525.Az

Elmar Vəliyev şəhid ailələri ilə görüşüb


 

Elmar Vəliyev şəhid ailələri ilə görüşüb<b style="color:red"></b>

Gəncə şəhərində 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Şəhər İcra Hakimiyyətinin saytının yaydığı xəbərə görə, Şəhidlər Xiyabanındakı anım mərasimi şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, maşınların səs siqnallarının verilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu faciə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi ən dəhşətli qətliamdır: "Bakının küçə və meydanlarına çıxaraq öz haqq səsini ucaldan xalqa qarşı Sovet ordusunun döyüş hissələri amansız divan tutdu. Milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin gülləboran edilməsi, yüzlərlə günahsız insanın qətlə yetirilməsi Sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Lakin xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları o gecə canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Həyata keçirilən qanlı aksiyaya yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ildə  siyasi-hüquqi qiymət verildi".

Tədbirdə o da qeyd olunub ki, 20 Yanvar şəhidləri ailələrinin və əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması istiqamətində ulu öndərin əsasını qoyduğu dövlət siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra şəhid anası Zemfira Əliyeva, 20 Yanvar faciəsində əlil olmuş Hikmət Əmiraslanov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Almaz Aşurov və başqaları çıxış ediblər.

Qeyd edək ki, dünən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şəhid ailələri ilə görüşü də keçirilib. Şəhid ailələrinin təklif, müraciət və şikayətlərinə baxılması, onların ehtiyaclarının mümkün şəkildə təmin edilməsi məqsədilə keçirilən görüşdə şəhərin idarə və müəssisə rəhbərləri də iştirak edib. Qəbulda iştirak edən şəhid ailələrindən olan işsiz vətəndaşların işlə təmin olunması, mənzil və ya torpaq sahəsi ilə təminatı, qəzalı evlərin təmiri ilə bağlı müraciətlər səsləndirilib.

Həmçinin vətəndaşların qaz, su və elektrik enerjisi ilə bağlı şikayətləri də dinlənilib. Yığıncaqda səsləndirilən problemlərin bir çoxu yerindəcə həllini tapıb. Elmar Vəliyev səsləndirilən məsələlərlə bağlı aidiyyatı qurumlara ciddi tapşırıqlarını verib.

Digər problemlər isə aidiyyatı şəxslər tərəfindən nəzarətə götürülüb.

 





22.01.2015    çap et  çap et