525.Az

ATİ-dən ATMU-ya: 9 ilə bir nəzər...


 

ATİ-dən ATMU-ya: <b style="color:red">9 ilə bir nəzər...</b>

22 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Turizm İnstitutunun (ATİ)bazasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaradılması barədə imzaladığı  müvafiq sərəncam ölkə rəhbərinin Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrinin,o cümlədən diqqət və qayğısının cəmiyyətə ünvanladığı növbəti inkişaf göstəricisidir, desək yanılmarıq. Bu eyni zamanda 9 yaşlı ATİ-nin yeni statuslu spesifik təhsil ocağı kimi uğurlu  fəaliyyətini dövrün tələblərinə uyğun  davam etdirməsi deməkdir.

Bu bir faktdır ki, fəaliyyətə başladığımız  ilk illərdən ATİ kollektivinin daha çox iş görmək arzusuna rəğmən mövcud maddi-texniki bazanın məhdudluğu nəzərdə tutduğumuz həlli vacib məsələlərin həllini çətinləşdirirdi. İnanırıq ki, məhz sərəncamda nəzərdə tutulan məsələlərin reallaşması Azərbaycan iqtisadiyyatına daha keyfiyyətli kadrlar hazırlamaq üçün böyük imkanlar açacaq. Digər tərəfdən, məsələ yalnız turizmlə məhdudlaşmır. Turizm və Menecment Universitetinin yaradılması o deməkdir ki, turizm aparıcı sahə olmaqla yanaşı, idarəetmənin başqa sahələrində də kadr hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr qoyulur. Ümumi götürsək, bu universitetdə təhsilin bütün mərhələləri üzrə turizm və menecment üzrə kadrlar hazırlanacaq. Yenilik fəaliyyət dairəsini genişləndirəcək. Açığını deyim ki, ATİ mövcud baza çərçivəsində olan mümkün həddə qədər gəlib çatmışdı, bundan sonrakı inkişafdan ötrü əlavə nəfəsə ehtiyac duyulurdu. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində möhtərəm Prezidentin belə bir sərəncam imzalaması bizi sevindirməklə yanaşı, üzərimizə böyük məsuliyyət qoyur. Bu, böyük bir etimaddır və onu doğrultmaq üçün artıq qüvvələr səfərbər olunur.

Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanmış və ötən 20 il ərzində böyük tərəqqi  yolu keçmiş Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan olunmuşdur. Keçən dövr ərzində məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz turizm sahəsində böyük nailiyyətlər əldə etmişdir. Belə ki, 2003-cü ildən bu günə kimi Azərbaycanda turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 530-a, yerləşdirmə yerlərinin sayı 9569-dan 35 minə, turizm sahəsində çalışan işçilərin sayı 2678-dən 9051-ə, ölkəyə gələn turistlərin sayı 767.500-dən 2 milyona çatmış, bir sözlə, turizm göstəriciləri ən azı 3-5 dəfə artmışdır. Müvafiq olaraq, qeyd edilən dövr ərzində turizm gəlirləri 57,7 milyon ABŞ dollarından 1479,0 milyon ABŞ dollarınadək artmışdır. Bu irəliləyiş, ilk növbədə turizm sahəsində dövlət siyasətinin, müvafiq dövlət proqramlarının uğurlu icrası nəticəsində mümkün olmuşdur.

Turizm, çoxfunksiyalı mahiyyəti ilə sahələrarası iqtisadi katalizator rolunu oynaması, öz növbəsində yeni turizm istehsal sahələrinin yaradılması, orta və kiçik sahibkarlığın inkişafı,  regionlarda əhalinin davamlı məşğulluğunun, gəlirlərin artırılması, regional uyğunsuzluqların aradan qaldırılması kimi mühüm iqtisadi funksiyaları ilə də diqqəti cəlb edir. Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edir. Bu uğurlu nəticə özünü ölkənin beynəlxalq reytinqlərində də göstərmişdir.

