525.Az

Azərbaycanda jurnalist hazırlığı: keçmişə, indiyə və gələcəyə baxış


 

Azərbaycanda jurnalist hazırlığı: keçmişə, indiyə və gələcəyə baxış MÜSAHİBİMİZ BAKI DÖVLƏT UNİVERSİTETİNİN PROFESSORU, FİLOLOGİYA ELMLƏRİ DOKTORU NƏSİR ƏHMƏDLİDİR  

Müasir dövrdə mətbuatımızın inkişafında müxtəlif tendensiyalar özünü göstərməkdədir. Bu da bəzən mətbuatımızın keçmiş və çağdaş durumuna müqayisəli yanaşmağı zəruri edir. Çünki müqayisəli təhlil zamanı üstünlüklər və qüsurlar özünü daha aydın büruzə verir, inkişaf meylləri daha qabarıq cizgilərlə müəyyənləşir. Mətbuatımızın inkişaf yolundakı bu və başqa məqamlarla bağlı suallarımızı Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədliyə ünvanladıq. Görkəmli alim ilk növbədə sovet dövrü jurnalistikası ilə müasir mətbuatın bəzi cəhətlərini müqayisə etdi, həmin dövrdə, o cümlədən indiki dönəmdə jurnalist kadrların hazırlanması ilə bağlı müsbət və mənfi hesab etdiyi cəhətləri vurğuladı.  

– Azərbaycan milli mətbuatının ənənəsi, məlum olduğu kimi, Həsən bəy Zərdabidən başlayır. Sonra təxminən 70 il sovet dövründə yaşadıq. 20 ildir müstəqillik dönəmindəyik. Müqayisə üçün artıq bir çox fakt var, bəzi məsələləri müqayisəli təhlil və izah etmək olar. Sovet dövrü ilə indiki dövrün jurnalistikasını müqayisə etəsək həm müsbət, həm də xoşagəlməz cəhətlərin olduğunu görərik. Sovet dövrünün ən xoşlamadığım cəhəti o idi ki, bir partiyalı sistem idi, istədiyin başqa mətləbi yaza bilməzdin. Kommunist partiyası nəyi diqtə edirdisə onu yazmalıydıq. Jurnalistika da vahid ideologiyaya xidmət edirdi. İdeologiya əslində pis deyil, amma gərək plüralizmlə tarazlıq təşkil eləsin. Sovet dövründə yaxşı jurnalist eyni mətləbi daha yaxşı dillə yazana deyilirdi. Jurnalistikada yaxşılıq-pislik, peşəkarlıq və qeyri-peşəkarlıq kriteriyası, ancaq söz seçimi ilə ölçülürdü. Söz seçimindən danışmışkən, bir maraqlı misal çəkim: o vaxtlar Azərbaycan televiziyasında işləyirdim. Proqramlardan birinin sonunda yazmışdım ki, verilişimiz sona yetdi. Həmin o “yetdi” sözünə görə məni bir həftə Mərkəzi Komitədə get-gələ saldılar. Deyirdilər ki, “yetdi” türk sözüdür, Türkiyədə işlənir. Onların fikrincə, mən “verilişimiz başa çatdı, qurtardı” deməliydim. Bir sözə görə belə baş ağrıdırdılar, nahaq yerə incidirdilər. Sovet dövrü jurnalistikasını xarakterizə etmək üçün düşünürəm ki, elə bu misal yetərlidir. Amma o vaxtlar qəzet alıcılığı yüksəkdi, qəzetlər çox ucuz idi, 2-3 qəpik. Sonralar oldu 4-5  qəpik. Amma indiki qiymətlərlə o vaxtkı qiymətləri müqayisə eləmək olmaz. O vaxt bütün xərci dövlət çəkirdi, çünki mətbuat onun ideologiyasına xidmət edirdi. Müstəqillik dövründən sonra isə qəzetlər tiplərə, qruplara bölünməyə başladı: iqtidar və müxalifətyönümlü mətbuat, azad mətbuat, ayrı-ayrı şəxsləri buraxdığı özəl mətbuat və sair. Ona görə də istər-istəməz burada artıq fərqlər meydana gəldi. Jurnalist kadrların hazırlığına gəlincə, sovet dövründə qəbul sistemi daha yaxşı idi-jurnalist kadrların seçilməsi məsələsini nəzərdə tuturam. O vaxtlar üç turdan ibarət yaradıcılıq müsabiqəsi keçirilirdi. Jurnalistika fakültəsinə sənəd vermək istəyənlər hökmən qəzetlərdə yazılarla çıxış etmiş olmalıydılar. Həmin yazılar əsasında rəy verirdik ki, bu gəncdən jurnalist olar, ya olmaz.    

