525.Az

“Ermənistan Azərbaycanın, Hindistan Pakistanın torpaqlarını işğal edib”


 

“Ermənistan Azərbaycanın, Hindistan Pakistanın torpaqlarını işğal edib” İNAYAT ULLAH KAKAR: “AZƏRBAYCAN TORPAQLARINI İŞĞAL ETDİYİ VƏ BEYNƏLXALQ HÜQUQ NORMALARINI POZDUĞU ÜÇÜN PAKİSTAN ERMƏNİSTANI BİR DÖVLƏT KİMİ TANIMIR”  

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının “Qadın klubu”nun bu dəfəki qonağı Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  İnayat Ullah Kakar oldu. Səfir jurnalistləri maraqlandıran sualları cavablandırdı.   

– Cənab səfir, Pakistan və  Azərbaycanın beynəlxalq müstəvidə bir-birinə verdiyi dəstək yüksək qiymətləndirilir. Xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, Xocalı soyqırımının tanınması, eləcə də təcavüzkar Ermənistana birmənalı münasibətə görə Pakistan dövlətinə Azərbaycanda minnətdarlıq edilir. İki ölkə arasındakı münasibətləri necə qiymətləndirirsiniz? 

  – Pakistan həmişə Azərbaycana Qarabağ məsələsində böyük dəstək verib. Bu ilin fevralında Pakistan senatı Xocalı faciəsini yekdilliklə genosid kimi tanıyan qətnamə qəbul edib. Pakistan bunu edən yeganə müsəlman ölkəsidir. Hətta Azərbaycan prezidenti cənab İlham Əliyev də Pakistanın bu mövqeyini yüksək qiymətləndirmişdi. Azərbaycan torpaqlarını işğal etdiyi və beynəlxalq hüquq normalarını pozduğu üçün Ermənistanı bir dövlət kimi tanımırıq. Şübhə yoxdur ki, bizim çox yüksək səviyyədə siyasi əlaqələrimiz var. Amma təəssüf ki, iqtisadi və mədəni əlaqələrimiz bu səviyyədə deyil. Bizim ötən ildəki ticari dövriyyəmiz sadəcə 3 milyon dollar olub. Mədəni mübadilə çox cüzidir. Əlbəttə ki, bu qaneedici deyil. İqtisadi və mədəni əlaqələri siyasi əlaqələr səviyyəsinə çatdırmaq üçün çox əmək sərf etmək lazımdır. Bunun bir neçə səbəbi var : əvvala hər iki ölkə arasında coğrafi məsafə çox böyükdür və dil fərqi var. Ən önəmli isə hava reyslərinin olmamasıdır. Amma çalışırıq ki, bu reysləri yenidən bərpa edək. Həmçinin hər iki ölkənin iş adamları ticarət sahəsindəki potensialları barəsində məlumatsızdırlar. Bu situasiyanı düzəltmək üçün tez-tez iqtisadiyyat və mədəniyyət sahəsində nümayəndə heyətlərinin mübadiləsi vacibdir.
 
– Sizcə, Azərbaycanla Pakistan arasındakı iqtisadi və mədəni əlaqələrin daha da inkişafı sahəsində hansı addımlar atılmalıdır?
 

– Bu il Pakistan Azərbaycan birgə biznes forumu olacaq. Bu forumdan sonra hər iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr olacaq. İnanıram ki, bu, hər iki ölkənin iş adamlarının bir- birilərinə daha yaxın olmasına kömək edəcək. Hər iki ölkənin biznesmenləri bir –birilərinin ölkələrinə səfər etsinlər, istehsalla tanış olsunlar, yalnız bunun nəticəsində qarşlıqlı biznesi inkişaf etdirmək daha səmərəli olardı. Mədəni əlaqələrə gəldikdə isə müqavilələr toplusu hazırlayırıq. Ümid edirəm ki, ondan sonra mədəni əlaqələr çox yüksək səviyyədə olacaq. 

