525.Az

"Qarabağ şikəstəsi" İstanbulda səslənib


 

"Qarabağ şikəstəsi" İstanbulda səslənib<b style="color:red"></b> İstanbulda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi (AME) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Cem Karaca" Mədəniyyət Mərkəzində möhtəşəm konsert proqramı təşkil edib.

AME-nin sədri Hikmət Elp bu milli bayramın tarixi əhəmiyyətindən danışıb. Tamaşaçılar arasında Bakı, Gəncə Naxçıvan, Təbriz, Urmiya, Qars, Edirnə və digər şəhərləri təmsil edən qonaqların olduğunu diqqətə çatdıran H.Elp bildirib ki, 31 dekabr təkcə Azərbaycanlıların Həmrəylik Günü deyil, həm də ölkələr və xalqlar arasında dostluğa xidmət edən bayramdır.

Konsertdə Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Azərbaycan muğamları və xalq mahnıları səslənib. Onları nağaraçı Günay Aksu, Xalq artistləri - tarzən Möhlət Müslümov və kamança ustası Fəxrəddin Dadaşov müşayiət ediblər.

Əlamətdar gün münasibətilə tamaşaçıları təbrik edən xanəndələrimiz bildiriblər ki, Azərbaycan musiqisi birlik və həmrəylik duyğularını daha da gücləndirir, xalqımızın qədim mədəniyyətini bütün dünyaya yayır.

Tamaşaçılar Mələkxanım Əyyubova və Nuriyyə Hüseynovanın birlikdə ifa etdikləri "Qarabağ şikəstəsi"ni ayaq üstdə, hərarətli alqışlarla qarşılayıblar.
 





06.01.2015    çap et  çap et