525.Az

Müəllim ömrünün istisi və işığı


 

ŞABRANDA AZƏRBAYCANIN ƏMƏKDAR MÜƏLLİMİ BABƏK XUBYAROVUN 60 İLLİK YUBİLEYİ QEYD EDİLİB

Müəllim ömrünün istisi və işığı<b style="color:red"></b>

Müəllimlik qocalmaq bilməyən peşələrdəndir. Hələ bir neçə min il öncə Çin filosofu Konfutsi demişdir: "Əgər birillik planın varsa, taxıl ək. Əgər onillik planın varsa, bağ sal. Əgər yüzillik planın varsa, insanları öyrət!"

Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik, insanı öyrətməyə gedən yol ilk əvvəl dərsdən keçir. Və bu işlərin əsas aparıcısı olan müəllim əməyindən asılıdır. Buna görə də müəllim əməyini yüksək qiymətləndirən Ümummillli lider Heydər Əliyev deyib: "Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir".

Bugünlərdə Şabran şəhər Məmmədağa Nəzirov adına 4 saylı tam orta məktəbdə Azərbaycanın belə şöhrətli və çox qiymətli müəllimlərindən birinin - Respublikanın Əməkdar Müəllimi Babək Xubyarovun anadan olmasının 60 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Füzuli Hüseynov açaraq yubilyarın bu məktəblə bağlılığından danışdı. Bildirdi ki, 1977-ci ildə BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən Babək müəllim ilk pedaqoji fəaliyyətinə bu məktəbdə başlayıb. İyirmi il bu məktəbdə ixtisası üzrə müəllim, sonralar direktor müavini işləyib.

Hazırda Yasamal rayon 158 saylı tam orta məktəbin müəllimidir.

Tədbir iştirakçıları ilk əvvəl Babək müəllimin doğma məktəbə hədiyyə etdiyi qiymətli eksponat və əyani vəsaitlərlə zəngin tarix kabinetinin açılışında iştirak etdilər, onun açıq tarix dərsini dinlədilər. Sonra İctimai Televiziyanın yubilyardan bəhs edən "Azərbaycan müəllimi" sənədli filminin nümayişi oldu.

Babək müəllimin şərəfli ömür yolu haqqında pedaqoji elmlər doktoru, professor Mübariz Əmirov çıxış etdi. O dedi ki, Babək Ələkbər oğlu Xubyarov 1954-cü ildə Şabran rayonunda müəllim ailəsində anadan olub. B.Xubyarov pedaqoji fəaliyyətə başladığı illərdən bu günə qədər həmişə yenilikçi - novator pedaqoq kimi tanınıb. O, qısa vaxt ərzində çalışdığı məktəblərdə biri-birindən zəngin tarix kabinetləri, muzey sinfi təşkil edib. 4 saylı məktəbi tarix təmayüllü təhsil ocağına çevirib. Onun fəaliyyəti nəticəsində tarix fənni üzrə məktəbin şagirdləri rayon, zona, respublika bilik yarışlarında, müsabiqələrdə, fənn olimpiadalarında ön yerləri tutublar. B.Xubyarov təlim prosesində müxtəlif tədris vasitələrinin: diktant materialları sistemini - perfokat (indiki test) kortiçka, albom, riyazi oyunlar, krossvord, çaynvord, elektrik və batareya ilə işləyən "Özünü yoxla" xəritə və diaqramlar sistemini yaradıb.

Ölkədə test sistemini tədris prosesində öyrədici və möhkəmləndirici vasitə kimi ilk dəfə Babək müəllim tətbiq edib. B.Xubyarov ilk dəfə olaraq elektron vasitələri tarixin tədrisi prosesində tətbiq edərək mühüm irəliləyişə nail olub.

B.Xubyarov Təhsil Nazirliyinin kurikulumun tətbiqi ilə əlaqədar işçi qrupun üzvü olaraq yeni dərslik, tədris materiallarının hazırlanmasında da yaxından iştirak edir, öz tövsiyələrini verir.

