525.Az

Sabah “525”də - ANONS!


 

Sabah “525”də - <b style="color:red">ANONS!</b>

• Xalq yazıçısı Elçinin yeni əsəri "Kaşeyin taleyi" kiçik povestini şənbə sayımızda oxuyun.

• Vilayət  QULİYEVin  “Şair, hökmdarın hüzurundasan...” yazısının davamı sabah “525”də.     

Mustafa Kamal Atatürk və Əhməd bəy Ağaoğlu...

ƏHMƏD AĞAOĞLU ATATÜRKÜN SİMASINDA HƏM TÜRKİYƏYƏ, HƏM DƏ ŞƏXSƏN ÖZÜNƏ VƏ AİLƏSİNƏ NİCAT YOLU GÖSTƏRƏN BÖYÜK ÖNDƏR GÖRÜRDÜ. LAKİN ATATÜRKƏ BÜTÜN HÖRMƏT VƏ EHTİRAMA BAXMAYARAQ HEÇ ZAMAN ONUN ÖNÜNDƏ ƏYİLMƏMIŞ, KOR-KORANƏ SƏCDƏ VƏ PƏRƏSTİŞ YOLUNU TUTMAMIŞDI

... Bir neçə gündən sonra Ankaraya dönən Atatürk “Əhməd bəy kimi yardımçılara dayanaraq daxili islahatları” həyata keçirdiyini, “ona ehtiyacı olduğunu”  bildirmiş və Məclis rəhbərliyini haqsız tələblərindən çəkindirmişdi.  Tərəqqipərvərlərlə mühafizəkarların üz-üzə gəldikləri TBMM-də Əhməd Ağaoğlunun kəskin, prinsipial mövqeyi tez-tez müzakirə və tənqid hədəfinə çevrilirdi.

... Əhməd Ağaoğlu həm mətbuat səhifələrində, həm də Məclis tribunasında özünü, yazılarını və fikirlərini cəsarətlə müdafiə edirdi. O, Türkiyənin və türklüyün köklü problemlərindən söz açan məqalələrini saymazyana  şəkildə “saçma-sapan” adlandıran nüfuzlu millət vəkillərindən biri, Cankırı məbusu Tevfik Əfəndiyə hamının gözü qarşısında “Sənə din də daxil olmaqla hər mövzuda yeddi il dərs verərəm”- deməkdən çəkinməmişdi. Lakin qarşı tərəf də yatmamışdı.

... Əhməd Ağaoğlu Atatürkün simasında həm Türkiyəyə, həm də şəxsən özünə və ailəsinə nicat yolu göstərən böyük öndər görürdü. Lakin Atatürkə bütün hörmət və ehtirama baxmayaraq heç zaman onun önündə əyilməmiş, kor-koranə səcdə və pərəstiş yolunu tutmamışdı. Əksinə,  bir sıra hallarda Qazinin istər özündən, istərsə də yaxın çevrəsindən tənə və töhmətlər eşidəcəyini bildiyi məqamlarda da həqiqəti deməyi daha üstün tutmuşdu. 

... 1930-cu ildə Atatürkün də iştirak etdiyi məclisdə bu dəfə Əhməd Ağaoğlu dövlət vəsaitindən maksimum qənaətlə istifadə məsələsini qaldırmış, millət vəkilləri və nazirlərə edilən mali güzəştlərin nəticə etibarı ilə xalqın cibindən çıxarılması məsələsinə toxunmuşdu: “Biz millət vəkilləri dörd yüz lirə məvacib alırdıq və çox məmnun idik. Niyə bunu beş yüz lirəyə qaldırmaq lüzumu yarandı? Nəyə görə on dəqiqə nazirlik etmiş birisi məmləkətə onca dəqiqəlik xidməti olsa belə, ayda heç bir dövlətin vermədiyi qədər təqaüd almalıdır? Millət vəkillərinin vəkillik müddətinin məmurluq dövrü kimi qəbul edilməsinin Ana Yasaya zidd olması az imiş kimi, üstəlik niyə onlara vəkillik maaşlarından əlavə təqaüd verilməsi də qərara alındı?”. Bu əsəbi monoloq baş nazir İnönü ilə Əhməd bəy arasında eybi əsəbi notlar üzərində köklənmiş dialoqa gətirib çıxarmışdı. İsmət İnönü: –Əhməd bəy, – demişdi, – siz xəyalpərvər idealistsiniz. Həyatdan xəbəriniz yoxdur. İnsanlar pul istəyirlər, pul! Və siyasətçilər onların bu istəyini nəzərə almaq məcburiyyətindədir. Siz belə şeyləri anlaya bilməzsiniz. –Həqiqətən, Paşa həzrətləri, anlaya bilmirəm, – deyə Əhməd bəy mövqeyindən geri çəkilməmişdi. – Pul kimindir? Onu istəyən kimdir? Verən kimdir? Türk kəndlisinin ətindən, dırnağından kəsib nazirlərə, millət vəkillərinə, iri məmurlara verməyə heç kimin haqqı yoxdur. Məhz bu haqq məhfumu tənəffüs etdiyimiz havadan da qovulmuşdur. Ona görə də insanlar söz almaq, söz söyləmək haqlarını bilsələr də, ondan istifadəyə cəsarət etmirlər”...

