525.Az

Dövlət gənclərə, gənclər dövlətə dəstək!


 

ORXAN CAHANGİR: "HEÇ BİR YENİYETMƏ ƏSMƏRİN VƏZİYYƏTİNDƏ OLMAQ İSTƏMƏZ"

Dövlət gənclərə, gənclər dövlətə dəstək!<b style="color:red"></b>

Statistikaya görə erkən yaşda ailə həyatı quran qızların boşanma faizi daha çoxdur. Bu, əsasən, Azərbaycanın cənub bölgəsi üçün xarakterik olan bir problemdir. Qeyd edək ki, sonradan böyük fəsadları ilə yadda qalan erkən nikahlardan gənc, yeniyetmə qızlarımızı qorumaq üçün dövlət və təşkilatlar səviyyəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, bu problemdən xalqı azad etmək üçün gənclərimiz də böyük əmək sərf edir. Müsahibim aktyor, teleaparıcı, istedadlı gənc Orxan Cahangir də maarifçi, təşəbbüskarlar sırasında ən fəallardandır. O, yazdığı "Çıxış" pyesi əsasında "Erkən nikahla bağlı interaktiv teatr üslubunda tamaşa" layihəsi hazırlayaraq ölkənin müxtəlif bölgələrində səhnələşdirərək valideynləri öz övladlarını bu cür bəlalardan qorumağa çağırıb. Gənclər Fondunun dəstəyi ilə təqdim olunan tamaşaya rayonların hər birində yeniyetmələr tərəfindən kifayət qədər maraqla qarşılanıb və onlar məsələdən çıxış yollarını səhnədə oynamağa çalışıblar.

- Orxan bəy, bildiyimə görə, siz həm aktyorluq, həm aparıcılıqla məşğulsunuz. Fəaliyyətinizi ümumi xarakterizə edərdiniz...

- Bəli mən həm aktyor, həm də aparıcıyam. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor Sənəti fakültəsində "Dram,Teatr və Kino Aktyoru" ixtisası üzrə təhsil alaraq "Fərqlənmə" diplomu ilə məzun olmuşam. Universitetdə təhsil aldığım dövrdə Gənc Tamaşaçılar teatrında, "Planeta Parni iz Baku" KVN Teatrında, "British Council"in teatr üslubunda "Forum" layihəsində çalışmışam. Hərbi xidmətdən sonra 2009-cu ildə karyeramı regionlarda yüksəltmək qərarına gəldim. Yolumu Lənkərana saldım. Bir aktyor olaraq ilk getdiyim yer Lənkəran Dövlət Dram Teatrı olub.  Sağ olsunlar ki, məni isti münasibətlə qarşılayıbar. Növbəti məkan  Lənkəranda fəaliyyət göstərən Cənub Regional Televiziyası olub. Orda məni aparıcı kimi işə götürüblər.  Artıq 5 ildən çoxdur ki, televiziya sahəsində çalışıram. Bu illər ərzində 15-ə yaxın layihənin aparıcısı, bəzilərinin layihə rəhbəri və rejissoru olmuşam. Televiziyamızın demək olar ki, əksəriyyəti gənclərdən ibarətdir. Aktyor kimi bir sıra filmlərdə və kanalların birində yayımlanan "Sevginin göz yaşları" serialında baş rolu canlandırmışam.

- Hansı layihələr üzərində işləmisiniz ?

-Bir çox layihələr həyata keçirmişəm. Cənub Regional Televiziyasında "Zəka" Məktəblilərarası bilik çempionatının layihə rəhbəri, rejissoru və aparıcısı olaraq Lənkəranda fəaliyyət göstərən 16 məktəbi əhatə edən bir layihə işləmişəm. Addım Yaradıcı Gənclər Assosiasiyasının "İnsan hüquqları"na dair qısa metrajlı film müsabiqəsində iştirak etmişəm. Həmin müsabiqədə rejissoru olduğum  "Gəlincik"  filmi birinci yerə layiq görülüb.  Elə bu təşkilatla başqa layihələrdə əməkdaşlıq etmişəm.

- Eyni zamanda, Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən nikahla bağlı interaktiv teatr üslubunda tamaşa" layihəsinin hazırlanmasında da əməyiniz olub. Bu layihələrin aktuallığı, sosial əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olar.

-Mən hər zaman yenilik axtarışında olmuşam. Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə sıx əməkdaşlıq etdiyim üçün demək olar ki, bütün layihələrində iştirak etmişəm. Gənclər Fonduna layihə vermək qərarına gələndə qarşıma bir məqsəd qoymuşdum. Bu layihə Gəncləri maarifləndirsin. "Erkən nikahla bağlı interaktiv teatr üslubunda tamaşa" layihəsi vasitəsi ilə biz olduğumuz 6 rayonun hər birində kifayət qədər tamaşaçı toplaya bildik. Demək olar ki, hər birində 200-300 məktəbli iştirak edib. Bu layihənin elə müsbət tərəfi də tamaşaçının iştirakçıya çevrilməsidir. Cənub bölgəsinin problemlərindən biri erkən nikahdır. Biz də öz növbəmizdə bu problemin həlli istiqamətində belə bir addım atmış olduq. Təqdim olunan tamaşanı izləyən heç bir yeniyetmə əsərin qəhrəmanı Əsmərin vəziyyətində olmaq istəməz. Elə buna görə valideynləri tərəfindən erkən ailə həyatı qurmağa sövq edilən zaman öz haqq səsini qaldırıb etiraz edər. Öz təhsilini, gələcəyini və ən əsası cəmiyyətdə bir gənc kimi formalaşmasını valideynlərinə başa salar. Mənim bu layihəm Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Bununla yanaşı, Cənub Regional Televiziyası məlumatın yayılmasında, Lənkəran Dövlət dram Teatrı məşqlərin keçirilməsində  böyük dəstək olub. Ən əsas məsələ kimi olduğumuz hər bir rayonda bizim maraqla qarşılanmağımızı qeyd etmək istəyirəm. Xüsusilə, Biləsuvar rayon icra hakiminin müavini Xəyalə Qəmbərovanın şəxsən bizim layihədə iştirak etməsi məni çox sevindirib. Eyni zamanda, Xəyalə xanım bizə nöbəti layihələrdə də dəstək olacağını bildirib.

