525.Az

Ağdaş və İsmayıllıda sel suları körpüləri dağıtdı


 

Ağdaş və İsmayıllıda sel suları körpüləri dağıtdı

Ölkənin şimal rayonlarına yağan güclü leysan yağışları səbəbindən Türyançay, Dəmiraparançay, Çayqovuşançay, Mirzəbəyliçay, Göyçay çayı, Girdiman çaylarında suyun səviyyəsi xeyli qalxıb.

APA-nın xəbərinə görə, Türyançay və Çayqovuşançay çaylarına gələn güclü sel suları iki körpünü dağıdaraq yararsız hala salıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 245-ci kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançayın üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Çaya gələn sel suları körpünün sütunlarını yuyaraq onun 4 yerdən çökməsinə səbəb olub. 1963-cü ildə istifadəyə verilən, uzunluğu 60 metr, eni 12 metr olan 3 sütundan ibarət körpü nəqliyyat vasitələrinin istifadəsi üçün yararsız sayılır. Hazırda nəqliyyat vasitələri alternativ olaraq Göyçay-Ucar-Ağdaş yolundan istifadə edirlər.
Türyançayın üzərində mövcud olan dəmir konstruksiyalı digər köhnə körpünün müvəqqəti olaraq təmir edilərək avtomobillərin hərəkətinin bərpası üçün iş aparılır.

Sel suları İsmayıllı rayonunun Çayqovuşan kəndindəki körpünü tamamilə dağıdaraq yararsız hala salıb. Ötən əsrin 50-ci illərində inşa edilən, uzunluğu 7 metr, eni 4 metr olan körpünün dağılması nəticəsində Çayqovuşan kəndi ilə rayon mərkəzinin avtomobil əlaqəsi kəsilib. Güclü sel körpünü aparmaqla yanaşı, çayın sahillərini yuyaraq onun enini 100 metrədək artırıb. Hazırda kənd sakinləri çaydan yük avtomobilləri vasitəsilə keçirlər.

 





12.09.2012    çap et  çap et