525.Az

"Aydınlığa doğru" İctimai Birliyi Sara Oğuzu yad edib


 

"Aydınlığa doğru" İctimai Birliyi Sara Oğuzu yad edib<b style="color:red"></b>

Milli İncəsənət Muzeyində "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü yazıçı, ssenarist, sənətşünas, əməkdar incəsənət xadimi Sara Oğuzun (Nəzirova) 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Mərhum yazıçının yaxın dostlarının, onun sənətini sevənlərin, o cümlədən tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutan gecədə Sara Oğuzun həyatının müxtəlif anlarını əks etdirən film nümayiş etdirilib.

Tədbirdə yazıçı-dramaturq Əli Əmirli onun incə ruhlu bir insan kimi sənətə bağlılığından, həyata fəlsəfi yanaşma tərzi, hər adi şeydə belə bir gözəllik axtarmaq cəhdindən danışıb.

Bildirilib ki, onun təsviri incəsənətə aid əsərləri bir çox dillərə tərcümə olunaraq, Çexiya, Çin, Hindistan, ABŞ və başqa ölkələrdə çap olunub. UNESCO-nun 1996-cı ildə dərc olunan almanaxında S.Oğuzun "Kəpənək əsri" povesti çap edilib.

Teatrın səhnəsində Sara Nəzirovanın "Nağılını göstər", "Qayığ", "Mərd körpüsü" və "Sözün sehri" əsərləri tamaşaya qoyulub.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sara xanımın ssenarisi əsasında "Batmış şəhərin incəsənəti", "Nar nağılı", "Qəsd", "Dost dosta tən gərək" və s. filmləri çəkilib.

Diqqətə çatdırılıb ki, Yunanıstanda keçirilən Beynəlxalq festivalda Sara xanımın "Üfüqü ötənlər" filmi UNESCO-nun medalına layiq görülüb. Onunla bir neçə film üzərində işləyən kinorejissor, əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə Sara Oğuzun çoxsahəli zəngin yaradıcılığından, dostlara səmimi münasibətindən ürək dolusu söhbət açıb, onunla bağlı xatirələrini bölüşüb.

Sonda sənətkarın bacısı Sürəyya Nəzirova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirilib.

S.ABDULLAYEVA

 





24.12.2014    çap et  çap et