525.Az

Böyük yazıçının “kiçik nəsri”


 

ELÇİNİN LİRİK QƏHRƏMANININ SON İLLƏRİN NƏSRİNDƏ TRANSFORMASİYASI

Böyük yazıçının “kiçik nəsri”<b style="color:red"></b>

Elçin – ən müxtəlif səpgili əsərlərin müəllifidir. Öz yaradıcılıq yoluna Abşeron mühitini əks etdirən hekayə və povestlərlə başlayan müəllif sonralar “Mahmud və Məryəm”, “Ölüm hökmü” kimi fundamental, müəyyən dövrü təcəssüm etdirən romanlara qədər yüksəlmişdir. Sonra teatra qapılma zamanı gəldi, nəticədə Azərbaycan dramaturgiyası bir sıra istedadlı səhnə əsəriylə zənginləşdi. Son on il Elçinin qələmindən “kiçik nəsr” janrının maraqlı nümunələri, həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş  –  hekayələr, kiçik povestlər, ibrətli hekayələr çıxmışdır. Bu yaxınlarda onları oxuyub təəssüratlarımı bölüşmək qərarına gəldim, zira hesab edirəm ki bunların hamısı ən ciddi diqqətə və araşdırmaya layiq sanballı yazıçının qələminin məhsuludur.

Ağrım mənim – Qarabağ

Azərbaycan yazıçılarının indiyədək Qarabağ müharibəsi haqda layiqli əsərlər yaratmadıqları, Azərbaycan xalqının düçar olduğu faciənin miqyasının bədii ədəbiyyatda əks etdirilmədiyi barədə cəmiyyətdə fikirlər mövcuddur. Bu, həqiqəti yalnız qismən əks etdirir. Poeziyada Qarabağ mövzusu geniş işıqlandırılmışdır, istedadlı Azərbaycan şairi Nurəngiz Günün “Xocalı simfoniyasını” xatırlamaq kifayətdir.

Nəsr əsərləri də az deyil, məsələn, Yusif Kərimovun, Fazil Abbasovun, Aqil Abbas və başqalarının roman və povestləri. Aqil Abbasın “Dolu” povesti əsasında film çəkilmiş və müxtəlif ölkələrdə uğurla nümayiş etdirilmişdir. 

Bununla yanaşı, elə əsərlər var ki, Qarabağ probleminə birbaşa deyil, dolayısıyla, müharibənin dəhşətlərindən keçmiş insanların acı taleyi vasitəsiylə toxunur. Xalq yazıçısı Elçinin “Qaçqınlar” silsiləsində  –  “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Bayraqdar” və s. povest və hekayələri bu qəbildəndir.

Bu povestlərdə pulemyot güllələri eşidilmir, döyüş səhnələri canlandırılmır və igidlərimiz qəhrəmancasına şəhid olmurlar. Lakin o, bu murdar müharibə Elçinin povestlərində doğma torpağında bir göz qırpımında qaçqına çevrilən qarabağlıların ağrılı taleyi şəklində iştirak edir. Onlar acından ölmürlər, onlar Buzovnada fəhlə yataqxanasında alababat sığınacaq tapıblar, onlar bütün günü ruzi axtarışında Abşeronu dolaşırlar, gecə isə yuxularında doğma el-obalarını görürlər. Bu insanlar Elçinin “Qarabağ şikəstəsi” povestinin qəhrəmanı Cümü kimi itirilmiş torpaqlarının xatirəsiylə yaşayırlar. Cümü yüzüncü, mininci dəfə yaddaşındakı dağ sıldırımlarına dırmaşaraq, az qala hər ağacı, qaya parçasını, böyürtkən kolunu gözü önünə gətirir və qüssəylə dərk edir ki, Şuşanın işğalından sonra keçən illər onun həyatı olmayıb. “...aradan keçən bu on ildəki həyat Cümünün ömrü deyildi, bu başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür – Şuşada, o Ağadədəli məhəlləsində qaldı...”