– Yəni jurnalist olmaq istəyən ali təhsil alana qədər artıq müəyyən yaradıcılıq yolu keçmiş olurdu

– Bəli, məhz beləydi. 1959-cu ildən məcburi qayda idi ki, jurnalist olmaq istəyən şəxsin ən azı iki il stajı olmalıdır. İndiki kimi orta məktəbi bitirib birbaşa auditoriyaya düşmək olmurdu. Kolxozda işləyirdik, zavodda fəhlə kimi çalışırdıq, hərbi xidmətə gedirdik, bundan sonra ali məktəbə üz tuturduq. Bir sözlə, əvvəlcə həyatı öyrənirdik. 

– Bunu indiki dövr üçün də məqbul hesab etmək olarmı?

– Mən, müəyyən mənada məqbul hesab edirəm. Çünki jurnalistika həyatdır. Mətbuata gərək həyatın içində bişib gələsən. Bu, demək olar ki, əksər ixtisaslar üçün tələb olunan şərtdir. Amma fikirləşirəm ki, jurnalistika üçün daha vacibdir. Birbaşa orta məktəbdən gəlib kimyaçı, mühəndis olmaq olar. Amma jurnalist olmaq üçün gərək mütləq həyatın acısını-şirinini dadmış olasan. O mənada ikiillik təcrübə müddəti yaxşı addım idi. Ancaq bunun özünün də pis cəhəti var idi ki, bəzən bu müddət illərlə uzanırdı. Məsələn, mən orta məktəbi əla qiymətlərlə bitirmişdim, amma jurnalistika fakültəsinə yeddi ildən sonra qəbul olundum. Əvvəlcə iki il stajım olmadığı üçün götürmədilər, sonra hərbi xidmətə getdim, sonra da işləmək məsələsi, gəldi yeddi ilə çıxdı.  O vaxtlar qəbul imtahanında ikinci turda abituriyentlərə sərbəst mövzuda yazı yazdırılırdı. Bütün bunlar hamısı qəbul imtahanından əvvəl baş verirdi. Biz bu gəncləri seçib qurtarandan sonra onlar ümumi imtahana girirdilər. Və təcrübə də göstərirdi ki, əvvəlki turlarda seçdiyimiz gənclər orada da qiymət ala bilirdilər. Sonra müstəqillik dövründə test sistemi tətbiq olundu, düzdür, o vaxt testi alqışlayanlardan biri də mən olmuşam. Ona görə ki, test sistemi rüşvətxorluğun qarşısının alınmasına kömək edib. Amma artıq keçid dövrü arxada qalıb. Artıq iyirmi ildir bu sistem tətbiq olunur. Yeni nə isə fikirləşmək lazımdı. Xüsusilə də jurnalist hazırlığı üçün.  Bədən Tərbiyəsi Akademiyasına, Konservatoriyaya gedənlər qabiliyyət imtahanı verirlər, yaradıcılıq müsabiqəsindən keçirlər, bəs niyə jurnalist olmaq istəyənlərə bu tətbiq olunmasın? Ona görə də nəsə yeni bir sistem fikirləşmək lazımdır. Bir misal çəkim, yaxşı dərzi yaxşı parçadan gözəl paltar tikənə deyirlər. Bu mənada parçanı seçəndə gərək özümüz seçək. Çürük parçadan ən peşəkar dərzi də yaxşı paltar ortaya çıxara bilməz. Ona görə də birinci problemimiz qəbul məsələsindən başlayır.  Keçək kadr hazırlığının ikinci mərhələsinə. Burada da mən sovet dövrü ilə müasir dövrü müqayisə etmək istərdim. O vaxtlar bizdə bu fakültədə beş ixtisaslaşma var idi. Gənclər birinci kursa qəbul olunurdular, sonra ixtisaslara bölünürdülər: qəzet, radio, televiziya, nəşriyyat jurnalistləri və tərcüməçilər. Və bunlarla biz ixtisas fənlərində ayrı-ayrılıqda, fərdi qaydada məşğul olurduq. Onlar həmin ixtisasları bitirəndə də biz mümkün olduğu qədər onları bitirdikləri sahələrə yollayırdıq. İmkan çərçivəsində onlara bu şəraiti yaradırdıq. Düzdür, bəzən alınmayan vaxtlar da olurdu, amma ümumiyyətlə, prinsip özü doğru idi. O vaxt adını çəkdiyim hər ixtisasda da 3-5 nəfər olurdu. Onda tətbiq olunan sistem də özünü doğruldurdu. Mir Şahin, Sevil Nuriyeva kimi tələbələrimiz fərdi qaydada hazırlanmış gənclər idi. Ona görə də bu gün onlar uğur qazanırlar. Tutaq ki, bu il jurnalistikada birinci kursa səksən nəfər qəbul olunub.  Səksən nəfərlik auditoriyada nə desəm də, çətin ki, onun bir xeyri olsun...

