525.Az

Türkiyəni dünyaya tanıdan xanım


 

Türkiyəni dünyaya tanıdan xanım<b style="color:red"></b>

Bu günlərdə Türkiyədən tanınmış təhsil işçisi, mahir publisist-tədqiqatçı, Azərbaycan mədəniyyətinin yaxın dostu Ömər Özcandan ünvanıma "Kubbealtı Akademisi Mecmuası"nın 2015-ci il tarixli 173-cü nömrəsində dünya şöhrətli türkoloq prof. Əhməd Cəfəroğlu ilə bağlı dərc olunmuş yazı göndərilmişdir. Mövzu maraqlı və tanış olduğundan (ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən və bir qədər sonralar da - mühacirət mətbuatını  araşdırarkən prof. Əhməd Cəfəroğlu və onun naşiri olduğu "Azərbaycan yurd bilgisi" dərgisinə bir neçə məqalə həsr etmişdim), məcmuədəki yazı dərhal diqqətimi çəkdi. Yeri gəlmişkən qeyd edim ki, vaxtı ilə Azərbaycan mühacirlərindən Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara öz əsərlərində "Azərbaycan yurd bilgisi" haqqında bəhs etmişlər. Vilayət Quliyev, Nikpur Cabbarlı, Əbülfəz Quliyev, Xaləddin İbrahimli, Vaqif Sultanlı, Asif Rüstəmli, Mirzə Ənsərli, Elşən Əlülhəsənli, Məşiağa Məhəmmədli, Altuntac Məmmədova, Rəşad İlyasov və bir sıra digər tədqiqatçılar, publisistlər də Azərbaycan mühacirət problemləri, o cümlədən, mühacirət tarixi, mətbuatı və ədəbiyyatşünaslığı ilə bağlı araşdırmalarında bu mövzuda dəyərli əsərlər qələmə almışlar.  Qardaş Türkiyədə də Ə.Cəfəroğlunun irsi, həyat yaradıcılığına dair xeyli əsər yazılmışdır. Səbahəddin Şimsir Azərbaycan mühacirətinin Türkiyədəki fəaliyyətindən bəhs edərkən, "Azərbaycan yurd bilgisi" dərgisinə də yer ayırmışdır.

Məcmuədə dərc olunan xatirənin aktuallığını, əhəmiyyətini nəzərə alaraq, onunla bağlı təəssüratlarımı bölüşmək istərdim. Əvvəla, "Kubbealtı Akademisi Mecmuası" barədə. Bu, 1970-ci ildən fəaliyyət göstərən Kubbealtı Akademisi Kültür və Sanat Vakfinin dövrü nəşrlərindəndir. Adını Osmanlı dövlətində sadrazamın (vəzir) və digər ali hakimiyyət orqanları təmsilçilərinin mühüm dövlət işləri ilə əlaqədar müzakirələrin keçirilməsi və müvafiq qərarların qəbul edilməsi üçün Divanı Humayuna (məclis, toplantı) Topqapı sarayında ayrılmış bir yerdən - Kubbealtından götürmüş vəqfin məramı, qayəsi elm, fikir və sənətdə türk millətinə xas tarixdən gələn dəyərləri əsas götürərək nəsilləri milli düşüncə və sənət mərkəzi ətrafında toplamaqdır. Bu məqsədə nail olmaq üçün Vəqf konfranslar, simpoziumlar keçirir, müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edir, nəşriyyat fəaliyyəti ilə məşğul olur, kitablar, bülletenlər buraxır. Yuxarıda haqqında bəhs etdiyimiz məcmuə də Vəqfin nəşrlərindəndir.

Məcmuənin sonuncu - 173-cü nömrəsində dərc olunan yazı görkəmli türkoloq, Azərbaycan mühacirətinin parlaq siması, istiqlal mücahidi, İstanbul Universitetinin professoru, "Azərbaycan yurd bilgisi" dərgisinin naşiri və redaktoru Əhməd Cəfəroğlunun qızı Nazan Ölçərə aiddir və "Babam prof.dr. Ahmet Caferoğlunun anısına" adlanır. Bu xatirə bir çox cəhətləri ilə aktual və əhəmiyyətlidir:

- dünya türkologiya elminə misilsiz töhfələr vermiş prof.Əhməd Cəfəroğlunun irsini və həyatını, iş metod və prinsiplərini daha dərindən öyrənmək;

