525.Az

Almaniyanın Yena şəhərində Azərbaycan Mədəniyyəti Günü


 

Almaniyanın Yena şəhərində Azərbaycan Mədəniyyəti Günü <b style="color:red"></b>

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində Azərbaycan Mədəniyyət Günü keçirib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən "525"ə bildirilib ki, Fridrix Şiller adına Yena Universitetində təşkil olunmuş tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər millətlərdən tələbələr, eyni zamanda, yerli sakinlər iştirak ediblər.

Assosiasiyanın sədri Alı Adıgözəl Azərbaycanın tarixi haqqında iştirakçılara ümumi məlumat verib. O, Azərbaycanın dünyada gənc ölkə kimi tanındığını, lakin tarixi dövlətçilik ənənələrinə malik olduğunu bildirib. Sonra təşkilat üzvləri Azərbaycan haqqında təqdimatla çıxış ediblər. Almaniyalı tələbə Pia Plappert Azərbaycan idmanı haqqında hazırladığı təqdimatı nümayiş etdirib. O, ölkəmizi tanımasında Azərbaycanda keçirilən beynəlxalq yarışların böyük rolu olduğunu qeyd edib. P.Plappert ölkəmizin idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə də ətraflı məlumat verib. O, Azərbaycanı Avropada uğurla təmsil edən "Qarabağ" futbol klubunun adını xüsusi vurğulayıb. "Qarabağ" klubunun ev oyunlarını Bakıda keçirdiyini deyən almaniyalı tələbə bunun Dağlıq Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu vurğulayıb.

Azərbaycan haqqında təqdimatdan sonra iştirakçılar arasında kiçik viktorina keçirilib və qaliblərə ölkəmizlə bağlı hədiyyələr verilib. Sonda tələbələrin ifasında Azərbaycan milli rəqsləri təqdim edilib. Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, fotolar və milli geyimlərlə tanış olublar.

S.ABDULLAYEVA

 





24.12.2014    çap et  çap et