525.Az

Yaxşılığın keşiyində dayanan insan- Madər Musayev 65


 

Yaxşılığın keşiyində dayanan insan- <b style="color:red">Madər Musayev 65</b>

Firuzə NADİR

“Adamı heç harda heç nə gözləmir, gərək adam özü getdiyi yerə nəsə aparsın” – Hacı Madərlə hər yeni söhbətdən sonra bu müdrik deyimi xatırlayıram. Gəldiyim nəticə belə olur ki, o, ömrü boyu getdiyi yerə nəsə aparıb, kimdənsə nəsə ummayıb. Ən əsası odur ki, hər yerə özü ilə insanlıq, xeyirxahlıq, mərhəmət, şəfqət aparıb...

Bir dəfə soruşdum ki, bu qədər insanların harayına çatırsınız, onlara arxa-dayaq olursunuz, kimsə yıxılanda qolundan tutub ayağa qaldırırsınız, bəs elə olubmu ki, çətin gününüzdə sizi ayağa qaldırıblar? “Allah məni o günə qoymasın! Mən bu işləri ona görə etmirəm ki, əvəzini gözləyim...” deyə çox konkret cavab verəndə anladım ki, fikrimi düz çatdıra bilməmişəm. Əslində, soruşmaq istəyirdim ki, yeniyetməliyində, gəncliyində kimsə ona dayaq olubmu? Dedi ki, yox, mən elə uşaqlıqdan zəhməti sevən olmuşam. Qazandıqlarımın hamısı bir Tanrımın köməyi ilə, bir də əziyyətimin bəhrəsi olub, daha kiminsə köməyinə ehtiyac qalmayıb. Həmişə Allah olub dayağım...

Və söhbətin bu yerində nədənsə mənə elə gəldi ki, o heç uşaq illərini də uşaq kimi yaşamayıb. Həmişə elə indiki kimi ağıllı, ciddi, məsuliyyətli, qayğılı bir insan olub. Xarakterindəki təvazökarlığı, ağır-batmanlığı, ağayanalığı, ziyalılığı, mədəniyyəti isə diqtə edir ki, bu insan Yer üzünə elə insanların xeyirxahı kimi gəlib. İnsanların xeyirxahı olmaq onun alın yazısının ən qalın xəttidir...

            ...O, yaxşılığın xidmətində dayananlardandır. Dünyamızın biganələrindən deyil, tərəzinin arzulanan gözünü əyənlərdəndir. Humanistdir, səxavətlidir, insanlığın keşiyini çəkən insandır, özü dediyi kimi “qan yatırandır”. Qarşılaşdığı möhtaca cibinin son qəpiyini belə əsirgəməyəndir. Xeyirxahlığa adətkərdir, öyrəncəlidir, dinimizə, imanımıza sədaqətlidir, kənd-kəsəyinə yarayan adamdır. Məmləkətinə, xalqına, el-obasına təmənasız münasibətini hər addamı, hər əməli ilə sübut edəndir. Sözü, bu sözün arxasında dayanan əməli onun bütövlüyünün, böyüklüyünün göstəricisidir...           

Onu ölkəmizdə, sadəcə, Hacı Madər kimi tanıyır və hörmət edirlər. Adını eşidən kimi vəzifəsindən, rütbəsindən asılı olmayaraq, böyüklü-kiçikli hamının üzünə təbəssüm qonur.

Millət vəkili, “parta yoldaşı” İmamverdi İsmayilov: “Uzun zamanlardan bəri müəyyənləşmiş normalara görə, Kəbə ziyarətində olmuş müsəlmanların adları qarşısına Hacı titulu əlavə edilməlidir. Bu titul sənədlərdə rəsmiləşməyib. Əhatəsindəki insanların konkret şəxsə yalnız şifahi münasibətinin, hörmət və ehtiramının ifasdəsidir bu...         Və indi bir anlıq düşünək, Kəbə ziyarətində olmuş çox tanışımızınmı adını bu titulla birgə xatırlayırıq?! Deyəsən, yox!.. Görünür, toplum yalnız Hacı titulunda cəmləşmiş dəyərlərə tam layiq olmağa çalışanlar üçün başqa titullar axtarmır... Daşıdığı siyasi-ictimai statusla, o da cəmiyyətə hamı kimi təqdim oluna bilərdi: “Azərbaycan Respublikası Milli Məclisinin deputatı”, bir qədər qısa şəkildə “millət vəkili”, sırf rəsmi formada “cənab Musayev”,  yaxud sadəcə olaraq “Madər müəllim” deyə... Amma deputat həmkarımız Madər Musayevi tanıyanlar üçün bu təqdimatların heç biri işlək deyil. Şəxsiyyətinə böyük hörmətlə yanaşan on minlərlə insan üçün rəsmi, yaxud qeyri-rəsmi, fərq etməz, bütün dairələrdə o, məhz Hacı Madərdir. Və bu addan sonra bu günlərdə ömrün böyük bir zirvəsini fəth edən dəyərli bir şəxsiyyətin həyatı başlanır...”

