525.Az

Şəkidən Dənizliyə və ya Akhan məhəlləsinin tarixçəsi Hasan Kallimcinin təqdimatında


 

Şəkidən Dənizliyə və ya Akhan məhəlləsinin tarixçəsi Hasan Kallimcinin təqdimatında<b style="color:red"></b>

Türkiyənin tanınmış yazarı Hasan Kallimci Şəkidən köçüb qardaş ölkənin Dənizli bölgəsində məskunlaşan azərbaycanlıların kompakt halda yaşadıqları Akhan məhəlləsi barədə geniş araşdırma aparıb.
 
Bundan bir müddət əvvəl də "525-ci qəzet"ə müsahibə verən Hasan Kallimcinin bu araşdırmasının oxucularımız üçün maraqlı olacağını düşündük.

H.Kallimci 2014-cü ilin 8 avqustunda, öncədən qərarlaşdırdıqları kimi, Dənizlinin yerli qəzetlərindən birinin müxbiri Raziyə Sarı və əslən güneyli, təqaüdçü müəllim İslam Günəşlə birgə Dənizlinin Akhan məhəlləsinə səfər edib. Orada Azərbaycanın Şəki şəhərindən Dənizliyə köçən və Akhan kəndini yaradan insanlarla söhbətləşib. Hasan Kallimci yazır: "Dənizlidə Akhanı kimdən soruşsanız, burada Qafqazdan köçən çərkəzlərin yaşadığını deyəcəklər. Buradakıların fikrincə, Qafqazdan gələn hər kəs çərkəzdir. Halbuki Qafqazda çox müxtəlif xalqlar yaşayır".

Səfər zamanı qonaqlar əvvəlcə 1934-cü il təvəllüdlü İsmayıl Akhanın evində olublar, onları ixtiyarın özü, oğlu Hikmət Akhan və qohumu Necati Akman qarşılayıb. Erdal Akhan da sonradan söhbətə qoşulub. Hikmət Akhan indiyədək bir çox ixtiyar qocalarla məlum köç haqqında söhbətlər aparıb: gözəl yaddaşı var, tarix, yer və şəxs adlarını dalbadal sıralayır. Düz 9 dəfə Azərbaycanda olub. Hətta orada tanış olduğu xanımla evlənib, övladları var.

H. Kallimcinin yazdığına görə, Akhanlı azərbaycanlıların köçlərinin səbəbi ta Şeyx Şamil zamanına gedib çıxır: "Şeyx Şamil ruslarla apardığı mübarizədə məğlub olandan sonra "Vətən savaşını uduzduq, burada əsarət altında yaşamayın, Osmanlı dövlətinə gedin" deyə vəsiyyət edir. Hətta padşaha məktubunda "...gələnlər mücahidlər və naiblərimdir. Yer-yurd olmalarına yardım etməyinizi xahiş edirəm" yazır..

Rusların Qafqazda davam edən kənd-kənd istilası 1900-cü ilin əvvəllərinə qədər sürür. Akhana köç edənlərin kəndinə qədər gəlib çıxırlar. Çünki onlar Şeyx Şamili əsgər, silah, cəbbəxana ilə təmin edirdilər. Göynük kəndi kürəyini onu üç tərəfdən çevrələyən Göynük dağına dayayıb, önündən də Şin çayı axır. Bu səbəblərə görə istilası da ləngiyir. İşğal zamanı ruslar yerli əhali ilə qəddarcasına davranır, hətta namaz üstə olan ahıllara, körpəsinə süd verən analara, uşaqlara belə acımırlar. Ona görə də Göynükdən sağ qalanlar köç etmək qərarına gəlirlər". 

