525.Az

Dünyadan bir şair keçdi, yaxud dərviş qiyafəli şeirlər


 

Dünyadan bir şair keçdi, yaxud dərviş qiyafəli şeirlər<b style="color:red"></b>

Bugünlərdə dünyadan köçən şair-publisist Dərviş Cavanşiri tanınmış nasir Əlabbasın bir yazısı ilə yad edirik. Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlayan, əvvəlcə Cavanşir Eloğlu, sonradan isə Dərviş Cavanşir imzası ilə çap olunan Cavanşir Musa oğlu Məmmədov 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1996-cı ildən Jurnalistlər Birliyinin üzvü idi. Dərviş Cavanşir 2014-cü il dekabrın 15-də 60 yaşında vəfat etdi, Bakının Hövsan qəsəbəsində torpağa tapşırıldı.

Bineyi-qədimdən ona Cavan demişəm, hərçənd heç cavan gününü görmədim. Otuz-otuz beş il əvvəl olduğu kimi, son günlərinəcən də canla cavanlıq eləməyindən əl çəkmədi. Amma axır vaxtlarında ona bu adla müraciət etsəm, yəqin, üzə vurmasa da, qəlbində inciyərdi; nə vaxtdandı bir dərviş həyatı yaşayır və deyirdi ki, təxəllüsünə çevrilmiş bu ismi ona böyük mürşidi Əbülfəz bəy verib.
 
Fəziləti nədədi Dərviş adının, bilmədim, bəlkə bunu aramağa bir gərək də yox, intəhası bu dünyanın daşı necə qoyulubsa, tərs kimi bir çox şey elə addan başlanır... Məni çaşdıran da odu ki, bu gün Dərviş adına iddia edənlərin sayı bir deyil, beş deyil, nağdı üçünü  mən tanıyıram: Vəli Xramçaylı, Murad Köhnəqala, Cavanşir Eloğlu... Amma Tofiq Qaraqayanın, Alhüseyn Cavadoğlunun, Əlizadə Nurinin, Əlisəmid Kürün,  Yafəs Türksəsin, Aydın Uluxanlının, Rüstəm Behrudinin, Adil Mirseyidin, Rəfail İncəyurdun, Şaiq Vəlinin, Əhməd Oğuzun, Avdı Qoşqarın, Kəramətin bizim Dərvişlərdən fərqi nədədi, onu da ayırd eləyə bilmirəm. Bəlkə buna görə hərdən elə bilirəm şairlik də elə bir cürə dərvişlikdi! Yaxud əksinə, dərvişlik elə şairlikdi, əsl şair işidi. 

lll

Bir yarpaq xatirə: 1976-cı ildi. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində Əkrəm Əylisli və Ramiz Rövşənlə görüş keçirilir. Sona yaxın qara sağanaqlı eynəyini alnının ortasınacan qaldıran dərvişlibas bir tələbənin xitabət kürsüsündən gələn səsi az qalır pəncərənin lay şüşələrini yerə töksün:

Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına,
Qoy dolanım, Vətən, sənin başına
Deməsinlər, pərvanəsi çatışmır.   

Ramiz Rövşən olan yerdə şeir oxumaq? Özü də otuz il əvvəl? Bəlkə də ovaxtkı o gurultulu alqışlar məhz hər oğulun edə bilmədiyi cəsarətin layiqli dəyəri olduğu üçün yaddaşımda belə ilişib qalıb?..
Görüş başa çatar-çatmaz, söz-sənət fakültəsinin bahadırları məşvərətə başladı, nə başladı... Qatı siqaret tüstüsündə daha hansı fikirlər qaldı səslənməsin: "Əla təbi var, Vətən təəssübünü yaxşı poetikləşdirib, pərvanə məsələsi də lap yerinə düşüb, amma azca pafos var, qaça bilsə ondan, əvəzi olmayacaq" və sair.    

Bax belə… Öz sufi inancı ilə əksəriyyətdən fərqli olaraq indi təxəllüsü adından da əvvəldə gələn Cavanşirin dərvişlik deyibən yol başladığını sözdən, sənətdən az-çox başı çıxan öz tay-tuşları  da hələ o vaxt duymuşdular.    

lll

Qarşımda bir kitab var: "Haqdan yanan bir çırağam". Mənim üçün qətiyyən maraqlı deyil ki, bir-birindən dəyərli şeirlər salınmış bu toplu, müəllifinin neçənci kitabıdı, əslində bu elə bir əhəmiyyət də kəsb eləmir, heç Vətən haqdakı o məşhur şeir də bu kitaba daxil edilməyib, amma çox dəqiq inamımdı ki, Cavan sözün köynəyindən məhz o şeirlə keçmişdi və niyəsə o yaddan çıxmayan günlərə qayıtdıqca elə sanıram ki, Əkrəm Əylisli ilə Ramiz Rövşən də o gün o təntənəli mərasimə yaradıcılıq fakültəsinin tələbələri ilə görüşdən də əvvəl, məhz özünü sənətdə sınamaq istəyən bir növcavanı sözün köynəyindən sağ-salamat keçirməyə gəlmişdilər. O illər o qism xeyr-dualar təzəcə qələmə sarılan hər bir yeniyetmə üçün açılan qapılar demək idi. Özü də necə qapılar?!. Yaxşı ki, adam şəklində, insan cildində olan o cür qorxunc və bədheybət qapılardan yoxdu daha... yoxdu...

