525.Az

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər


 

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər<b style="color:red"></b>

Azərbaycanda son 10 ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra milli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişərək, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaradıb. Prezident İlham Əliyev cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək, islahatların davamlılığını, ardıcıllığını təmin edərək ictimai həyatın bütün sahələrində intibah və tərəqqiyə nail olub. Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, təkcə son 10 ildə ölkə iqtisadiyyatının strukturu müsbət yöndə dəyişərək, çoxşaxəli iqtisadiyyata çevrilib və qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında islahatçı respublika kimi təqdim olunan, MDB ölkələri üzrə lider dövlət statusunu, məxsusi nüfuzunu qoruyan Azərbaycanda sənaye potensialı gücləndirilib, yeni istehsal sahələri yaradılıb, minlərlə obyekt, bir milyondan artıq iş yeri açılıb. Habelə sahibkarlığın inkişafı üçün yeni-yeni imkanlar yaradılıb. Ölkədə əldə edilən nailiyyətlərə öz töhfəsini verməyə çalışan Binəqədi rayonunda da sosial-iqtisadi sahədə parlaq göstəricilər qazanılıb. Son illərdə rayonda abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Binəqədi paytaxt Bakının 12 rayonundan biri olmaqla, 6, 7, 8 və 9-cu mikrorayonları, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May qəsəbələrini əhatə edir. Rayonda beş ərazi icra nümayəndəliyi və beş bələdiyyə fəaliyyət göstərir. Binəqədinin inzibati mərkəzi Rəsulzadə qəsəbəsidir. Ərazisi 170 kvadratkilometrə yaxın olan rayonun əhalisi 253 min 500 nəfərdir. Qeyri-rəsmi məlumatlara görə, qeydiyyatda olmayanlarla birlikdə rayon ərazisində yaşayanların sayı 400 min nəfərdən çoxdur.

Binəqədi rayonu ərazisində respublikanın işğal olunmuş bölgələrindən 57293 nəfər məcburi köçkün məskunlaşıb. Onlardan 7897 ailə, yəni 33008 nəfər rayon qeydiyyatındadır. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, digər problemlərinin həlli ilə bağlı Binəqədi İcra Hakimiyyəti digər dövlət orqanları ilə birlikdə davamlı olaraq tədbirlər həyata keçirir.

Yeni vüsət alan abadlıq-quruculuq işləri

Rayonun yeni rəhbəri Xaləddin İsgəndərov Binəqədiyə icra başçısı təyin olunduqdan sonra rayon ərazisi əsl tikinti meydanını xatırladır. Geniş abadlıq-quruculuq işləri rayon rəhbərliyinin əsas fəaliyyətlərindən birinə  çevrilib. Bunu rayonda yeni nəfəs kimi də dəyərləndirmək olar.

Binəqədidə həyata keçirilən tədbirləri, görülən işləri yüksək dəyərləndirən Prezident İlham Əliyev son illərdə altı dəfə bu rayona səfər edib. Bu səfərlər 26 sentyabr 2012-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılış tədbiri, 30 dekabr 2012-ci ildə Binəqədi məscidinin təməlqoyma mərasimi, 22 aprel 2013-cü ildə Biləcəri qəsəbəsindəki parkın açılışı, 3 iyul 2013-cü ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahının, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının və Heydər Əliyev parkının yenidənqurmadan sonra açılış tədbiri, 30 avqust 2013-cü ildə 135 və 248 saylı məktəblərin yenidənqurmadan sonra açılış mərasimi və 30 sentyabr 2013-cü ildə Binəqədi rayonunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi üçün inzibati binanın açılışı ilə bağlı gerçəkləşib. Səfərlər zamanı dövlət başçısı həm də rayon sakinləri ilə görüşərək onları dinləyib, qarşılaşdıqları problemlərlə maraqlanaraq, daha yaxşı və firavan yaşamaları üçün görüləcək işlər barədə məlumat verib.

"Abad məhəllə" layihəsi

Bildiyimiz kimi, Bakının Şimal giriş qapısı Binəqədi rayonunun ərazisindən keçir. İndi Bakı-Sumqayıt yolunun Biləcəri enişinin sağ və sol hissəsində landşaft memarlıq elementləri ilə aparılan zəngin yaşıllaşdırma işləri, əkilmiş çəmən otu, gül-çiçək kolları və həmişəyaşıl ağaclar, 7 metr diametrində saat kompleksi və digər gözoxşayan mənzərələr  respublikamızın Şimalından paytaxtımıza gələnləri valeh edir.  Bundan başqa, rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma, təmir işləri davamlı olaraq həyata keçirilir. "Abad məhəllə" layihəsi çərçivəsində artıq bir çox yerlərdə abadlıq işləri yekunlaşıb və digər ərazilərdə bu işlər davam etdirilir.

Həll edilən kommunal problemlər

Rayon ərazisində yaşayan əhalinin kommunal problemlərinin həlli daima diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, "Azərenerji ASC", "Bakıelektrikşəbəkə" ASC tərəfindən elektrik enerjisinin yaxşılaşdırılması məqsədilə rayon ərazisində 110 kv-luq 3 yarımstansiyada yenidənqurma işləri və 35-10-6 kv-luq elektrik verilişi xətlərinin yenidən qurulması prosesi həyata keçirilib. Rayonda istilik təchizatının yaxşılaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC tərəfindən 50-dən artıq bina üzrə istilik sistemlərinin yenidən qurulması yekunlaşıb. Sukanal İdarəsinin xidməti ərazisində isə ümumilikdə 117000 p/m-dən çox yeni su xəttləri çəkilib.

Təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə yeni infrastrukturun yaradılması da Binəqədi rayonunda prioritet sayılır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Binəqədi rayonunda 16 məktəbdə, 2 musiqi məktəbində, 13 bağçada  təmir-tikinti işləri başa çataraq istifadəyə verilib. Rayon ərazisində səhiyyənin inkişafı istiqamətində də ciddi dəyişikliklər baş verib. Sulutəpə və 28 May qəsəbələrində həkim məntəqələrinin tikintisi, o cümlədən Binəqədi qəsəbəsində yerləşən 15 saylı poliklinikanın əsaslı təmiri və Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının tikintisini buna misal göstərmək olar.

Təhsilə xüsusi diqqət

Təhsil sahəsi rayon rəhbərliyinin diqqət mərkəzində olan ən vacib məsələlərdəndir. Bu yaxınlarda cari ilin on ayı ərzində Binəqədidə görülən işlərin təhlilinə həsr edilən toplantıda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qanunlara, öz peşəsinə, sənətinə doğru-düzgün yanaşmayan, qanunları pozan müəllimlər, direktorlar barədə qəti ölçü götürüləcəyini vurğulayıb: "Çatışmazlıqlar barədə məlumatlardan xəbərdaram. Orta ümumtəhsil məktəblərində dövlət tərəfindən verilən iş dəftərlərinin pulla satılması faktları var. Bundan başqa, müəllimlər arasında dərs bölgüsü pulla satılır. Məktəb direktorları yaxşı müəllim kimi ad çıxarmış müəllimlərə gəlir mənbəyi kimi baxırlar, imkanlı şəxslərin uşaqları seçilərək həmin müəllimlərə yönəldilir. Özüm bu məsələlərə şəxsən nəzarət edəcəyəm. Binəqədi rayonunda məktəbə gəlir mənbəyi kimi baxan qarşısında məni görəcək. Formalaşma dövründə təhsildən uzaq düşən uşaqlar narkomaniya, cinayətkarlığa meylli olurlar. Bu isə gələcək həyatımıza, kadr seçiminə, müdafiə gücümüzə, ordu quruculuğumuza mənfi təsir edir".

"Təmiz Binəqədi"

Binəqədidə paytaxt və əyalətlər, ümumilikdə respublika üçün örnək ola biləcək tədbirlər sırasında "Təmiz Binəqədi" layihəsini xüsusi qeyd etmək lazımdır. 2014-cü il iyulun 1-dən etibarən rayonu ərazisində mərhələli şəkildə həyata keçirilən "Təmiz Binəqədi" layihəsi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il iyunun 19-da imzaladığı sərəncamla təsdiq edilib və bu məqsədlə Tədbirlər Planı müəyyən olunub. Layihənin məqsədi 2015-ci il iyunun 12-də Bakı şəhərində start götürəcək Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir. "Təmiz Binəqədi" layihəsi təkcə respublikamıza deyil, ondan kənara da səs-səda salıb. Belə ki, qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu internet portallarından sayılan sporajans.com.tr. saytı da "Təmiz Binəqədi" layihəsi barədə məlumat yayıb. "Təmiz Binəqədi" layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində 2014-cü ilin iyul-oktyabr aylarında Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. İyulun  5-də layihənin ilk təqdimatı zamanı 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub.  Ümumilikdə  "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 30 000 ədəd bildiriş hazırlanıb, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə 20 500 ədəd bildiriş paylanılıb. Layihə çərçivəsində rayon ərazisində ümumilikdə 54 ünvanda iməciliklər keçirilib.

Azad biznes mühiti

Rayonda biznes mühitinin daha da dərinləşməsi və sahibkarlığın inkişaf etdirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir. Fond tərəfindən sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir ki, bununla da yeni iş yerləri açılmış olur. Onu da qeyd edək ki, paytaxt rayonları arasında ilk dəfə məhz Binəqədidə sahibkarlığı daha da inkişaf etdirmək, bu sahə ilə məşğul olanlar arasında əlaqəni möhkəmləndirmək məqsədilə sahibkarlar birliyi yaradılaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

Sakinlərin məmnunluğu

Son illər ərzində Binəqədi rayonu ərazisində aparılan abadlıq-quruculuq işlərinin miqyası və görülən işlərin bənzərsizliyi rayon sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Söhbətləşdiyimiz çoxsaylı Binəqədi sakini də görülən işləri yüksək qiymətləndirərək, rayonun intibah dövrünü yaşadığını qeyd etdilər.Təsadüfi deyil ki, görülən işlərlə bağlı vətəndaşlardan İcra Hakimiyyətinə çoxsaylı minnətdarlıq məktubu da göndərilir.

Rayon sakinləri tərəfindən müsbət qiymətləndirilən addımlardan biri də Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq keçirdiyi səyyar görüşlər və "Sakinlərin Müraciət Xidməti"nin yaradılmasıdır. Məlumat üçün qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının 2013-cü il, 13 fevral tarixli Sərəncamı ilə "Sakinlərin Müraciət Xidməti- 1646 (SMX-1646) istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. Heç şübhə yox ki, Sakinlərin Müraciət Xidmətinin yaradılması dövlət orqanları ilə əhalinin əlaqələrini möhkəmləndirir, bu orqanlara müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edir.

İsgəndər HƏSƏNOV
Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.

 





25.12.2014    çap et  çap et