525.Az

Prezidentin uğurlu siyasəti sosial təminat sistemini daha geniş əhali kateqoriyalarına yönəldib


 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına geniş müsahibə verib. Müsahibəni ixtisarla oxuculara təqdim edirik.

Prezidentin uğurlu siyasəti sosial təminat sistemini daha geniş əhali kateqoriyalarına yönəldib<b style="color:red"></b>

- Səlim müəllim, Azərbaycanda dinamik iqtisadi inkişaf prosesləri fonunda əhalinin rifah halının yüksəldilməsinə, insan inkişafına yönələn dövlət siyasətini necə xarakterizə edərdiniz?

- Azərbaycan gənc müstəqil respublika olmasına baxmayaraq, ötən 23 ildə  ictimai-siyasi sabitliyin ilbəil möhkəmlənməsi zəminində dövlət müstəqilliyinin və ölkənin dünya birliyində mövqeyinin güclənməsinə xidmət edən mühüm tarixi nailiyyətlər qazanmış, ölkəmizin gələcək inkişaf perspektivləri üçün etibarlı əsas rolunu oynayan dolğun iqtisadi potensialın formalaşdırılması və onun dinamik artımı təmin edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib etmişdir.

Son on ildə milli iqtisadiyyat 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, cari ilin yanvar-oktyabr aylarında bu artımlar müvafiq olaraq 2,8 faiz və 5,4 faiz təşkil etmişdir. Ümumi Daxili Məhsulun adambaşına düşən həcmi bu dövrdə 8,4 dəfə artaraq 7500 ABŞ dollarına yüksəlmiş və gələn il bu məbləğin 8 min ABŞ dollarına, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən isə 2020-ci ilədək iki dəfə artaraq 13000 ABŞ dollarına çatacağı gözlənilir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan artıq "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına yüksəlib. Bu gün 53 milyard ABŞ dollarından çox valyuta ehtiyatlarına malik Azərbaycanda iqtisadiyyata yatırılan investisiyalar son on ildə 150 milyard ABŞ dolları olmuş, bu ilin 9 ayında isə investisiyaların məbləği 19 milyard ABŞ dollarına çatmışdır və növbəti 4 ildə ölkə iqtisadiyyatına daha 100 milyard ABŞ dollarından çox investisiya yatırılacağı gözlənilir. Dünyanın mötəbər "Fitch", "Moody's", "Standard & Poor's" kimi reytinq agentlikləri ölkəmizin kredit reytinqini daim artırırlar. Dünya İqtisadi Forumunun son hesabatına əsasən isə qlobal rəqabətqabiliyyətlilik reytinqinə görə 144 ölkə arasında Azərbaycan 38-ci pilləyə yüksəlmiş, bununla da ən yüksək rəqabət qabiliyyətli iqtisadiyyata malik 40 ölkə sırasındadır.

Bu müsbət proseslər uzunmüddətli inkişaf üçün vacib amil olan iqtisadiyyatın şaxələndirilməsi, neft strategiyası dividendlərinin qeyri-neft sektorunun və regional inkişafın təmin olunmasına səfərbər olunması ilə tamamlanır. Son on ildə bu sektorda 2,6 dəfə, cari ilin 10 ayında isə 6,4 faiz artım olmuşdur və Azərbaycan iqtisadiyyatında qeyri-neft bölməsinin payı 60 faizə yaxınlaşmışdır.

2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin 2003-2005-ci illərin cəmi büdcəsindən 1,4 dəfə, qeyri-neft sektorundan isə 4 dəfə çox olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun sosial rifahın yüksəlməsi, yoxsulluğun azaldılması üçün vacib olan yeni iş yerlərinin, məşğulluq imkanlarının artmasında da xüsusi əhəmiyyət kəsb edir.

Cari ilin 1 noyabr vəziyyətinə muzdla işləyən 1507,5 min nəfərin 93,3 faizi məhz bu sektorda çalışır. 2004-cü ildən bəri ardıcıl dövlət dəstəyi nəticəsində qeyri-neft sektorunun canlanması hesabına respublikada əksəriyyəti daimi və regionlarda olmaqla yeni yaradılan iş yerlərinin sayı 1 milyon 300 mini ötüb. Dünyada, hətta inkişaf etmiş ölkələrdə işsizlik problemi kəskinləşməkdə olduğu dövrdə Azərbaycanda işsizlik səviyyəsi sürətlə azalaraq 5%-ə enib.

