525.Az

"Gözlə məni" - Ülvi Bünyadzadənin öz şeirimi, yoxsa tərcüməsimi?


 

"Gözlə məni"  - Ülvi Bünyadzadənin öz şeirimi, yoxsa tərcüməsimi?<b style="color:red"></b>

Almaz ÜLVİ
Filologiya elmləri doktoru

Böyük rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı olan Konstantin Simonovun (1915-1979)  yaradıcılığından söz düşərkən, ilk olaraq "Gözlə məni!"  ("Jdi  menya!")  şeirini xatırlayırıq. Halbuki indi qeyd etdiyim fəxri adlarının heç birini bu şeirə görə almayıb.

Böyük Vətən müharibəsinin başlanğıcından hərbi jurnalist kimi çalışmağa başlayan K.Simonov payız aylarında "Jdi menya" ("Gözlə məni") şeirini yazır. O, bu şeirini öz sevgilisinə həsr etsə də, "Jdi menya" müharibədə vuruşan ərlərini gözləyən bütün qadınların andına çevrilir.
"Gözlə məni" şeiri poetik gücünün təsiri ilə dünyanın bir çox dillərinə, özü də dəfələrlə tərcümə olunaraq yayılıb.

Elə o illərdə Səməd Vurğun bu şeir haqqında fikirlərini belə ifadə edib:  "Konstantin Simonovun "Gözlə məni" şeiri milyonlarla adamı dərindən həyəcanlandırdı. Çox saf və dərin bir səmimiyyətlə aşılanmış  olan bu  şeir  Böyük  Vətən müharibəsi iştirakçılarının bir çoxunu düşündürən fikirlərə  sanki  bir  cavab  idi".  Qarşılıqlı olaraq, Səməd Vurğunun "Mən tələsmirəm", "Şair, nə tez qocaldın sən...", "Gödəkcə" şeirlərinin ruscaya şedevr tərcümələrinin müəllifi K.Simonovun Azərbaycan ədəbiyyatına sevgisini bircə misalla yada salmaq istəyirəm: "Səməd gözəl şair, mərd insan və ədalətli dost idi. O, həqiqi  xalqlar dostluğunun, şairlər arasındakı dostluğun nə demək olduğunu çox gözəl bilirdi. Məhz buna görə də ölkəmizin hər yerində və onun hüdudları xaricində Səmədin çoxlu dostları vardı...".

Təsadüfi  deyil ki, şeir 1942-ci il, yanvarın 14-də dərc ediləndən dərhal sonra ayrı-ayrı xalqların, o cümlədən, Azərbaycan ədəbiyyatında da təsirli əks-sədaları eşidildi. Təbii ki, Azərbaycan ədəbiyyatında Süleyman Rüstəm heç də ondan geri qalmayan "Ana və poçtalyon"u yazdı. Yəni, Azərbaycan şeiri də bu kimi nümunələrlə zirvəyə doğru özünə cığır açmışdı.

Nəğmə olub dodaqlarda səslənən "Gözlə məni" şeirinin Azərbaycan dilində xeyli sayda uğurlu tərcümə nümunələri var, yəqin ki, hələ bundan sonra da olacaq. Çünki araşdırma zamanı məlum oldu ki, nisbətən yaşlı nəsillə (Ə.Kürçaylı, X.R.Ulutürk, Anar, İsa İsmayılzadə, S.Məmmədzadə və s.) yanaşı müasir dövrümüzdə poeziya aləminə gələn qələm sahibləri də (S.Babullaoğlu, Valeh Mirzə,  X.Əfəndiyeva və s.) həmin şeiri dilimizə tərcümə ediblər.

Ötən əsrin 90-cı illərində ədəbiyyata gələn gənclər arasında xüsusi dəst-xətti olan Ülvi Bünyadzadənin dünya ədəbiyyatından xeyli tərcümələri (18 müəllifdən 20 tərcümə) məlumdur və bu əsərlər müxtəlif vaxtlarda (1990, 1991, 1993, 2005 və s. illərdə) istər dövri mətbuatda, istərsə də kitablarında oxuculara təqdim edilib. 

Qeyd edim ki, Ülvinin mütaliə məhəbbətinin qaynağı atası olub: aralarındakı ədəbi mübahisələr, ədəbi yeniliklərlə tanış olaraq hər söhbətində atasını heyrətləndirmək marağı, oxuduğu əsərlərin təsiri, təbii ki, onun yaradıcılığında da özünü göstərib.

Konstantin Simonovun "Gözlə məni" şeirinin təsir dairəsinə düşən şairlərdən biri də Ülvi Bünyadzadə olub. Bu əsərin təsiri ilə öz "Gözlə məni" (1987) şeirinimi yazıb, yoxsa, elə həmin əsəri tərcümə edib?
1993-cü ildə Ülvinin "Gənclik" nəşriyyatında çap olunan kitabı  "Bir ölümün acığına" adlandırılıb. Bir məsələni xüsusilə qeyd etməyi özümə borc bilirəm: 20 yaşlı tələbə Ülvi 1990-cı il hadisələri zamanı şəhid  olub. Hadisədən az  sonra təskinlik xatirinə onun əlyazma şeirlərindən bir neçəsini, o cümlədən, "And"ını mətbuatda  dərc etdirdim. Bunların içərisində "Anam da, övladlarım da məni qəmgin xatırlasın" sətirləri ilə başlayan bir şeiri diqqətimi xüsusilə cəlb etdi. Bu, şeirdən çox ağıya bənzəyirdi. Elə ağı kimi də düşünüb heyrətləndim ki, necə olub özünə belə bir şeir həsr edib.