Görülmüş işlər Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda da öz əksini tapmışdır. Hesabata əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 7 ballıq şkala üzrə 4.51 bal toplayaraq   39-cu mövqedə qərar tutmuşdur. Bu göstərici ilə  Azərbaycan MDB ölkələri arasında yenə ən yüksək nəticəyə nail olmuşdur. Ümumilikdə ölkəmizin illər boyu reytinqinə nəzər saldıqda Azərbaycanın inkişaf sürəti, dinamikası, daim inkişafda olan möhkəm iqtisadiyyata, regionda böyük potensiala sahib olması, MDB məkanında ən rəqabət qabiliyyətli və xüsusi əhəmiyyətə malik dövlət kimi təşəkkül tapması aydın görünür və bu da onun beş il ərzində 30 pillə irəliləməsinə səbəb olmuşdur.

Əsas məqsəd bu sürətli inkişafı dayanıqlı etmək və ölkənin ÜDM-dəkı sektoral paylarının optimal rəngarəngliyinə nail olmaqdır. Elmi hesablamalara görə, öz inkişafı ilə 60-dan çox sektora pozitiv təsir göstərən turizmin qeyri-neft sektorunda aparıcı sahələrdən biri kimi seçilməsi və ön plana çəkilməsi bu baxımdan böyük tarixi addım olmuşdur.

Azərbaycanda turizm sahəsindəki  davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyac da sürətlə artmışdır və bu ehtiyacın təmin olunması məqsədilə 10 il əvvəl Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 925 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 nömrəli Qərarı ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdı. Azərbaycan Turizm İnstitutu (ATİ) 15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlamışdı. Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1527 nəfər, magistraturada 146 nəfər, doktoranturada 69 nəfər, ikinci ali təhsildə 27 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində (BTPM) 12 ixtisas üzrə 460 şagird təhsil alır. Beləliklə, bu gün ATİ ailəsində bütövlükdə 2229 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanmaqdadır.

ATİ keçən bu dövrdə qarşıya qoyulmuş vəzifəyə uyğun olaraq yüksək səviyyəli kadr hazırlığını həyata keçirmək üçün bütün qüvvələrini səfərbər etmiş və müəyyən uğurlar qazanmışdır. ATİ-də hər zaman tədris prosesində maksimum dərəcədə şəffaflığın, məzmunda tətbiqilik və beynəlmiləllik prinsiplərinin təmin edilməsinə səy göstərilmişdir.

Ölkəmizdə yeni iş yerlərinin açılması ilə yüksək intellektli mütəxəssislərə tələbat artdıqca, təbii olaraq, ali təhsildə keyfiyyətin əhəmiyyəti də gündəmə gəlir. Bir neçə ildir ki, ölkənin ali təhsil ocaqlarında tədrisin Bolonya prosesinin tələbləri əsasında həyata keçirilməsinə başlanıb. Bu yenilik digər ali təhsil ocaqlarında öncə eksperiment kimi tətbiq edildiyi halda, ATİ Bolonya prosesini həyata keçirən ilk təhsil müəssisələrindən biri olmuşdur. Tədrisin bu prinsiplər əsasında təşkili ATİ-nin Avropa təhsil müəssisələri ilə sərbəst əməkdaşlığına şərait yaradıb. Belə ki, ATİ Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistr hazırlığı sahəsində ikili diplom proqramını uğurla həyata keçirməklə yanaşı, Avropanın digər ali məktəbləri ilə də sıx əməkdaşlıq etməkdədir.

"Tədris-təlim-təcrübə-tədqiqat" modelinə üstünlük verən ATİ bir çox beynəlxalq təşkilatlarda da layiqincə təmsil olunur. Belə ki, institutumuz 2011-ci ildən BMT-nin Dünya Turizm Təşkilatının "qoşulmuş üzvü", 2012-ci ildən  isə "Bilik  Şəbəkəsi"nin üzvü kimi qurumun təşkil etdiyi tədbirlərin  fəal iştirakçısıdır.

ATİ Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi Texnoloji Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) və digər təşkilatların üzvüdür. ATİ tərəfindən 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub və müvafiq müqavilələr imzalanıb.

