525.Az

Şeirlə yazılmış türk tarixi – “Səyavuş”


 

Şeirlə yazılmış türk tarixi – “Səyavuş”<b style="color:red"></b>

Şeirlə yazılmış türk tarixi – “Səyavuş” Gülşən ƏLİYEVA-KƏNGƏRLİ  1934-cü ildə keçmiş SSRİ-də iki böyük ədəbi hadisə baş verdi: dünyada yazıçıların ən böyük forumu – SSRİ yazıçılarının birinci qurultayı keçirildi və dünya ədəbiyyatının dahisi Əbülqasım Firdovsinin anadan olmasının 1000 illiyi qeyd olundu.

Sovetlər İttifaqına daxil olan Azərbaycan da bu təntənələrdən kənarda qalmadı: filosof və tənqidçi Məmmədkazım Ələkbərli Sovet yazıçılarının I qurultayında qədim və zəngin Azərbaycan ədəbiyyatı haqqında məruzə etdi; Bakıda Ə.Firdovsinin möhtəşəm “Şahnamə” poemasının əsas hissələri dilimizə tərcümə edildi, görkəmli tənqidçi və ədəbiyyatşünasların bu dahi sənətkar haqqında məqalə və kitabları çap olundu.  Şərqin böyük dahisinin əzəmətli yubileyini XX əsrin mütəfəkkiri Hüseyn Cavid 1932-ci ildə yazmağa başladığı “Səyavuş” faciəsi ilə qarşıladı. “Səyavuş” 1934-cü ildə Azərnəşrdə tam şəkildə, kitab halında çap olundu. Faciənin ilk səhifəsində bu sözlər yazılıb: “Şərqin böyük dahilərindən Firdovsinin min illiyinə ithaf”. Mənbələrdə verilən məlumata görə H.Cavid əsərə belə bir epiqraf yazıbmış: “Başda həkim Firdovsi olaraq şu vaqieyi təsvir edənlər az deyil. Müəllif də yorğun duyğularını dinləmək üzrə şu mevzuya doqundu və “Şahnamə”yə yaqlaşmaq istərkən uzaqlaşmış bulundu”. (s.247) A.Turan “Cavidnamə” əsərində məsələnin mahiyyətinə daha geniş yanaşaraq yazır: “Məncə Cavidin “Səyavuş”unu Firdovsinin 1000 illiyinə dramaturqun töhfəsi kimi dəyərləndirmək onun tarixi vəzninə (çəkisinə – G.Ə-K) yüngüllük gətirərdi... “Şahnamə” mövzusu ona türk tarixinin və cəmiyyətinin daha qədim dövrünə müraciət etmək imkanı vermişdi”. (s.249) “Səyavuş” əsərində Cavid milli yaddaşı oyatmaq, türkün şanlı tarixinə dönüş etmək – Alp Ər Tonqa (Əfrasiyab) və Keykavus münasibətlərini çözməklə Türk-Turan tarixinə türkçülüyə qənim kəsilmiş bir cəmiyyətdə ustalıqla gündəmə gətirir.