O yandan da Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi ustadlardan çəkinməyib Vətəni o cür pafosla vəsf eləmək!.. Bu da hər kəsin hünəri deyildi. Hər halda faktdı ki, o şeir az vaxt içərisində 70-ci illərin ikinci yarısının dəbdə olan, indiki ifadə ilə demiş olsaq, ən bərkgedən şeirlərindən birinə çevrildi.
O vaxt o şeiri Cavanşir Eloğlu yazmışdı, bu şeiri isə Dərviş Cavanşir yazıb:       

Tənha, yalqız bir ulu yurd,
Bir mən qaldım, bir quru yurd
İçimdə boz qurd uluyur,
Çölümdə quzu mələşir...

Bunu da:

Gizlədərəm, özgə bilməz,
Çəkərəm gizlicə, bilməz.
Min ağıllı çəkə bilməz
İndi bir dəli dərdimi.

Bunu da:                 

Gözüm könlümə aynadı...
Fələk balamı aldadır,
Qazanımda daş qaynadır,
Daşdan çıxır çörəyim də...

Bunu da Dərviş yazıb:

Köhnə yaram qövr edir,
bağrım olur qan gedir,

Neçə təxti-Süleyman əlində fərman gedir,

Saxlayın bu karvanı...
məndə olan can gedir,
Çərxi dönsün fələyin,
bu nə gərdişdi, keçir?

lll

Mən bu adamı başdan-binadan dərviş libasında görmüşəm. Dəli könlü havalananda da, hətta "bir solan yarpağa söz demək taqəti olmayanda" da... Bəlkə də ondandı ki, qələmindən çıxan nə varsa, bu gün də gözümə dərviş qiyafəsində dəyir, onu həmişə tünlüklərdən, cahıl yığnaqlarından gen gəzən, qərib görürəm. Lap dost-doğmalar arasında, izdiham içində olanda da... Burda heç o fikir yadıma da düşmür ki, şairin sinnini onun şeirlərinin yaşı təyin edir. Ona qalsa, Eloğlu dünənin uşağı olmalıdı. 1976-cı il bəyəm belə uzaq bir tarixdi?! Gördüyüm, bildiyim odu ki, Cavan özünü həmişə bu poeziyanın ögey və qərib balası sanıb. Nəinki tənqidçi və tədqiqatçılar, ən yaxın dostları belə unudub ki, bu adamın neçə yaşı var, hardadı, nə işlə məşğuldu, günü-güzəranı necə keçir? Bax, sorğu-sualın bu yerinə çatanda dərvişlik mənimçün təkcə şairliyin yox, elə insanlığın da, ömrün də bir ali məqamına çevrilir.

Bu adam otuz-otuz beş il əvvəl olduğu kimi, axıracan da başını aşağı salıb öz işini görür, yazı-pozusu ilə vaxt keçirirdi, heç xəbəri də yoxdu ki, ondan min dəfə yaxşı günü, dirriyi olanlara hardasa nəsə verirlər, az da olsa bir diqqət göstərirlər. Eşidəndə də gülür, heyrətdən gözləri dörd olur, deyir, dostlar zarafatcıl olub gediblər, elə də şey olar? 

Bu yerdə şübhəmi qalar ki, "mən qəribin qardaşıyam" kəlmələrini gec-tez ağ vərəq üstə gətirən də elə o duyğu olmayıb?

Hörün məni divarlara,
Divarlar uca görünsün,
O ucalıqdan baxanda,
Bu qapı-baca görünsün.

Ölüm ikilikdən olub,
Dirim dirilikdən olub.
Demə igidlikdən olub
Ürəyim haça görünsə.                  

Çay daşı, çaylaq daşıyam,
Aranda yaylaq daşıyam...
Mən qəribin qardaşıyam,
Qınama qoca görünsəm.

lll

Nə vaxt ki, köynəyinin boynu didilmiş, şalvarının dizi süzülmüş, köhnədəb, enliburun başmağının dabanı yeyilmiş adam görürəm, vacib deyil ki, o, söz-sənət adamı, lap elə şair olsun, niyəsə yadıma Cavanın sözləri düşür:

Şairin ərköyünü fələkdən küsər,
Uşağın ərköyünü çörəkdən...
Ölmüşdü fələyin anası,
Şair nazı çəkə...