”Ömrün böyük zirvəsini” – 65-i fəth edən Hacı Madərin həyatı isə sadə bir azərbaycanlının ailəsindən başlayıb. Bu ailədə xalqımızın adət-ənənələrinə, dini-mənəvi dəyərlərinə hörmət olub həmişə. Bu, evin kişisinin tələbi imiş. Ailənin yeganə oğlu Madər də o tələbdən kənara bir addım belə atmayıb. İndi deyir ki, o ailə, o od-ocaq, o tərbiyə ilə bağlı heç nəyi unutmamışam və nə yaxşı, mən də nəslimizə baş ucalığı gətirmişəm...

“Sadə, təmiz bir ailəmiz olub – kolxozçu ailəsi. Namuslu, ləyaqətli, halal insanların övladı olmuşam: atam müharibədən əlil qayıtmışdı, 1953-cü ilə qədər kolxoz sədri işlədi. Sonra kolxoz dağıldı, bir neçə kəndi birləşdirdilər. Anam da evdar idi. Üç bacı, bir qardaş idik. Sonra evin tək oğlu olduğuma görə hamının yükü mənim üstümə düşdü. Zəhmətə tez alışdım. Uşaq yaşımdan ticarətdə işlədim, satıcı şagirdindən mağaza müdirinə qədər. Sovet hökumətinin asan-kəsən vaxtlarında bir tənqidim belə olmayıb, əksinə, bütün mükafatları almışam. 1990-cı ildə heç bilmirdim ki, deputat seçiləcəm. Bu, ağlıma da gəlməzdi. Çünki sovet dövründə mağaza müdiri heç vaxt deputat ola bilməzdi. Kolxozçu, sağıcı, professor... deputat ola bilərdi, amma ticarətçi yox. Kəndimizin ağsaqqalları məscidə yığışıb qərara gəliblər ki, namizədliyimi versinlər...”

Beləcə, el-obası 5 dəfə dalbadal onu özünə elçi, vəkil seçib. Bu hörmət-izzət isə göydən zənbillə düşməyib, xonçada hazır verilməyib, qazanılıb. Ömrü boyu halalıqla işləyib, namusla yaşayıb, heç kimin çörəyinə bais olmayıb, heç kimin bostanına daş atmayıb, əksinə, camaata can yandırıb, kasıb-kusuba, əlsiz-ayaqsıza əl tutub, çoxlarının əlini çörəyə çatdırıb, nəcib işlər görüb. Heç vaxt tək özünü, ailəsini, qohum-əqrəbasını düşünməyib, Allahın verdiyi ruzini tək yeməyib. Kiminsə işığını yandıranda elə bil öz ürəyində işıq yandırıb, bundan rahatlıq, dinclik tapıb. Ağlı kəsəndən üzünü Haqqa tutub. Deyir, Allahla dost olmağın şərti xalqla dost olmaqdır. Xalqın dəyərini bilsən, o, səni ucaldacaq. Xalqın ucaltdığını isə fələk də yıxa bilməz.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam  Haci Allahşükür Paşazadə: “Onun xeyriyyəçiliyi, savab əməlləri, xoş məramlı işləri haqqında mən çox zaman tanımadığım insanlar vasitəsilə, əksər hallarda təsadüfən xəbər tuturam. Belə ki, özü bu barədə susmağı üstün tutar. Xeyriyyəçliyi qanına hopmuş Madər qardaşım bütün bunları özünü təbliğ məqsədi ilə deyil, Allahın rizasını qazanmaq üçün edir. Bu, onun qəlbinin dərinliklərindən gələn mənəvi tələbatdır, nəcib xislətindən doğan vacibatdır.” ...“Hacı Madərin Azərbaycan tarixinin ən gərgin çağlarında nümayiş etdirdiyi əsl vətəndaşlıq nümunəsi, mənən sarsılmış insanlara, şəhid ailələrinin üzvlərinə münasibətdə göstərdiyi həssaslıq isə heç zaman xatirimdən silinməz. Belə ki, 1990-cı ilin mürəkkəb, məşəqqətli günlərində Hacı Madərin yardıma ehtiyacı olan insanlara necə böyük ürək yanğısı, qəlb riqqəti ilə yanaşdığını, bacardığı maddi və mənəvi köməyi əsirgəməməsini öz gözlərimlə görmüşəm. Mən bunu əsl vətənpərvərlik örnəyi kimi dəyərləndirirəm. Vətəni, həmvətəni, soydaşı ilə bağlı məsələlərdə Hacı Madər heç zaman geri çəkilməz, meydanı tərk etməz, sinəsini kənara çəkməz, özünü düşünməz, şəxsi mənafeyi qayğısına qalmaz. Hacı Madər öz sözünü mərdanə deyən, nə etmək lazım gəldiyi anda heç nədən tərəddüd etməyən cəsarətli bir insandır.”