Azərbaycan Prezidentinin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri vətəndaş firavanlığı amilinin və  sosial dövlət prinsiplərinin ön planda saxlanılması, sosial siyasət kursunun ilbəil güclənməsi, ölkədə yoxsulluğun aradan qaldırılmasıdır. Cənab İlham Əliyev hələ 2003-cü ilin oktyabrında respublikamıza rəhbərliyə başlayarkən ölkədə yoxsulluğun aradan qaldırılacağını əsas məqsədlərindən biri kimi bəyan etmişdir.

Bildiyiniz kimi, Azərbaycan 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulmuş 147 ölkədən biridir. Bu sənəddən irəli gələn öhdəliklərdən biri də 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılmasıdır. Ötən müddətdə ölkəmizdə iqtisadi inkişaf və yoxsulluğun azaldılması üzrə gerçəkləşdirilən dövlət proqramları, konkret sahələr, eləcə də regional inkişaf proqramları yoxsulluğun səviyyəsinin 2003-cü ildəki 49 faizdən 5 faizə, yəni qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələnmişdir.

Hazırda dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya üzrə ölçülür və gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, həmçinin 1 dollardan aşağı gəliri olanlar ifrat yoxsul hesab edilirlər. Əgər 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, bu gün dünyada gündəlik gəliri 2 dollardan az olan 2,5 milyard nəfər arasında Azərbaycan əhalisi artıq yoxdur. Çünki ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği (hazırda 100 manat) ayda 128 ABŞ dolları səviyyəsindədir və bundan aşağı gəlirlərlə həmin səviyyə arasında yaranan fərq yardım şəklində dövlət hesabına ödənilir.

Sosial rifah halının yüksəlməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan BMT-nin son hesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-cı yerdə qərarlaşıb və yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub. Bu uğurların əldə olunmasında əhalinin gəlir imkanlarının artırılması üçün çoxsaylı və keyfiyyətli iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsinə və iqtisadiyyatın müasirləşdirilməsinə yönələn fəal siyasətin aparılması, əmək haqlarının, pensiya və digər sosial ödənişlərin mütəmadi artırılması əsas rol oynayır. Məsələn, minimum əmək haqqının məbləği son 10 ildə 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə, əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə, 2006-cı ildən müəyyən edilən ehtiyac meyarının məbləği isə ötən dövrdə 3,3 dəfədən çox artmışdır. Pensiyaların orta aylıq məbləği 2003-cü ildə yoxsulluq həddindən 2 dəfə aşağı olduğu halda, ötən dövrdə 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata çatmış və bu həddi 1,7 dəfə üstələmişdir. Hazırda minimum pensiya məbləği minimum əmək haqqı məbləğinə nisbətdə 95,2 faiz təşkil edir ki, bu da MDB-də ən yüksək göstəricidir. Bununla yanaşı, hazırda ehtiyac meyarı məbləğinin (100 manat) yaşayış minimumu məbləğinə (125 manat) nisbəti göstəricisi də 80 faiz olmaqla, bir sıra inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri ilə eyni səviyyədədir. Ümumilikdə, əhalinin gəlirləri 2003-cü ildəki 5,7 mlrd. manatdan 2014-cü ilin əvvəlinə 37,6 mlrd. manata çatmışdır. Əhalinin gəlirlərinin artımı müqabilində inflyasiya səviyyəsinin ilbəil birrəqəmli saxlanılması bu gəlirlərin rifah halının yüksəlməsinə təsirini stimullaşdırır.

Cari ilin oktyabrında IV Beynəlxalq Humanitar Forumun açılışında BMT-nin Baş katibi Pan Gi Munu təmsil edən BMT İnkişaf Proqramının rəhbəri Helen Klark öz çıxışında Azərbaycanın yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübəsinin başqa ölkələr üçün də örnək ola biləcəyini qeyd etmiş, təbii ehtiyatın ölkə sərvətinə və daha geniş insan inkişafına çevrilməsi üçün düşünülmüş və uzaqgörən dövlət siyasəti tələb olunduğunu və Azərbaycanın bu sahədə əhəmiyyətli qərarlar qəbul etdiyini vurğulamışdır.

- Sosial siyasətin mütəmadi olaraq güclənməsi daha çox həssas əhali qruplarına yönələn dövlət qayğısının artmasında da özünü göstərməlidir. Bu baxımdan başa vurmaqda olduğumuz 2014-cü ili necə qiymətləndirmək olar?

-  Son on ildə ölkəmizdə sosial müdafiə və sosial təminat xərcləri 8 dəfə artmışdır.  Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir. 