– Azərbaycanın Qarabağ, Pakistanın isə Kəşmir problemi var. Bu problemlərin həlli istiqamətində beynəlxalq təşkilatların rolunu necə dəyərləndirirsiniz?  

– Qarabağla Kəşmir problemləri bir-birinə oxşar problemlərdir. Hər ikisində də zərərçəkmiş tərəflər mövcuddur. Ermənistan Azərbaycan, Hindistan isə Pakistan ərazisini işğal edib.  Hər iki konfliktlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri var. 60 ildən çoxdur ki, Kəşmir, 20 ildən isə çoxdur ki, Qarabağ barəsində qərar qəbul olunub.  Təəssüf ki, hər iki qətnamə bu zamana kimi yerinə yetirilməyib. İslam Əməkdaşlıq Konfransı kimi beynəlxalq təşkilatlar konfliktlərin sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdırlar. Danışıqlar səviyyəsində bu, qənaətbəxşdir. Amma bu təşkilatın və müsəlman dünyasının çox acı bir gerçəyi var ki, kağız üzərində biz təbii sərvətlərlə zəngin 57 güclü dövlətik. Təəssüflər olsun ki, aramızda fikir ayrılığı var.  İslam Əməkdaşlıq Konfransı, Ərəb Liqası və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda daxili –təşkilati fərqlər bizə böyük maneələr yaradır. Bu təşkilatlar Avropa Birliyi və Cənub-Şərqi Asiya Ölkələrinin Birliyi kimi qurumların uğurlarından nümunə götürməli və mümkün olduğu qədər onlar kimi hərəkət etməlidirlər.

– Azərbaycanla Pakistan arasında hərbi əlaqələr hansı səviyyədədir?

– Hər iki ölkə arasında səmimi hərbi əməkdaşlıq var. Mütəmadi olaraq ölkələr arasında nümayəndə heyətlərinin mübadiləsi olur. Məsələn, bu ilin mart ayında Pakistan ordusunun Qərargah rəisi Azərbaycanda səfərdə oldu və yüksək səviyyədə danışıqlar apardı. Pakistan Azərbaycan zabitlərinə treninqlər təklif edir. Həmçinin Pakistan Azərbaycana idxal edilə biləcək hərbi avadanlıqlar istehsal edir.

– Pakistan ordusunun Qərargah rəisi Bakıda olarkən müsəlman ölkələrinin NATO tipli hərbi blokunun yaradılmasını təklif etmişdi. Bu yöndə ölkənin yeni təşəbbüsü varmı?

– Qərargah rəisi islam ölkələrinin bir-biri ilə daha yaxın olması tərəfdarıdır. Əlbəttə, birgə müdafiə mexanizmi müsəlman ölkələri üçün çox gözəl fikirdir, çünki son iki ildə Yaxın Şərqdəki hadisələr buna misal ola bilər. İslam ölkələrinin birgə əməkdaşlıq və digərlərinin suverenliyinə hörmət nəticəsində öz müdafiə sistemlərini gücləndirməyinə ehtiyac var. 

– Heydər Əliyev Fondu Pakistanda bir çox layihələr həyata keçirir. Ölkələrimiz arasında humanitar aksiyalar barədə nə deyə bilərsiniz?

– Heydər Əliyev Fondunun Pakistanda təqdirəlayiq rolu var. İrəli sürülmüş bir neçə təşəbbüslər Azərbaycanın nə qədər xoşməramlı olduğunun sübutudur. Bu proyektlər zərər çəkənlərin problemlərinin həllində böyük rol oynayır. Heydər Əliyev Fondu 2005-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad bölgəsində məktəb inşa etdirmişdi. Tibb sahəsində də işlər görülüb, buna misal olaraq Hepatit B peyvəndi, Edhi Homedəki Kulsum Beynəlxalq xəstəxanası ilə birgə aparılan açıq ürək əməliyyatları, Pişəvardakı Əkbər Care beyin iflici İnstitutu və layihələr Pakistan xalqı tərəfindən yüksək qiymətləndirilir. 