...O, seçkidən-seçkiyə özünü göstərmək, səs yığmaq naminə əl-ayağa düşmür, qapı-qapı gəzib pay paylamır, səxavət kisəsinin ağzını açmır. Bu kisə il boyu açıqdır. Hər ayın tamamında aylıq kəsdiyi insanların qapısı onun ruzisi ilə açılır. O bayram olmaz ki, evlərdə qazan qaynatmasın, bayram payı paylamasın. Özü isə belə yerlərdə görünməz. Özünü təbliğlə də arası yoxdur. Hətta seçkilərdə təbliğat kampaniyaları vaxtı da qoymaz ki, bir yerə şəklini vursunlar. Deyir ki, hər gün camaatla ünsiyyətdəyəm. Hər gün çalışıram ki, onlar üçün nəsə bir iş görüm. 5 dəfədir eyni dairədən millət vəkili seçilmişəm. Bir nəfər də deyə bilməz ki, bu illərdə harasa şəklimi vurmuşam. Məni tanıyırlarsa, qoy gəlib səs versinlər. Əgər şəklimə baxıb, mənə səs verəcəklərsə, lazım deyil. Mən öz kəndimdən seçilirəm, kəndə niyə şəklimi vurmalıyam?...

Hacı Madəri həmkarlarından fərqləndirən bir də odur ki, o öz kəndində yaşayan və buna üstünlük verən yeganə millət vəkilidir. Deyir, camaatımla bir ailə kimi yaşayırıq, köçkünlər də bu ailənin üzvüdür. El-obanın xeyir-şəri onsuz keçməz. Toy edənə xeyir-dua verər, yası düşənə köməkdar olar. Xəstəsini, tələbəsini, şagirdini yaddan çıxarmaz. İmdad, mədəd diləyənə, ehtiyacı olana şahidsiz-sübutsuz kömək edər. Ümidlə ona üz tutanın işini yoluna qoyar. Məktəbin, şəfa ocağının, yolun-izin səliqə-sahmanının, abadlığının qeydinə qalar. İlboyu eşidərsən ki, ya yol, ya körpü salır, ya su, qaz çəkdirir, yaxud da məktəb, ya da hansısa kimsəsizə ev tikdirir. Doğulub-böyüdüyü Binəqədi rayonunda hamı başına and içir. Kimi dindirsən, gördüyü işlərdən saatlarla danışar...

O, siyasət adamıdır. Amma həmişə deyir ki, mənim üçün ən böyük siyasət insanların xoşbəxtliyi, firavanlığı, gözəl yaşayışıdır!..

* * * *

...1988-ci ildə Ermənistandan köçkünlər gələndə onlara ilk həyan olub Hacı Madər. Heç kim ona deməyib ki, get qaçqına-köçkünə kömək elə. Hər şeyi qəlbinin səsi, ürəyinin hökmü ilə edib.