H.Kallimci vurğulayır ki, Akhan kəndini quranların hamısı Azərbaycanın Şəki şəhərindən köçüb gələnlərdir: "Şəkinin kəndlərində - Göynükdən 10, Şabalıddan 2, Cumuxdan 1 ailə olmaqla - cəmi 54 nəfərdən ibarət 13 ailə köç etməyə qərar verir. Köçün rəhbəri Hikmət Akhanın babasının babası Hacı Mahmud olur. Ən zəruri əşyalarını və iki küp qızıl götürüb Batuma doğru yola çıxırlar. Ancaq buranı da rusların işğal etdiyini görüb çox kədərlənirlər. Ruslar əşyalarını və qızılın bir küpünü onlardan alırlar. Qalan bir küp qızılla isə İstanbula gedən gəmi kirayələyirlər. Günlərlə sürən yolçuluqdan sonra 1902-ci ilin sonlarında gəmi onları İstanbula çatdırır və Zeytunburnunda sahilə çıxarır. Yerli xalqın etirazı ilə qarşılaşırlar, "Sizi istəmirik, geri dönün" basqısı ilə üzləşirlər. Münaqişə yaşanır. Padşah II Əbdülhəmidə xəbər çatır. Padşahın kürəkəni də Qafqaz köçkünü olduğu üçün bu qafiləyə sahiblənir və onları padşahın hüzuruna çıxarır. Padşaha Şeyx Şamilin məktubu verilir. Padşah Şeyx Şamilə vaxtında yardıma yetişə bilmədiyi üçün çox kədərlənir, köç 3 ay "Ulduz" sarayında qonaq edilir, sonra qaçqınların hər birinə istədikləri yerdə məskunlaşmaları ilə bağlı icazə məktubu verilir. Mühafizə xidməti altında bu köç qafiləsi Dənizliyə gəlir. Burada Honazın Ərikli yaylasına yerləşir. Daha sonra orada Korucuk ərazisini kəşf edirlər. Orada yaşayan bir neçə nəfərin ərazisini də satın alaraq sonradan Akhan adı verəcəkləri kəndi qururlar. 1903-cü ildə Gökpınardan gələn suyu öz qazdıqları kanalla əraziyə gətirirlər. İllərlə çəltikçiliklə məşğul olur, yüksək keyfiyyətli düyü yetişdirirlər. Türkiyə Cümhuriyyətinin dövründə soyad qanunu qüvvəyə minəndə Akhan, Akkan, Akman, Çetin, Motor, Bekan, Bilgin, Gənc, Acar, Günenç soyadlarını qəbul edirlər".

H.Kallimci qeyd edir ki, köç edib yeni yurd salsalar da, hər kəsin fikri-zikri Azərbaycanda, köçüb gəldikləri kənddə qalır: "Həkim İsmayılın qızı Fatma xanımın gözləri tutulur. Ağbirçək ömrünün sonlarında deyirmiş ki, məni Göynüyə aparsalar, bu kor halımla orada addımlayıb evimizi taparam..."

Hikmət Akhan da Qafqaz eşqiylə yanıb-tutuşan akhanlıdır. 9 dəfə Azərbaycanda olub, son səfərində atasını da özü ilə götürüb.

Kəndin adının yaranmasının da maraqlı tarixçəsi var. Məskunlaşdıqları əraziyə ad qoymaqla bağlı söhbətləri zamanı deyirlər ki, Vətənimizi rus tapdağına verdik, üzümüz qara oldu. Burda üzümüz ağ olsun. Azərbaycanda xanlıq idik. Niyazi xan və nəsli unudulmasın deyə xan kəlməsini  də yanına qoşaq. "Akhan" olsun kəndin adı...

Şəkinin üç kəndindən buraya köçüb gələn bu insanlar yeni Vətən torpaqlarını işğal etdirməmək, üzləri ağ yaşamaq üçün könüllü olaraq 13 ailədən 35 kişi Çanaqqala savaşlarında cəbhəyə yollanıb. Akhan 100 ilə yaxın müddət ərzində müstəqil bir ilçə mərkəzi olub. Qonşu Kale kəndi ilə birləşdirilərək 1988-ci ildə Akkale bələdiyyəsi təşkil edilib. 2006-cı ildə bələdiyyə ləğv olunub və Dənizli Mərkəz ilçəsinin, daha sonra 2012-ci ildə yeni təşkil edilən Pamukkale ilçəsinin bir məhəlləsinə çevrilib".

S.MÜRVƏTQIZI

 





07.01.2015    çap et  çap et