Ölkənin digər ali təhsil ocaqlarından fərqli olaraq, ATİ tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanı da mövcuddur. ATİ tələbələrinin əksəriyyəti Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstanda yay tanışlıq və peşə təcrübəsi keçirlər. 

ATİ-dən bu günədək 1064 nəfər məzun olub, lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çoxdur. Sektorda işləyənlərin əlavə təhsil proqramı və qısamüddətli kurslar vasitəsilə ixtisasartırmasına, yenidənhazırlanmasına (ixtisas dəyişməsinə) nail olmaq üçün müvafiq işlər görülməkdədir. Belə ki, artıq 30-dan çox sənaye nümayəndəsi ATİ-də əlavə təhsil proqramı üzrə təhsil alır. Bununla bərabər, bacarıqlı xidmət personalının hazırlanması üçün 2008-ci ildə ATİ-də Təlim mərkəzi yaradılmışdır. Mərkəz tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə də "Bələdçi", "Turoperator və turagent" və "Qeydiyyat/Ön büro" peşə istiqamətləri üzrə kurslar təşkil olunmuşdur. Bələdçi kurslarını bitirmiş şəxslər üçün Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə HOT 1 təlimi təşkil edilmiş və beynəlxalq sertifikatlar alınmışdır.  

Tələbələrimiz dərsdənkənar vaxtlarında ölkədə keçirilən mühüm tədbirlərdə “Avroviziya” Musiqi Yarışmasında, YUNESKO-nun Bakı Sammitində, mədəniyyətlərarası dialoq forumlarında, Grans Montana, Davos İqtisadi Forumunun Bakı Regional Forumunda fəal iştirak etmiş və ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarında da böyük könüllü korpusu ilə iştirak edəcək.

Bu günədək ATİ-dən 1031 bakalavr və 33 magistr olmaqla cəmi 1064 nəfər məzun olmuş, onlardan 97 nəfəri (94 bakalavr və 3 magistr) ATİ ilə yanaşı, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində uğurla fəaliyyət göstərirlər. Məzunlar öz təşkilatlarını - Azərbaycan Turizm İnstitutunun Məzunları Assosiasiyasını (ATİMA) yaratmış və onu qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçirmişlər.

Erasmus Mundus Proqramı çərçivəsində əməkdaşlarımızın müsabiqə yolu ilə xarici universitetlərə ezam olunması, təhsil ilə yanaşı, əhəmiyyətli tədqiqatların aparılması da təmin olunub və indiyədək 50-dən çox əməkdaş bu imkandan istifadə edib. Həmçinin, institutun əməkdaşları Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən 3 layihədə fəal iştirak edirlər. Fulbrayt, Robert Boş Fondu, CİM, Fransa İnstitutu proqramları çərçivəsində ATİ-yə dəvət olunmuş ingilis, alman, fransız və ispan dilini tədris edən xarici mütəxəssislər də təlim və tədris prosesində yaxından iştirak edirlər.

2008-ci ildə BMTİP və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan ali təhsil müəssisələri arasında ilk olaraq ATİ-də Tədqiqat və İnkişaf Mərkəzi qurulmuşdur. Bu günədək mərkəzdə Avropa Komissiyası, BMTİP, GTZ, BMU, IUCH/POSC, GFA, Almaniyanın Ekologiya Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, ATİB, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və digər təşkilat və qurumların dəstəyi ilə ölkəmizin turizm potensialının araşdırılmasına dair 20-dən çox tədqiqat layihəsi həyata keçirilmişdir. ATİ-nin gələcək inkişaf perspektivində bu mərkəzin turizm üzrə Elmi-Tədqiqat İnstitutuna çevrilməsi nəzərdə tutulur.

ATİ-də aparılan tədqiqatlar hər il ənənəvi olaraq təşkil olunan tələbələrin və tədqiqatçıların respublika və beynəlxalq elmi-praktik konfranslarda elmi ictimaiyyətə təqdim edilir. Bu ildən ATİ Avrasiya məkanı ölkələrinin turizm tədqiqatçılarının iştirak edəcəyi ənənəvi elmi konfransı təşkil etməyi planlaşdırır.  