Özü belə deyir:Yurdunu itirmiş soydaşlarımıza arxa olmalıyıq. Ulu öndərimiz Heydər Əliyev həmişə vəzifə sahiblərinə, imkanlı şəxslərə dönə-dönə tapşırırdı ki, gedin qaçqın-köçkünlərin yaşayış şəraiti ilə maraqlanın, görün, necə yaşayırlar, hansı problemləri var. Onlara kömək edin. Unutmayın ki, qaçqın-köçkünlərin problemləri mənim və ölkənin bir nömrəli problemidir. Ümummilli liderimizin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də daim bu qəbildən olan insanların yaşayış şəraiti ilə maraqlanır, tədbirlər görür, istəyir ki, Azərbaycanda yoxsul insan olmasın, hamı yaxşı yaşasın. Onun qaçqın və məcburi köçkün, şəhid ailələri, aztəminatlı insanların problemlərinə diqqəti hər kəsi bu sahədə bacardığı işi görməyə istiqamətləndirir. Hər birimiz ondan nümunə götürməliyik...”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov: “...Hacı Madərin mənim bilavasitə məşğul olduğum sahə ilə əlaqədar xidmətləri danılmazdır. Binəqədi rayonuna gələn qaçqın və məcburi köçkünlər Hacı Madərin simasında özlərinə ümid yeri görüblər, onun mənəvi və maddi dəstəyi ilə təskinlik tapıblar. Təsəvvür edin, torpağını, ev-eşiyini, üstəlik, əzizlərini  itirmiş bu dərdli insanların ürəyini ələ almaq, onların doğmasına çevrilmək insandan nə qədər yüksək ali keyfiyyətlər tələb edir! Bu insanların qəlbinə yalnız yaxşılıqla yol tapmaq olardı! Hacı Madər isə bunu bacardı və təkcə imkansızlara, köməksizlərə qayğısı ilə sübut etdi ki, o, ən ali keyfiyyətləri özündə cəmləşdirən bir insandır. Çox işlədilən bir atalar sözü var: “Dünya malı dünyada qalar.” Hacı Madər bu deyimin fəlsəfəsini gözəl anlayan bir şəxsdir. Məhz buna görə də öz halal zəhməti ilə əldə etdiyi qazancından, şəxsi büdcəsindən böyük bir hissəni həmişə xeyriyyəçilik işləri üçün ayırır. Burada daha bir mətləb də var: elə ona görə də Tanrı bu əməlisaleh bəndəsinin işini həmişə düz gətirir, ruzusunu başından tökür. Üstəlik, Allah-Təala həmin xeyirxah bəndəsini həmişə qoruyur, saxlayır, onun qismətini daim yetirir...”

* * * *

...Son illərin hadisələri bir həqiqəti də üzə çıxardı: Vətənə, millətə borcunu yüksək tribunalardan çığırmaq kimi başa düşənlər yanılırlar. Bu uca amallar naminə fədakarlığı görülən işlə sübut etmək lazımdır. Tanıyanlar Hacı Madərin bir xasiyyətini də yaxşı bilirlər: həmişə diqqətdə olmaq naminə danışmaq ona yaddır. İş görmək onun üçün danışmaqdan qat-qat üstündür... “Məsələ danışmaqda deyil, iş görmək lazımdır. Danışdıqlarının nəticəsi olmayanda dediklərin də qiymətdən düşür” deyir.

...Şahidi olduğum bir tədbirdən də bəzi məqamları qeyd etmək istəyirəm: neçə illər öncə Binəqədi təhsil işçilərinin konfransına Hacı Madəri də dəvət etmişdilər. O da gəlmişdi. İclasda çoxları danışdı. Adamın başının üstündə Allah var, heç pis də danışmadılar. Hərə bir şeydən söhbət saldı, təhsildən, tərbiyədən... Hacı Madər burada da danışmadı. Ancaq dinlədi, qulaq asdı. Sonda isə səslənən problemlərin həlli ilə bağlı onun görəcəyi konkret işlər sədr tərəfindən salona çatdırıldı: “Hacı Madər elə bu gündən iki məktəbin təmirini öz üzərinə götürür.” Zalı alqış sədaları bürüdü...

Millət vəkili yeni dərs ilinə qədər vədinə əməl etdi. O, sözünün ağasıdır. Nəyinsə xatirinə quru vədlər vermək isə ona yaddır. Bircə şüarı var: “Mənim vədim indiyədək gördüyüm işlərdir. Ömrümün sonunadək xeyirli işlərimi, əməllərimi davam etdirəcəyəm...”