Hətta Abşeronun sərt, gözəl təbiəti, məsələn, yerli sakin Ağadadaşa “rahatlıq və dinclik” gətirdiyi halda, Cümü üçün nə isə yad, hətta xoşagəlməzdir. Və o, gecələr tez-tez dənizin uğultusundan oyanaraq, isti, boğanaq havada nəfəs ala bilmir. Azca mürgüləyən kimi isə düşüncəsində sevimli Şuşanın yamyaşıl, zümrüdü mənzərələri canlanır.

Doğma ev-eşiyini ixtiyarsız tərk etmiş qaçqınların faciəsini Elçin quru təsvirlərlə deyil, sırf bədii vasitələrlə –  obraz və xarakterlərlə, Buzovnanın fəhlə yataqxanasında sığınacaq tapmış insanların psixoloji vəziyyətini göstərməklə çatdırır: doğma yurd-yuvasının həsrətindən yaddaşını itirmiş Məmməd kişi, öz dünya gözəli arvadını dəlicəsinə sevən və vəziyyətinin çarəsizliyini dərk etdiyi üçün içən Cümşüd, nə miskin həyat tərzinin, nə yuyulmaqdan solmuş donunun gözəlliyinə kölgə sala bilmədiyi arvadı Sona, məmurların tapşırıqlarına baxmayaraq qaçqınların işi üzrə BMT Ali Komissarlığının əməkdaşının üzünə “bizə heç nə lazım deyil! Humanitar yardım da lazım deyil! Aparın bunu ermənilərə verin. Bircə Şuşanı bizə qaytarın!” acı sözlərini çırpan Məmməd kişinin arvadı Sürəyya xala... Bu qısa povestdə bir də buzovnalı Ağadadaşın, eləcə də anası Zibanın uzaq vətəni Azərbaycanın Quba rayonundakı  Qırmızı qəsəbəyə həsrətini genlərində daşıyan BMT-nin əməkdaşı İzabel Xanukoffun koloritli obrazları vardır. Bütün bu obrazlar uzaq, gözəl doğma torpağın rəmzi kimi təsirli “Qarabağ şikəstəsi” melodiyasıyla bir bütöv halında birləşir və bu torpağı itirdikdə insan heç vaxt xoşbəxt ola bilməz. Bu qısa povestdə kifayət qədər lokal materialda Elçinə qlobal problemləri əks etdirmək, erməni işğalının Azərbaycan xalqının taleyində iz buraxdığı faciəvi təzadları və acı nəticələri göstərmək müyəssər olmuşdur.

lll

“Bayraqdar” povesti Buzovna fəhlə yataqxanası sakinlərinin həyatı barədə hekayətlər silsiləsini davam etdirir. Hadisənin mərkəzində Surxay obrazı və onun böyük futbolçu istedadına görə Eysebio adını almış oğludur. Bir vaxtlar Şuşanın mərkəzindəki köşkdə qəzet satan Surxayın həyatda oğlundan və öz əlləriylə düzəltdiyi üçrəngli bayraqdan qiymətli heç nəyi yox idi “...və Surxay Bayraqdar 1988-ci ildə üçrəngli bayrağı başının üstünə qaldırıb mitinqin önündə dayananda, il-on iki ay Sovet Azərbaycanının oraqlı-çəkicli bayrağını görməyə adət etmiş çox adam o müstəqillik bayrağını birinci dəfə gördü.

Və o vaxtdan Şuşada bir mitinq olmadı ki, Surxayın bayrağı o mitinqin iştirakçısı olmasın, erməni gülləsinə tuş gələn bir şəhid dəfni olmadı ki, Surxayın əlindəki o bayraq orada başını əyməsin...” Bu bayrağa sevgi Surxayın qəlbində əbədi yuva qurmuşdu.