Anam  da, övladlarım da
Məni qəmgin  xatırlasın,
Qoy ən əziz dostlarımsa,
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında
Mənə ehsan paylasınlar.
Qoy lap məni "bəxtsiz" - deyə
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gəlməliyəm,
Bir  ölümün  acığına.

Şeirin altında yazılma tarixi 1987-ci ilə aid idi. Bu il 20 yaşlı Ülvinin 45 illiyinə bir kitab hədiyyə etmək istədim. Dünya ədəbiyyatından etdiyi tərcümələrindən - şeir və hekayələrdən ibarət "Qəhərlənmiş könlüm" adlı bir kitab hazırlayaraq nəşriyyata təhvil verdim. 

Bundan 5-10 gün sonra İctimai Televiziyanın  "Yadigarlar" verilişi üçün bəzi əlyazmaları hazırlamaq məqsədilə Ülvinin arxiv qovluqlarına yenidən nəzər salmalı oldum. Ötən 25 ildə 4, ya 5- ci dəfə idi ki, həmən qovluqları sahmanlayırdım, amma başa çatdıra bilmirdim, dözməyib yarı-yarımçıq yığışdırırdım. Bu dəfə baxanda təsadüfən 3-4 vərəqdə "Gözlə məni" şeirinin qaralamaları, sonra makinada rus əlifbası ilə yazılmış nüsxəsi  əlimə keçdi. Yuxarıda qeyd etdiyim  ağı-şeirin misralarını bu mətnin sonunda görüncə matım-qutum qurudu. Deməli, tərcümə əsərinin bir hissəsini indiyəcən Ülvinin öz  əsəri kimi təqdim etmişəm. Düzü utandım,  "Ülvinin ruhunu incitmişəmmi?" - deyə fikrə getdim. Amma o zamanlar hadisələr elə cərəyan edirdi ki, adam az qala özü-özünü unudurdu, onda qala bu şeirin kimə məxsus olduğunu biləsən. Məni çaşdıran məqam şeirin Ülvinin öz dəst-xətti ilə yazılması və əsl müəllifin adının qeyd edilməməsi idi (adətən o, bütün tərcümələrində müəllifin adını başda yazıb). Bir də həmin günlər Ülvi  ölümdən yaman çox danışırdı, bu mövzuyla bağlı şeirlər yazırdı, yəni, özündə-sözündə olmaması mənim də fikrimi çaşdırmışdı. Amma "ağı" adlandırdığım həmin sətirləri oxuduqca ya bir yarımçıqlıq, ya da haradasa xatırlamağa çalışdığım nə isə bir məqam məni tərpədirdi. Budur, düz 25 ildən sonra rastıma çıxdı, özü də əlimin altında ola-ola. Gec də olsa, daxilən sakitləşmək üçün səhvimi düzəltməyə ehtiyac duydum. (Amma çox-çox üzülürəm ki, bu şeiri onun dünya ədəbiyyatından tərcümələr kitabına daxil edə bilmədim). Həmin tərcüməni tam halda, əlyazma qaralamaları ilə birgə diqqətinizə çatdırıram.

Konstantin SİMONOV

Jdi menya!

Jdi menya, i ya vernus,
Tolko oçen jdi.
Jdi, koqda navodyat qrust,
Jeltıe dojdi.
Jdi, koqda sneqa metut,
Jdi, koqda jara.
Jdi, koqda druqix ne jdut,
Pozabıv vçera.
Jdi, koqda iz dalnix mest
Pisem ne pridet,
Jdi, koqda uj nadoest
Vsem, kto vmeste jdyot.
Jdi menya, i ya vernus,
Ne jelay dobra
Vsem, kto znaet naizust,
Çto zabıt pora.
Pust poveryat sın i mat
V to, çto net menya,
Pust druzya ustanut jdat,
Syadut u oqnya,
Vıpyut qorkoe vino.
Na pomin duşi…
Jdi. İ s nimi zaodno
Vıpit ne speşi.
Jdi menya, i ya vernus,
Vsem smertyam nazlo.
Kto ne jdal menya, tot pust
Skajet: - Povezlo,-
Ne ponyat ne jdavşim im,
Kak sredi oqnya
Ojidaniem svoim
Tı spasla menya.
Kak ya vıjil budem znat
Tolko mı s toboy-
Prosto tı umela jdat,
Kak nikto druqoy.

lll
 
Gözlə məni!

(Ülvi Bünyadzadənin tərcüməsi)   

Gözlə məni, gözlə, gülüm,
Gəlməliyəm, gələcəm də.
Gözlə məni, gözlə, könlün
Qəm gölündə dincələndə 
Gözlə məni, bürküdə də,
Gözlə qarda, dumanda da.
Gözlə məni, gözlə, yenə,
Hamı məni unudanda.
Gözlə məni, gözlə, gözlə,
Təsəllisiz qalsan belə.
Bezdirsə də gözləməyin.
Dost-qohumu yenə gözlə.
Kim ki, sənə "unut"  deyir,
Umma ondan hörmət, gülüm.
Sən həyatın özündən də,
Gözləmə mərhəmət, gülüm.
Anam  da, övladlarım da
Məni qəmgin xatırlasın,
Qoy ən əziz dostlarımsa
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında
Mənə ehsan paylasınlar.
Qoy lap məni "bəxtsiz" - deyə
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gəlməliyəm,
Bir  ölümün  acığına.

1987

 





20.01.2015    çap et  çap et