525.Az

Möcüzələr dünyasının adamı


 

Möcüzələr dünyasının adamı<b style="color:red"></b>

İnsan sevincinin işığından mənəvi zövq alan həkimlərdən biri də Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmi üzrə fəlsəfə doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Əyyub Şəmil oğlu Məmmədovdur. Əyyub Məmmədovun bu ay 80 yaşı tamam olur.

 Orta məktəbi əla qiymətlə bitirib, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinə daxil olub. Tələbə vaxtından elmi yaradıcılığa meyl göstərib, yeddi elmi iş yazıb. 1956-cı ildə Bakı şəhəri ali məktəbləri arasında keçirilən elmi işlərinin müsabiqəsində üçüncü yeri, 1957-ci ildə Zaqafqaziya ali məktəblərinin elmi işlərin müsabiqəsində ikinci yeri tutub.

Müdriklərin belə bir sözü var: "Dahilər əyalətdə doğulur, paytaxtlarda dəfn olunur". Bu fikir bütün dövrlərdə məntiqini saxlayacaq. Amma mən deyərdim ki, Əyyub həkim bu məntiqin o biri üzünün də olduğunu sübut etdi. Ömrünü paytaxta yox, əyalətə bağladı. 1959-cu ildən 1964-cü ilə kimi Xocavənd rayonunda cərrah-həkim kimi çalışıb. 1964-cü ildən bu günə kimi isə Beyləqan rayonunda yaşayır və işləyir. 1980-ci ilə kimi Beyləqan rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri olub. Əyyub Məmmədovu urbanizasiyanın küləyi şəhərə ata bilmədi. O, axına düşmədi. Gələcək fəaliyyətini ipə-sapa düzüb yola çıxdı. Kənd təmizliyi, əyalət sərbəstliyi onu Bakıya buraxmadı. Sərbəstlik onun üçün hər şeydir. Elə bu əyalət sərbəstliyi onu alim etdi. Əyalət xəstəxanasında cərrah işləyən Əyyub həkim 1970-ci ildən Bakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasına daxil olub. Keçmiş Ümumittifaq Travmatologiya və Ortopediya institutunda elmi işlər aparıb. Dünya şöhrətli alim, tibb elmlər doktoru, professor M.A.Roqovoyun rəhbərliyi  və təklifi ilə "Müasir aspektdə riyazi analizlə kənd təsərrüfatı travmatizm və onun profilaktiki yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Travmatologiya sahəsinin böyük alimləri O.Ş.Buandze, A.S.Kort, E.P.Meqitina, İ.V.Şumada, M.A.Roqovoy alimin elmi tibb elmində mühüm yenilik yaradıb. Krım Tibb İnstitutunun professoru A.P.Skobkin Əyyub Məmmədovun elmi işi haqqında yazıb: "Ə.Ş.Məmmədovun elmi işi müasir travmatologiyanın aktual probleminə həsr olunmuş və bu işin riyazi modeli verilmişdir. Aparılan elmi iş tibb elmində yeganədir".

Əyyub həkim çoxları kimi uşaq fəhmi ilə yaşamışdı. Ömrün hardan gəlib, hara getdiyindən xəbərdar olduğu üçün daim axtarışdadır. Onun tibb elminin müxtəlif sahələrinə aid xeyli səmərələşdirici təklifləri var. Özü də bu təkliflər bütün zamanlar üçün faydalıdır. Həkim kənd təsərrüfatı mikrotravmalarında praktiki məqsəd üçün aparat da yaratmışdır. Ancaq həkim etiraf etdi ki, onun yaratdığı aparat Paykinin metodunun motifikasiyasıdır. Əyyub Məmmədov 87 elmi işin, 3 monoqrafiyanın müəllifidir. 2 ixtirası, 3 səmərəli təklifi var. 87 elmi işin 18-i xarici ölkələrdə elmi jurnallarda çap olunub.

1980-ci ildən 1992-ci ilə kimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləsə də bütün fəaliyyətini elmi yaradıcılığa yönəldib. Elə buna görə də 1992-ci ildə "Bilik" cəmiyyətinin təsis etdiyi Y.Məmmədəliyev adına mükafatın lauratı olub, dəfələrlə Respublika Səhiyyə Nazirliyinin Fəxri Fərmanını alıb.

Millətini sevən həkim kimi onu Qarabağ müharibəsi çox narahat edir. O, dəfələrlə Xocavənd və Füzuli rayonlarının döyüş bölgələrində olub, döyüşçülərimizə maddi, mənəvi və tibbi yardım göstərib. İki qaçqın ailəsini daimi himayəsinə götürüb. Bütün bunlarla yanaşı elmi işini davam etdirir.