Mən 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Bakıda, elə bu cür bayraqdar-romantiklərin milis məntəqəsinə düşməyi göz önünə alaraq (bəziləri, yeri gəlmişkən, düşürdülər) paytaxtın küçə və meydanlarında üçrəngli bayrağı qaldırmaqlarını xatırlayıram. Onlar dəstələrin önündə öz bayraqları ilə qürurla addımlayırdılar və bu bayrağın daim başları üzərində dalğalanması naminə ölməyə hazır idilər. Bu oğlanların bir çoxu Qarabağ müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda həqiqətən həyatlarını qurban verdilər. Və Azərbaycanın o müharibədə məğlub olmasında onlar günahkar deyillər...

Buzovnadakı fəhlə yataqxanasında sığınacaq tapan, ailəsi üçün gündəlik ruzisini Bakı-Mərdəkan trassında qəzet sataraq çıxaran Surxay öz adətinə xilaf çıxmayaraq əlamətdar bayram günlərində də öz sevimli üçrəngli bayrağını üçüncü mərtəbədəki balaca otağının pəncərəsindən asırdı. Amma sən saydığını say, gör fələk nə sayır: oğlu həyətdə uşaqlarla futbol oynayanda qazanxananın damına düşən topu götürərkən sürüşüb üzüqoylu, Surxayın artıq damdan çıxartsa da evə gətirməyə macal tapmadığı bayrağın üstünə düşür. Bayrağın dəstəyinin ucundakı zubul Eysebio-Əbülfətin sinəsini deşib düz ürəyinə girir. 

Əsərin sonluğu güclü təsir bağışlayır: yeganə oğlunu itirmiş Bayraqdar, Əbülfətin ölümündən sarsılmış yaxınlarının, qonşularının yığışdığı ehsan süfrəsinin arxasından qalxıb harasa gedir və birazdan əlində tutduğu üçrəngli bayraqla  geri qayıdaraq onu məclisin qənşərindəki iydə ağacının budaqları arasından uzadır. Halbuki, iztirab və ümidsizlikdən hiddətlənərək, oğlunun ölümünə səbəb olan bayrağı, dəstəyi əslində parça-tikə edə, hətta təpiyinin altına sala bilərdi. Lakin bu dözülməz anda belə, bayraq onun üçün müqəddəs olaraq qalır, axı, hər şey bir yana, bu, Surxayın ailəsini və qaçqın ailələrini doğma Şuşaya bağlayan son ümiddir. Bu bayrağın doğma yurda qayıdacağına isə Surxay bəzi həmyerlilərindən fərqli olaraq bir an da şübhə etmir. Hüzür süfrəsi üzərində geniş açılmış bayraq sanki Surxayın oğlunun da Azərbaycanın müharibədən qayıtmayan minlərlə digər övladları kimi şəhid olmasını göstərir. Və onun bu  ucuz ölümünə və belə qısa həyatına təsəlli bundadır...

Povestdə vətənini sevmək, doğma yurdu qorumaq kimi heç bir şüarçı-publisistik çağırış yoxdur, bununla belə o, bütövlükdə elə güclü və silinməz vətənpərvərlik hissləri oyadır ki, mən Təhsil Nazirliyinə “Bayraqdar” povestini məktəb proqramına daxil etməyi və bütün orta təhsil müəssisələrində öyrətməyi tövsiyə edərdim.

 Əsərdə bundan az koloritli olmayan çoxlu başqa personajlar var: məsələn, bufetçi İbadulla, prokuror Əhməd Ağayeviç, onun bağının gözətçisi Vasili Kuzmiç. Elçin heç vaxt öz qəhrəmanlarını yalnız bircə ağ yaxud qara boyalarla təsvir etmir, hətta sərt təbiətli rüşvətxor prokuror belə restoranda Cavanşir adlı klarnetçinin vəcdlə çaldığı “Seygahın” qüssə gətirən melodiyasından son dərəcə təsirlənə bilir və belə daxili səmimilik anlarında prokuror anlayır ki, mahiyyətcə həyatını hədər yaşayıb və ölüm saatı ərəfəsində o, cənab Allaha əyri yolla yığdığı var-dövlət və arvadının brilliantlarından savayı heç nə təqdim edə bilməyəcək. 