- Türkiyədəki Azərbaycan mühacirlərinin fəaliyyəti, onların Türkiyənin ədəbi-mədəni, ictimai həyatındakı rolu və yeri ilə daha yaxından tanış olmaq və dəyərləndirmək;

- prof. Fuad Körpülü, Mir Yaqub Mir Mehdiyev, Ayaz İsaqi kimi görkəmli xadimlərlə Əhməd Cəfəroğlu arasında sıx əməkdaşlıq və dostluğa çevrilmiş şəxsi münasibətlərə bələd olmaq;

- prof. Əhməd Cəfəroğlunun məsləyinə bağlılığı, eləcə də bir sıra digər şəxsi keyfiyyətləri ilə tanış olmaq üçün bu xatirə mötəbər məxəzlərdəndir.

Digər tərəfdən isə bu yazı dünya muzey mədəniyyətinin patriarxlarından, muzey işinin canlı əfsanəsi Nazan Ölçərin də tərcümeyi-halına, keçdiyi çox zəngin, şərəfli, şöhrətli həyat yoluna bir daha qısaca da olsa, nəzər salmağa vəsilə olur ki, bu barədə bir qədər sonra bəhs edəcəyik.

Nazan xanım xatirəni maraqlı girişlə - qədirbilənliklə başlayır: "Atam prof.dr. Əhməd Cəfəroğlunun yaşamı, pedaqoji fəaliyyəti və türkologiya dünyasındakı öncü çalışmaları haqqında çox sayda nəşrlər buraxıldı. Yetişdirdiyi dəyərli elm adamları, tələbələri istər nəşrlərdə, istərsə də toplantı, konfrans və digər tədbirlərdə onun xatirəsini əziz tutublar. Əksəriyyətini tanıdığım köhnə dostlara vəfaları üçün təşəkkür edirəm". Xatirə müəllifi bu yazıda atasının "müstəsna bir ata və əmsalsız bir yol göstəricisi" kimi xatırlamaq istədiyini bildirir və onun üçün də əvvəlcə Əhməd Cəfəroğlunun tərcümeyi-halına qısaca nəzər salmağı lazım bilir. Müəllif haqlı olaraq belə hesab edir ki, "bir çox davranış biçiminin qaynağı" onun keçdiyi həyat yolu ilə bağlıdır. Nazan Ölçər atasının 1899-cu ildə Gəncədə, ticarətlə məşğul olan ailədə dünyaya gəldiyini, özündən böyük iki bacısı, bir qardaşı olduğunu, kiçik yaşlarında ikən əvvəl atasını, sonra anasını itirdiyini və əmilərinin himayəsində qaldığını yazır. Gəncədə orta təhsilə yiyələnir, Kiyevdə Ali Ticarət Məktəbinə daxil olur. Lakin ölkədə baş verən hadisələr görə Vətənə qayıtmaq məcburiyyətində qalır, silaha sarılaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Universitetində qısa vaxt təhsilinə davam edir, ölkənin Qızıl Ordu tərəfindən işğalından sonra isə Azərbaycanı tərk edərək Türkiyədə yerləşir və İstanbul Universitetində görkəmli türkoloq, prof. Fuad Körpülünün tələbəsi olaraq türkologiya təhsilinə başlayır. Nazan xanım yazır ki, "atam məmləkətinə duyduğu böyük həsrətə rəğmən, o illərdən heç bəhs etməzdi, sanki qaysaqlamış yaraya toxunmaq istəmirdi".

Prof. Əhməd Cəfəroğlu ailəsində cümə günlərinin xüsusi yeri vardı. Hər cümə axşam yeməyinə böyük tədarük görülər, plov bişirilər, qonaqların gəlişi səbirsizliklə gözlənərdi. Xatirədə oxuyuruq: "Bu məclislər dəvətə ehtiyacı olmayan bir ənənəyə çevrildiyindən müsafir olmadan süfrəyə oturulduğu heç bir cümə gününü xatırlamıram". Cümə məclislərində hər həftə fərqli müsafirlər olsa da, qonaqların ikisi daimi idi: Azərbaycanlı Mir Yaqub bəy və Kazanlı Ayaz İshaqi bəy. "Ailəmizin bir parçası olan bu iki yaşlı müsafir mənim də çox sevdiyim və hər cümə günü həyəcanla gözlədiyim kişilər idi" - yazan Nazan xanım qonaqların arasında siyasi səbəblər üzündən vətənlərindən ayrı düşən türkistanlı, başqırt, tatar, azərbaycanlı tarixçilər, şairlər, əcnəbi türkoloqlar olduğunu və onların elmi, siyasi mövzularda uca səslə, ehtirasla mübahisə etdiklərinin şahidi olduğunu qeyd edir və yazır ki, qonaqlar bəzən anlamadığım bir dildə danışırdı, anam sonralar onların rus dilində söhbət etdiyini deyirdi. Nazan Ölçər məclisdə anasının ona öyrətdiyi Yəhya Kamalın son şeirlərindən əzbər söylədiyini, pianoda müxtəlif mahnılar ifa etdiyini xatırlayır.

