525.Az

Millət vəkili ailədə seksual zorakılıq məsələsindən danışdı


 

Millət vəkili ailədə seksual zorakılıq məsələsindən danışdı<b style="color:red"></b>

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Rusiyanın paytaxtı Moskvada adıçəkilən sonuncu qurumun  Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak edib.

525.az-ın məlumatına görə, tədbirdə nanotexnologiyaların insan sağlamlığına və ətraf mühitə təsiri, tibbi xidmətdən istifadə üçün bərabər imkanların yaradılması, orqan alverinə qarşı mübarizəyə dair Konvensiyanın yerinə yetirilməsi  və digər mövzularda müzakirələr aparılıb.

“Ailədə seksual zorakılıq məsələsi” mövzusunda çıxış  edən S.Fətəliyeva isə bildirib ki, bu, əslində  müzakirə üçün xoşagəlməz mövzudur:

“Bizim aramızdan bu proqramda iştirak etmək qərarına gələn hər kəs böyük cəsarəti ilə fərqlənir. Çünki, bu cür işə başlayarkən biz sanki gözlərimizi yumaraq soyuq çaya atılmış oluruq. Bu yolda, çoxlu xoşagəlməz anlar, hadisələr ilə qarşılaşacağımızı əvvəlcədən bilərək. Bu gün, biz, daha da xoşagəlməz mövzunu müzakirə edirik: ailədə seksual zorakılıq məsələsi. Sanki bundan da qeyri-insani və çox çirkin əməl mövcud deyil. Çünki ailədə, xüsusilə də uşaqlara qarşı münasibətlər kimi müqəddəs, təmiz  heç nə yoxdur. Uşaqlar üzərində kənar şəxslər tərəfindən seksual zorakılığın törədilməsi barədə   məsələni müzakirə etdikdə biz ən azı hər hansı birmənalı mənfi izahat tapa bilərik.  Lakin zorakılıq ailənin hər hansı bir üzvü tərəfindən törədildikdə, bu, artıq heç cür izah edilmir. Bunlara baxmayaraq, bu cür problemlər mövcuddur və biz buna nə qədər  çox göz yumsaq da, bir o dərəcədə də  vəziyyət ağırlaşır. Digər tərəfdən, bu problemin nəticəsi bəlli deyil. Problemin KİV-də tez-tez işıqlandırılması bir tərəfdən cəmiyyətin bu məsələni müzakirə etməyə, ümid etmək istərdik ki,  həmçinin də addım atmağa hazır olduqlarının müsbət işarəsidir. Lakin digər tərəfdən, uşaqlar üzərində seksual zorakılıq hallarının tez-tez və miqyaslı şəkildə işıqlandırılması kütlənin bu cür məlumatlara  tədricən öyrəşməsinə gətirib çıxara və bu, həyat üçün adi hal ola bilər”.

Onun bildirdiyinə görə,  məsələnin həll edilməsi olduqca mürəkkəbdir, seksual zorakılığın qurbanı olmuş uşağa təhlükəsizlik, müdafiə və ixtisaslaşdırılmış psixoloji yardım lazımdır:

“Yəni, burada  bir sıra problemlər yaranır: Faktın aşkara çıxarılması, uşağın vəziyyətini başa düşmək və digərlərinə çatdırmaq bacarığı, valideynlərin reaksiyası və davranışı, digər yaxın qohumların (nənə/baba/xala/dayıların və d.) reaksiyası, münasibəti və davranışı, sosial xidmətlər və işçilərin işinin mövcudluğu və səmərəliyi, hüquq mühafizə orqanlarının işinin səmərəliyi, həssaslığı (incəliyi) və uşağın gələcək taleyi və psixoloji reabilitasiyası. Həmçinin bu cür suallar meydana gəlir: Nə etmək lazımdır? İlk növbədə ağlımıza maarifləndirici işlər gəlir. Ancaq gəlin açıq danışaq- ölkənin bütün əhalisini əhatə etmək mümkün deyil. Hansı resurslara malik olmağımızdan asılı olmayaraq, biz, hər yerdə elan vura, və ya bütün ailələrə, uşaqlara seksual obyekt kimi baxmağın yolverilməz olduğunu izah edərək ziyarət edə bilmərik.  Müxtəlif təşkilatların fəaliyyəti arasında dövlət səviyyəsinə müvafiq (hökumət, parlament, Sosial müdafiə, Təhsil Nazirliyi, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-hökumət təşkilatları, həmçinin vətəndaş cəmiyyəti) aydın koordinasiyanın işlənib hazırlanması zəruridir. Həmçinin, vahid mübarizə sisteminin yaradılmasına ehtiyac var”.

Millət vəkili qeyd edib ki, bura uşaq psixoloqlarının ixtisasının artırılması, reabilitasiya mərkəzlərinin yaradılması, sosial işçilərin işinin keyfiyyətinin yaxşılaşdırılması və qanunvericiliyin sərtləşdirilməsi daxildir: “Hər bir ölkənin mentalitetinin fərqli olması olduqca önəmli məsələdir.  Sözsüz ki, nə qədər insan varsa,  bir o qədər fikir, nə qədər ölkə varsa, bir o qədər  də problemin həlli üsulları mövcuddur. Buna görə də, hesab edirəm ki, hər bir ölkə özü üçün vəziyyətdən daha uyğun çıxış yolu işləyib hazırlamalıdır”.

Kamil Həmzəoğlu

 





23.11.2012    çap et  çap et