Bununla belə, Elçin bu haqda heç vaxt birbaşa mətnlə danışmasa da, müəllifin rəğbəti sıxışdırılan və alçaldılan tərəfdədir, həmişə onun ən yaxşı povest və hekayələrinin qəhrəmanı olmuş həmin o “kiçik insan” tərəfdə. Və bu “kiçik insan” nəciblik, təmənnasızlıq, həyatın əsl dəyərlərini düzgün anlamaq kimi nadir mənəvi keyfiyyətlərə görə Elçinin qələmiylə əsl seçilmişlər, çiyinlərində dünyanın yükünü daşıyan, cəmiyyətin ən görkəmli nümayəndələri səviyyəsinə yüksəlir.

Məsələn, prokuror Əhməd Ağayeviçin bağında gözətçilik, eyni zamanda bağbanlıq edən ahıl yaşlı Vasili Kuzmiç surəti belələrindəndir. Həyat yoldaşının ölümündən sonra Vasili Kuzmiç mənzilini satıb, pulun hamısını oğlu İvana verir. Lakin İvan, hər şeydən göründüyü kimi, o qədər də yaxşı adam deyil: doğma anasının yasına gəlməyə vaxt tapmayıb, mənzilin pulundan da atasına bir qara qəpik verməyib. Prokuror da Vasili Kuzmiçə qəpik-quruş ödəyir ki, buna da ayda iki kilo ət ancaq almaq olar. Amma qoca heç kimə kin saxlamır və heç kimi qınamırdı, çünki bu “...həyat idi və həyatın öz qanunları var idi...” Düzdür, qocanın bir zəif yeri var: yaxşı yemək üçün sino gedir, buna görə Kuzmiç qonşu həyətin bağbanı Ələmdarın sayəsində ətraf kəndlərdə verilən müsəlman yas məclislərinə getməyə dadanıb. Pravoslav insanının isə neçə olsa müsəlman yaslarına getməsi münasib olmadığı üçün o, bir gün özlüyündə müsəlman olduğuna qərar verir. O, dərddən əyilmiş Bayraqdarın da yas məclisinə gəlir. “Qarabağ şikəstəsi” povestindən tanıdığımız Tanrıverdi və Cümü əvvəlcə rus insanının gəlişinə təəccüb edirlər, Tanrıverdi hətta Cümüdən  “ –Ə,bu kimdi belə?”  soruşanda Cümü belə cavab verir:

“ – Hər kimdi...  Halalı olsun...

 Vasili Kuzmiç isə o maçanın əti ilə plovun düyüsünü ləzzətlə yeyə-yeyə bir daha əmin olurdu ki, dünyada azərbaycanlılardan dadlı xörək bişirən millət yoxdu və həmin anlarda Vasili Kuzmiç fəxr eləyirdi ki, o da bu gözəl azərbaycanlılar kimi müsəlmandı...” Başqalarını bilmirəm, mən isə hər dəfə bu sətirləri oxuduqca (povesti üç dəfə oxumuşam) gözlərim dolur.

“Qarabağ şikəstəsi” və “Bayraqdar” povestləri, təmtəraqlı desək, xalq yazıçısının yaradıcılığında yeni mərhələdən xəbər verir, çoxsaylı tənqidçi və resenzentlər isə bu əsərləri müasir Azərbaycan ədəbiyyatında qeyri-adi hadisə kimi qiymətləndirirlər. Mən isə sadə deyəcəyəm: qaçqın və köçkünlərimiz və onların faciəsi haqqında bu cür nəzakətlə, eyni zamanda, belə yüksək bədii səviyyədə hələ heç kəs yazmayıb.Və buna görə sevimli yazıçıma ehtiramımı bildirirəm.

