525.Az

“İçimdə iman evi var...”


 

 “İçimdə iman evi var...” ŞAİR RÜSTƏM BEHRUDİNİN 55 YAŞI TAMAM OLUR 

Müsahibələrinin birində özünü “Payız adamı” adlandıran, əsərlərinin əksəriyyətinin xəzan dövrünün məhsulu olduğunu deyən dəyərli şairimiz Rüstəm Behrudi bu gün 55 yaşını qeyd edir.   1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində dünyaya gələn türkçü, millətçi, şaman ruhlu şair təkcə doğulduğu və məşhurlaşdırdığı kəndin adı ilə deyil, həm də dillər əzbərinə çevrilən çoxsaylı şeirləri ilə oxucularının ürəyində “dəli ruzgar” kimi əsdi.   

Mən dəli ruzgar kimiyəm,
Hamıya sirrim bəllidir.
Əsib keçirəm, nə doğum, 
Nə ölüm yerim bəllidir. 

Nə yerdi gəldim dayandım,
Heç kim dəyməzmiş heç nəyə...
Getməyə gücümmü bitdi,
Yollarmı bitdi getməyə.. 

Şairlik həm də cəsarətdi, zamana, dövrə, bəzən Tanrıya belə, üsyandır, haqq axtarıb tapmayanda haqsızlığa, yersiz doqmalara, yadlaşan doğmalara hayqırmaqdır, tənhalığa sığınmaqdır. Başqalarının iman, inam, inanc fəlsəfəsindən qaçıb da öz fəlsəfəsini yaratmaqdır. Şair həmişə kədərlə yol yoldaşı olur. Şairin son sığınacağı, son durağı tənhalıqdır. Bəzən o sığınacağı da şairə çox görürlər. Bəlkə elə bu səbəbdən də Rüstəm Behrudi şeirlərinin birində ümumiyyətlə YERdən üzülüşməyi çıxış yolu kimi seçir:   

Ey mənə kafir söyləyən,
Çağır, qoy görsün hər kəsi.
İçimdə iman evi var,
Kədərdəndi minarəsi. 

Tanrım, uduza-uduza
Çevirdin məni yalqıza.
Apar bir soyuq ulduza 
Dalımca heç kim gəlməsin... 

Rüstəm Behrudi şaman dualarını yaddaşlara yazan şairdir. Onun şeirlərinin əksəriyyəti Tanrıya ünvanlanır. Ya konkret müraciəti, ya da sətiraltı mətləbi ilə. Rüstəm Behrudi hələ indi- indi ömrünün beşinci onilliyinin beşinci ilinin dizini yerə gətirir. Amma o həm də bütün böyük şairlər kimi doğuluşdan qoca kimi müdrikdir, müdrik kimi təvazökardır:  

Köhnədən köhnədir dünyada hər şey,
Nə təzə söz olub, nə təzə şair.
Füzuli ahından xəbəri yoxdur
Deyirsə təzədir, bil, sözə şair. 

Yetər aldatdığım özümü, Tanrım,
Nə günəş təzədir, nə bu dan özgə.
Milyon il əvvəlki adamam elə,
Bu ömür heç nədir təkrardan özgə... 

Bütün böyük şairlər kimi onun da yaradıcılığında  bioqrafiyasının himni kimi səslənən şeirlər var. Rüstəm Behrudinin ömür himni də çox cəsarətlidir.  Azərbaycan ədəbiyyatında dar ağacını salamlamaq, həm də qorxmaz bir türk kimi, turançı, altayçı və şaman olaraq salamlamaq yalnız onun ideyası ola bilərdi:  

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam. 

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam. 

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkükəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam. 

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam. 

Şairlik istedadı bəlkə də Allahın bu dünyada ruha verdiyi əzabların ən böyüyüdür. Amma bu əzablar şairi Qıl Körpüsündən adladır, Ərafdan keçirir və əbədiyyətə yola salır. Bu baxımdan Rüstəm Behrudi yaradıcılığının miqyası da ruhunun çəkdiyi əzabın miqyası ilə düz mütənasibdir:     Ruhum bədənimdə əziyyət çəkir, Dilimdə sözlərə çevrilir ahı. Günahkar canımda məndən xəbərsiz Qəfəs içindədir ruhum, İlahi! 

“525-ci qəzet”in kollektivi olaraq, biz də görkəmli şairimizə ruhu və sonucda oxucunun qəlbini dilləndirən yaradıcılıq əziyyətləri ilə zəngin uzun və sağlam ömür arzulayırıq. 

Sevinc MÜRVƏTQIZI
 





12.09.2012    çap et  çap et