525.Az

Şəhidlər Xiyabanı necə yarandı?


 

Şəhidlər Xiyabanı necə yarandı?<b style="color:red"></b>

Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasında işlədiyim zaman üç qrupa bölünərək növbə ilə proqramın məsuliyyətini öz üzərimizə götürür, həmin günün verilişlərinə məsul olurduq. 1990-cı il yanvarın 19-u idi. Axşam saat 19:00 radələri olardı. Mərhum jurnalist Qəzənfər Qəribovdan başqa rəhbərlik etdiyim qrupun bütün üzvləri getmişdilər. Həmin gün saat 21:00-də efirə çıxacaq "Günün səsi" proqramı üçün 6 dəqiqəlik şərh hazırlamışdım. Həmin şərhdə xalq hərəkatının liderlərinin mövqeyi qabardılmış, Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar hökumətin fəaliyyətsizliyi çox ciddi tənqid olunmuşdu.

Təxminən saat 20:20 radələri olardı. Qəzənfər Qəribovla birlikdə mikrofon qovluğunun üzərində son redaktə işlərini yekunlaşdırırdıq. Özümüz də tələsirdik. Mərkəzi Komitənin önündə artıq bir neçə saat idi ki, izdihamlı mitinq davam edirdi. Bizə də xəbər çatmışdı ki, bu gün nəsə gözlənilir. Hətta MK-nın yanında dar ağaclarının qurulduğunu söyləyənlər vardı. Qəfil boğuq bir partlayış səsi eşidildi və işlədiyimiz otaqda işıqlar söndü. Nə baş verdiyini kəsdirə bilmədik. Dəhlizə çıxdıq. İşıqlar yanırdı. Stolu götürüb dəhlizə qoyduq. Son redaktə işlərini tamamladıq və mən mikrofon qovluğunu diktor otağına apardım (Proqram saat 21:00-da efirə çıxırdı). "Günün səsi"nin efirə çıxmasına təxminən 7-8 dəqiqə qalırdı. İçəridə kimsəni görmədim. Bu vaxt baş proqram direktoru Zöhrab müəllim mənə yaxınlaşdı:

-Səyyad, sən getmə. Ola bilsin ki, efirə sən çıxasan. Yusif Muxtarov, deyəsən, gecikir.

Mən təəccüblə onun üzünə baxdım. Çünki  "Günün səsi" verilişi redaksiyanın əməkdaşlarından kimsəyə həvalə olunmurdu. Onu efirə peşəkar diktorlar təqdim edirdilər. Qısa söhbətdən sonra mən Zöhrab müəllimlə birlikdə yayım otağına daxil oldum. Birdən Yusif Muxtarov göründü. O:

-Yollar yaman tıxacdı. Gəlmək mümkün deyil deyib, mikrofon qovluğunu məndən aldı.

Mən isə qaça-qaça birinci mərtəbəyə düşüb Dağüstü Parkdan enərək MK-nın qabağına gəldim. Mitinq başlamışdı. Çıxış edənlər respublika və SSRİ rəhbərliyinin ünvanına kəskin tənqidlər söyləyir, vəziyyətdən çıxış yolu ilə bağlı öz mövqelərini bildirirdilər. Meydan da "Günün səsi" verilişi səsgücləndirici ilə yayımlanır dı. Dağlıq Qarabağda erməni separtizminin törətdiyi dəhşətlərdən söhbət açılırdı. "Günün səsi" sona yaxınlaşırdı. Proqramın sonunda mənim həmin gün üçün hazırladığım reportaj səsgücləndirici ilə yayınlanmağa başlandı. Özüm də məəttəl qalmışdım. Bunu kim təşkil etmişdi? Niyə etmişdi? Hələ də mənim üçün bu məsələ qaranlıqdı.

Gərgin ictimai-siyasi proseslər, erməni separatizminin günbəgün azğınlaşması fonunda Azərbaycan xalqı 20 Yanvar faciəsinə itələnmişdi. Yanvarın 18-19-da AXC nümayəndəsi ilə Sov. İKP MK katibi Girenko, Bakı qarnizonunun rəisi general Sokolov, Azərbaycan Kp MK-nın ikinci katibi Polyaniçko, həmçinin Moskvadan gəlmiş digər vəzifəli şəxslərlə görüş olmuşdu. "Azadlıq" radiosu saat 11-ə işləmiş - faciənin başlamasına təxminən 2 saat qalmış AXC ilə hərbçilərin danışıqlarının baş tutmamasını və ordunun gecə şəhərə girəcəyini bildirmişdi. O vaxt AXC real vəziyyəti qiymətləndirə bilməmiş, nəticədə işğalçı ordunun şəhərə girməsinə vəsilə olmuşdu.