Nazan Ölçər Əhməd Cəfəroğlunun Universitet tələbələrindən olan anasının ədəbiyyatı sevdiyi qədər musiqi və incəsənətə də böyük maraq göstərdiyini, eyni zamanda "mükəmməl bir ev sahibi" olduğunu, müsafirlərə, xüsusilə Mir Yaqub bəyə və Ayaz İsaqi bəyə diqqət, qayğı göstərdiyini vurğulayır. Nazan xanım azyaşlı olsa da, atasına böyük ehtiram bəslənildiyini müşahidə edə bilmişdi: "Hər cür bayram, tarixi, əlamətdar gün, düyün və ya cənazənin birlikdə yaşandığı kədər və nəşədə ortaq olunduğu ortamda atama böyük bir sayğı göstərildiyini çocuq gözümlə belə görməkdəydim". Bu hörmət, bu nüfuz "onun kimsədən əsirgəmədiyi insani tavrından qaynaqlanırdı". Əhməd Cəfəroğlu kasıblara, xəstələrə yardım edir, kimsəsizlərə sahib çıxırdı.

Nazan Ölçər qonaqların önəmli kişilər olduqlarını söhbətlərindən hiss etdiyini, lakin Vətənləri üçün "nə qədər dəyərli" olduqlarını illər sonrası öyrəndiyini yazır. Nazan Ölçər atasının hər yay "Anadoluya dil araşdırmaları üçün gediş hazırlığını", çətinliklərlə dolu bu uzaq səfəri səbirsizliklə, az qala günlərini saya-saya gözlədiyini, Bağdad və Ərzurum Universitetlərində türkologiyaya dair yeni bölümlər açmaq üçün fədakarlıqla çalışdığını, İstanbuldakı "Azəri Kardeşlər Yardımlaşma Dərnəyi"ndəki fəaliyyətini maraqlı bir dillə təsvir edir, unudulmaz xatirə kimi yada salır, eyni zamanda "qara buludların" da onların ailəsindən yan keçmədiyini, atası ilə anasının ayrıldığını kədərlə yada salır.

Nazan Ölçər də hələ gənc yaşlarından atası kimi "oxumaq, başarılı olmaq, ən önəmlisi isə bunları onun bəlkə görməyəcək olma ehtimalı təlaşına qarşı hər şeyə qısa müddətdə nail olmaq istəyi yaratmışdı. Nazan xanım yazır ki, atam alman dilinin elm dili olduğunu bildirir və mənim də bu dili dərindən öyrənməyimi israr edirdi.

Nazan Ölçər atası Əhməd Cəfəroğlunun türkologiya sahəsindəki xidmətlərini özünəməxsus və yığcam ifadə edir: "Dillərin tarixdə daima başlıca mədəniyyət daşıyıcısı olduğu gerçəyini bütün həyatı boyunca müdafiə etdi: dillərdən kəlmə və isimlərdən yola çıxaraq bənzərsiz mədəniyyət tarixi araşdırmalarının öncüsü oldu".

Xatirə-yazı həzin notlarla bitir: "Atamı 40 il öncə, 6 yanvar 1975-ci ildə ürək infarktından itirdik. Bir neçə gün əvvəl yoldaşlarımızla evimizdə Yeni il gecəsinə hazırlığa qatılmış, Yeni il gecəsi coşqu ilə rəqs etmiş, hər kəsi heyran etmişdi... Bu gün geri boylananda atamdan zəngin miras qaldığını, ondan nə qədər çox şey öyrəndiyimi görür və məni bir daha dərin heyranlıq və həsrət hissi bürüyür".

Yuxarıda qeyd etdiyimiz kimi, bu xatirə dünya şöhrətli müəllifin - Nazan Ölçərin də tərcümeyi-halı və fəaliyyətinə, nəsillərə nümunə mənalı, şərəfli ömür yoluna bir daha qısaca olsa da, nəzər salmağa vəsilə oldu.

 





16.01.2015    çap et  çap et