525.Az

Qanlı Yanvar günlərinin şəhid qəzeti: "Ağdam"


 

Qanlı Yanvar günlərinin şəhid qəzeti: "Ağdam"<b style="color:red"></b>

Ötən əsrin sonlarında Qarabağda erməni separatizmi, erməni iddiaları yenidən baş qaldırdı.1988-ci ilin fevralın əvvəllərində ermənilər Xankəndində aramsız olaraq mitinqlərə başladılar. Onların tələbi belə idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən ayrılmalı və Ermənistana birləşməlidir. Keçmiş Sovet rəhbərliyi sözün əsl mənasında, ermənilərin bu tələbinə soyuqqanlı yanaşır, baş verənlərə göz yumurdular. BU DA ERMƏNİLƏRİN DAHA DA AZĞINLAŞMASINA RƏVAC VERİRDİ. Dağlıq Qarabağda erməni silahlı dəstələri peyda oldu və bu da qədim Azərbaycan torpağı olan Qarabağda dincliyi və əmin-amanlığı pozdu. Artıq ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edir, dinc sakinləri qətlə yetirir, sərnişin avtobuslarını atəşə tuturdular. Bölgədə müharibə qığılcımları artıq alovlanırdı. Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan azərbaycanlılar ermənilərin haqsız tələblərinə qarşı qəti etiraz edərək Moskvanı ədalətli mövqe tutmağa çağırırdılar. Belə bir ziddiyyətli iki il başa çatanda Sovet hökuməti Azərbaycanda fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq etdi. Bakıda və digər rayonlarda dinc etiraz mitinqlərini dağıtmağa başladılar.

1990-cı il. Yanvarın 19-dan 20-sinə keçən gecə Sovet ordusu Bakı şəhərində dinc insanlara qarşı qətliam törədərək yüzlərlə insanın, o cümlədən, qadınların, gənclərin, uşaqların həyatına son qoydu. Bütün rabitə əlaqələri kəsilmişdi. Xalq, xüsusilə də bölgələrdə yaşayan əhali Bakıda baş verən qırğından xəbərsiz qalmışdı.

Yanvar ayının 21-i. Ağdam şəhəri. Ölkə qan ağlayır, azadlıq uğrunda yüzlərlə insan şəhid olub. Əlləri qana batmış rus əsgərləri Ağdamda komendant saatını həyata keçirirlər. Radio və televiziya susur. Həmin gün qan ağlayan,şəhidlərimizə yas saxlayan Ağdama dümağ qar yağmışdı. Ağdamın ən ağır günlərində həmişə bir yerdə olduğum Elşən Əliyev, Surxay Əlibəyli və bu sətirlərin müəllifi qərara aldıq ki, təcili bir qəzet buraxaq. Bakıda baş vermiş qırğın haqqında əhaliyə məlumat çatdıraq. İnanın ki, göz yaşları içərisində, Ağdam mətbəəsində işə başladıq. Mətbəənin direktoru rəhmətlik İsa Məmmədov linotip və çap maşınını ixtiyarımıza verdi. O vaxt bunu hər kişi edə bilməzdi. Sovet hökumətinə, onun iyrənc siyasətinə etiraz bildirən və şəhidlərimizin  qəhrəmanlığını əks etdirən qəzeti çapa hazırladıq. Qərara aldıq ki, qəzetin adını "Ağdam" qoyaq. Elə də etdik və qəzeti gecə çap edərək səhəri gün, yanvarın 22-də Ağdamda rayon mədəniyyət şöbəsinə məxsus olam maşınla qəzetləri yaymağa başladıq. Qəzetin tirajı yadımdan çıxıb. Qəzet əl-əl gəzirdi. Həmin qəzet hərbi komendantın da əlinə keçmişdi. Buna baxmayaraq, qəzetin 2-ci sayını çapa hazırlayıb çap edəndə xəbər tutduq ki, hərbi komendant və bir neçə silahlı əsgər mətbəəyə tərəf gəlir. Əziyyətlə çap etdiyimiz qəzeti mətbəənin yaxınlığında yandırdıq. Bir neçə nüsxə gizlədə bildik.

Cəmi iki sayı çıxan "Ağdam" qəzeti qara buludların içərisində şimşək kimi çaxdı...

 





20.01.2015    çap et  çap et