Yanvarın 19-da axşam saat səkkizdə AXC nümayəndəsinin (Etibar Məmmədovun) televiziya ilə çıxışı nəzərdə tutulmuşdu. Bu məlumat AXC nümayəndəsinin həmin gün Polyaniçko ilə görüşü ərəfəsində yayılmışdı. Sonradan bəlli oldu ki, televiziya ilə AXC tərəfdən tətilin dayandırılaraq yolların açılması, mərkəzin isə Vəzirovun istefasını qəbul etməsi elan ediləcəkmiş. Lakin danışıqlarda razılıq əldə etmək mümkün olmamışdı.

Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi Moskvanın "Zaman" televiziya proqramı ilə elan edilməli idi. Saat 19-30-da televiziyanın enerji bloku partladıldığından Azərbaycan xalqı bu məlumatı eşidə bilmədi. Radionun saat 21-də efirə çıxan "Günün səsi" proqramında isə belə bir məlumat oxundu: "Texniki nasazlıq üzündən televiziya verilişləri qısa müddətə kəsilib, təmir işləri aparılır. AZ. TV-nin işi tezliklə bərpa olunacaq". Bu, Azərbaycanın və SSRİ-nin keçmiş rəhbərlərinin xalqa qarşı törətdikləri daha bir xəyanətkarlığın nümunəsi idi.

Sonralar mən 20 Yanvar faciəsi ilə bağlı geniş, analitik xarakterli yazılar yazıb, onları mətbuatda dərc etdirdim. Çox qaranlıq mətləblərə, zənnimcə, işıq salındı.

Qanlı Yanvarın xronikası isə belə idi.

Xronika-yaddaş

Azərbaycan Kp MK-dan:

Xəbərverildiyi kimi, 1989-cu il d kabrın 31-də - 1990-cı il yanvarın 2-də Naxçıvan MSSR ərazisində görünməmiş hadisələr olmuş, bunun nəticəsində Sovet - İran sərhədinin onlarca kilometr uzanan nəzarətsiz zolağı dağıdılmış, mühəndis-texniki qurğular, rabitə xətləri və sərhəd vışkaları məhv edilmişdir.

Baş vermiş hadisənin səbəblərini yoxlamaq və qanuna zidd olan bu hərəkətlərin nəticələrini öyrənmək üçün respublika da istintaq qrupu yaradılmış və işləyir. Həmin qrupa Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin, Respublika Daxili İşlər Nazirliyinin və Respublika Prokurorluğunun məsul işçiləri daxildir.

lll

"SSRİ-nin dövlət sərhədi haqqında" qanunun Naxçıvan MSSR ərazisində kobud surətdə pozulması barəsində SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı.

SSRİ Ali Sovet Rəyasət Heyəti Naxçıvan MSSR ərazisində SSRİ-nin dövlət sərhədi rayonunda kütləvi iğtişaşlar və şuluqluqlar məsələsini nəzərdən keçirərək qərara alır:

1. Sovet-İran sərhədinin həmin sahəsində vəziyyətin sabitliyinin zəifləməsinə, sərhəd obyektlərinin dağılmasına və SSRİ dövlət sərhəd rejiminin pozulmasına səbəb olmuş şuluqluq və "SSRİ-nin dövlət sərhədi haqqında" qanunun kobud surətdə pozulması faktları qətiyyətlə pislənilsin.

2. Nəzərə alınsın ki, Azərbaycan SSR-in və Naxçıvan MSSR-in dövlət orqanları dağılmış sərhəd obyektlərini bərpa etmək üçün sərhəd xidməti bölmələri ilə birlikdə təcili tədbirlər görsünlər, hüquq-mühafizə orqanları isə "SSRİ-nin dövlət sərhədi haqqında" qanunun kobud surətdə pozulması faktları ilə əlaqədar istintaq aparırlar və müqəssir şəxslər məsuliyyətə cəlb edilirlər.

3. SSRİ Nazirlər Sovetinə tapşırılsın ki, sərhədyanı rayonların əhalisinin qaldırdığı konkret məsələlərin həlli üçün Azərbaycan SSR-nin respublika və yerli dövlət orqanlarının iştirakı ilə tədbirlər görsün.

