525.Az

Yeni yaradılmış akademiyanın ilk rektoru kimdir?


 

Yeni yaradılmış akademiyanın ilk rektoru kimdir?<b style="color:red"></b> Dünən prezident İlham Əliyev Timurçin Əfəndiyevin Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam verib.

Yeni yaradılmış akademiyanın ilk rektorunun həyatı və fəaliyyət haqqında məlumatı oxuculara təqdim edirik.

Əfəndiyev Timuçin İlyas oğlu 1945-ci il iyulun 17-də Bakı şəhərində tanınmış alim və ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. 7 saylı orta məktəbi (1952-1963) bitirdikdən sonra o, 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. 1968-ci ildə universiteti bitirdikdən sonra Respublika Gənclər Təşkilatında çalışıb. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunub, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib və elmlər namizədi adını alıb.

Elə həmin ildən Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyasında elmi katib vəzifəsində çalışıb.

Timuçin Əfəndiyev 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyir. O, burada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsi tutub, 1987-ci ildən isə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olub. 1987-2014-cü illərdə Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. O, 1999-cu ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifərində çap olunan Timuçin Əfəndiyev rektor vəzifəsində çalışdığı dövrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti simpoziumlarda məruzəçi kimi iştirak edib. O,Azərbaycanda və xaricdə nəşr olunmuş bir çox kitabın, monoqrafiya və elmi məqalələrin müəllifidir. Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını ardıcıl davam etdirir.

Azərbaycan sovet ədəbiyyatının aktual nəzəri və ədəbi-tarixi problemləri ilə məşğul olur. "Tanıtım" jurnalı redaksiya heyətinin və Türkiyə "Vəqfi"nin üzvüdür (1991).

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 10 dekabr 2013-cü ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor vəzifəsindən azad edilib.

T. Əfəndiyev Xalq yazıçısı İlyas Əfəndiyevin oğlu, baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin isə qardaşıdır.

Lent.az
 





27.12.2014    çap et  çap et