525.Az

"İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür


 

"İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür<b style="color:red"></b>

Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təsis edilməsindən 6 il ötür. Dünən bu münasibətlə keçirilən tədbirdə "İrəli" İB-nin 6 aylıq hesabatı dinlənilib, birliyin yeni loqosu təqdim olunub. Tədbirdə dövlət rəsmiləri, nazirlər, deputatlar və gənclər təşkilatlarının  aktivləri iştirak ediblər.

Tədbirdə çıxış edən təşkilatın sədri Mirhəsən Seyidov "İrəli" İctimai Birliyinin 8 il əvvəl - 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yarandığını xatırladaraq "İrəli"nin yarandığı gündən Azərbaycanda gənclər siyasəti istiqamətində atılan addımlarda yaxından iştirak edir. O deyib ki, ölkə başçısı İlham Əliyevin doğum günündə yaradılan təşkilat onun siyasi kursunu dəstəkləyir və gənclərə qayğısını daim hiss edir: "Təşkilatın əsas məqsədi gənclərimizin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və gənclərin fərdi inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda milli-mənəvi dəyərlərimizin, dövlətçiliyin qorunmasında yaxından iştirak etmək və cənab prezidentin bu istiqamətdə siyasətini dəstəkləmək əsas məqsədimizdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib. Azərbaycanı beynəxalq tədbirlərdə uğurla təmsil edən təşkilat ölkə daxilində də müxtəlif layihələr reallaşdırmaqla dövlət, özəl, biznes və media qurumları ilə yaxından əməkdaşlıq edir. Fəaliyyətimiz dövründə bir çox  beynəxalq təşkilatlar və dövlət orqanları ilə əməkdaşlıq eləmişik. Əməkdaşlıq çərçivəsində bir sıra maarifləndirici layihələr keçirmişik ".

Sonra "İrəli"nin 6 ay müddətindəki fəaliyyəti və görülən işlərin təqdimatı olub. Təqdimatda təşkilatın bu müddət ərzində həyata keçirdiyi layihələr, tədbirlər, seminarlar, xarici səfərlər öz əksini tapıb. Daha sonra təşkilatın loqosunun, korporativ üslubunun və saytının təqdimatı keçirilib.

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, "İrəli" qısa müddətdə ölkədə brendə çevrilib: "Son günlər həyata keçirilən layihələr onu göstərir ki, gənclərdə kreativ düşüncə var və ölkənin digər gəncləri də bu təşkilatda birləşməyə davam edir. Gənclər siyasətinin məqsədi ondan ibarətdir ki, hər bir gənc vətənpərvər olsun. Heç də təsadüfi deyil ki, gənclər siyasətinin həyata keçirilməsində fəal olan bir qurum ölkə prezidentinin doğum günündə təsis edilib. Mən də bundan istifadə edərək cənab prezidenti təbrik edirəm".

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək deyib ki, hazırda Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, ancaq "İrəli" bu təşkilatlar içində özünəməxsus yer tutur və gənclər arasında kifayət qədər nüfuzu var: "Buna görə də ölkənin ən fəal gəncləri bu təşkilatda təmsil olunmaq istəyirlər. Bu fəallığı daim qorumağı arzu edirəm".

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təşkilatı təbrik edərək qeyd edib ki, prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda gənclər siyasəti yeni mərhələyə keçib və gənclərin inkişafına böyük töhfə verilib.

Xatırladaq ki, "İrəli" İctimai Birliyi Azərbaycan Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar,siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Vəfa MƏMMƏDLİ

 





25.12.2014    çap et  çap et