Heç də təsadüfi deyil ki, “Səyavuş” əsəri türk şeirinin ana vəznində – heca vəznində yazılmışdır. Ona görə də “Şahnamə” yə yaqlaşmaq istərkən uzaqlaşmış bulundu” sözlərini yazmışdı.  A.Turan “Hüseyn Cavid hadisələri miladdan əvvəlki 624-cü ilə çəkib aparmaqla “Səyavuş” faciəsinin timsalında özünün ən qədim türk tarixindən bəhs edən əsərini yaradır” (s. 248) qənaətinə gəlir.  Bu təxminən türkün zəfər kitabları – Orxon Yenisey abidələrinin yazıldığı dövr idi. Hər halda əsl həqiqəti beş pərdəli faciənin mətni daha yaxşı əks etdirməkdədir.  Fəqət əsərin başlıca ideyasını doğru müəyyən etmək üçün əsas obrazların tarixi şəcərəsinə nəzər salmalıyıq. Mənbələrdə yer alan təxmini məlumata görə əsərin əsas qəhrəmanlarından Turan hökmdarı Əfrasiyab, əfsanəvi bir şəxsiyyət, Turun nəvəsidir. Tur İranın Pasdadian sülaləsinin beşinci hökmdarı Firidunun ortancıl oğludur. Firidun ölümündən əvvəl Türküstan ərazilərini Tura bağışlamış və Turan adı da buradan əmələ gəlmişdir. Tur iranlıların və türklərin ulu babası sayılır. Firidun isə İranın əfsanəvi şahı Cəmşidin nəvəsidr. Atasını Zöhhak öldürmüş, inək südü ilə böyümüş 16 yaşlı Firidun Yavə üsyanına qoşulub Zöhhakı öldürmüş və şahlığa keçmişdir. Əfsanələrə görə Cəmşid İranın ən qədim padşahı olub. Onun taxtını divlər gəzdirirmiş və s. “Şahnamə”də Keykavusun oğlu Səyavuş İrandan Turana qaçaraq Əfrasiyabın yanına getmiş, Əfrasiyab qızı Firəngizi ona ərə vermiş, bu izdivacdan Keyxosrov dünyaya gəlmiş, Əfrasiyab Keyxosrov tərəfindən öldürülmüşdür. Səyavuş iftira ilə Əfrasiyab tərəfindən öldürüldükdən sonra İran-Turan müharibələri başlamışdır. “Səyavuş” faciəsində Əfrasiyab Səyavuşun dayısı olaraq göstərilir. Vəziri Piran Əfrasiyaba deyir: “Bəncə qızın Firəngiz Səyavuşla  birləşsə // Birləşər iki ölkə...”1 (1Hüseyn Cavid əsərləri, beş cillddə, IV c. Bakı, Elm. 2007, s. 227) “Səyavuş”dan sitatlar bu cilddən veriləcək – G.Ə-K). Faciədə birinci pərdədən öncə bir “Başlanğıc” verilir.

Burada Rüstəm Zal və Səyavuş dəliqanlılıqla təlim keçirlər. Rüstəm Səyavuşun da müəllimidir:  Səyavuş: Bən səndən öyrəndim qəhrəmanlığı,  Yenilsəm də yoqdur peşimanlığı.  (s.141)  Atası məktub yazaraq Səyavuşu saraya dəvət edir. O, çətinlikə də olsa köydən – xalqdan ayrılır. Sarayda bu qüdrətli qəhrəman çıxılmaz vəziyyətə düşür. Səyavuşun atası, Kəyan taxt-tacının sahibi Keyxosrovun ikinci arvadı Suriya şahzadəsi gənc və olduqca gözəl Südabə öz yaşıdı olan oğulluğuna, gənc və igid Səyavuşa vurulur. Əsərin faciəvi konflikti və hadisələrin təkamülü buradan başlanır. Südabənin Səyavuşa münasibəti ötəri bir həvəs, ötəri hiss deyil. Onun əsasında müəyyən bir fəlsəfə dayanır.  Südabə:  Gücsüz tanrıdansa, güclü qəhrəman  Səcdəyə, hürmətə layiq hər zaman.  Südabə “Qəlbim çırpınıyor dodaqlarımda” – deyərək Səyavuşu öpür. Fəqət Səyavuş onu “ikinci annəsin, isindim sana” deyə ana kimi qəbul edir.  Belə olanda Suriya kralının vəhşi ehtiraslar alovunda qıvrılan gözəl qızı açıq mətnlə danışır: “Çəlik qollar istərəm ki // Məni didsin, parçalasın”.  H.Cavid Səyavuşu tarixdə olduğu kimi mərd, qüvvətli, qeyrətli qəhrəman kimi təsvir edib. Fəqət, Səyavuş İranlaTuran arasındadır. Vəzir Keykavusa yanlış (böhtan!) bir xəbər verir:  Vəzir:  Türk ordusu Keçmiş bizim hüdudu  Atılaraq irəli  Talamışlar köyləri (IV c. S. 151)  Sonradan məlum olacaq ki, bunlar həyatdan, şahlardan, xaqanlardan narazı üsyançılardır. H.Cavid cəngavərlərin dili ilə Səyavuşu belə xarakterizə edir: “Səyavuş bu yurdun fəxri şanıdır”// “Kəyanın sarsılmaz qəhrəmanıdır”.

