525.Az

Lermontov irsinin Bakı təntənəsi


 

Lermontov irsinin Bakı təntənəsi<b style="color:red"></b>

Heydər Əliyev Mərkəzində "M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi" mövzusunda dəyirmi masa keçirilib. Böyük rus şairinin 200 illik yubileyinə həsr olunan dəyirmi masa Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilib.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açaraq iştirakçıları salamlayıb, Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən danışıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, dünya ədəbiyyatı tarixində ən gənc klassiklərdən birinin - taleyin cəmi 13 illik yaradıcılıq nəsib etdiyi Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyi geniş qeyd edilir. Lermontovun poeziya, nəsr və dramaturgiya sahəsində yaratdığı əsərlər ona dahi yazıçılar sırasına daxil olmaq hüququ verib.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanda Rusiya ilə mədəni əlaqələr nəinki qorunub saxlanır, həmçinin daha da inkişaf etdirilir. Orta və ali məktəblərdə rus dili öyrənilir, rus teatrları fəaliyyət göstərir, rus dili və ədəbiyyatı üzrə müsabiqələr keçirilir. Nazir M.Y.Lermontovun bu sözlərini xatırladıb ki, fransız dili Avropada nə qədər əhəmiyyət kəsb edirsə, Azərbaycan dili də Qafqazda o qədər əhəmiyyətlidir.

Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılı "M.Y.Lermontov və Azərbaycan: mədəniyyətlərin qavranılmasından qarşılıqlı nüfuz etməsinə doğru" mövzusunda məruzə ilə çıxış edib. 

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, REA-nın Rus Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru Vsevolod Baqno, Dövlət Ədəbiyyat Muzeyinin direktoru, professor Dmitri Bak, M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova dəvətə görə Heydər Əliyev Fonduna təşəkkür edərək bildiriblər ki, cari ildə Rusiyada M.Y.Lermontovla bağlı tədbirlər keçirilir. Yeni sərgi, tədqiqat, nəşriyyat layihələri klassikin bioqrafiyasının məlum olmayan faktlarına həsr edilib. Tarxanıda, Peterburqda, Pyatiqorskda geniş yubiley ekspozisiyaları açılıb.

Moskvada M.Y.Lermontovun pansionda olduğu və Moskva Universitetində təhsil aldığı zaman Malaya Molçanovkada yaşadığı ev üç illik bərpa işlərindən sonra yenidən açılıb.

M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova Heydər Əliyev Mərkəzindəki muzeyə valeh olduğunu bildirib.

Lermontovlar nəslinin ağsaqqalı, "Lermontov irsi" Assosiasiyasının prezidenti, RF İctimai Palatasının Mədəniyyət, incəsənət, yaradıcılıq və mədəni-tarixi irs üzrə komissiyası sədrinin birinci müavini, Moskva İctimai Palatasının Mədəniyyət Komissiyasının rəhbəri Mixail Yuriyeviç Lermontov "Lermontovlar: şotland mənşəli rus nəsli" adlı məruzəsində şairin ata-babalarının və sonrakı nəslinin nümayəndələrinin həyatından maraqlı faktlar gətirilib, şəcərəsi barədə məlumat verib.

Sonra diskussiyalar olub. Diskussiyalarda millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər, görkəmli şairə aid sərgi ilə tanış olublar.

Sərgi üç bölmədən - "Rəssam Lermontovun əsərlərinin reproduksiyası", "Şairin bədii surəti uşaqların gözü ilə", "Lermontov şəxsiyyətinin və onun ədəbi yaradıcılığının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimləri tərəfindən təqdimatı"ndan ibarətdir.

S.ABDULLAYEVA

 





24.12.2014    çap et  çap et