525.Az

Daşkənddən Bakıya bayram təbriki


 

PROFESSOR SAODAT MUXAMEDOVA AZƏRBAYCAN XALQINA TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Daşkənddən Bakıya bayram təbriki<b style="color:red"></b>

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin "Ümumi dilçilik" kafedrasının müdiri, filologiya elmləri doktoru,  professor  Saodat Muxamedova qarşıdan gələn bayramlar münasibətilə Azərbaycan xalqına təbrik məktubu yazıb:

"Hörmətli azərbaycanlı dostlarım! İcazə verin Sizi qardaş özbək xalqı adından 31 Dekabr Dünya Azərbaycanlıların  Həmrəyiliyi Günü və qarşıdan gələn 2015-ci il münasibətilə təbrik edirəm".

S.Muxamedova xalqlarımız arasında möhkəm dostluq tellərinin olduğunu vurğulayıb: "Əsrlər ərzində iki qardaş xalqın mədəni-ədəbi əlaqələri hesabına bu köklər daha da möhkəmlənib. Hələ XIV əsrin ortalarında Qütb Xarəzmi Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərini Azərbaycan dilinə çevirmişdi. Nəvai dahi şair və mütəfəkkir Nizamini özünün müəllimi hesab edirdi və onun "Xəmsə"sindən ilhamlanaraq özü də "Xəmsə" yazmışdı. XVII əsrdən başlayaraq Türküstanın mədrəsələrində Məhəmməd Füzulinin "Leyli və Məcnun"  əsəri əsas tədris vəsaiti funksiyasını yerinə yetirirdi. Nəvainin əsərləri hələ onun sağlığında Azərbaycan şairləri arasında məşhur idi. Kişvəri və Füzuli Nəvaini öz müəllimləri sayırdılar.

Ənənələr davam edir. Azərbaycanın şair və yazıçılarının çoxsaylı əsərləri özbək dilinə tərcümə edilib. Cəfər Cabbarlının "Od gəlini", "Sevil", "1905-ci ildə" pyesləri özbək dilində işıq üzü görüb. Rüstəm Cabborov, Usman Kuçkar, Şərif Babaxan Azərbaycan dilini yaxşı bilir və orijinaldan tərcümə edirlər. 

Özbək ədəbiyyatının inkişafında Azərbaycanın oğlu Maqsud Şeyxzadənin böyük zəhməti var. Eləcə də Bakıda uzun illər yaşamış, hazırda da ailəsi orda yaşayan özbək xalqının oğlu, türkoloq Xalid Səid Azərbaycan dilçiliyinin inkişafında böyük xidmətlər göstərib".

Professor xatırladıb ki, 2008-ci ildə Özbəkistan prezidenti İslam Kərimov Bakıda rəsmi səfərdə olub və böyük özbək şairi Əlişir Nəvainin abidəsinin açılışında iştirak edib.  Bu görüş özbək-Azərbaycan xalqlarının humanitar və ədəbi əlaqələrinə yeni təkan verib: "2012-ci ildə Sabir Rüstəmxanlının "Göy tanrı" kitabı özbək dilinə tərcümə edilib. 2013-cü ildə isə Rüstəm Cabborovun tərcüməsində Azərbaycan yazıçılarının  əsərlərindən ibarət "Ömürdən uzun gecə" adlı toplu  və "XX əsr Azərbaycan şeri antologiyası" nəşr olunub.

Özbəkistanda "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti  böyük uğurla fəaliyyət göstərir. Cəmiyyətin üzvləri iki dost  ölkənin xalqları ararsında qardaşlıq tellərini daha da möhkəmlənməsi üçün Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə birgə böyük işlər görürlər. 2014-cü ilin iyununda "Özbəkistan-Azərbaycan" Cəmiyyətinin nümayəndə heyətinin təkibində mən də Azərbaycana səfər etdim. Bizi çox böyük qonaqpərvərliklə qarşıladılar.  Mən fəxr edirəm ki, Azərbaycanda xeyirxah dostlarım var. Onlar mənə elmi araşdırmalar aparmaqda da kömək edirlər. Fürsətdən istifadə edərək bütün Azərbaycan xalqına öz xalqıma arzuladıqlarımı - sülh, əmin-amanlıq, rifah arzulayır, hər bir ailəyə səadət diləyirəm. Qoy qarşıdan gələn 2015-ci il bizim xalqlarımıza həyat və yaradıcılığın bütün sahələrində uğur gətirsin".

S.ABDULLAYEVA

 





30.12.2014    çap et  çap et