– Həm də nəzərə alsaq ki, o səksən nəfərdən bəziləri təsadüfən jurnalistika fakültəsinə qəbul olunub.

– Mən bir az da irəli gedərək “bəziləri” deməzdim, “çoxu” təsadüfən jurnalistikaya qəbul olunanlardır. Birinci kursda onlarla sorğu aparırıq, deyirlər ki, hüquqşünas olmaq istəyirdim, şərqşünas olmaq istəyirdim və sairə. Balları çatmayıb və jurnalistika fakültəsinə daxil olublar. Bu cür yaxşı, ya da pis müqayisə predmetləri var. İndi biz buradan ümumi ortaq məxrəcə gəlməliyik ki, yeni sistem yaradaq və uğurlu nəticələr alaq. 

– Qeyd etdiniz ki, təkcə Bakı Dövlət Universiteti bir ildə səksən nəfər jurnalisti media aləminə buraxır. Bu fakt özlüyündə artıq jurnalistikaya kütləvi axından xəbər verir. Üstəlik qeyri-ixtisas sahiblərinin mətbuata “hücumu”. Jurnalistikanın keyfiyyətinə təsir edən bu problemdən çıxış yolu kimi nə tövsiyə edərdiniz?

– Dediyim kimi, qabiliyyət imtahanı təşkil edib orada ələmə prosesi aparılmalıdır, qəbul planını azaltmaq lazımdır. Özü də elə-belə qabiliyyət imtahanı yox, çox ciddi şəkildə təşkil edilən qabiliyyət imtahanından söhbət gedir. Jurnalist olmaq istəyən gəncdən soruşulmalıdır ki, niyə məhz jurnalistikanı seçib? Bəziləri jurnalistikaya rüşvət almaq, bəziləri televiziyaya çıxıb tanınmış sima olmaq üçün, çox az qismi əsl mətbuat sevgisi ilə jurnalistliyə üz tutur. Bu yaxınlarda bütün özəl ali məktəblərdə jurnalistika fakültələrini bağladılar. Bəyəm bu problemdən çıxış yoludurmu? Əsas gətirdilər ki, guya özəl ali məktəblərdə jurnalist kadrların hazırlığı zəifdir. Yaxşı, necə olur ki, başqa fakültələrdə kadr hazırlığı zəif deyil, amma məhz jurnalistikada kadr hazırlığı zəif olur? Axı əksər ixtisaslarda eyni müəllimlər dərs deyir.  Əgər gəncin istedadı, jurnalistikaya sevgisi varsa, onu öyrətmək mümkündür. Çünki jurnalistika elə bir peşədir ki, onu öyrətmək olur. Jurnalistika peşədir, sənət deyil. Onu sənət səviyyəsinə qaldıra bilənə də eşq olsun. Biz dərs dediyimiz 80 nəfərin hamısının jurnalist olmasını gözləmirik ki. Onların içərisindən 5 nəfər əsl jurnalist yetişsə, böyük işdir. Jurnalistika təhsili almaq hələ jurnalist olmaq demək deyil.  

– Bəzən belə bir süni “problem” də ortaya atılır ki, məhz müvafiq təhsil almış şəxslər jurnalist ola bilər. Bəziləri də mübahisə edirlər ki, jurnalist anadangəlmə istedadla doğulmalıdır. 