Çevrilmə

Məziyyətlərini hələ xeyli sadalamağın mümkün olduğu iki povest, necə olsa 10 il bundan qabaq yaranıb. Elçinin “Qurdlar” və “Kölgə” adlı hekayələri, eləcə də “Kaşeyin taleyi” qısa povesti isə yazıçının lap bu yaxınlarda yazdığı yeni əsərləridir. Yeri gəlmişkən, haqqında xüsusi söhbət açacağımız “Qurdlar” hekayəsi Rusiya “Literaturnaya qazeta”sı baş redaktonu elə təsirləndirib ki, hekayənin sanballı, jurnal həcmli olmasına baxmayaraq o, “Literaturka”nın bir nömrəsində tamam-kamal dərc edilmişdir. Lakin bu hekayə barədə bir qədər sonra danışacayıq.

“Kölgə” hekayəsi və “Kaşeyin taleyi” povestinə gəldikdə isə bu əsərlərdə Elçin insan qəlbinin dərinliklərini, tanınmaz dərəcədə dəyişilmiş cəmiyyətdə qəhrəmanlarının dünyaya münasibət problemlərini tədqiq etməkdə davam edir. Kaşey ləqəbli xoruzun sahibi Zərbala da, onun qonşusu molla Zeydulla da, “Kölgə” hekayəsinin qəhrəmanı araxnoloq-alim Fariz müəllim də “kiçik insanlar” obrazlar qalereyasını davam etdirirlər, o insanlar ki ilk baxışdan heç nə ilə seçilməyən obıvatellərdir, lakin əslində, bəşəriyyət elə onlardan ibarətdir. Lakin Elçinin əsərlərində paradoks elə ondadır ki, bu “kiçik insan”ın həyatı və taleyi, onların münasibətləri və iztirabları, sevinci və uğursuzluqları bizim üçün bəzən istənilən detektivdən yaxud hansısa görkəmli şəxsiyyətin tərcümeyi-halından daha maraqlıdır. Zira Elçinin əsərlərində ərsəyə gətirilmiş “kiçik insan”ın arxetipi küll halında biz hamımızıq, bizim milli xarakterimizin, eyniliyimizin əksidir. Və biz bu qəhrəmanlarda özümüzü – öz eyiblərimizi, öz meyllərimizi, öz yüksələn, kövrək ruhumuzu görürük. Bəli, Elçinin bir çox hekayə və povestlərinin qəhrəmanları, ilk baxışda uğursuzlardır, məsələn, Kaşey xoruzun sahibi Zərbala kimi, yaxud “Kölgə” hekayəsindəki Fariz müəllim kimi xarakterini göstərə bilməyən, sözünü yeritməyi bacarmayan, ailəsini dolandırmaqda çətinlik çəkən əfəllərdir. Onlar bazar iqtisadiyyatının sərt qanunlarıyla ayaqlaşa bilməyiblər və tale onları bir kənara tullamışdır. Lakin görkəmli yazıçının ustalığı həm böyük sevgiyə, həm böyük mərhəmət hissinə sahib olan bu insanların qəlbinin əsl gözəlliyini, qeyri-adiliyini göstərməkdən ibarətdir. Şəxsən məndə “Kaşeyin taleyi” povestinin yekun epizodunda Zərbalanın oğlunu sağaldan doktor Cəfərova yeganə qiymətli şeyini, ailəsinə pul gətirən Kaşey ləqəbli döyüşkən xoruzunu verməsi silinməz təəssürat yaratdı.