– Pakistanın ölkəmizdəki ilk səfiri yerli mətbuata müsahibəsində Pakistanın prezidenti olmuş Ağa Məhəmməd Yəhya Xanın Qızılbaş icmasından olduğunu bildirmişdi. Bu icmanın Azərbaycanda tanıdılması sahəsində hansı işlər görmək lazımdır? Belə bir icmanın tanıdılması Azərbaycan Pakistan əlaqələrinə təsir göstərə bilərmi?  

– Ağa Məhəmməd Yəhya Xanın Qızılbaş icmasından olduğunu düzgün qeyd etdiniz. Bu icma da digər ictimai qruplar kimi bizim cəmiyyətdə böyük pay sahibidir. Onların bir çoxu sizin vurğuladığınız kimi gərgin əmək nəticəsində görkəmli olub. Bilirəm ki, hər iki ölkənin mediası Pakistan və Azərbaycan arasında mədəni və tarixi oxşarlıqları çox işıqlandırmırlar. Zənnimcə, gələcəkdə iki tərəfli dostluq münasibətlərinin inkişafı üçün bu sahənin də araşdırılması vacibdir. 

– Bəzən beynəlxalq media qurumları tərəfindən  qaralama kampaniyaları həyata keçirilir. Hətta Kəşmir, Qarabağ problemini işıqlandırarkən Pakistanın şimalında baş verən hadisələrə münasibətdə qərəzli mövqelərinin şahidi oluruq. İki ölkənin jurnalist təşkilatları, eləcə də kütləvi informasiya sahəsində əməkdaşlıqları genişləndirməyə zərurət varmı? Yoxsa artıq gecikmişik...

– Bu gün dünyada beynəlxalq media qurumları həqiqətən güclü informasiya mənbəyinə malikdirlər. Sizin də vurğuladığınız kimi, Dağlıq Qarabağ və Kəşmir kimi müəyyən məsələlərdə onlar birtərəfli mövqe tuturlar. Onların terrorizmə qarşı mübarizədəki mövqeyini də buna misal göstərmək olar. Pakistan terrorizmə qarşı mübarizədə mühüm rol oynayır.  Biz 2001-ci ildən bu tərəfə bu mübarizədə 40. 000 itki vermişik. İqtisadiyyatımız 65 milyon dollardan çox ziyan görüb. Bunlar cəmiyyətimizə mənfi mənada təsir edib. Bütün bunların əvəzində qərb mediası öz bildikləri kimi yayım edir, Pakistan-Əfqanıstan münasibətlərinə laqeyd yanaşırlar. Pakistan və Azərbaycan arasında media fəal əməkdaşlıq və tez-tez mübadilə etməlidir.

– Pakistan rəsmilərinin Azərbaycana səfəri gözlənilirmi?

– Pakistan prezidentinin Azərbaycana səfəri gözlənilir. Oktyabrda Bakıda İslam  Əməkdaşlıq Təşkilatının konfransı olmalıdır.  Pakistan da daxil olmaqla  Bakıya təşkilata daxil olan ölkələrin nümayəndələri gələcək. 

Azərbaycana ixracat  sahəsində Pakistanın hansı imkanları var?