Babək müəllimin pedaqoji fəaliyyətində şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi əsas yer tutur. Yetişdirilmələri içərisində onlarla hərbçi dövlət və orqan işçilərinin olması, bir nəfərin isə Milli Qəhrəman adına layiq görülməsi heç də təsadüfi deyil.

B.Xubyarovun iş təcrübəsi öyrənilərək rayon və respublika səviyyəsində yayılıb və ona bu sahədəki  bütün fəxri adlar verilib. O, respublika müəllimlərinin qurultaylarında nümayəndə olub, Təhsil Nazirliyinin Milli Kurikulum Komissiyasında milli məsləhətçi, tarix fənnləri üzrə olimpiada komissiyasının tarix fənnləri üzrə elmi-metodik şurasının üzvüdür.

Babək müəllimin pedaqoji fəaliyyəti ictimaiyyət və dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Onun fəaliyyəti barədə məqalə, oçerk, kitab yazılıb. Azərbaycan Dövlət Televiziyası müəllimin rəhbərlik etdiyi bilik komandasından "Çıraqqalanın N.Tusi zirvəsi", İctimai Televiziya isə "Müəllim ömrü" televiziya filmləri çəkib.

Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov təbrik çıxışında dedi: "Babək müəllim haqqında xeyli əvvəllər eşitmişdim, yaxşı müəllim olduğu, Azərbaycan tarixində möhtəşəm yeri olan qədim Şabranın keçmişinin təəssübkeş tədqiqatçılarından biri sayıldığı barədə də məlumatım var idi. Biləndə ki, o həm də adlı-sanlı pedaqoq kimi qabaqcıl təhsil işçisi, Respublikanın Əməkdar Müəllimi adına da layiq görülüb, onun bütün həmyerliləri kimi mən də sevinmişdim. İlk görüşümüz isə bir vaxt onun şagirdi olduğu, sonra isə 20 il müəllim işlədiyi şəhər 4 saylı orta məktəbinin 2012-ci ildə keçirilən 90 illik yubileyində oldu. Məktəbin yubileyində bu gün ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çalışan çoxsaylı qabaqcıl ziyalılar, keçmiş məzunlarla birgə Babək müəllim də var idi. Tədbirdə maraqlı çıxış elədi. Elə həmin tədbirdə yaddaqalan daha bir hadisənin şahidi oldum. Alim kimi təqdim olunan gənc bir xanım çox maraqlı çıxış etdi. Sonradan öyrənib bildim ki, çox məzmunlu, son dərəcə dəyərli çıxışı ilə diqqətimi cəlb edən Könül xanım Babək müəllimin ali məktəbdə gənclərimizə iqtisadiyyat elmindən dərs deyən qızıymış.

Zənnimcə, Babək müəllim xoşbəxt atadır ki, alim övladının uğurlarının sevincini yaşayır. Babək müəllim rayonumuzda çalışan müəllimlər arasında fərqlənib Əməkdar müəllim adına layiq görülsəydi, əlbəttə, buna təbii baxar, o qədər də heyrətlənməzdim. Ancaq Babək müəllim ölkəmizin paytaxtında, minlərlə müəllimin arasında fərqlənərək belə bir ada layiq görülüb. Bu isə olduqca qürurvericidir. Həmyerlimizin son dərəcə məsuliyyətli bir elm olan tarix üzrə orta məktəblərin 4-5-6-cı siniflər üçün dərslik müəllifi olması isə onun həm də nə qədər geniş təfəkkürə, yüksək elmi potensiala, pedaqoji təcrübəyə malik olmasını göstərir".

Babək müəllimin hazırda çalışdığı Yasamal rayonu 158 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar Müəllimi Zenfira Səmədova, tibb elmləri doktoru Ariz Xəlilov, Təhsil Nazirliyinin İdarə rəisi, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı, keçmiş şagirdlərdən Şöhrət Məmmədov və başqaları gələcək nəslin Vətənə layiq vətəndaş kimi təlim-tərbiyə alıb yetişməsi üçün çalışan Babək müəllimə möhkəm cansağlığı və uğurlar arzuladılar.

Aydın TAĞIYEV,
Çingiz XALİDOĞLU

 





08.01.2015    çap et  çap et