525.Az

"Piyadalar, diqqətli olun!"


 

"Piyadalar, diqqətli olun!"<b style="color:red"></b>

"Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi ərzində Bakıda 1145 piyada inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Əsədovun sözlərinə görə, saxlanılan piyadanın hər biri 20 manat məbləğində cərimə olunub. Məsuliyyətə cəlb olunan piyadaların əksəriyyəti 20-50 yaş qrupunda olanlardır.

Yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyəti kişilər olub.

Əsədov bildirib ki, saxlanılan qadın piyadalarla bağlı müəyyən problem yaranıb. Belə ki, qadınlar üzərilərində şəxsiyyəti təsdiq edən sənəd olmadığı üçün bölməyə aparılarkən onların narazılığına səbəb olub.

Həftəlik ərzində piyadalar tərəfindən yol hərəkəti qayda pozuntuları "Beşmərtəbə" dairəsi, Nəriman Nərimanov, Hüseyn Cavid, İnşaatçılar prospektlərində, Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində qeydə alınıb.

Onun sözlərinə görə, həftəlik ərzində piyadaların vurulması ilə bağlı 6 yol qəzası qeydə alınıb, nəticədə iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Ümumilikdə bu il ərzində Bakıda yol hərəkəti qaydalarını pozduğu üçün 22 mindən artıq piyada inzibati məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Azərbaycanda "Piyadalar, diqqətli olun!" həftəliyi noyabrın 19-dan 25-dək keçirilib.

 





27.11.2012    çap et  çap et