Guya, o bu fikrə gəlməzdən əvvəl bilmirdi qələm onu ağ günə çıxaran deyil? Çıxaran idisə, Məhəmməd Hadini, Hüseyn Cavidi, Mikayıl Müşfiqi niyə çıxarmırdı? Hələ o vaxt, cavanlıq dəmlərində anasına yazdığı bitiyin bir yerindəki kəlmələri guya havaya-zada deyirdi?

Ata ocağının nuru, atəşi,
Salam, kövrəkqəlbli, nigaran anam,
Darıxma, qurtarıb bir para işi,
Tezliklə yanına qayıdacağam.

Amma qayıtmadı. İşi qurtarsa da, qayıtmadı. O vaxt ki, daha hər şeyə arxa çevirib, bezib, usanıb qayıtmaq olardı, onda da qarşısını ayrı şey kəsdi:

Cavanşir bir qoca dərviş,
Sənnət almasını dərmiş
Ölümə qalsa, ölərmiş,
Qorxur, düşmən sevindirə.

İndi gəl inan ki, şairi elə bu cür nəsnələr dərviş eləmir... İndi gəl inan ki, bəxt, qismət deyilən şey yoxdu, alın yazısı yalandı... Niyəsə hərdən elə bilirəm, taleyin Cavan qədər sınağa çəkdiyi ikinci bir şair yoxdu yer üzündə! Onu da mən deməmişəm ki:

Mən dərdə, kədərə öyrəncəliyəm,
Hər işi nəhs gələn işgəncəliyəm,
Barı heç olmasa öz əcəliynən,
Ölməyi şairə, nəğməkara yaz.

Əslində günlərin bir günü "Qız ağacı, qoz ağacı" dediyi elə şeir ağacıydı, heç də hamını yarıtmayan şeir ağacı... O da qalmışdı, sözün bir qara quruşcan dəyəri qalmayan günlər ola... 

Bu ağacın cevizi yox,
Gövdəsində bir izi yox.
Bu ağaca selbə atma,
Sənə layiq cehizi yox...

lll

Cavana "uğurlu yol"u ustad Məmməd Araz yazmışdı. Bu, çox və ciddi mətləblərdən xəbər verirdi. Əvvəla, Məmməd Araz hər yetənə təqdimat yazan deyildi, ikinci də, o haqqı Cavan özü qazanmışdı. Öz damarlı şeirləri ilə... Sözə ustad baxışı ilə... Xalq dili xəzinəsindən gərəyincə bəhrələnməklə… və nəhayət, şeirinə xüsusi zinət verən ifadə tərzindəki təzəliklə. Çox güman, məhz elə buna görədi ki, kitabda Cavanın bir dənə də boyatımış şeirini görmədim. Hərçənd min illərlə tarixi olan poeziya ənənələrinə sadiqlik, ola bilsin, bu gün bir çoxuna köhnə gələ bilər və təəssüf ki, gəlir də. Nə etmək olar, bu ki bizdən asılı deyil. Kimin ədəbiyyatda qalıb-qalmayacağını da əski forma, təzə və ya köhnə qəliblər müəyyən eləmir. Tüstüsü düz çıxan mətləblər var ki, yaşı az qala gedib min ilə dayanır, buna nə deyəsən:                      

Əzizim tatar məni,
Qul edib satar məni,
Vəfalı yarım olsa,
Axtarıb tapar məni.

lll

O şey ki, bir zaman Cavanın qələm dostlarını haqlı olaraq əndişələndirirdi, zaman keçdikcə gənclik illərinin od-alovu kimi onlar şeirlərdən öz-özünə çəkilib getdi, o illərin şeirinə xas səs-küyün, ritorikanın yerini təmkin və xoş bir ritm tutdu. Bu, Cavan şeirlərinin çox vacib, fərqli və fərdi bir elementinə çevrildi:

Bu sənsənmi, yoxsa mələk?
Elə bil yuxu görürəm.
Yayını gizlətmə, fələk,
Atdığın oxu görürəm.

Fələk onsuz da hərənin başını bir cür aldadır və bir zaman baxırsan ki, gün qürubdadı. Bəyəm zaman gözümüzün qarşısındaca dostlarımızın azını ikiqat eləyib?

Elə onu da əyə bildikcə əydi, əydi, amma sındıra bilmədi. Əgər haqdan yanan bir çıraqsansa, gərək hər ötərgi bad ilə sönməyindən qorxmayasan - görəsən, Cavanı ayaqda saxlayan bu hiss idi, ya dərvişliyin, necə deyərlər, bir türfə əlaməti də elə budur?..

ƏLABBAS

 





24.12.2014    çap et  çap et