Cari ilin ötən dövründə respublika əhalisinin 4,4 faizinə və ya 421245 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilmişdir. Sosial müavinət alanların 333750 nəfəri və ya 79,2 faizi aylıq, 87495 nəfəri və ya 20,8 faizi isə birdəfəlik sosial müavinət alanlardır. Bundan əlavə, 50896 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən Prezident təqaüdləri təyin olunaraq ödənilir. Bununla bərabər, 2014-cü ilin on bir ayı üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3971 nəfərə birdəfəlik pul müavinəti təyin edilib ödənilmişdir.

Son bir ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yalnız sosial cəhətdən həssas qruplarla bağlı 10-dan artıq fərman və sərəncam imzalanıb ki, bu sənədlər  sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə və sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndirilməsinə xidmət edib. Həmin sənədlərdən sosial ödənişlər sahəsinə dair 4 Fərman və 1 Sərəncama əsasən, orta aylıq Prezident təqaüdü müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb.

Həmçinin bu fərman və sərəncamlar ölkədə bir sıra yeni təminat növlərinin formalaşmasına da səbəb olmuşdur.  Belə ki, 23 dekabr 2013-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdlərinin ödənilməsinə başlanılıb. 27 dekabr 2013-cü il tarixli 72 nömrəli Fərmanla ölkədə ilk dəfə olaraq bu ilin əvvəlindən beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinət, 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanla I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə ayda 67 manat sosial müavinətdən əlavə  olaraq 60 manat məbləğində Prezident təqaüdü təyin olunaraq ödənilir. Eyni zamanda, Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı ilə müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsi hesabına ödənilməsinə başlanmışdır. 11 avqust 2014-cü il tarixli Fərmana əsasən isə gələn ilin əvvəlindən Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə ayda 200 manat məbləğində Prezident təqaüdləri təyin olunacaqdır.

2014-cü ilin on bir ayı ərzində aylıq və birdəfəlik sosial müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün 268,0 milyon manat vəsait xərclənmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,3 milyon manat və ya 22 faiz çoxdur.

Qeyd edim ki, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə,  o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib.

Ölkədə həyat səviyyəsinin mütəmadi yaxşılaşması və bu yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatı sahəsində son vaxtlarda görülən işlər ünvanlı yardım təyin olunan ailələrin sayının azalmasına səbəb olmuşdur. Cari ilin noyabr ayında Respublika üzrə 96265 ailə (420663 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı almışdır ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 47638 ailə (209632 nəfər və ya 33.3 %) azdır.

Yardım alan ailələrin sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ödənilən yardımların məbləğinin artması ilə müşahidə olunur. Belə ki, ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.40 manat (7.5%) artaraq 148.97 manata, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 2.45 manat (7.7%) artaraq 34.09 manata çatmışdır. 2014-cü ilin 11 ayı ərzində ünvanlı dövlət sosial yardımı işlərinin maliyyələşməsinə ümumilikdə 184.3 milyon manat vəsait xərclənmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.5 milyon manat (1.4%) artım deməkdir.

Bu ilin ötən dövründə ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 13173 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq birdəfəlik maddi yardımlarla təmin olunub.

Ümumilikdə bu təminat növləri və sosial xidmətlərlə, həmçinin pensiya ilə təmin edilənlər də nəzərə alınmaqla sosial təminat sistemi respublika əhalisinin 23 faizdən çoxunu əhatə edir. Bütün bunlar ölkəmizdə əhaliyə Prezident qayğısının əməli ifadəsi olmaqla, sosial təminat sisteminin getdikcə güclənməsinin və daha geniş əhali kateqoriyalarını əhatə etməsinin təzahürüdür.

- Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti bir sıra mühüm islahatlarla müşahidə olunub. Bu islahatların prioritet istiqamətlərini necə ümumiləşdirərdiniz?

