525.Az

Bakıda keçmiş deputatlar üçün yaşayış binası tikilir


 

Bakıda keçmiş deputatlar üçün yaşayış binası tikilir<b style="color:red"></b>

2000-2005-ci illərdə II çağırış Milli Məclisin üzvü olmuş bir qrup keçmiş deputatın mənzil dövlətdən almaq problemi hələ də həll edilməyib. KAT LTD şirkətinin eks-deputatlar üçün inşa etdiyi bina 2005-ci ildə dövlət ehtiyacları üçün  Fövqəladə Hallar Nazirliyinə (FHN) veriləndən sonra isə, problem bir qədər də dərinləşib.

Problemlə bağlı Modern.az saytına danışan sabiq deputat, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, mənzillər əslində dövlət vəsaiti hesabına verilmir.

Keçmiş deputatın sözlərinə görə II çağırış Milli Məclisdə deputat olmuş şəxslər KAT LTD şirkəti ilə müqavilə bağlayıb, öz vəsaitləri hesabına mənzilləri əldə etməli idilər.

“Lakin KAT LTD-nin tikdiyi bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə verildi. Mən və  ev verilməsi nəzərdə tutulan sabiq deputatlar öz şəxsi vəsaitləri hesabına həmin mənzilləri almaq üçün vəsait ödəmişik. Lakin evin verilməsi məsələsi yubadıldı”.

Rauf Qurbanov deyib ki, hazırda sabiq deputatlar üçün Xətai rayonu ərazisində, AMAY ticarət mərkəzinin yaxınlığında yeni yaşayış binası inşa olunur.

Bəs eks-deputatlar yeni binada mənzil almaq üçün əlavə vəsait ödəyəcəkmi?

Rauf Qurbanov sualı belə cavablandırıb: “Kvadratından asılı olaraq yəqin ki, biz şəxsi vəsaitimiz hesabına əlavə pul ödəyəcəyik. Amma məsələni araşdırmaq daha məqsədəuyğun olardı. Elə etmək lazımdır ki, bizim əvvəl ödədiyimiz vəsait də nəzərə alınsın”.

Qeyd edək ki, KAT LTD şirkətinin tikdiyi bina FHN-ə veriləndən sonra,Nazirlər Kabineti başqa binanın inşası üçün müvafiq qərar verib. 

 





07.01.2015    çap et  çap et