SSRİ Ali Sovetinin sədri M.Qorbaçov

Moskva, Kreml 10 yanvar 1990-cı il "Kommunist" qəzeti, 11 yanvar 1990-cı il, № 9

lll

10 yanvar 1990-cı il

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iclası keçirilir. İclasda Ermənistan SSR-nin Ali Soveti qeyri-konstitusion orqan - Dağlıq Qarabağın "milli şurası" ilə birgə 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarı fitnəkar hərəkət, yenidən qurma əleyhinə siyasi təxribat, suveren Azərbaycan Sovet Sosialist Respublikasının daxili işlərinə aşkar müdaxilə kimi qiymətləndirilir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti seçicilərin və

xalqın iradəsini ifadə edərək SSRİ Ali Soveti  tərəfindən Ermənistan SSR Ali Sovetinin konstitusiyaya zidd qərarlarına siyasi və hüquqi qiymət verilməməsini yolverilməz sayır.

lll

Yanvarın 13-də Bakıda baş vermiş hadisələrlə əlaqədar olaraq Sov.İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri E.M.Primakov, Sov.İKP MK katibi A.N.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.X.Doqujiev Bakıya gəlib. İş dövriyyəsi fasiləsiz olan Bakı müəssisələrinin kollektivlərindən yığıncaqlar keçirilmiş və bura da zəhmətkeşlər respublikanın paytaxtında şuluqluqların təşkilatçılarının hərəkətlərini kəskin surətdə pisləmiş, şəhərdə qanunçuluğun və asayişin möhkəmləndirilməsini tələb etmişlər.

"Kommunist" qəzeti,  16 yanvar 1990-cı il, № 13

lll

Azərbaycan KP MK bürosunda "Bakıda vəziyyət və şəraiti normal hala salmaq üçün təxirəsalınmaz tədbirlər haqqında" məsələyə baxılmışdır. Qəbul edilmiş qərarda deyilir ki, yanvarın 13-də Bakıda törədilmiş iğtişaşlar nəticəsində faciəli hadisələr baş verib. Adamlar, əsasən ermənilər cinayətkarların əlində həlak olmuş, onlarca adam yaralanmışdır. Qərarda o da qeyd olunmuşdur ki, Azərbaycan KP MK -in son tələfatına gətirib çıxaran cinayətkar əməlləri, zorakılıq hərəkətlərini qətiyyətlə pisləyir. Ləyaqətə, həyata qəsd edilməsinə heç nə ilə haqq qazandırıla bilməz. Bu, Azərbaycan xalqının mənəviyyatı, insansevərlik ənənələri ilə bir araya sığmır.

Bakı Şəhər Partiya Komitəsinin fövqəladə plenumu olub.

Plenumda E.Primakov, A.Girenko və Ə.Vəzirov iştirak etmişlər. Plenumda deyilib ki, hüquqazidd hərəkətlər nəticəsində demokratikləşdirmə, yenidənqurma üçün real təhlükə yaranıb.

E.Primakov və A.Girenko AXC-nin rəhbərləri ilə görüşmüşlər. Görüşdə bildirilmişdir ki, vəziyyəti normal hala salmaq, qanunçuluğu və hüquq qaydasını təmin etmək üçün böyük tədbirlər görülməlidir.

Azərinform

Bakı Şəhər partiya Komitəsinin müraciəti

Əziz bakılılar! Qardaşlar və bacılar!

Bizim işimiz haqq işidir. Çünki xalqımız öz torpağını, öz şərəfini, öz milli mənliyini qoruyur. Ancaq biz xalqımızın, şəhərimizin adına qara ləkə yaxılmasına yol verməməliyik. Qırğın bizim yolumuz deyil. Mübarizəmizi dinc yolla davam etdirməliyik. Azərbaycan xalqının sıx birliyi bu gərgin günlərdə ən kəsərli islahımız olmalıdır. Sizi birliyə, yekdilliyə, sağlam fikrə çağırırıq. Düşünülməmiş hərəkətlərə yol verməyin, ağıl, dərrakə, vahid iradə bizim şüarlarımız olmalıdır. Yalnız bunun sayəsində biz bütün məqsədlərimizə çata bilərik.

Sakitliyi, əmin-amanlığı qoruyun. Şəhərimizdə xoşagəlməz əməllər törədilməsinə yol verməyin. Xalqımızın nəcib adını, birliyini qoruyun. Bakının təmiz adını uca tutmaq hər birimizin borcudur.