Həmkarı, millət vəkili, professor Fəzail İbrahimli:...İnsan var ki, onu qohum-əqrəbasından başqa heç kim tanımır. İnsan var ki, az iş görüb, çox tanınmağa çalışır. İnsan da var ki, iz salan əməllərlə, xeyirxah işlərlə məşğul olur və bundan çoxlarına pay düşür. Hacı Madər az danışıb, çox iş görən bir insandır. Parlamentdə danışmasa da, kifayət qədər insanlara əl tutan, Allahın yolunda olan, millət və dövlət üçün əlindən gələn hər şeyi edən bir şəxsdir. Onun tribunası real həyat, danışığı isə əməlindədir. Başqalarından fərqli olaraq o, boğazdan yuxarı təriflərin əvəzinə real iş görür. Hacı Madər əməli ilə danışır. Belə adamların danışmamağı yüzlərlə saxta danışanlardan daha qüdrətli, daha əzəmətlidir. Hacı Madər insanlarla münasibətdə hər şeyin yerini bilən adamdır, insanlara söz bütövlüyünə, mərdliyinə və ədalətinə görə qiymət verən həssas və diqqətli adamdır. Dostlarım və tanışlarım arasında Hacı Madər, bəlkə də, yeganə şəxsdir ki, həmişə nikbin görünür. O, ən çətin və mürəkkəb şəraitdən çıxış yolu tapa bilir, heç vaxt ruhdan düşmür və ətrafdakılara müsbət enerji verir. Bu mənada, Hacı Madər inamını itirməyən və xoş əhvali-ruhiyyəli adamdır. İnsan ağır anında, çətinliyə düşəndə, dar məqamlarında həyat yolunda xeyirxahlığı özünə amal seçən dostunu axtarır, ona üz tutur, dərdini onunla bölüşür. Bilir ki, ərklə yanına gəldiyi dostu onu duyacaq və düçar olduğu sıxıntıdan xilas edəcək...“

* * * *

Böyük Nizami “Yaxşılıq insanda sənətdir” deyib. Və bu sənət nəcabətdən, kökdən gəlir, heç kim təsadüfən yaxşı adam olmur. Kökdən, gendən gələn bu böyüklüyü qorumaq isə hər kəsin işi deyil. Hacı Madər din-imanı, mərdliyi, səxavəti, xeyirxahlığı dədə-babalarından qalan əmanət kimi qoruyur, yaşadır. El-obanı, halal duz-çörəyi unutmur, nəcibliyi, alicənablığı ilə hamıya dərs verir və bu dərsində indi də davam edir. Heç nə, hətta çoxlarını yolundan döndərən zaman da onu dəyişməyib.

            Şərəfli insan, əslində, xalqın milli-mənəvi sərvəti, sağlam genetik kodudur. Hacı Madər belə xoşbəxtlərdəndir. Allah ona çox şey verib. Məncə, bu verilənlərin içərisində ən qiymətlisi böyük ürəkdir, insanlara çox sadə, səmimi, təmənnasız münasibətdir. Bu münasibətin cavabı isə xalqın məhəbbəti, cəmiyyətdə qazanılan nüfuzdur.

Madər Musayev çox sayda mükafatlara layiq görülüb. Özü isə ən dəyərli mükafatını müstəqil Azərbaycanın “Şöhrət” ordenini hesab edir. “.......Şöhrət” ordeni ilə təltif edildiyimi eşidəndə çox sevindim. Bu, dövlət başçısının mənə yüksək münasibətinin göstəricisidir, sağ olsun. Həmişə deyirəm, neçə il İlham Əliyevlə parlamentdə bir salonda əyləşmişik. Onun çox gözəl keyfiyyətlərinə özüm şahid olmuşam. Ulu öndər Heydər Əliyevin mənə göstərdiyi böyük qayğının davamını Prezident İlham Əliyevdən görürəm. Bu diqqət çiynimə daha böyük məsuliyyət qoyur.”

Qarabağ problemi onun da yaralı yeridir. “...Bu, bizim üstümüzdə ləkədir, bu ləkəni yumalıyıq. Bu yaşımda, bu mövqeyimdə hər şeyə hazıram, təki torpaqlarımızı xilas edək. Gərək bu gün hamımız qarabağlı olaq!..” deyir.

Bir arzusu da var: “İnsanlar heş kimə möhtac olmasınlar.” Deyir, ən xoş günüm kiməsə yaxşılıq etdiyim, kiminsə ehtiyacını ödədiyim gün olur...

Belə xoşbəxt günləriniz çox olsun, yaxşılığın keşiyində dayanan insan. 65 illik yubileyiniz mübarək! Həmkarınız, akademik Ziyad Səmədzadə demiş: “...yüzü də bax beləcə, bilmədən, hiss etmədən haqlayasınız...”                                                                   

 





26.11.2012    çap et  çap et