– Bir az uzağa gedək. Həsən bəyə Zərdabi ixtisasca jurnalist deyildi. Amma başqa çıxış yolu olmayıb. Onun tərcümeyi-halına nəzər salaq: xeyriyyə cəmiyyəti, sonra teatr yaradıb, məktəb açıb. Xalqı maarifləndirmək üçün bir çox layihələr fikirləşib. Amma uzaqgörən bir ziyalı kimi bu qərara gəlib ki, xalqı kütləvi şəkildə maarifləndirmək üçün qəzet açmaq zəruridir. Kütləni maarifləndirmək, cəhalətdən qoparmaq, irəli aparmaq üçün çıxış yolunu haqlı olaraq mətbuatda görüb. Yaxud Mirzə Fətəli Axundov haqqında da eyni sözləri deyə bilərik. Cəfər Cabbarlının Mirzə Fətəli Axundov haqqında maraqlı fikri var: “Axundov dramaturgiyadan daha təsirli tribuna tapsaydı, dramaturq olmazdı”. Yaxud müstəqilliyimizin ilk illərində Nəcəf Nəcəfov böyük bir addım atdı, “Azadlıq” qəzetini yaratdı. O ixtisasca iqtisadçı idi, jurnalist deyildi ki. Əgər normal şərait olsaydı, bu insan gedib öz ixtisası ilə məşğul olardı. Fikirləşib ki, sözünü demək üçün mütləq tribuna lazımdır və “Azadlıq”dan təsirli bir tribuna kimi istifadə elədi. Şərait tələb edib ki, bu kimi adını çəkmədiyim onlarla insan tribuna kimi mətbuata üz tutub. Bəzən deyirlər, filankəs yaxşı jurnalist idi, amma ixtisası bu deyildi. Yüz nəfərdən bir, ya ikisi Nəcəf Nəcəfov ya olar, ya olmaz. Amma bu gün jurnalistikaya kütləvi axın tribuna axtarışı, mətbuat sevgisi ilə bağlı deyil axı. Bir çoxu istəyir ki, cibinə bir jurnalist vəsiqəsi qoyub getsin hansısa məmurun, təşkilat rəhbərinin qəbuluna düşüb hədə-qorxu gəlsin. Jurnalist olmaq istəyən candan, ürəkdən bu peşəyə bağlanmalıdır. Mən jurnalistika fakültəsinə daxil olunca yeddi il vaxt itirmişəm. Riyaziyyatı çox yaxşı bilirdim, amma buna baxmayaraq riyaziyyatçı yox, məhz jurnalist olmaq istəmişəm. Bunun üçün ömrümün yeddi ilini itirmişəm. Düzdür, bu müddət ərzində qazandıqlarım da olub, hərbi xidmətdə rus və alman dillərin öyrənmişəm, hərbi xidmətimi başa vurmuşam, kolxozda işləmişəm, zavodda çalışmışam. O yeddi ildə jurnalist olmaq üçün sözün əsl mənasında hazırlaşmışam. Mənəvi və fiziki baxımdan möhkəmlənib sonra jurnalist olmuşam. 

– Sizcə, haqqında danışdığımız kütləvilik reket jurnalistikaya rəvac verir, yaxud əksinə reket jurnalistikanın “intibahı” mətbuata kütləvi axını şərtləndirir? 

–Əvvəlcə bir məsələni qeyd edim ki, reket jurnalistlərin içərisində bir nəfər də olsun jurnalistika fakültəsini bitirən yoxdur. Bunu hamı təsdiqləyə bilər. Onların əksəriyyəti kənardan gələnlərdir. Eləsi var, texnikum bitirib, eləsi var, sadəcə orta məktəbi başa vurub, heç bir ali təhsili yoxdur. Belələri iş tapmayanda rüşvətsiz işə daxil olaraq rüşvət almaq üçün ən əlverişli bir sahə olan jurnalistikaya üz tuturlar. Amma jurnalistikaya bu axını da elə bir ciddi problem hesab eləmirəm. Zamanla bu axın seyrələcək, hər şey yerini alacaq. Gec-tez hərə öz yuvasını tapacaq. Ataların dediyi kimi, su axıb çuxurunu tapacaq. Cəmiyyət özü bunu nizamlayacaq. Jurnalistikanı qurtarmaq hələ jurnalist olmaq demək deyil. Jurnalistikanı qurtaran çoxunu tanıyıram, Rusiyada alverlə məşğuldur. Reket jurnalistikasına gəlincə, mütləq qeyd etməliyik ki, reket jurnalistləri özümüz yetişdiririk, cəmiyyət yetişdirir. Bizim əksər problemlərimiz kimi reket jurnalistikasının özülü də sovetlər dövründə qoyulub. Bir fərq var ki, o vaxt reketçilik bu şəkildə açıq-aşkar deyildi. Müəyyən qədər çəkinirdilər. Kütləvi axının bir səbəbi də insanların cibinə bir jurnalist vəsiqəsini qoyaraq hansısa vəzifəli şəxsin qəbuluna düşmək istəməsidir. Əlbəttə ki, burada da şəxsi təmənnaları da ön planda olur. Reket jurnalistikası sovet dövrü ənənəsinin bugünkü davamıdır. Kimlərsə düzgün işləmirlər, ona görə də jurnalist adı eşidəndə qorxuya düşürlər. Reket jurnalistikanın sıradan çıxması üçün məmurlar nöqsanlarını ortadan qaldırmalı, düzgün işləməlidirlər. Onda reket jurnalistdən də çəkinməyəcəklər, reket jurnalistlə əsl jurnalisti də ayırd edə biləcəklər. Anlayacaqlar ki, əsl jurnalistin işi informasiyanı alıb, toplayıb yaymaqdır.