lll

... Son illər görkəmli nasirin yaradıcılığı janr müxtəlifliyiylə seçilir: hekayələr, povestlər, ədəbi tənqid, esse, dramaturgiya və nəhayət nağıllar, fentezi janrı, bunda isə Elçin özünü doğma stixiyasındakı kimi hiss edir. Sənətkarın bir çox, kifayət qədər realist, hətta adi həqiqətlərdən bəhs edən əsərlərində bir də gördün hansısa bir “müəmma” üzə çıxdı, onda gözəl bir çevriliş baş verir və biz iki kölgənin – Atlının kölgəsiylə Şah Tut kölgəsinin söhbətini eşidirik. Elçin ümumiyyətlə çiçək və otların, quş və heyvanların, ağac və kolların dilini bilmək, müxtəlif canlı və hətta cansız cisimlərin – quş, heyvan, tar, ağac – cildinə girmək kimi nadir bacarığa malikdir. Bu xüsusiyyətlər onun “Yeni hekayələr” adlı son kitabında (Bakı, “Təhsil” nəşriyyatı, 2014) toplanmış silsilə nağıllarda parlaq şəkildə təzahür edir.  

Yazıçılar nağıl, təmsil, hədis janrına, bir qayda olaraq, müdriklik çağlarında, insanın mövcudiyyətinin əsas məsələləri üzərində düşünmək zamanı gəldikdə müraciət edirlər. İsmayıl Şıxlının gözəl rəvayətlərini  və ya böyük Lev Tolstoyun məşhur nağıl və təmsillərini xatırlayaq.

Elçinin nağılları, ilk növbədə yaşlı oxucuya xitab edir. Halbuki sırf nağılvari, aydın, hətta yeniyetmə üçün anlaşıqlı olan tərzdə yazılmışdır. Müəllif oxucusu qarşısında təmsil formasında sual-çalışmalar qoyur və bunlara hər kəs öz cavabını tapmalıdır: həyat nədir və ölüm nədir? Həyatın əsl mənası nədədir? Arzuya çatmaq üçün dünyada ən qiymətli şeyi qurban vermək olarmı? Kim haqlıdır – çərhovuzdakı tox mövcudluğundan kifayət qədər razı olan balıq fəsiləsi, yoxsa öz həyatını kəsilmiş qanadlarla təsəvvür etməyən və üsyankarcasına məhv olmağı bu cür toxluqdan üstün tutan durna? Ümumiyyətlə nağılların əsas leytmotivi üsyankarlıq, taleyindən narazılıq və faciəvi sonluğa aparsa belə taleyində güclü nəyisə dəyişmək istəyidir. Yazıçının kim tərəfdə olduğunu söyləmək çətindir. Həyat istənilən qara-ağ konstruksiyadan müdrikdir, buna görə Elçin öz təmsillərinə cavab haqqını bizə, oxucularına verir.

“Mən həyatda da, ədəbiyyatda da “qaranın və ağın” əleyhinəyəm. İnsanlar təbiətlərindəki çoxcəhətlilikdən və şəraitdən asılı olaraq müxtəlif əməllər törədir. Oxucularım və tamaşaçılarım hərdən buna görə nə isə bir sual işarəsi hiss edir. Məsələn, “Qatil” pyesində cinayətkar kimdir?Məncə — həm kişi, həm də qadın qəhrəmanı. O, qadını mənən, qadın isə onu cismən öldürür. Lakin bununla belə bu personajları tamamilə mənfi adlandırmaq olmaz. Yaxud “Teleskop” pyesindəki iki epiloq – düşünməyə vadar edir və  hər kəs ona nə yaxındırsa, onu seçir. Qara və ağ – iki cəhətdir və ədəbiyyatın missiyası onların arasında həyatın bütün rəng çalarlarını göstərmək, yazıçının məqsədi isə bunu edə bilməkdir. Siz “Karamazov qardaşları”nda bircə mənfi yaxud müsbət qəhrəmanın adını çəkə bilərsinizmi?