ATİ-də aparılan tədqiqatları, ümumilikdə ölkədə turizm və xidmət sahəsində elmi tədqiqatları toplamaq və yaymaq üçün 2013-cü ildə ATİ-nin "Turizm və qonaqpərvərlik tədqiqatları" elmi jurnalı təsis edilmiş və onun artıq 5 sayı çapdan çıxmışdır. Jurnal artıq iqtisad, tarix elmləri, sənətşünaslıq və memarlıq elmləri üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş, digər sahələr üzrə də tanınma üçün müvafiq işlər görülür.

ATİ, ilk növbədə turizm və qonaqpərvərlik sahəsində ixtisaslaşdığı üçün bu sahədə ölkənin əsas elmi və pedaqoji mərkəzi kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Belə ki, turizm sahəsində tədris olunan bütün fənlərin proqramları tərtib edilmiş, 154 adda tədris-metodiki vəsait hazırlanmış, nəşr üçün rəsmi icazə alınmış və institut hesabına nəşr olunmuşdur.

Elektron universitet ideyası çərçivəsində ATİ-nin aidiyyəti şöbələri Maliyyə və Təhsil nazirliklərinin sifarişi ilə "SİNAM" şirkətinin hazırladığı "FERABİ" proqramı ilə təchiz olunmuş ilk ali təhsil müəssisəsindən biridir.

ATİ-nin Kitabxana-İnformasiya Mərkəzinin fondunda turizm və tətbiqi elmlər sahəsi üzrə institut tərəfindən çap edilmiş, ATİ-yə hədiyyə olunmuş və xaricdən alınmış 12 mindən çox informasiya daşıyıcısı toplanmışdır. Mərkəz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İRBİS-64 avtomatlaşmış kitabxana-informasiya sistemi ilə təchiz edilmiş və müxtəlif elektron kitabxana şəbəkələrinə qoşulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.12.2011-ci il tarixli 192 nömrəli Qərarı ilə 11 saylı  Bakı Peşə Liseyi ləğv edilərək, onun bazasında  Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi  yaradılmışdır. Qısa müddət ərzində müvafiq yenidən təşkil olunma işləri həyata keçirilmiş və Bakı Turizm Peşə Məktəbi  05 yanvar  2012-ci ildən  normal fəaliyyətə  başlamışdır.  12 ixtisas üzrə hər il təxminən 500 şagird qəbul edən BTPM-dən bu günədək  845 nəfər məzun olmuşdur. Hazırda məktəbdə 460 nəfər şagird təhsilini davam etdirir. Məktəbin idman zalı müasir tələblərə uyğun təmir edilmiş, binada fibro-optik kabelləşmə aparılmış, video müşahidə sistemi yaradılmışdır.  BTPM-də dərslərin praktik baxımından gücləndirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihəsi çərçivəsində məktəbdə turizm ixtisaslarına müvafiq sinif otaqları yaradılmış, avadanlıqlarla təchizat təmin edilmiş, 25 noyabr 2013-cü il tarixindən etibarən müvafiq treninqlərə başlanılmış və hazırda bu tip təlimlər davam etdirilir. 

Bir sözlə, 2006-cı ildən bəri həmkarlarımızın böyük işi və Mədəniyyət və Turizm Nazirliyinin maddi-mənəvi  dəstəyi nəticəsində institut ali təhsil məkanında özünə layiqli yer tutmuş, məzmunca universitet kimi fəaliyyətini qura bilmişdir. Sevindirici haldır ki, ATİ-nin universitetə çevrilməsi təklifi ölkə Prezidenti tərəfindən bəyənilmiş və 22 dekabrda bununla bağlı sərəncam imzalanmışdır. Bu qərarla cənab Prezident təhsilə, ölkənin turizm və digər xidmət sahələrinə olan diqqətini bir daha nümayiş etdirmişdir.