– Jurnalistika Universitetinin yaradılması ilə bağlı ideya gündəmə gətirilib. Buna münasibətiniz necədir?

– Mən bu ideyanı dəstəkləyirəm. Bu jurnalistikamızın inkişafına təkan verər. Jurnalistika fakültələrinin maddi-texniki bazası təkmilləşdirilməlidir. Hər bir tələbənin, müəllimin audlitoriyada internetə çıxış olmalıdır. Yaradıcılıq studiyaları mükəmməlləşməlidir.  Müəllim kadrları müasirləşməlidir. Hər müəllim öz yerinə mütəxəssis hazırlamalıdır. Bəxtiyar Vahabzadənin yaxşı bir sözü var, müəllim tələbəni öyrətməli deyil, ona qığılcım verməlidir.  – Cəmiyyətin bütün sahələrində yaşanılan keçid dövrü jurnalistikamızda özünü necə büruzə verir? – Jurnalistikamız hələ keçid dövründən çıxmayıb, amma çıxmaq üzrədir. Keçid dövrünün hələ müəyyən təzahürləri qalmaqdadır. Qəzetlərin satılmaması, yaxud çox az satılması, qəzetlərin iqtisadi cəhətdən çox çətinlik çəkməsi buna misaldır. Gərək qəzet sponsor tapsın. Onda da qəzet sponsorun dediyini yazmağa məcbur olacaq. Bu da azad mətbuatın formalaşmasına maneədir. Mətbuatın azad olması üçün onun maliyyə mənbəyi olmalıdır. Bunun da yeganə düzgün yolu reklamdır. Reklam bizdə çox məhduddur. Reklam bazarı demokratik əsaslarla tənzimlənməlidir. Reklam vermək istəyən də seçimində azad buraxılmalıdır. O özü seçməlidir ki, reklamını hansı mətbu orqana versin. Jurnalistikanın problemləri cəmiyyətlə birbaşa bağlıdır. Hal-hazırda jurnalistikamız da keçid dövrünü yaşayır. İnsan ömrü miqyasından yanaşsaq, bu, hələ xeyli çəkə bilər, tarixin axını ilə getsək, buna qısa bir müddət lazımdır ki, bu dövr də keçsin. Və onda Sabir demişkən, “yağı yağ üstə çıxıb, ayranı ayranlıq olacaq”. Jurnalistika birbaşa cəmiyyətlə bağlı olan sahədir. Həsən bəy Zərdabi deyirdi ki, hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Bu mənada cəmiyyətin inkişaf səviyyəsi jurnalistikanın inkişaf səviyyəsi deməkdir. Bu gün xarici ölkələrdə olduğu kimi mətbuat Azərbaycanda dördüncü hakimiyyət rolunu yerinə yetirməyə çalışır, amma alınmır. Yəni jurnalistika ilk üç hakimiyyəti informasiya ilə təmin eləməlidir. Həm də o, hakimiyyətlə kütlə arasında əlaqə yaratmağı bacarmalıdır. Bunu bacarırsa onda dördüncü hakimiyyətdir. Bizdə hələ ki bu tam alınmır, ancaq cəhdlər var. 

– Mətbuatda qütbləşmə tendensiyasına necə baxırsınız? 