Elçin  Əfəndiyev. Kainatın kvartalı

... “Qurdlar” hekayəsi Elçinin yaradıcılığında həqiqətən nə isə təzə, hətta mən deyərdim cəsarətli hadisədir. O, bu dəfə özü üçün naməlum məkana daxil olmuş, uzaq əcdadlarımızın, qurdların psixologiyasını dərk etməyə çalışmışdır. Qeyd edək ki o, bunun öhdəsindən müvəffəqiyyətlə gəlib. 

Qurd türkdilli xalqların başlıca totemidir. Qurdlar Cek Londondan tutmuş Çingiz Aytmatova qədər ayrı-ayrı dövrdə yazılmış əsərlərin və ən müxtəlif yazıçıların sevimli personajıdır. Elçin bu müxtəliflik içində itib-batmamağa və öz tutarlı sözünü deməyə müvəffəq olmuşdur. Bu hekayə barədə saysız resenziya və fikirlərdə, bütün yanaşma və rəy müxtəlifliyinə baxmayaraq, “Qurdlar” hekayəsi yazıçının böyük yaradıcılıq uğuru kimi qiymətləndirilir.

Elçinin hekayəsində küçüklərinin bol sulu torpaqlara çatması üçün həyatlarını qurban verərək quraqlıqdan çölə dönmüş yerlərlə Şərqə doğru ağır yol qət edən bir cüt qurd, qəddarlıq və xeyirxahlığı, özgələrə amansızlığı, düşmənçiliyi və qanıbir həmcinsinə hədsiz sədaqəti – ikili başlanğıcı, ziddiyyətlərin əbədi mübarizəsini simvolizə edir. Qurdların amansız dünyası nə iləsə insanların dünyasına oxşayır, lakin bu müqayisə həmişə insanların xeyrinə olmur. Elçin əsərə epiqraf kimi boş yerə İlyas Əfəndiyevin əsərindən sətirləri seçməmişdir: “Dünyada məxluqat içində ən zəifi – insandır...”

“Qurdlar” hekayəsi sanki ən xırda hiss və duyğuların təfərrüatlarını çatdırmağa qabil zəngin ədəbi dili, incə psixologizmi ilə seçilir. Yeri gəlmişkən, Elçinin son illərdə qələmə aldığı hekayə və povestlərin çoxunu mən Azər Mustafazədənin tərcüməsində oxumuşam, sonra isə orijinalla tutuşdurduqda əminlik hasil etmişəm ki, müəllifin ruhuna yaxın olan, onun yaradıcılıq fərdiyyətinin xüsusiyyətlərini incəliklə duyan tərcüməçi – uğurun yarısıdır. Bu tandemə görə şadam və Azər Mustafazadənin tərcüməsində sevimli müəllifimin daha neçə-neçə yeni əsərini oxuyacağıma ümid edirəm.

lll

Uzun illər Azərbaycan Respublikası Nazirlər Kabinetində bütün humanitar siyasətə nəzarət edən Elçinin iş və vəzifələrinin müxtəlifliyi barədə düşünərkən mən onun Ədəbiyyata sədaqətinə heyrət edirəm. O, hər gün dan yeri ağaranda yazı masasının arxasına keçir ki Sözlə təklikdə bir neçə saat keçirtsin. Zira onun üçün həyatda yaradıcılıq ziyası olmayan anlar xaricində  xoşbəxtlik mümkün deyil. — “Elə düşünməyin yoluma çiçəklər səpilib! – demişdir o, bir dəfə müsahibəsində. – Taleyimdən gileylənmək düzgün olmazdı. Mənim uğurum – nəhəng işin nəticəsidir. Amma mən bu işi sevirəm və həyatımı bu yaradıcılıq əzabları olmadan təsəvvür etmirəm”.

Şükürlər olsun, çünki bu əzablardan gözəl əsərlər yaranır və bunlarla tanışlıq biz oxuculara heç nəylə müqayisə olunmayan mənəvi həzz anları bağışlayır. Həmin o katarsisi ki, əsl ədəbiyyatın başlıca məqsəd və təyinatını təşkil edir.

 





26.01.2015    çap et  çap et