Ölkənin sürətli iqtisadi inkişafının davamlılığının təmin olunması strategiyası çərçivəsində "Qara qızılı insan qızılına çevirmək" ideyası çərçivəsində atılmış son mühüm addım olan Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ölkədə təhsilin bütün pillələrində ciddi və köklü dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulub.

Məhz bu tədbirlər çərçivəsində ATİ-nin bazasında yeni yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin üzərinə böyük iş düşür. Bu, ölkə prezidnetinin təhsilə, turizm sektorunun inkişafına, ümumiyyətlə ölkədə müasir menecment təcrübəsinin tətbiqinə verdiyi böyük dəstək olmuşdur.

  Azərbaycan Turizm və Menecment Universiteti ATİ-nin varisi olaraq, mövcud ixtisaslar qalmaqla və yeni ixtisaslaırn açılması şərtilə yaxın 5-10 ildə beynəlxalq tələblərə cavab verən, öz akademik şəhərciyi olan, beynəlxalq akkreditasiyadan keçən, 25-dən çox ixtisas üzrə təxminən 6-8 min tələbəsi olan, "tədris-təlim-təcrübə-tədqiqat" modelinə əsaslana turizm və digər xidmət sahələrində aparıcı dövlət ali təhsil müəssisəsinə çevrilməyi planlaşdırır.

Azərbaycanda turizm və digər xidmət sahələrində əldə olunan inkişafın davamlılığını təmin etmək, o cümlədən, yeni istifadəyə verilən, ilk növbədə mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin yüksəkixtisaslı menecerlərə olan ehtiyacının ödənilməsi üçün bu sahədə kadr hazırlığına önəm vermək əsas diqqət mərkəzindədir. Akademik şəhərcik tikilənədək mövcud ixtisaslara pilot formasında yeni ixtisaslar əlavə edərək, universiteti yeni mərhələyə hazırlamaq nəzərdə tutulub. İlk olaraq qarşıdan gələn tədris ilində əsas gündəm maddəsi -mədəniyyət menecmenti sahəsində kadr hazırlığına diqqəti artırmaq olmuşdur. Belə ki, Azərbaycanın böyük mədəniyyət və istifadə edilməmiş mədəniyyət sənayesi potensialı mövcuddur. Ölkədə mövcud olan muzeylər, teatrlar, rəsm qalereyaları, tarixi-etnoqrafik qoruqlar, rayonlarda tikilib istifadə verilmiş Heydər Əliyev mərkəzləri, mühafizə olunan 7000-dək yerli, ölkə və dünya əhəmiyyətli tarix və  mədəniyyət abidələri, rayon və şəhər tarix-diyarşünaslıq muzeylərinin menecmenti üzrə kadrların hazırlanmasına, həmçinin, ölkədə təşkil olunan beynəlxalq festivalların (Qəbələ, İpək Yolu Şəki, Üzeyir Hacıbəyli, Qara Qarayev, Mstislav Rastropoviç, Bakı Caz, Aşıq, Muğam, Teatr və s.) yüksək səviyyədə təşkili üçün kadr hazırlığına ehtiyac gündən-günə artır. Mədəniyyət idarəçiliyi üzrə menecerlərin hazırlanması bizə bu sahədə səmərəli idarəetməni təşkil etməyə və ÜDM-də mədəniyyətdən gələn gəlirləri artırmağa imkan verəcək. Ona görə 2015-ci il üçün tələbə qəbulunda  bakalavr ixtisası olaraq "Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması" ixtisasında qəbul planı artırılmış, həmçinin magistratura səviyyəsində yeni ixtisas olan "Mədəniyyət iqtisadiyyatı" ixtisasına qəbul planı təqdim edilmişdir. Eyni zamanda,  bakalavr, "Menecment" ixtisasının mövcud qəbulunun bir qrupunun indiki qaydalar çərçivəsində ixtisas fənlərini mədəniyyət sahəsinə aid etməklə mədəniyyət menecmenti istiqamətini gücləndirməyi düşünürük.

