525.Az

Azərbaycanda turizm: ilin yekunları


 

Azərbaycanda turizm: <b style="color:red">ilin yekunları </b>

2014-cü il üçün Azərbaycanda turizmin əsas statistik göstəriciləri 
 
Başa çatmaqda olan ilin turizmə dair statistikasına nəzər saldıqda, bir sıra göstəricilər üzrə artımın olduğunu müşahidə edirik. Turizm müəssisələrinin sayı, müəssisələrdə çalışan işçilərin, əhaliyə satılmış turizm yollayış blanklarının və göndərilmiş turistlərin sayında, o cümlədən müəssisələrin əldə etdiyi gəlir, əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri və turizm fəaliyyəti üzrə çəkilən xərclər üzrə göstəricilər son illərin nümunəsində olduğu kimi cari il ərzində də yalnız artım dinamikasının müşahidə edildiyini göstərir. Təsadüfi deyil ki, 2014-cü ildə ölkəmizdə fəaliyyət göstərən turizm müəssisələrinin sayı 10,5 faiz artaraq 276 olub. 
 
Bununla yanaşı, keçən il ilə müqayisədə cari il ərzində turizm şirkətlərində işçilərin sayında, məhsulun və xidmətlərin satışından əldə olunan gəlir və turizm agentliklərinin komisyon və digər mükafatlarının məbləğində artım baş verib. Əvvəlki illərdə olduğu kimi, Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin sayı ölkədəki turizm şirkətlərinin böyük əksəriyyətini (95 faiz) təşkil edib. 
 
2011-2014-cü illər ərzində ölkə ərazisindəki yerləşdirmə obyektlərinin sayı 508-dən 527-yə kimi artıb. 
 
2011-ci ildən etibarən yerləşdirmə obyektlərindəki yerlərin, nömrələrin, yerləşdirilmiş şəxslərin və işçilərin sayında, həmçinin müəssisələrin əldə etdiyi gəlirdə artım baş verib. Müqayisə üçün qeyd edirik ki, mövcud statistik göstəricilər cari il ərzində yerləşdirmə obyektlərindəki yerlərin sayında 6 faiz, otaqların sayında 7 faiz, yerləşdirmə vasitələrində çalışanların sayında isə 5,8 faiz artımın olduğunu göstərir. 
 
Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslər və gecələmələrin sayına gəldikdə, istər gecələmələrin istərsə də yerləşdirilmiş şəxslərin sayında artım olub. Məlumat üçün bildiririk ki, Respublika üzrə yerləşdirilmiş şəxslərin 80 faizi turizm məqsədilə gələnlərin payına düşüb. 
 
Bununla yanaşı qeyd edək ki, 2008-2014-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən mehmanxana və bu tipli obyektlərdə qalmağa üstünlük verən xarici vətəndaşlar arasında Birləşmiş Krallıq, Türkiyə, Rusiya Federasiyası və İranın vətəndaşları üstünlük təşkil edib. Təsadüfi deyil ki, bu illər ərzində sözügedən ölkələrdən Azərbaycana gələn xarici vətəndaşlar arasında işgüzar turistlərin özünəməxsus çəkisi var. 2014-cü təqvim ilini nümunə üçün götürsək, təkcə bu 4 ölkədən Azərbaycana işgüzar məqsədli səfər edənlərin sayının, işgüzar turistlərin ümumi sayının 25 faiz-ni təşkil etdiyini görərik. 
 
Turizm sahəsində çalışan işçilərin sayını 2 kateqoriya üzrə qiymətləndirsək, hər bir kateqoriya üzrə artımın olduğunu müşahidə edə bilərik. Belə ki, Turizm sahəsində çalışanların sayı (turizm şirkətləri və yerləşdirmə vasitələri üzrə) 2009-2014-cü illər ərzində 7330-dan 9874-ə çatıb. Qeyd edək ki, sözügedən illər ərzində digər xidmət sahələri (turizm sahəsinə xarakterik 14 sahə üzrə) də daxil olmaqla turizm sahəsində çalışanların sayı 36 103-dən 40 010-a çatıb. Bununla yanaşı, turizm sahəsində çalışan işçilərin sayının keçən illə müqayisədə 3,0 faiz artdığını qeyd etmək yerinə düşər. 
 