"Kommunist" qəzeti, 17 yanvar 1990-cı il, №14

lll

13 yanvar

Bakının Azadlıq meydanında mitinq keçirilir. Mitinqdə AXC-nin Milli Müdafiə Şurasının yaradıldığı elan olunur.

"Kommunist" qəzeti, 16 yanvar 1990-cı il, № 13

lll

Kreml də Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirilir. İclasda Dağlıq Qarabağ Muxtar vilayətində və başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında məsələ müzakirə olunur. SSRİ daxili işlər naziri V.Bakatin, SSRİ baş prokuroru A.Suxari, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.Kryuçkov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Q.Voskanyan məlumat verirlər.

Müzakirələrin nəticələri üzrə Mixail Qorbaçov "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında" SSRi Ali Soveti Rəyasət Heyətinin fərmanını imzalayır.

1990-cı il yanvarın 15-də yerli vaxtla saat 23-dən Dağlıq Qarabağ Muxtar vilayətinin, Azərbaycan SSR-nin ona bitişik rayonlarının, Ermənistan SSR Gorus rayonunun ərazisində, habelə Azərbaycan SSR ərazisində SSRİ-nin dövlət sərhədi boyunca sərhədyanı zonada fövqəladə vəziyyət elan edilir.

lll

17 yanvar

Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında mitinqlər davam edir.

Y.Primakov, A.Giren ko və Ə.Vəzirov Xalq Cəbhəsinin liderləri ilə danışıqlar aparırlar. Y.Primakov MK-nın binası qarşısındakı mitinqdə çıxış edir və xalqı qorumaq üçün Bakıya ordu gətirildiyini bildirir. Onun çıxışına razılıqla qarşılanır.

lll

18 yanvar

Bakıda şayiələr baş alıb gedir. Mitinqlər ara vermir. Əhali Sovet əsgərlərinin şəhərə top-tüfənglə girəcəyinə inanmır.

lll

19-20 yanvar

Azərbaycan Televiziyasının mərkəzi enerji bloku partladılır.

Azərbaycan KP MK-nın binası qarşısında keçirilən mitinqdə qərara alınır ki, şəhərə giriş yollarındakı barrikadalar möhkəmləndirilsin. Rus əsgərlərinin Bakıya girməsinin qarşısı bu yolla alınsın.

lll

Yanvarın 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin, SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri hərbi silah və texnikanın müxtəlif növlərindən atəş aça-aça ayrı-ayrı istiqamətlərdən Bakıya daxil olur, dinc əhaliyə qarşı misli görünməmiş cinayətkarlıq əməlləri törədirlər. Çoxlu ölən və yaralanan olur.

lll

Bakı şəhərinin komendantı general-leytenant V.Dubinyakın I saylı əmri ilə gecə saat 23-dən səhər 6-dək qadağan saatı elan edilir.

Şəhidər Xiyabanının necə yaranması ilə bağlı Dəfn Komissiyasının üzvü Azər Nəbiyev bunları mənə deyib:

"Yanvarın 20-də, dan yeri söküləndə MK-nın qarşısında matəm mitinqi başlanmışdı. Mən təxminən saat 8 radələrində ora gəldim. Adamlar şok vəziyyətində idilər. Elə mən özüm də nə edəcəyimi kəsdirə bilmirdim. Bu zaman yaşadığım ərazinin sahə həkimi ağlaya-ağlaya mənə yaxınlaşıb soruşdu ki, Azər müəllim, bu nə müsibət idi başımıza gəldi? Onun az qala qeyri-adi hönkürtüsü ətrafdakıların diqqətini cəlb etdi.

Adamlar başımıza toplaşdılar. Hamı bir-birinin üzünə baxır, bir-birlərinə sual verirdi: "Niyə belə oldu? İndi nə edək, neyləyək, kimə müraciət edək?". Doğrusu, MK-nın qabağına toplaşanların hamısı gecəki müsibətdən, şəhid olmuş adamlardan danışırdı. Bu zaman bir nəfər dilləndi: şəhidləri Dağüstü Parkda dəfn etmək lazımdır. Bu, Nəriman Əliyev idi. Eşitdiyim təklif şəxsən mənim ürəyimdən oldu. Sabir Rüstəmxanlıdan eşitmişdim ki, 1918-20-ci illərdə erməni daşnakları tərəfindən öldürülən soydaşlarımız Dağüstü Parkda dəfn olunublar. Sonradan onların cəsədləri çıxarılıb başqa-başqa yerlərdə basdırılıb. Bu tarix bir də təkrar olunmasın deyə biz Nəriman Əliyevin təklifinin həyata keçirilməsinə cəhd göstərmək qərarına gəldik. Bu zaman tanımadığım bir adam üzünü mənə tutub dedi ki, Azər müəllim, işə başlamaq lazımdır. Gəlin komissiyanın tərkibini müəyyənləşdirək. Cibimdən kağız-qələmi çıxarıb birinci öz adımı yazdım. O biri adamlar da adlarının Dəfn Komissiyasına salınmasını xahiş etdilər.