Növbəti illərdə tədricən idman, təhsil, səhiyyə, tədbirlər və s. sahələrdə menecment ixtisasları üzrə həm bakalavr, həm də magistr kadrların hazırlanması əsas hədəflərdəndir.

Təbii ki, turizm bizim universitetin əsas aparıcı istiqaməti olaraq qalacaq və bu sahədə təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirmək əsas işimiz olacaq. Amma bu sahədə də kadr hazırlığında köklü dəyişikliklər etmək fikrindəyik.

Birinci iş turizm təhsili üçün müvafiq infrastruktur yaratmaqdır.  Bu,  universitetin əsas tədris şəhərciyinin və regional filiallarının, təcrübə bazalarının yaradılması yolu ilə mümkün olacaqdır. Bu məqsədlə Prezident sərəncamına uyğun olaraq təkliflər hazırlanmışdır. Şəhərciyin yaradılması regionlardan tələbələrin daha çox cəlb edilməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə, xarici universitetlərlə daha intensiv tələbə və müəllim mübadiləsinin həyata keçirilməsinə, fasiləsiz təhsilin təmin olunmasına, tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, tələbələrin turizm üzrə dərslərini keçə biləcəkləri təlim oteli, restoranı, mətbəxinə malik olmalarına,  elektron kitabxananın yaradılmasına, peşə hazırlığının inkişaf etdirilməsinə, xarici dillərin öyrənilməsi prosesinin səmərəliliyinin  artırılmasına, "ömür boyu təhsil" konsepsiyasının daha effektli həyata keçirilməsinə, bir sözlə universitetin daha rəqabət qabiliyyətli olmasına imkan yaratmış olasaqdır. Yeni ixtisasların açılması, mövcud ixtisaslar üzrə daha çox tələbə qəbulunun həyata keçirilməsi, xüsusilə fənn kabinələrinin, texnoparkların, laboratoriyaların yaradılması, təcrübə sahələrinin, müasir kitabxananın qurulması kimi bir çox planların reallaşması bu şəhərcikdə mümkün olacaqdır. Qida məhsulları mühəndisliyi, nəqliyyat servisi, Turizm və Otelciliyin ayrı iki ixtisas kimi inkişafı bu çərçivədə həyata keçə biləcək. Bu akademik şəhərcikdə qurulacaq tədris infrastrukturu bizə bu sahədə beynəlxalq səviyyədə kadr hazırlanması və akkreditasiya prosesində uğur qazanmağımıza imkan vermiş olacaqdır.

Müasir təhsil infrastrukturunun yaradılması bizə hazırkı ixtisaslarla yanaşı, beynəlxalq təhsil sistemində mövcud olan tətbiqi elmlər universitetlərində olan mühəndislik, biznes və sosial elmlərlə bağlı bir çox ixtisasların tədrisinin tədrici təşkili planlaşdırılır. Akademik şəhərciyə malik olması yaxın 10 ildə burada 25-dən çox  bakalavr, həmçinin magistratura və doktorantura proqramı üzrə  10 minədək tələbəyə təhsil verməyə imkan yaradacaqdır.

Təhsildə Sosial-psixoloji xidmət, Psixologiya, Antropologiya, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Sənətşünaslıq, Dekorativ sənət, Qrafika, Dizayn, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Dövlət və bələdiyyə idarəetməsi, Kommersiya, Kompüter elmləri, Poliqrafiya mühəndisliyi, İstehlak mallarının ekspertizası, marketinqi və s. ixtisasları  gələcəkdə kadr hazırlığı üçün planlaşdırılan ixtisaslardır.

İxtisaslar və onlara qəbul planları turizm və digər xidmət sahələrində əmək bazarının ehtiyaclarına, ölkəmizdə aparılan davamlı inkişaf siyasətinin tələblərinə uyğun tərtib ediləcək. Həmçinin yeni status və akademik şəhərcikdəki şərait bizə xaricdən tələbə cəlb edilməsinə də imkan verəcəkdir ki, bu da ölkəmizdə təhsil biznesinin və heyətin inkişafının stimullaşması baxımından çox vacibdir.