– Cəmiyyət özü iki yerə bölünübsə, iqtidar və müxalifət varsa, bu mətbuatda da öz əksini tapmalıdır. Bu,  qanunauyğunluqdur. Dünya özü də iki qütbə-cənub və şimal qütbünə bölünüb. Qütbləşmə pis şey deyil. Amma gərək vahid nüvə ətrafında qütbləşməyi bacarasan. Bizim cəmiyyətimizin çatışmayan cəhəti odur ki, biz həmişə müxtəlif nüvələr ətrafında cəmləşirik. Bu da, təbii ki, mətbuata da sirayət edir. Həm iqtidar, həm də müxalifət mətbuatına. Deyək ki, vahid azərbaycançılıq ideyası ətrafında birləşsək, cəmiyyətdə də heç bir narazılıq olmaz. Amma bizim nüvələrimiz başqa-başqadır. Bizdə azad mətbuatın təzahürləri var, amma sadəcə çalışıb o nüvələri birləşdirməliyik. Mətbuatımız da buna xidmət eləməlidir. Şəxsən mən Əli bəy Hüseynzadənin üçəm düsturunun tərəfdarıyam. Yeganə çıxış yolumuz budur: türkçülük, islamçılıq və müasirlik. Bu üçünün ortaq nöqtəsini tapmalıyıq, gündəlik həyatımızdan tutmuş mətbuatımıza qədər tətbiq eləməliyik. Və o ideya ətrafında birlişməliyik. Əks halda nə cəmiyyət, nə də mətbuat indiki vəziyyətdən çıxa bilməyəcəyik. Mətbuatda plüralizm də eyni nöqtəyə aparıb çıxaran müxtəlif yollardır. İnsanların ağzına və ağlına gələni danışması plüralizm demək deyil. Vahid ideologiyadan çıxış edib müxtəlif fikirləri  ifadə edə bilərik. Bizim cəmiyyətimizin yeganə çatışmazlığı məqsədsizlikdir. Bu, taksiyə oturub “sür” deməyə oxşayır. Taksi sürücüsü də “hara?” soruşanda cavab verə bilmirik. İndiki vəziyyətimiz buna bənzəyir. Necə ki, cəmiyyətimiz vahid nüvə ətrafında birləşməyib, jurnalistikamız da bu vəziyyətdə olacaq.  

– Hazırda siz informasiyanı daha çox hansı mənbədən alırsınız?

– Son vaxtlar internetdən və bir də insanlarla ünsiyyətdən. 

– Qeyd elədiyiniz kimi, onlayn jurnalistika bu gün ənənəvi medianı qabaqlayır. Sizcə, bu “informasiya bolluğu” bizi hara aparacaq?

– Burada da müəyyən süzgəc olmalıdır. Kim özünə hansı informasiya lazımdırsa, onu götürməlidir. Yoxsa bir insan başı bu qədər informasiyanı emal eləyə bilməz. Sinir xəstəliklərinin bu qədər artması da əslində lazımsız informasiya bolluğu ilə əlaqədardır. Hərə bu “informasiya qazanından” özünə lazım olan qədər götürməlidir. 

– Ümumiyyətlə, bu xaosu necə tənzimləmək olar?

– Bütün başlanğıclarda belə olur. Hətta Amerikada da, Yaponiyada da ilk dövrlərdə belə olub.  Gənclərə müəyyən mənada yol göstərməliyik. Düzdür, indiki gənclərə yol göstərəndə acıqları gəlir. Amma elə bir yol tapmaq lazımdır ki, onlar bu xaosu yönləndirə bilsinlər. Düşürəm ki, bu xaos özü bir istiqamət tapacaq, bulanıq sular da durulacaq. Əslində jurnalistikanın üç funksiyası – xəbərləmə, maarifləndirmə və əyləndirmə – bunlar inkişaf eləmiş ölkələr üçündür. Çünki onlar müəyyən mərhələni keçiblər, öz müstəqil dövlətlərini qurublar, ərazi bütövlüklərini bərpa ediblər, demokratiyaya nail olublar, keçid dövründən çıxıblar, iqtisadi rifaha nail olublar. Ona görə bu kimi ölkələrin əhalisi bilmədiklərini öyrənmək və əylənmək istəyirlər. Amma bizim kimi keçid dövründən olan gənc dövlətlər üçün bu saydıqlarım törəmə funksiyalardır. Nə vaxt ümumilli problemimizi – Qarabağ prolemini həll edəcəyik, onda bu funksiyalardan da lazımi şəkildə bəhrələnəcəyik. Bizim mətbuatımızın indi birinci funksiyası bayaq da qeyd elədiyim kimi cəmiyyətin məqsədini müəyyənləşdirməkdir. Mətbuatın əyləndirmə funksiyası bu gün xörəyə atılan duz rolunu oynamalıdır. Amma bizdə əyləncə önə keçib. 