- Bu gün ölkə rəhbərliyinin sosial-iqtisadi inkişaf strategiyasının ən mühüm uğurları eyni zamanda əhalinin sosial müdafiəsinin mütəmadi olaraq güclənməsində, sosial cəhətdən həssas əhali qruplarına qayğının davamlı olaraq artırılmasında öz əməli təsdiqini tapır. Bir dövlət orqanı olaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran əsas vəzifə də Prezident qayğısının aztəminatlı insanlara daha şəffaf və ünvanlı şəkildə çatdırılması sistemini layiqli səviyyədə, ölkəmizdə gedən sürətli tərəqqi prosesinə, müasir dövlət quruculuğuna uyğun səviyyədə təşkil etməkdir. İqtisadi idarəetmə və xidmətin yeni texnologiyalar əsasında müasirləşdiyi bir zamanda əmək və sosial müdafiə sistemində neqativ hallara şərait yaradan iş üsullarının qalması mümkün deyil və nazirliyin  fəaliyyətində yeni yanaşmaların tətbiqi artıq günün tələbi kimi ortaya çıxır. Bununla bağlı, cənab Prezidentin verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar bizim islahatların prioritetlərini müəyyən edir. Bu prioritetlər əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində beynəlxalq normalara və milli reallıqlara əsaslanaraq qanunvericilik bazasının və praktik iş mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə müəyyənləşdirilmiş strategiya və qəbul olunmuş dövlət proqramlarının icrasının səmərəliliyinin artırılması, nazirliyin institusional və idarəetmə  potensialının müasir çağırışlara adekvat olaraq yüksəldilməsidir. Konkret fəaliyyət istiqamətləri əmək münasibətləri sahəsində elektron qeydiyyat mexanizminin qurulmasına, əlillik və sosial yardımların təyinatı prosedurlarının avtomatlaşdırılmasına, beləliklə, bu sahələrdə şəffaflığın təmin olunmasına, əhalinin həssas kateqoriyalarının sosial müdafiə sistemindən şəffaf müstəvidə və daha rahat yararlanmaq imkanlarına malik olmasına yönəlmişdir.

Ölkəmizdə məşğulluq imkanlarının getdikcə genişlənməsi, digər tərəfdən əmək bazarında formal əmək müqavilələrinin bağlanması hallarına tez-tez yol verilməsi və belə halların, nəticədə, həm işçi hüquqlarının təminatında, həm də vergi və sosial sığorta haqlarının ödənişində ciddi problemlərə yol açması bu sahəyə dövlət nəzarətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə daha səmərəli təşkili məsələsini aktuallaşdırmışdı. Həmçinin, əmək bazarı ilə bağlı real və etibarlı məlumatları əks etdirən informasiya bazasının olmaması bu sahə ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasını xeyli çətinləşdirirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  2014-cü il 3 fevral tarixli Fərmanı bu aktual məsələnin həlli üçün mühüm  islahatın aparılmasına əsas yaratdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qısa müddətdə mükəmməl proqram təminatına malik əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin hazırlanaraq "Elektron hökumət" portalı üzərindən istifadəyə verilməsi Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açdı.

Bununla da əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkili,  əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan, qeyri-leqal məşğulluq hallarının aradan qalxmasına şərait yarandı. Sistemdən istifadə ilə bağlı işəgötürənlər arasında aparılan geniş nəlumatlandırma tədbirlərinin, eləcə də bu prosesdə işəgötürənlərin məsuliyyətlə və işgüzarlıqla iştirak etməsinin müsbət nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin 90 faizdən çoxu artıq sistemdə yerləşdirilib. Lakin etiraf edək ki, əmək müqavilələrini elektron qeydiyyatdan keçirməkdən yayınanlar da mövcuddur və dövlət nəzarəti zamanı aşkar olunan belə hallara qarşı ciddi inzibati tədbirlər həyata keçirilir.

Qeyd olunan islahat tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən əhaliyə göstərilən elektron xidmətləri sırasına daha 3 yeni e-xidmət növünün ("Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış") əlavə olunmasına imkan vermişdir. Bu e-xidmətlər hazırda ən yüksək istifadəçi sayı ilə seçilirlər.

Əmək potensialının keyfiyyətcə yüksəldilməsi üçün Dünya Bankının "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanmış 200 peşə standartı cari ilin əvvəllərində işəgötürənlərin istifadəsinə verilib. Bu il daha 70-ə yaxın yeni peşə standartının layihələri hazırlanıb. Kadr hazırlığının daim inkişaf edən əmək bazarının tələblərinə uyğun təşkilinə xidmət edən peşə standartlarının hazırlnması işləri davam edir və qarşıdakı dövrdə daha 5 minə qədər peşə standartının hazırlanması nəzərdə tutulur.

Aparılan islahat tədbirlərindən biri də əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasıdır. Bu məqsədlə yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinə şərait yaradır. Artıq əlillik vəziyyətlərinin müəyyən olunması üçün bütün məlumatların səhiyyə müəssisələrindən Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) və sonrakı mərhələdə əlillik müayinəsinin nəticəsi barədə məlumatın aidiyyatı qurumlara ötürülməsi elektron şəkildə həyata keçiriləcək. Sistem vasitəsilə yaradılmış elektron məlumat bazasına isə əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatlar daxil edilir. Artıq bu bazaya 137 minə yaxın şəxslə bağlı əlillik müayinəsinin nəticələrinə dair məlumat daxil edilmişdir və ilin sonuna kimi bu prosesin yekunlaşdırılması nəzərdə tutulur.

