartiyalılıq, söz azadlığı təmin olunmazdı. Ona görə də, ABŞ öz xarici siyasətində yol verdiyi səhvləri aradan qaldırmalıdır".

Amerika Birləşmiş Ştatlarının birinci və ikinci dünya müharibəsindən sonra güclü dövlət kimi meydana çıxdığını deyən politoloq Məhərrəm Zülfüqarlı bildirib ki, hətta ikinci dünya müharibəsində sonra dünya valyuta ehtiyatlarının arxasında qızılın deyil, ABŞ dollarının dayanması Vaşinqtonun öz təsir dairəsini artırmasına imkan yaradıb: "Konkret olaraq Amerikanın yeritdiyi siyasət ondan ibarətdir ki, hansı dövlət Vaşinqtonun maraqlarına uyğun siyasət həyata keçirirsə, yəni, onun quyruğunda sürünürsə, həmin ölkədə baş verən istənilən hüquq pozuntuları, anti-demokratik islahatlar aparılmasına göz yumulur. Bu baxımdan, ABŞ uzun illərdir ki, Azərbaycanı öz siyasətinin bir parçasına çevirmək istəsə də, rəsmi Bakı balanslaşdırma siyasəti ilə bunun qarşısını ala bilib. Misal olaraq, ABŞ-ın İranı müharibə təhlükəsi ilə hədələdiyi bir vaxtda Azərbaycanı da cənub qonşumuza qarşı qoymaq istəyinin üstündən xətt çəkilməsini qeyd etmək olar. Dövlət başçısı həmin ərəfədə qeyd edib ki, iki dövlətin bir-biri ilə problemi varsa, onun həlli yeri Azərbaycan deyil. Bununla dövlətimiz Amerikaya tutarlı cavabını vermiş olub". Politoloq hesab edir ki, hal-hazırda ABŞ öz maraqlarını həyata keçirmək istəyəndə, bundan boyun qaçıran dövlətlərə qarşı müxtəlif təzyiq metodlarından istifadə edir. Onun sözlərinə görə, Azərbaycan isə yürütdüyü müstəqil siyasətlə heç bir dövlətə boyun əymədiyini göstərib. M.Zülfüqarlı qeyd edib ki, Saakaşvilinin amerikapərəst siyasətinin nəticəsi olaraq yaxın tarixdə Gürcüstanda baş vermiş hadisələr, Rusiya ilə müharibə hamıya məlumdur: "Rus qoşunları Tbilisiyə daxil olmaq istəyəndə Sarkozinin araya girməsi ilə hücum dayandırılıb".

Politoloqun fikrincə, Azərbaycana qarşı təzyiqlərin əsas səbəbi isə rəsmi Bakının Rusiyaya qarşı embarqolara qoşulmamasıdır: "Biz emosiyalara qapılıb Dağlıq Qarabağ münaqişəsinin memarı, başımıza gələn münasibətlərin səbəbkarı Rusiyaya qarşı sanksiyalara qoşula bilərik. Lakin Azərbaycan rəhbərliyi düzgün seçim edərək bu məsələdə təmkinli siyasət həyata keçirməyə üstünlük verib. Qarabağ probleminin açarı ermənilərə arxa-dayaq duran Rusiyada olsa da, biz Moskva ilə qonşuluq siyasətini davam etdirməliyik. Yəni, sabah geosiyasi vəziyyət dəyişəndə, biz buna artıq hazır olmalıyıq. Hesab edirəm ki, Rusiya ilə Amerika arasında gedən ziddiyyətlərində də şimal qonşumuzun zəifləməsi, daxilində parçalanma ehtimalının olması gələcəkdə yeni mühit yaradacaq. Biz bu mühitə güclü dövlət kimi çıxmalıyıq. Amerikanın məqsədi isə əksər dövlətləri bu prosesə qoşmaqla onları zəiflətməkdir. Özü isə güclü dövlət kimi onlara diqtə etmək istəyir". M.Zülfüqarlı hesab edir ki, xarici qüvvələr Azərbaycanı öz siyasətinin tərkib hissəsinə çevirə bilmədikləri üçün kiçik faktları böyüdərək insan haqları və demokratiyadan danışırlar: "Amerika əgər demokratiyanın, insan hüquq və azadlıqlarının müdafiəçisi rolunda çıxış edən dövlətdirsə, niyə Dağlıq Qarabağla bağlı qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinə göz yumur? Nə üçün yaşamaq və mülkiyyət hüquqları pozulan məcburi köçkün və qaçqınlarımızın taleyinə biganə münasibət göstərir? Hər hansı bir hüquq müdafiəçisi tutulan zaman isə Azərbaycana qarşı böhtan dolu bəyanatlar yağdırmağa başlayırlar. Azərbaycan hal-hazırda doxsanıncı illərin ölkəsi deyil. Dövlətimiz iqtisadi cəhətdən güclü olmaqla yanaşı, öz sözünü deməyi də yaxşı bacarır. Mənə elə gəlir ki, ABŞ Azərbaycana qarşı yürütdüyü qərəzli siyasətdən tezliklə əl çəkəcək. Çünki bugünki vəziyyət Amerikanın xeyrinə deyil. Xatırladım ki, Türkiyə qoşunları İraq ərazisinə girib, PKK-ya qarşı əməliyyat aparmaq istəyəndə Vaşinqton əvvəlcə buna etiraz etdi. Onda Ərdoğan çox gözəl bir fikir bildirdi ki, sən necə olur okeanın o biri tayından gəlib İraqda kimyəvi silah axtarmaq adı ilə dövləti tuta bilirsən, ancaq mənim öz ərazi bütövlümüzə təhlükə yaradan düşmənlərlə əməliyyat aparmaq istəyimə mane olursan? Nəhayət, Amerika Türkiyənin PKK əməliyyatını dəstəkləməyə məcbur olub. Yəni, onu demək istəyirəm ki, indiki təzyiqlər ötəri hadisələrdir. Yaxın müddətdə şahidi olacağıq ki, Amerika rəsmiləri Azərbaycanın xeyrinə bəyanatlar verməyə başlayıb".

Ceyhun ABASOV

 





24.12.2014    çap et  çap et