 - Sizin təbirinizcə desək, biz indi çox “duzlu” yeyirik.
- Bəli, bizə çox “duzlu” yedirirlər. “Duzdan” göz açmaq olmur. Mənim bir təklifim var: onu ÜMİD adlandırmışam. Ümummilli İnkişaf Doktrinası.İnkişafa nail olmaq üçün mətbuatın üç əsas funksiyası buna xidmət eləməlidir. Bizim millət olaraq işimiz çoxdur. Söhbət təkcə Qarabağdan getmir, Dərbənd, Borçalı kimi dərdlərimiz var. Hələ əylənmək vaxtı deyil. Baxmayaraq ki, mətbuatımızın bütün sahələri bunu ön plana çıxarır. Əslində bizim jurnalistikanın informasiya vermək, təhlil etmək və araşdırmaq funksiyaları olmalıdır. Bizdə hələ indi-indi araşdırıcı jurnalistika təşəkkül tapmağa başlayır. Eyni zamanda bizim mətbuatımızda, xüsusilə də internet mediada daha çox gənclər işləyir deyə, xəbərləmə janrı üstünlük təşkil etməyə başlayıb. Xaricdə jurnalist deyəndə reportyor nəzərdə tutulur.  Onlar xəbərə izah vermirlər. Sadəcə xəbər verirlər, xəbərə yalnız ekspertlər şərh verə bilər. Bizdə hələ jurnalistikanın inkişafı tam formalaşmadığına görə biz hələ təhlillə məşğuluq. Elə bir sistem, konsepsiya yaradılmalıdır ki, cəmiyyət də, jurnalistika da özü-özünü tənzimləyə, idarə edə bilsin, heç kimdən asılı olmasın.

- Sizin fikrinizcə, mətbuatımızda hansı janrlar artıq öz əhəmiyyətini itirməkdədir? Və jurnalistikada heç vaxt “dəbdən düşməyən” müsahibə janrı haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Sovet dövründə jurnalistikada ən populyar janr oçerk idi. Janrlar içərisində oçerk yeganə sözdür ki, sırf rus mənşəlidir. Oçerkdə adətən sovet zəhmətkeşlərinin, əmək qabaqcıllarının haqqında yazılırdı. Oçerk daha çox tərənnüm xarakterli olurdu. Artıq oçerk janrı zamanın tələbi ilə ölüb getməkdədir. Ümumiyyətlə, bədii-publisistik janrların əksəriyyəti sovet dövrünün mirasıdır və artıq aktuallığını itirir. Müasir dövr jurnalistikasında xəbərləmə, analitika və müsahibələr aktuallığını qoruyur. Sovet dövründə də olduğu kimi çağdaş mətbuatımızda da müsahibə janrı ən işlək janrlardan biridir. Jurnalist mövzuya uyğun sual verir, müsahibi isə cavablandırır. Lakin heç də qəzet səhifəsində müsahibə ilkin variantda götürüldüyü kimi təqdim olunmur. Müsahibə jurnalistin, redaktorun montajından keçir, sonra qəzet səhifəsində yer alır. Müsahibin dediklərini daha lakonik və canlı şəkildə çatdırmaq üçün bu redaktə prosesi lazımdır. Müsahibə sözünün hərfi mənası ərəbcədən tərcümədə “iki tərəfin söhbəti” deməkdir. Amma sovet dövrü jurnalistikasında buna fakt toplama  metodu və janr kimi ayrı-ayrılıqda yanaşıblar. Metodoloji mövqedə duranlar müsahibəyə fakt toplama, janr mövqeyində duranlar isə öz orijinal strukturu və formayaratma əlamətləri olan mətnin təşkili üsulu kimi baxırdılar. Bu yanaşmaların müəyyən üstün cəhətləri olsa da, əslində vahid yaradıcılıq prosesinin süni yolla iki hissəyə parçalanması demək idi.
Hazırda Qərbi Avropa və Amerikanın jurnalistika məktəblərində müsahibəyə iki tərəf arasında gizli yarışma kimi yanaşırlar. Belə deyək ki, sanki jurnalist bütün gizli üsullarını işə salıb müsahibindən özünə lazım olan informasiyanı almağa çalışır və alır da.
Jurnalistikanı başqa peşələrdən fərqləndirən onun tədqiqat obyektinin ümumilikdə bütün həyat olmasıdır. Amma axı jurnalist də həyatın bütün tərəflərinə dərindən bələd ola bilməz. Buna görə də KİV nümayəndələri daha çox hansısa məsələ ilə bağlı ekspertlərə müraciət edərək onların fikirlərini öyrənib ictimaiyyətə çatdırmağa çalışırlar. Müsahibə janrı da məhz bu zərurətdən yaranıb və inkişaf edib. Müsahibədə jurnalistin əsas məqsədi bundan ibarət olmalıdır:  ictimai yüklü hansısa məsələ barəsində faktlara və sitatlara söykənərək dəqiq, bitkin informasiyanı cəmiyyətə çatdırmaq. Dəqiqlik və qərəzsizlik ilə yanaşı bu zaman jurnalist vicdanlılıq prinsiplərinə də əməl etməlidir. Bu gün bəzən elə müsahibələr oxuyursan ki, görürsən heç jurnalist mövzuya bələd deyil. Jurnalist kiminlə müsahibəyə gedəcəksə, dərindən hazırlaşmalıdır. Amerikalı mütəxəssislər belə hesab edir ki, reportyor müsahibi ilə görüşməmişdən əvvəl ona hansı informasiyanın lazım olduğunu özü üçün müəyyənləşdirməlidir və bu məlumatı əldə etmək üçün müvafiq suallar fikirləşməlidir.  Gərək jurnalist peşəkar olsun, öyrənmək istədiyi məsələyə bələd olsun ki, informasiyanı müsahibinin dili ilə daha da zənginləşdirsin.

