525.Az

“Onunla kəşfiyyata getmək olar”


 

“Onunla kəşfiyyata getmək olar”<b style="color:red"></b>

Mənim əziz dostum, gözəl Azərbaycan rəssamı və heykəltəraşı Məzahir Avşarın 60 yaşı tamam olur.

Elə insanlar var ki, onların adını eşidəndə ürəyin açılır, üzün gülür. Sanki bir xoş xəbər eşidirsən. Məzahir Avşar belə insanlardandır.  Bəzən kiminsə haqqında “filankəsin üzündən nur yağır” deyirlər. Məzahir bəyin təkcə üz-gözündən yox, ağappaq saçından, saqqalından da nur yağır. Onda həm Dədə Qorquddan, həm də Şaxta babadan nəsə var. Şərqlə qərbin bu qəribə bağlılığı, iç-içəliyi onun yaradıcılığında da duyulur.

Məzahir bəyin yaratdığı rəsm əsərləri də, heykəllər də qədim türk ruhunun ən müasir, modern sənət diliylə ifadəsidir. Onun əsərlərində həm poetik, metaforik bir şərtilik, mücərrədlik, həm də bir riyazi dəqiqlik, həndəsi simmetriya var.

Məzahir bəy həyatda da çox dəqiq və dürüst adamdır. Sovet vaxtı belə adamlar haqqında deyirdilər:

“Onunla kəşfiyyata getmək olar”. Yeri gəlmişkən deyim ki, Məzahir bəy bir çox məşhur kəlamları özünəməxsus şəkildə redaktə eləməyi sevir. Və təsadüfi deyil ki, Mövlanənin məşhur kəlamı onun redaktəsində belə səslənir: “Ya olduğun kimi görün, ya da gözümə görünmə!” Onu da deyim ki, Məzahir Avşar on beş ildir ki, Mövlanənin doğma şəhəri Konyadakı Səlcuq Universitetinin professorudur. Məzahir bəy bu möhtəşəm universitetdə təsviri sənətlə bağlı iki fakültənin yaradıcısıdır. Doğrusu, bu gün Azərbaycandan kənarda olan elm və sənət adamlarımızın sayı az deyil. Bu da, yeni dövrün təbii mənzərəsidir. Çünki açılan sərhədlər həm də açılan imkanlar deməkdir. Amma iki sənət adamının Azərbaycandan qıraqda olmağı məni həmişə kədərləndirib və bunu Azərbaycan mədəniyyəti üçün böyük bədxərclik saymışam. Bu iki adam mənim bəstəkar dostum Cavanşir Quliyev və rəssam dostum Məzahir Avşardır.

Əzizim Məzahir bəy, 60 yaşın mübarək!

 





12.01.2015    çap et  çap et