- Orxan bəy, eyni zaman çərçivəsində müxtəlif peşə fəaliyyətləri ilə məşğul olmaq sizə çətin deyil?

-Hal-hazırda Cənub Regional Televiziyasında "Bir cənub səhəri" verilişinin aparıcısıyam. Gələcək planlarım həddindən artıq çoxdur. Sosial video-çarxlar hazırlamaq istiqamətində iş aparıram. Təbii ki, bu işi həyata keçirmək üçün maliyyə dəstəyi olmalıdır.  Düzdü, bəzilərinin artıq ssenarisini yazmışam və öz hesabıma çəkmək fikrindəyəm. Lakin vəsait tapa bilsəm sosial yönümlü layihələrimi də reallaşdıra biləcəm. Ən böyük planım isə rejissor kimi Lənkəran Dövlət Dram Teatrında tamaşa hazırlamaqdır. Mən Azərbaycan gənclərinə hər zaman dəstək olan Gənclər Fondunun növbəti qrantı üçün də layihə hazırlayıram.

- Dövlət gənclərlə bağlı siyasət həyata keçirir. Onların təşkilatlanması üçün kifayət qədər şərait yaradılıb. Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Bu sizin timsalınızda gəncləri arzuolunmaz qayğılardan azad edə bilir?

- Azərbaycanda uğurla davam etdirilən gənclər siyasətini bir gənc olaraq çox yüksək qiymətləndirirəm. Gənclərin öz bilik və bacarıqlarını, daxillərində gizlənən potensiallarını effektli şəkildə üzə çıxarmaları, cəmiyyətdə layiqli yer tutmaları üçün gənclərə göstərilən qayğı, yaradılan şərait əvəzsizdir. Artıq dövlət və özəl idarələrdə kollektivin böyük bir qismi gənclərdən ibarətdir. Sadəcə, gənclər daha fəal olmalıdır. Bu cür imkanlar hər bir ölkədə təqdim olunmur.  Bu gün fürsət bizim əlimizdədir. Zaman isə dayanmır. Elə etmək lazımdır ki, vaxt bizim əleyhimizə işləməsin. Gələcəyimizin təminatını özümüz yaratmalıyıq. Bu gün Gənclər Fondunun 3 yaşı tamam olur. Mən sevinirəm ki Azərbaycanda gənclərin potensialını ortaya qoyan və daima onlara dəstək olan qurum fəaliyyət göstərir. Gənclər Fondu mənim illərdi həyata keçirmək arzusunda olduğum interaktiv tamaşa üslubun reallaşmasında maliyyə dəstəyi ayırıb. Onlar mənim kimi minlərlə gəncə öz ideasını reallaşdırmağa kömək olurlar.  Bizim kimi gənclərə nə lazımdır? Şərait və mühit. Hər ikisi də var. Mədəniyyət adamı olduğum üçün onların bu sahədə təşəbbüslərini diqqət mərkəzində saxlayıram. Sevinirəm ki, Azərbaycanın ayrı-ayrı rayonlarında istedadlı gənclərə şərait yaradırlar. Gənclər Fondunun  əməkdaşlarının  biz gənclərlə münasibətləri də çox xoşdur. Əgər yaradıcı işlərlə məşğul olan təşkilat yarada bilsəm daima Fondla daha yaxından əməkdaşlıq edəcəm. Çünki 29 yaşım gələn il tamam  olacaq. Və mən fərdi şəxs kimi daha layihə təqdim edə bilməyəcəm.

- Təşəbbüskar və yenilikçi gənc olaraq gələcək planlarınız nədir?

- Ən böyük istəyim Azərbaycanda İnteraktiv Teatr yaratmaqdır. Bilmirəm, bəlkə nə vaxtsa bu arzum reallaşacaq. Bu teatr üslubu ənənəvi tamaşalardan tamam fərqlidir. Burada tamaşa bitəndən sonra tamaşaçı səhnəyə çıxıb rol da oynaya bilir. Bu çox yaxşı bir haldır. Mən Lənkəranda yaradıcı gəncləri bir araya yığmaq üçün Qeyri-Hökumət Təşkilatı yaratmaq istəyirəm. Ətrafımda kifayət qədər istedadı olan gənclər var. Əgər belə bir təşkilat yarada bilsək, bu qədər yaradıcı insanı bir araya yığa biləcəyik. O zaman sözün əsl mənasında həmin gənclərin öz potensiallarını üzə çıxara bilmələri üçün hərtərəfli şərait yaranacaq.

Ceyhun ABASOV

 





24.12.2014    çap et  çap et