– Pakistanın istifadə oluna biləcək tekstil, qida xüsusilə düyü potensialı var.  Bizim çox keyfiyyətli düyümüz var. Bundan başqa kənd təsərrüfatı və tibbi avadanlıqlarımız çox yüksək səviyyədədir. Eləcə də müxtəlif  idman növləri üzrə istifadə ediləcək vasitələr də ixrac edirik. Avropa ölkələri bu malları bizdən alıb, üzərinə markalarını vurub üçüncü ölkəyə satırlar. Amma birbaşa Pakistandan Azərbaycana gətirilsə, daha ucuz başa gələr. Hazırda Pakistan düyüsü Azərbaycana üçüncü ölkə vasitəsilə gətirilir. Kimlərsə bunu Birləşmiş Ərəb Əmirliklərindən, kimlərsə İranda alır, sonra Azərbaycana satır. Azərbaycan neft ölkəsidir və bu sahədə çox güclü , peşəkar mütəxəssisləri var.  Pakistanda da bəzi ərazilərdə neft çıxarılır. Düşünürəm ki, bu məsələdə Azərbaycan şirkətlərindən, mütəxəssislərindən faydalana bilərik. Pakistan Azərbaycandan neft almır, bildiyiniz kimi Azərbaycan nefti boru xətlərindən başqa istiqamətlərə satılır. Pakistan isə nefti körfəz ölkələrindən alır. Amma inanıram ki, gələcəkdə İran ərazisindən keçməklə Azərbaycandan Pakistana boru xətti ilə neft ixrac olunacaq. 

– Bir ildir ki, Azərbaycandasınız. Burada  daha çox nələri bəyənmisiniz? – Azərbaycanın bir çox rayonlarında

– Lənkəran, Quba, Naxçıvan, Şəkidə olmuşam. Təbiətiniz çox gözəldir. Əkin üçün çox geniş əraziləriniz var. Eləcə də çox zəngin su ehtiyatlarınız var. Şəhərləriniz sistematik şəkildə inşa olunub. Ölkəniz günü-gündən inkişaf edir. Bakı dünyanın inkişaf baxımından ən öndə gedən şəhərlərindən biridir. Bakıda sevmədiyim tək amil- maşınların çoxluğudur. Yollar çox zaman tıxac olur.  Azərbaycan insanı çox çalışqandır, xüsusilə də xanımları. Kişilər də çalışqandırlar, amma qadınlar daha çalışqandır. Birmənalı deyə bilərəm ki, Azərbaycanın iqtisadi inkişafında qadınlar çox böyük rol oynayırlar. 

– Pakistanlı xanımlar çalışqan deyil?

– Pakistanlı xanımlar sizin xanımlar kimi aktiv deyillər. Pakistanda kişilər daha çox işləyirlər.  

– Amma bildiyimizə görə sizin 6 naziriniz qadındır. Sizdə, parlamentdə qadınların təmsil olunması ilə bağlı  kvota var? 

– Bəli, bizdə kvota var. Parlamentin 40 faizi qadınlardan ibarətdir.

– Boş vaxtlarınızda nə edirsiniz və kinoya marağınız varmı?

– İşimdən asılı olaraq həmişə olduğum ölkələrin filmlərini seyr edirəm. Boş vaxtlarımda televizorda canlı idman oyunlarına (futbol, kriket) baxıram. Əsas hobbilərimdən biri də dostlarla  kriket oynamaqdır. 

– Ortaq milli adət –ənənələrimiz haqqında nə deyə bilərsiniz? Pakistanda azərbaycanlı gəlin varmı?

– İkimiz də islam ölkəsiyik, amma aramızda çox məsafə olduğuna görə adətlər zamanla dəyişib. Səfirlikdə olan məlumatlara görə pakistanlılarla ailə quran yüzdən çox azərbaycanlı xanım var.  Hətta Pakistanın Balucistan vilayətinin təhsil nazirinin yoldaşı azərbaycanlıdır. Urdu dilində çox gözəl danışır. Bütün ilboyu Pakistanda yaşayan xanım ilin 20-25 gününü Azərbaycanda keçirə bilir. 

– Cənab səfir hansı yeməyi çox sevir və hazırlayırsınız?

– Bütün dadlı yeməkləri sevirəm. Pakistan və Azərbaycan mətbəxləri bir-birinə oxşayırlar. Sadəcə, Azərbaycan yeməkləri ilə müqayisədə  Pakistan yeməkləri daha acıdır. Misirdə tək yaşayanda bəzi yeməkləri bişirməyi öyrənmişdim. Amma bişirmək baxımından əl qabiliyyətim elə də yaxşı deyil.
 





12.09.2012    çap et  çap et