Sarayda hər şeyi güdən Pişxidmət Keykavusa daha bir sarsıdıcı xəbər verir: “Südabəni gördüm bən // Səyavuşu öpərkən”.  O, Səyavuşun türklərlə qovğaya getməsinə mane olmaq, onu yanında saxlamaq üçün ağıllı və hiyləgər bir gediş edir. Keykavus soruşanda ki, niyə türklərlə döyüşə Səyavuş getməsin? Südabə deyir:  Çünki əqrəba!  Dönüklük etməzmi ya?  Anasıdır turanlı.  Səyavuşdan rədd cavabı alan Südabə böhtana əl atır, yaxasını cırıb sinəsini çölə çıxarır və bunu Səyavuşun ona təcavüzü kimi qələmə verir. 

Belə olanda ağıllı və hiyləgər Keykavus münəccimi çağırıb  məsləhət istəyir. Burada H.Cavid atəşpərəstlikdən istifadə edir. Münəccim təklif edir ki, atəş çatılsın, hər ikisi atəşdən keçsin, günahkar yanacaq, günahsız qalacaq. Belə olduqda Südabənin fitnəsi açılır. Keykavus onun edamına sərəncam verir, fəqət humanist və xeyirxah Səyavuş atasından onu zindana salmağı xahiş edir.  Səyavuş İran ordusunun şanlı pəhləvanları Zal oğlu Rüstəm, Tus və Bəhramla döyüşə yollanır. Atası Keykavus Səyavuşa ürəkdən inanır:  Səyavuş! Qalmadı bir şübhəm sana Vuruldum səndəki parlaq vicdana,  Bir ləkə var bəlkə ayda, günəşdə. İncə bir iz belə yox Səyavuşda.  (IV c. S 174)  Keykavus çox sevdiyi Südabəni zindandan azad edir, Südabə tükənməz bir inadla Səyavuşu sevdiyini, zindanda da bunu düşündüyünü söyləyir. İranın türklərə qarşı türkün əbədi düşməni Çinlə birləşməsini H.Cavid ustalıqla əsərə gətirir. Keykavus Çin elçisindən “Əfrasiyab haqqında fikriniz nə?” – deyə sorduqda Elçi: O bir təhlükədir İranla, Çinə Gündən günə aşıb durur həddini  Həm sizə, həm bizə qarşı var kini – deyə cavab verir. (IV c. s. 205)  Türklərə qarşı kinlə coşub-daşan Keykavus nahaq qan tökülməsin deyə Əfrasiyabın ağıllı vəziri Piranla sülh bağlayan Səyavuşu xəyanətkar adlandırır.  İştə hər ikiniz qorqaq və miskin  Səyavuş da xain, Rüstəm də xain. (IV c. s. 210)  Rüstəm bu təhqirə dözmür. Keykavusu “başda ölüm xülyası gəzdirən canavar” adlandırır. Öz yurdu Zabilistana getməyə qərar verir, igid Bəhrəma deyir:  Uzaqlaşın bu ölkədən, Gedirsiniz sən də, o da.

Əfrasiyab hüzuruna  Dayısıdır, hiç olmazsa  Orda qıyan olmaz ona.  (IV c. s. 212) Turana gedərkən Firəngizin özündən əvvəl ceyrana atdığı ox Səyavuşu yaralayır. Əfrasiyabın müdrik vəziri Piranın (adın özü də mənalıdır, Pir kimi deməkdir – G.Ə-K) məsləhəti ilə Firəngizlə Səyavuş nişanlanırlar.  Fəqət Əfrasiyabın qardaşı, Səyavuşun kiçik dayısı, Firəngizin əmisi Gərşivəz üçün Firəngizi itirmək, həm də hakimiyyəti itirmək deməkdir. Buna görə də Gərşivəz hər cür cinayətə əl atır: “Bir siyasət olmasa atmaz baba yurdunu” – deyə Səyavuşa qarşı şübhə toxumunu əkməyə başlayır.  Hüseyn Cavid Səyavuşu hər cür riyadan, siyasətdən, hakimiyyət və sərvət təmənnasından uzaq bir qəhrəman və etibarlı aşiq kimi yaradır. 