• Xalq şairi Mirvarid Dilbazinin gənc Mustafa Çəmənliyə məktubu  

... ÖMRÜNDƏ BİR DƏFƏ DOST-TANIŞINA, SEVGİLİSİNƏ MƏKTUB YAZMAYANLAR ÜÇÜN MƏKTUBDAN DANIŞMAQ ÇOX QƏRİBƏ SƏSLƏNƏ BİLƏR...
       
Bu gün bəlkə də ömründə bir dəfə dost-tanışına, sevgilisinə məktub yazmayanlar üçün məktubdan danışmaq çox qəribə səslənə bilər. Mobil telefon, internet əlaqəsi olan yerdə nə məktub?! Ancaq yaxın keçmişimizə qədər məktub yazmaq, arzu və istəkləri yazılı şəkildə bildirmək dəbdə idi. Yəqin ki, bu günlərdə şəxsi arxivimi sahmana salarkən əlimə keçən bir məktub olmasaydı, bu barədə danışmazdım. Bu qısa məktub bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz xalq şairi Mirvarid Dilbaziyə məxsusdur. 10 iyul 1982-ci il tarixli bu məktubu Mirvarid xanım o zaman radionun musiqi şöbəsinə göndərmiş, şəxsən tanınmadığı bir gəncə – mənə ünvanlanmışdı:
«Əziz, hörmətli oğlumuz Mustafa!
Çox dinlədim, familiyanızı aydın eşidə bilmədim. Ancaq bu, «Yadigar səslər» haqqında verilişinizə görə öz minnətdarlığımı bildirməyə mane olmur. Vətənini, xalqını sevən hər bir patriot Sizin kimi ziyalı, mili sərvətinin sahibi nəsil-varis yetirməlidir. Sizin kimi, sözün əsl mənasında, mədəniyyətimizin, ədəbiyyatımızın varisləri olduqca heç bir şey itməyəcək, heç kəs yaddan çıxmayacaq. Çox sağ olun. Apardığınız qiymətli tədqiqat işləri üçün sizə dərin, sonsuz minnətdarlığı bildirirəm. Gələcək işinizdə müvəffəqiyyətlər və cansağlığı arzu edirəm.

Hörmətlə: xalq şairi Mirvarid Dilbazi»

10.VII.82
 
Əlbəttə, bu adi telefon danışığı olsaydı, 30 il bundan qabaq yazılmış məktub – sənəd olmasaydı, yaddaşımı oyatmazdı. Vaxtilə Mirvarid xanımı duyğulandırmış «Yadigar səslər» adlı musiqili verilişim 30 il bundan qabaq, 1982-ci il iyulun 3-də saat 16:15-də Respublika radiosunda səslənmişdi. Mən bu verilişdə ilk dəfə Fərəməz Həsənovun ifasında «Dağlarda çiçək», Nəzakət İsmayılovanın ifasında «Qatar» muğamını, keçmiş xanəndə, sonralar milyonçu olmuş, sovet hökuməti qurulandan sonra isə xaricə mühacirət etmiş Seyid Mirbabayevin «Ay bəri bax»ını səsləndirmişdim, ilk rəqqaslarımız haqqında söhbət açmışdım. Və o zaman 70 yaşlı müğənni Bikə Səmədzadəni də bu verilişə dəvət etmişdim. Yaxşı yadımdadır, beli azacıq əyilmiş yetmiş yaşlı bu qadını bir neçə dəfə radionun dəhlizində görmüşdüm. Bir dəfə musiqi şöbəsinin müdiri Hacı Məmmədovdan bu qadının kim olduğunu soruşdum. O dedi ki, «Nə bilim, əşi, deyir səsimi yazdırmaq istəyirəm, vaxtilə müğənni olmuşam, bəlkə onunla söhbət eləyəsən». Dərhal dəhlizə çıxıb var-gəl edən qadına yanaşdım:
 
– Xanım!
Qadın qəddini dikəltdi:
– Bəli.
– Siz kimsiniz?
– Mən Bikə Səmədzadəyəm. Eşitməmisən?!

Publisist Tofiq Abdinin “Oralarda kimlər var” silsilə yazılarının davamı olaraq şair Cavad Zeynal haqqında yazısının davamı:

Telman Orucovun şəxsiyyət anlayışından haqqında yazdığı “Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur” silsilə yazılarının davamı;

• Və s.

 





23.11.2012    çap et  çap et