Digər mühüm bir istiqamət Azərbaycanda aparılan regional inkişaf siyasətinə uyğun olaraq ölkənin ayrı-ayrı regionlarının tələblərinə müvafiq universitet filiallarının və peşə məktəblərinin açılmasıdır.

Belə ki, 2013/2014-cü tədris ilində Azərbaycan Respublikasının ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrini turizm ixtisasları üzrə təxminən 1029 nəfər bitirib ki, onlardan da 272-si ali təhsil üzrə, 480-i orta ixtisas təhsili üzrə, 277-si isə texniki peşə təhsili üzrə təhsil alanlar olub. Hazırda respublikada 50-dək yeni mehmanxananın və irihəcmli mehmanxana komplekslərinin inşası davam etdirilir. Mövcud 530 otelin peşəkar turizm kadrlarına böyük ehtiyacı var. Təkcə Şahdağ Qış-Yay Turizm Kompleksi tam işə düşən zaman 5000-dən çox işçiyə ehtiyac yaranacaq. Eyni zamanda, Qəbələ rayonunda artıq qismən istifadəyə verilmiş "Tufan" Dağ-Xizək Turizm Kompleksində də 5000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Turizmin inkişafı üçün mövcud olan dəyərləri qorumaq, bütün regionlarda turizmin balanslaşdırılmış səviyyədə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə mexanizmlərini qurmaq üçün respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən, rəqabətə davamlı turizm xidməti sahələrinin yaradılması zərurəti nəzərə alınaraq, yaxın 10 ildə ölkədə yerləşdirmə yerlərinin sayının ciddi ölçüdə artırılması nəzərdə tutulur. Məhz bu ehtiyacı ödəmək, regionlarda inkişafı peşəkarlarla davamlı etdirmək üçün işlər görmək lazımdır.

Turizm sənayesinin inkişafı ilə bağlı aparılmış tədqiqatların nətcələrinə görə 2020-ci  illərdə turizm təhsilinin müxtəlif səviyyələri üzrə, təxminən, ixtisaslaşmış 70-75 min nəfərə ehtiyac olacaqdır ki, bu ehtiyacı qarşılamaq üçün kompleks tədbirlər görüləcək.

Regionların sosial-iqtisadi inkişafı, əhalinin iş təminatının yaxşılaşması,  tələbələrin əldə etdikləri nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi və onların əlavə gəlirlərinin artırılması və iş təcrübəsi toplaması baxımından regional peşə məktəblərinin də açılması gündəmdədir. Hesab edilir ki, keyfiyyət problemi daim öndə tutulmaqla tezliklə kütləvi kadr hazırlığı prosesinə başlanmalı, yaxın on il ərzində ən azı 5 rayonda (Xaçmaz,  Zaqatala, Göygöl, Şəmkir və Masallıda) regional turizm peşə məktəbləri, həmçinin 3 şəhərdə (Masallı, Xaçmaz və Naxçıvan) filiallar yaradılmalıdır. Bu filiallar və peşə məktəbləri tədricən işə başlamalı, regionun aqrar sənaye imkanlarını, qonaqpərvərlik və mətbəx mədəniyyətini, regionun aparıcı turizm növünü özündə ehtiva etməlidir. Ən vacib məqamlardan biri isə, bu məktəblərin təcrübə bazasının, aqroturizm sənaye parkının yaradılmasına nail olmaqdır.

Arzularımız çoxdur... 9 il tarixilik baxımından  o qədərdə böyük dövr sayılmasa da bu gün  ATMU ailəsi olaraq ölkə prezidentinin ATİ- nin yeni statusla fəaliyyətini davam etdirməsi barədə imzaladığı  müvafiq sərəncamı kollektivimizə  etimadın, eyni zamanda böyük  məsuliyyətin göstəricisi kimi qəbul edirik.

 





22.01.2015    çap et  çap et