- Pedaqoq kimi indiki tələbələrdən razısınızmı?
- Birmənalı cavab vermək olmur. Onlardan heç vaxt narazı ola bilmərik. İstənilən halda gəlibsə, onu öyrətməliyik. Amma indi tələbələrin təcrübəsi ilə bağlı problemlər də mövcuddur. Məsələni nizama salmaq məqsədilə vahid mexanizm yaradılmalıdır. Yaradıcılıq emalatxanasında abituriyentlər bizim məhsulumuzdur. Onlara jurnalistika fakültəsində cümlə qurmaq öyrədilməməlidir. Müəyyən istedada, dünyagörüşünə malik tələbələr daha da təkmilləşdirilməli, cilalanmalıdır.  Yuxarı balla qəbul olan tələbə universiteti yaxşı mütəxəssis kimi bitirmirsə, günah bizimdir. Amma biz həvəssiz, təsadüfi uşaqlara görə niyə məsuliyyət daşımalıyıq ki? Quyuya su tökməklə quyu sulu olmaz. Amma müəllimlərimiz də öz üzərlərində işləməlidir. Müasir texnologiyalara bələd olmalıdırlar.
İndi tələbələr  kompüterin bir düyməsi ilə hər şeyi öyrənə bilirlər. Müəllim də bu tələblərə cavab verməlidir. Bu gün onlayn jurnalistika get-gedə inkişaf edir. Jurnalistkada dərs deyən müəllim buna dərindən bələd olmalıdır. İndi daha çox sual edirlər ki, bloggerləri jurnalist hesab etmək olar ya yox? Əvvəla onu deyim ki, bəlkə bloggerlərdən də tək-tük jurnalistika yönümlü insanlar çıxa bilər. Ümumilikdə, isə bloggerliyin jurnalistika ilə eyniləşdirilməsinin əleyhinəyəm. Onsuz da istedadlı blogger zamanla daha da püxtələşəcək və onlayn jurnalistikaya keçəcək. Amma bu  yüz nəfərdən birində ola, ya olmaya. Bu gün sosial şəbəkələrin, vətəndaş jurnalistikasının ümumən mətbuata təsiri var. Sosial şəbəkələr sosiallaşmaq, informasiya mübadiləsi, müzakirə və diskusiyaların aparılması baxımından çox önəmlidir. Bir zamanlar adi yazıya görə burdan Moskvaya, yaxud hansısa şəhərə getməliydik. İndi oturursan, bircə düymə ilə sanki dünya ovcunun içindədir. Bütün bunlara görə biz də dünyanın ümumi inkişaf tempi ilə ayaqlaşmaq üçün cəmiyyət olaraq öz üzərimizdə işləməli, müasirləşməliyik. Cəmiyyət inkişaf etdikdə, müasirləşdikdə jurnalistikamız da buna uyğun olaraq inkişaf edəcək.

Sevinc MÜRVƏTQIZI
 





12.09.2012    çap et  çap et