525.Az

Eldar İbrahimov: “Asiyanın da öz ATƏT-i olsun”


 

Eldar İbrahimov: “Asiyanın da öz ATƏT-i olsun”<b style="color:red"></b>

"Azərbaycan parlament nümayəndə heyətini 16 ildən bu yana ATƏT  Parlament Asssambleyasında təmsil edən bir millət vəkili, siyasətçi kimi hesab edirəm ki, Asiya regionun da öz təhlükəsizlik və əməkdaşlıq təşkilatı olmalıdır".

525.az-ın məlumatına görə, bunu Azərbaycanın ATƏT  Parlament Asssambleyasında (PA) nümayəndə heyətinin üzvü, milli məclisin Aqrar siyasət komutəsinin sədri Eldar İbrahimov deyib.

Millət vəkilinin dediyinə görə, ATƏT bu gün Avropa regionunda əməkdaşlıq və təhlükəsizlik məsələlərinin həlli ilə məşğul olan nüfuzlu, beynəlxalq qurumlardan biridir:

“Bildiyiniz kimi, Azərbaycan da 20 ildən artıqdır ki, bu qurumun üzvüdür. Eyni zamanda 1995-96-cı ildən etibarən Azərbaycan parlament nümayəndə heyəti də bu qurumun Parlament Assambleyasında tam, bərabərhüquqlu üzv kimi fəaliyyət göstərir və nümayəndə heyətləri arasında fəallığı ilə seçilir. Biz eyni zamanda Avropa ilə yanaşı Asiyanın bir tərkib hissəsiyik. Bu regionda da əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə, bu məsələdə öz üzərinə öhdəliklər götürə biləcək bir qurumun yaranmasına ehtiyac var. Çox əlamətdar haldır ki, Bakıda öz işini uğurla davam etdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının toplantısında da bununla bağlı təklif irəli sürüldü. Hesab edirəm ki, bu təklif təqdirəlayiqdir və müsbət qarşılanmalıdır. Şəxsən mən də belə düşünürəm ki, Asiya regionun da öz ATƏT-i olmalıdır. Belə bir quruma bu regionun xalqlarının böyük ehtiyacı var. Azərbaycanı ATƏT Parlament Assambleyasında təmsil edən bir şəxs kimi Asiya regionunda da ATƏT tipli qurumun yaranmasına var qüvvəmlə əlimdən gələn köməyi və dəstəyi verməyə hazıram. İnanıram ki, partiyamızın da yaxından əməkdaşlıq etdiyi Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının iştirakı və təsisçiliyi ilə gələcəkdə belə bir qurum yaranacaq”.

Kamil Həmzəoğlu

 





23.11.2012    çap et  çap et