Beləliklə, qısa bir müddət də aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov. Sonradan təklif olundu ki, Şeyxülislam Allahşükür Paşazadəni də komissiyaya daxil edək. Qüdrət Əbdül Səlimzadəni komissiyanın sədri seçdik.

Beləcə, azadlıq qurbanlarının indi uyuduqları sahə o vaxt müəyyən olundu. Bundan sonra xalq könüllü olaraq qəbirlərin qazılmasına başladı. Məsələ bundadır ki, bizim heç bir göstəriş - filan olmadan, ürəyimizin səsi, qəlbimizin hökmü ilə başladığımız bu xeyirxah iş çoxlarının xoşuna gəlməmişdi.

Məlum Ali Sovetin fövqəladə sessiyası başlayanda mən ayaqqabılarımın palçığını da silmədən Ali Sovetə - iclas zalına daxil ola bildim. Gördüyümüz işlər barədə məlumat verdim.

Rayon katiblərindən kimsə ayağa durub çox qəzəbli bir şəkildə üzünü mənə tutub dedi: "Siz niyə özbaşına iş görmüsünüz?

Biz indi məcburuq ki, qazılmış qəbirləri dolduraq". Nə deyə bilərdim? Sözsüz ki, qəzəbimi boğa bilmədim. Məni ağılsız adlandırırsınız, - dedim, siz ağıllı olun, gedin qəbirləri doldurun. Adını və sayını bilmədiyiniz adamların yaxınlarına başsağlığı vermək istəyirsiniz. Lakin hərəkətlərinizlə dedikləriniz heç bir məntiqə sığmır.

Sessiyaya sədrlik edən Bəxtiyar Vahabzadə mənə tərəfdar çıxaraq üzünü o adama tutub dedi ki, sizə ayıb olsun! Bu sözlərdən sonra hörmətli şair iclasa sədrlik etməkdən də imtina etdi. Qalan vaxtda mərhum İsmayıl Şıxlı sessiyanın iclasına sədrlik etməyi öz boynuna götürdü.

lll

Sovet qoşunlarının Azərbaycan paytaxtını işğal etməsi nəticəsində rəsmi rəqəmlərə görə Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, külli miqdarda dövlət və şəxsi əmlak talan edilmişdir. Görünməmiş faciə baş vermişdi. Qan tökən ordu uşaqları, qocaları, qadınları, təcili yardım maşınlarını güllə -baran etmiş di. Qəddarlığın həddi-hüdudu olmamışdı. Şəhidlər Xiyabanında bədən orqanlarının biri və ya bir neçəsi olmayan şəhidlər dəfn edildi. Xiyabanın lap kənarında naməlum bir qəbir var. Bu qəbirdə ayrı-ayrı adamların əzaları dəfn edilib: orada qol da var, qıç da var, göz də var.

Tarixin ironiyasına baxın ki, Azərbaycan xalqını qanına qəltan edən Qorbaçov bir neçə ildən sonra "Dünyada sülhün qorunmasında xidmətlərinə görə" Nobel mükafatına layiq görüldü.

Bu həmin Qorbaçov idi ki,1987-ci ildə Heydər Əliyevi SOV.İKP MK. Siyasi Bürosu üzvlüyündən və SSRİ rəhbərliyindən uzaqlaşdıra bilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də həmin dahi şəxsiyyət idi ki, Qanlı Yanvarın ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək törədilən dəhşətli qırğını və faciəni dünyaya bəyan etmişdi, Azərbaycan ətrafında yaradılan informasiya blokadasını yarmışdı. Sonralar böyük öndər əvvəl Naxçıvan Ali Məclisində, daha sonra isə Azərbaycan Milli Məclisində Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət verdi.

Səyyad AĞBABALI

 





20.01.2015    çap et  çap et