Hazırda "Ahıl və qoca yaşlarda qarın boşluğunun kəskin cərrahi xəstəliklərində müasir taktika" mövzusunda doktorluq dissertasiyasını yazaraq, Kiyev Elmi-Tədqiqat - Heriantologiya İnstitutunun elm şurasına təqdim edib. Bu günə kimi Moskva, Kiyev, Alma-Ata, Daşkənd, Tiflis, Kutaisi və Budapeşt şəhərlərində keçirilən Beynəlxalq konfranslarda, qurultaylarda, simpoziumlarda elmi məruzələrlə çıxış edib.

Ə.Məmmədov indiyədək dövri mətbuatda və elmi-praktiki jurnallarda 500-dən çox elmi, elmi-publistik məqalələr çap etdirib. 2006-cı ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Respublika Alimlər İttifaqının, Ziyalılar Cəmiyyətinin, Jurnalistlər birliyinin üzvüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2007-ci il tarixində Ə.Məmmədova Respublikanın Əməkdar Həkimi fəxri adı verilib. Əyyub Məmmədov Rusiya Cərrahlar Cəmiyyətinin və Azərbaycan Cərrahlar Assosiyasının üzvüdür. Ali dərəcəli cərrahdır.

Təcrübəli həkim daima axtarışdadır. Doktorluq dissertasiyasında iki yadda qalan səmərəli  təklif verib. Ahıl və qoca yaşlarda cərrahiyyə əməliyyatından sonra toxumalarda tez qidalanma tam olmadıqda yaralarda tez aralanma baş verir ki, bu da pis nəticə verir. Ona görə təkrar cərrahiyyə əməliyyatına ehtiyac olur.

Əyyub Məmmədov təkrar cərrahiyyə əməliyyatlarında tikişlər qoyulmasına etdiyi səmərəli təklif müsbət nəticə verib. Eyni zamanda qarın boşluğunda qoyulmuş drenaj trubkaların qoyulmasında müsbət təklif verib ki, bu gün geniş istifadə edilir.Bundan başqa Əyyub Məmmədovun təklifilə yanıqların müalicəsində parafin aplikasiyası ilə lokal müalicəsi aparılır.

Əyyub həkim dünyanın bir çox elm adamları ilə əlaqə saxlayır, onların yeni elmi işlərini öyrənir. Parisdə, Nyu-Yorkda, Alma-Atada, Londonda çalışan elm adamları ilə əlaqə saxlamağa, onlardan öyrənməyə üstünlük verir, Kiyevdə onun çox sayda alim dostları var. Əyyub həkim deyir ki, həyatda nə əldə etmişəmsə, ömür yoldaşım Məleykə xanıma borcluyam. Cərrahlıq çətin və əziyyətli sənətdir, o işə dözmək, onu qəbul etmək hər kəsin işi deyil. Xüsusilə cərraha layiqli həyat yoldaşı olmaq  hər qadının işi deyil: "Məleykə xanım mənim bütün əziyyətlərimi çəkib, mənə arxa durub, elə olub ki, mən bütün gecəni əməliyyat otağında işləməli olmuşam. Məleykə xanım səhərə qədər yatmayıb, yuxusuz qalıb və məni gözləyib. Həmişə mənim sağlamlığımı qoruyub. Ona minnətdaram".

Ümumiyyətlə, Əyyub həkim vaxtını mənasız keçirməz, hər dəqiqəsinin qədrini biləndir. O, eyni zamanda jurnalistika ilə məşğul olur. Böyük şəxsiyyətlər haqqında maraqlı publisistik yazılar yazır, elmi məqalələr yazıb dərc etdirir. Ona görə də nəvəsi Fidana jurnalistika ilə maraqlanmağı və təhsil almağı məsləhət görüb. Fidan hazırda Qərb Universitetində Jurnalistika fakultəsinin IV kursunda oxuyur. El-oba arasında böyük nüfuz sahibi olan el həkiminin hörməti birinci ailədən başlayıb: gözəl və səmimi ailə başçısıdır. Üç övlad tərbiyə edib, boya-başa çatdırıb. Ziyalı mühitini ailədə qoruyub saxlayıb. Qızı Yaqut müəllimə, Təranə həkim, Xuraman sosioloqdur. 4 nəvəsi var. İkisi hüquqşünasdır, biri jurnalist, sonuncu isə Polis Akademiyasında hüquqşünas olmaq üçün təhsil alır.

Əyyub Şəmil oğlu Məmmədovu 80 yaşı, əmək fəaliyyətinin 55 ili münasibətilə dostları, övladları və əzizləri ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni uğurlar arzulayırlar.

Q.S.QARAYEV,
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

 





25.12.2014    çap et  çap et