Əfrasiyab deyir: “Səyavuşa tac və xələt verilsin”.  Səyavuş dayısına – türk xaqanı Əfrasiyaba “Sardı məni altun bir zəncir kibi”, “Gözüm yoqdur bənim hiç bir rütbədə” deyir. Onun bu gözütoxluğunu,  mərdliyini görəndə Əfrasiyab belə qərar verir:  Göndərəyim səni Çin hüduduna  Böyük bir vilayət üsyan içində  Həp çırpınıb durur al qan içində.  ...Yasamızı kimsə almayır saya  (IV c. s. 237)  Məlum olur ki, başda Altay və Yalçın adlı igidlər olmaqla üsyançılar azğınlaşmış, xalqın təkcə malını yox, həm də qeyrət-namusunu talan edən (O, gəlin köçməzdən bir gün əvvəl qızları öz yatağına salır!) Valiyə və onun qulbeçəsi olan Müşavirə qarşı üsyan qaldırıblar. İgid Səyavuş Valini və Müşaviri həbs edir.  XX əsrin mürəkkəb 30-cu illərində – 1937-ci ilin  repressiyaları ərəfəsində yazılmış bu əsərdə böyük Hüseyn Cavidin yenilməz cəsarəti gələcəyə işıq salır. Guya Keykavusdan Səyavuşa yazılmış saxta bir məktubla şərlənərək silahsız, ordusuz Səyavuş Gərşivəz tərəfindən aldadılaraq Valinin, Müşavirin, Çin casusu Kösənin zəhəri və zəhərli xəncəri ilə Səyavuş qətlə yetirilir. Əfrasiyab nə Səyavuşun, nə Bəhramın, nə də ağıllı vəziri Piranın sözlərinə məhəl qoymur.

Səyavuş: “Keykavus bir cəllad, sən də bir cəllad!” – deyə canını tapşırır.  Yeri gəlmişkən, qeyd edək ki, bir tarixi faciə əsəri kimi, əsərin finalı kifayət qədər əsaslandırılmır. Öz qəhrəmanlığı ilə İranda və Turanda məşhur olan Səyavuş asanlıqla öldürülür, Gərşivəz onu arxadan vurur...  “Səyavuş” Hüseyn Cavidin son böyük yaradıcılıq işi idi. O, döyüş meydanlarından çox, saray intriqalarını ön plana çəkir, hakimiyyət ehtiraslarının övlad məhəbbəti, qohum-əqrəba tanımadığını bütün zamanlarda faciələrə səbəb olduğunu əks etdirir. Əsər böyük tarixi şəxsiyyət, qəhrəman və namuslu insan, böyük məhəbbətlə sevən aşiq Səyavuşun faciəli ölümü ilə bitir. Fəqət, tarixdən məlumdur ki, türk xaqanı Əfrasiyab da saray çəkişmələrinin, hakimiyyət ehtiraslarının qurbanı olur. O, öz nəvəsi, Səyavuşun oğlu Keyxosrov tərəfindən öldürülür.

“Səyavuş” siyasi ehtiraslar dramıdır. H.Cavidin rəğbət bəslədiyi böyük Nitsşe deyirdi: “Hakimiyyət həmişə əyri ayaqlar üstündə bərqərar olur”. Bu həqiqət “Səyavuş” faciəsində də təsdiq olunur.  Əsər insan gücünün, insan idrakının siyasi xəyanətlər üzərində təntənəsi kimi işıqlı bir romantik, estetik idealı əks etdirir. 

 





12.01.2015    çap et  çap et