Xarici ölkələrdən ölkəmizi ziyarət edən xarici vətəndaşların böyük əksəriyyətini əvvəlki illərdə olduğu kimi, Rusiya (36,3 faiz), Gürcüstan (31,4 faiz) və Türkiyə (13,6 faiz) vətəndaşları təşkil edib. Keçən illə müqayisədə Fransa, İspaniya, İtaliya, Norveç, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Almaniya, Belçika və bir sıra digər Avropa və dünya ölkələrindən gələnlərin sayında artım müşahidə edilib. 
 
Buna baxmayaraq, ölkəmizə gələn xarici vətəndaşların və turistlərin böyük hissəsinin payına düşdüyü Rusiya Federasiyası, Ukrayna və İran vətəndaşlarının sayında məlum səbəblərə görə (Rusiyada rublun məzənnəsinin düşməsi və iqtisadi böhran, Ukraynada müşahidə edilən qeyri-stabil siyasi vəziyyət və İranda sosial-iqtisadi vəziyyətin gərgin olması) nisbi azalmanın olması faktına əsaslanaraq 2014-cü il ərzində Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında azalmanın müşahidə ediləcəyini güman etmək olar. Buna baxmayaraq, 2015-ci ildə ölkəyə gələn turistlərin sayında artımın olacağı proqnozlaşdırıla bilər. Buna əsas səbəb olaraq, tarixdə ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsini göstərmək olar. Ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbir bütün dünyanın və xüsusilə Avropa ölkələrinin diqqətinin Azərbaycana yönəlməsində mühüm rol oynayacaq. 
 
Mehmanxanalar və turizm xidmətlərilə bağlı monitorinqlər aparılıb 
 
Turizm şirkətləri və mehmanxanalarda turistlərə göstərilən xidmət səviyyəsinin, maddi-texniki bazasının yoxlanılması, mövcud problemlərin aradan qaldırılması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. 
 
İl ərzində Bakı şəhərində fəaliyyət göstərən 211 turizm şirkətində və 128 mehmanxanada, həmçinin respublikamızın regionlarında fəaliyyət göstərən 131 mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər aparılıb. 
 
Monitorinqlər zamanı mehmanxanalarda təhlükəsizlik, infrastruktur, mətbəx və restoran bölməsi, işçilərin peşə hazırlığı və digər sahələr yoxlanılıb. 
 
Turizm şirkətlərində isə şirkət tərəfindən bağladığı müqavilələr, işçilərin bilik bacarıqları və iş təcrübələri, göstərdikləri xidmətlər nəzərdən keçirilib. 
 
Monitorinqlər zamanı Nazirliyin əməkdaşları tərəfindən turizm şirkətləri və mehmanxanalara xidmətin yaxşılaşdırılması məqsədilə müvafiq tövsiyələr verilib, ciddi nöqsan aşkar edilmiş obyektlərə qarşı mövcud çatışmamazlıqların aradan qaldırılması ilə üçün müvafiq qaydada xəbərdarlıq edilib. 
 
Nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilmiş turizm obyektlərinə təkrar baxışlar keçirildikdən sonra nöqsanları aradan qaldırmayan obyektlərə qarşı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. 
 
Nəzərə alsaq ki, 2015-ci ildə Bakı şəhərində keçiriləcək “I Avropa Oyunları” ilə bağlı ölkəmizə gələcək xarici turistlərin sayı artacaq və bu turizm obyektləri gələn qonaqlara fəal şəkildə xidmət göstərəcək, Nazirliyin keçirdiyi monitorinqlər bu sahənin inkişafına, xidmət səviyyəsinin artırılmasına və mövcud nöqsanların aradan qaldırılmasına ciddi təsir edəcək. 
 
Turizm obyektləri tərəfindən turistlərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması və göstərilən xidmətin dövlət standartlarına uyğunluğunu təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu cür monitorinqlərin 2015-ci ildə də keçirilməsi nəzərdə tutulur.
 

 





29.12.2014    çap et  çap et