İnformasiya bazası aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunub və onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan götürəcəklər. Bu sistem əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə yönəlib.

İslahatların digər istiqaməti ünvanlı sosial yardımların təyinatı ilə bağlıdır. Bildiyiniz kimi, ötən ilin sonlarından etibarən ünvanlı sosial yardım təyinatında şəffaflığın təmin olunması üçün bu yardımları alanların siyahıları həm nazirliyin saytında, həm də Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanır. Bu siyahılarda adları olan, lakin əslində ünvanlı yardım almaq hüququ olmayan ailələr barədə nazirliyə daxil olan hər bir müraciət ciddi araşdırılır və ünvanlılıq prinsipinə əməl olunmadan yardım təyinatı həyata keçirən əməkdaşlarla bağlı dərhal inzibati tədbirlər görülür.

Eyni zamanda, ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri artıq yekunlaşmaqdadır. Qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem yaradılıb və bu elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur. Digər tərəfdən, aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi  barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

- Səlim müəllim, nazirliyin digər fəaliyyət sahələri ilə bağlı hansı yeni layihələr var? Qarşıdakı dövrdə nə kimi yeniliklər gözlənilir?

- Ölkəmizdə sosial-iqtisadi tərəqqi prosesləri demoqrafiya və əhali sakinliyinin inkişafına da öz müsbət təsirini göstərir. Son 20 ildə Azərbaycan əhalisinin sayı 26% artaraq  9,6 milyon nəfərə çatıb. Hazırda ölkə əhalisinin illik artım tempi 1,3% təşkil edir. Körpə və uşaq ölümü halları müvafiq olaraq  2,3 dəfə və 3,5 dəfə azalıb, doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Bu müsbət demoqrafik tendensiya nəzərə alınmaqla nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın layihəsi hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Bu Proqram ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdıracaq.

Eyni zamanda "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı"nın layihəsi hazırlanır. Layihənin hazırlanmasında ahılların layiqli həyat sürmələri ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalar əsas götürülür.  "Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya"nın layihəsi də bu ilin oktyabrında artıq hökumətə təqdim edilib. Layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət sifarişlərinin verilməsi və s. kimi mühüm yeniliklər nəzərdə tutulur. Strategiya qəbul edildikdən sonra onun icrası üçün Dövlət Proqramı hazırlanacaq. Sosial tərəfdaşların qarşılıqlı fəaliyyətinin sistemli şəkildə qurulması üçün yaradılacaq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi isə daha təkmil variantda hökumətə təqdim olunub.  "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları"nın təkmilləşdirilməsi üçün də müvafiq işlər aparılır. Digər tərəfdən, "Dəyişdirilmiş Avropa Sosial Xartiyası"nın qadın və kişilərə bərabər imkanlar prinsipinə uyğun olaraq, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğv olunması, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunması üçün əmək qanunvericiliyində dəyişiklik edilməsi gözlənilir.

Bildiyiniz kimi, nazirliyin sifarişi ilə icra olunan layihələr çərçivəsində müxtəlif bölgələr üzrə 1500 nəfərdən çox uşaq sosial xidmətlərlə əhatə olunub. Bu xidmətlərin monitorinqi və qiymətləndirilməsi mexanizminin  təkmilləşdirilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə sosial xidmətlərə dair minimum standartların hazırlanmasına başlanılıb. Qarşıdakı dövrdə yeni layihələrdən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqı ilə "Sosial xidmət sahəsinin inkişafı" üzrə Tvinninq layihəsinin reallaşdırılması da nəzərdə tutulur. Layihə üzrə keçirilən müsabiqə zamanı Avstriya təcrübəsinin daha mütərəqqi olması səbəbindən bu ölkə ilə sosial xidmətlər sahəsində əməkdaşlıq edilməsi qərara alınmışdır.

Son olaraq bildirim ki, yola salmağa hazırlaşdığımız 2014-cü il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycana bəxş etdiyi yeni mühüm nailiyyətlərlə zəngin bir il kimi tarixə yazılacaq. Biz növbəti 2015-ci ilə Vətənimizin, dövlətimizin əldə etdiyi bu möhtəşəm uğurlarla gedirik və bu, gələcəyə daim nikbin duyğularla, inamla baxmağa əsas verir. 

 





24.12.2014    çap et  çap et